Azərbaycan şərqşünaslığının
əbədiyaşar siması – Professor Aida İmanquliyeva
Bu il zəngin
ənənələrə malik Azərbaycan şərqşünaslığının ən görkəmli və ən parlaq nümayəndələrindən
biri, filologiya elmləri doktoru, professor
Aida İmanquliyevanın 75 illik
yubileyi ilə əlamətdardır. Onun
adı təkcə Azərbaycanda deyil, əski Sovet İttifaqında və beynəlxalq miqyasda tanınmış akademiklər
Əbdülkərim Əlizadə,
Ziya Bünyadov, professorlar Mübariz Əlizadə, Rüstəm
Əliyev, Ələsgər
Məmmədov, Rəhim
Sultanov, Qəzənfər
Əliyev kimi nüfuzlu alimlərlə birlikdə çəkilir.
Aida xanım 1939-cu il oktyabr ayının 10-da jurnalistikamızın patriarxlarından
sayılan, uzun müddət “Bakı” və “Baku” qəzetlərinin
baş redaktoru olmuş, unudulmaz pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyevin ailəsində
dünyaya göz açıb.
Uşaqlığından biliyə, savada can atması onun 1957-ci ildə orta məktəbi qızıl
medalla bitirməsi ilə nəticələnmişdi. 1962-ci ildə
Şərqşünaslıq fakültəsinin ilk ərəbşünas
məzunlarından biri olan bu gənc xanım
dərhal elm aləminə
qədəm qoyur və 27 yaşında
(1966) Moskvada SSRİ EA Şərqşünaslıq
İnstitutunda namizədlik
dissertasiyasını müdafiə
edir. Həmin ildən o, Azərbaycan
EA Şərqşünaslıq İnstitutunda işə başlayıb və tezliklə orada ərəb filologiyası şöbəsinin müdiri,
elmi işlər üzrə direktor müavini, nəhayət
1991-ci ildən ömrünün
son günlərinədək direktor vəzifələrində
çalışıb.
1989-cu ildə Aida İmanquliyeva
Tbilisi şəhərində doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edərək,
ilk azərbaycanlı qadın-ərəbşünas
elmlər doktoru olub və sonra
professor adı alıb.
Aida xanımın elmi yaradıcılığı əsasən
yeni ərəb ədəbiyyatının bir
qolu kimi məhcər ədəbiyyatı,
yəni XIX əsrin sonunda Suriya və Livandakı çətin həyat şəraitinə və siyasi vəziyyətə görə Amerikaya kütləvi mühacirət
etmiş əhalinin arasındakı ədib və şairlərin bədii irsi ilə bağlıdır.
Dünya şərqşünaslarından
birinci dəfə bu mövzuya qısa oçerklərlə
məşhur rus alimi akademik Kraçkovski toxunub, sonralar Dolinina, Ode-Vasilyeva, Kuteliya, Markov,
Levin, Tazetdinova, Muminov
və Bilık “Suriya-Amerika məktəbi”nin
banilərindən Cübran
Xəlil Cübran, Əmin ər-Reyhani və Mixayıl Nuaymə yaradıcılığının
ayrı-ayrı sahələrinə
tədqiqat işləri
və dissertasiyalar həsr ediblər.
Ərəb ölkələrində də
bu qəbildən belə əsərlər nəşr olunub. Lakin Aida xanımın
göstərdiyi kimi onların əksəriyyəti
faktların sadalanması
və icmaldan ibarətdir. Müəyyən dərəcədə Ehsan
Abbas və Məhəmməd Yusif Nəcminin “Ərəb poeziyası mühacirətdə”
kitabı diqqəti cəlb edir.
Qərbi Avropa ərəbşünaslığında
nə “Suriya – Amerika məktəbi”, nə də onun aparıcı şəxsiyyətləri haqqında
xüsusi tədqiqatlar
mövcud deyildir.
Görkəmli şərqşünasımız məhcər ədəbiyyatını
sistemli şəkildə
bir toplu kimi dərindən öyrənərək, onun
qabaqcıl nümayəndələrinin
maarifçilikdən Avropa
romantizmi, Amerika tarnssendentalizmi və rus tənqidi realizminə üz tutduqlarını elmi şəkildə sübut
edib, gələcək
araşdırmalar üçün
yeni üfüqlər
açıb.
Mühacir ərəb yazarları külli miqdarda bədii əsərlər
yaradıb, mətbuat orqanları və ədəbi cəmiyyətlər
təşkil ediblər. Professor Aida İmanquliyevanın 1975-ci ildə
Moskvada buraxılmış
ilk monoqrafiyası məhz
həmin cəmiyyətlərdən
biri olan “Qələmlər birliyi”nə
və onun ən görkəmli üzvlərindən Mixail
Nuaymənin yaradıcılığına
həsr olunub.
Alimin növbəti
kitabında məhcər
ədəbiyyatının başqa
məşhur nümayəndəsi
– Cübran Xəlil Cübranın yaradıcılığı
işıqlandırılır. Aida xanımın son əsəri
“Yeni ərəb ədəbiyyatının korifeyləri”
adlanır. Bu monumental tədqiqat işində müəllif ərəb məhcər ədəbiyyatının
ümumi xarakteristikasını,
onun görkəmli təmsilçiləri – Cübran
Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuaymə və digərlərinin bədii irsini zərgər gözü ilə nəzərdən keçirərək, dünyanın
müxtəlif ədəbi
cərəyan və üslublarının yeni ərəb ədəbiyyatına
təsirini aşkara çıxarıb.
Belə bir qənaətə gəlmək üçün
böyük zəhmət
və erudisiya tələb olunurdu. Alim yalnız “Suriya-Amerika məktəbi”nin ədib və şairlərinin əsərlərini dərindən
təhlil etməyib, eyni zamanda onları
Amerika romantikləri
Emerson, Toro, Uitmenin, avropalılar
Bayron, Hüqo, Şelli, Bleyk, Nitşe və başqalarının, həmçinin
Belinski, Tolstoy, Turgenev, Çexov
və digərlərinin
yaradıcılıqları ilə müqayisəli şəkildə verib.
Aida xanım mühacir
yazıçıların yaradıcılığında
ərəb ədəbiyyatı
üçün yeni olan janrları – etüd, oçerk, esse və novellalar,
xüsusilə mənsur
şeirlər haqqında
maraqlı fikirlər söyləyib.
Cəsarətlə demək olar ki, alimin məhcər
ədəbiyyatı ilə
bağlı üç
kitabı və 70-dən
çox məqalələrinin
əksəriyyəti əslində
ədəbiyyat nəzəriyyəsini
öyrənənlər üçün
də çox dəyərlidir.
Təsadüfi deyil ki, Aida xanımın ilk dəfə
rus dilində Moskvanın “Elm” nəşriyyatında
işıq üzü
görüb, “Yeni ərəb ədəbiyyatı
korifeyləri” adlı
monoqrafiyası sonralar
Azərbaycan, türk,
ingilis, gürcü və İSESKO xətti ilə ərəb dillərinə tərcümə
olunub. Əsərin ərəb aləmində
böyük rəğbətlə
qarşılanması xüsusilə
qeyd edilməlidir.
Aida xanımın elmi
fəaliyyəti yalnız
ABŞ və əsasən
Nyu-York şəhərində
meydana gəlmiş məhcər ədəbiyyatı
ilə məhdudlaşmır. O, cənubi
Amerikaya – Braziliya və Argentinaya köçmüş ərəb
yazarlarını da diqqətdən kənarda qoymayıb, orada yaradılmış ədəbi
cəmiyyətlər və
onların üzvləri
haqqında bir sıra elmi məqalələr qələmə
alıb. Şərqşünaslığımızda
ilk dəfə olaraq, alim həmin təşkilatlardan “Rifaq əl-Məərri” və
“Əndəlis cəmiyyəti”nin
işini hərtərəfli
şərh edib, şair və ədiblərdən İlyas
Fərhad, Mişel Məluf, əş-Şair
əl-Qərəvi, Fauzi
Məluf, Tofiq Daun, Həbib Məsud, Corc Həssun və onlarla digərlərinin əsərlərini təhlil
etdikdən sonra Şimali Amerika məhcər ədəbiyyatından
fərqli olaraq, onların təqlidçiliyə,
mühafizəkarlığa daha çox üstünlük verdiklərini
üzə çıxarır.
Professor Aida İmanquliyeva müasir ərəb ədəbiyyatının tanınmış
nümayəndələrinə də oçerklər həsr edib, onların yaradıcılıq
xüsusiyyətləri haqqında
Azərbaycan oxucularına
dəyərli məlumatlar
çatdırıb. Bunlardan
xüsusilə mütərəqqi
Livan şairi Mişel Süleyman, İraqın poeziya ustadları Cəmil Sidqi əz-Zəhavi, Məruf ər-Rusafi, Məhəmməd Mehdi əl-Cavahiri, Məhəmməd
Saleh Bəhrul-Ulum, o dövrün nisbətən
gənc yazarları Bulənd əl-Heydəri,
Əbdül-Vahab əl-Bəyati,
Zun-nun Əyyub, Edmon Sabri, Qaib
Fərman və başqalarını göstərmək
olar.
Əsas tədqiqat obyekti yeni ərəb ədəbiyyatı olsa da, Aida xanım iki böyük həcmli məqaləsində (“İspaniyada ərəb ədəbiyyatının yaranması və inkişafı tarixinə dair”, “Ərəb Əndəlis ədəbiyyatının bəzi xüsusiyyətləri haqqında (X-XI əsrlər)”) orta əsrlərə müraciət edib. Belə ki, xilafət orduları 710-cu ildən İspaniya torpaqlarının işğalına başlamış, 750-ci ildə Abbasilər tərəfindən devrildikdən sonra Əməvilər sülaləsi orada hakimiyyətlərini möhkəmlətmiş, Qərbdə ərəb ədəbiyyatı və mədəniyyətinin təməlini qoymuşdur. Müəllif Əndəlis dövlətinin tarixinə dair çox maraqlı faktlar sadalayıb, orada ədib və şairlərin yaradıcılığını konkret şərh edib. Alim İbn abd Rabbihi (860-940), İbn Hani (937-973) İbn Şuheydə (992-1035), İbn Həzm (994-1063), İbn Zeydun (1003-1071), İbn Həmdis (1055-1132), İbn Xəfacə (1058-1138) və Əbu Bəkr ibn Kuzmanın (1080-1160) poeziya nümunələrini araşdıraraq, mədhiyyə, mərsiyə, nəsib və digər janrlarla yanaşı, vəsfin daha geniş vüsət aldığını vurğulayır, ərəb ədəbi mühitinin nəinki yerli İspaniya, hətta başqa qonşu dövlətlərin ədəbiyyatına təsirini də izləyir. Eyni zamanda İspan şeirinin təsiri altında Şərq üçün yeni olan muvaşşah forması da meydana çıxır ki, onun ərəb dilində yaradıcısı İbn Kuzman sayılır. Tədqiqatçı muvaşşahın strukturunu, qafiyə sistemini ustalıqla açıqlayır. XIII əsrdən sonra bu formanın yerini yeni janr – zəcəl xalq nəğməsi tutur.
Professor Aida İmanquliyeva Əndəlis nəsrinin gözəl nümunələri kimi İbn Abd Rabbihinin “əl-İqd əl-fərid” (“Nadir boyunbağı”), İbn Bəssamın “əz-Zəxira fi məhasin əhli-l-Cəzira” (“əl-Cəzirə əhlinin gözəlliyinə dair xəzinə”) və İbn Şuheydənin “ət-Tavabi va-z-zavabi” (“Tövbələr və tufanlar”) əsərlərini misal gətirir. Müəllif xüsusən İbn Abd Rabbihinin antologiyasını ərəb ədəbiyyatının ən mühüm mənbələrindən hesab edərək, onun quruluşu və məzmunundan söhbət açır.
Ümumiyyətlə, görkəmli şərqşünasımızın elmi yaradıcılıq politrası çox rəngarəng və genişdir. Burada onun məqalələrindən bir neçəsinin adını çəkmək kifayətdir: “Qorki və ərəb Şərqi”, “Ərəb ədəbiyyatında qadın azadlığı problemləri”, “Fələstin problemi və müasir ərəb ədəbiyyatı”, “Ədəbiyyatımızın qədim kökləri”, “Novruz Şərq ölkələrində” və s.
Alim Azərbaycan – ərəb, rus – ərəb, Qərb – Şərq ədəbi – mədəni əlaqələri haqqında da silsilə yazılar dərc etdirib.
Aida xanımın tərcüməçilik fəaliyyəti ayrıca qeyd olunmalıdır. Ərəb dilindən çevirdiyi Mixail Nuaymə (Livan), Suheyl İdris (Livan), Mahmud əz-Zahur (İraq), Sahib Camal (İraq), Məhəmməd Dib (Əlcəzair) və Məcid Zeyyb Ğənəmənin (İordaniya) hekayə və novellaları onun istedadlı qələm ustası olmasına dəlalət edir. Azərbaycan mətnlərinin orijinallara tam uyğunluğunu saxlamaqla, Aida xanım dilimizin bədii ifadə vasitələrindən və incəliklərindən məharətlə istifadə edib.
Alim şərq filologiyası sahəsində bir çox elmi əsərlərin və topluların redaktoru olub, ərəb hekayə və şeir nümunələrinin Azərbaycan dilinə tərcümələrindən ibarət kitabların nəşrini təşkil edib, onlara geniş ön söz yazıb.
Proessor A.N.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini yaxın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterbuq, Hamburq və s.) ləyaqətlə təmsil edib.
Alim elmi-təşkilati fəaliyyətində ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Onun rəhbərlik etdiyi “Ərəb filologiyası” şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilib.
Professor Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü olub.
Elmi və ictimai vəzifələrinin çox olmasına baxmayaraq, Aida xanım doğma Şərqşünaslıq fakültəsini unutmamış, uzun illər “Ərəb ədəbiyyatı tarixi” fənnindən yüksək səviyyədə mühazirələr oxuyub, diplom işlərinə rəhbərlik edib, yeni ərəbşünaslar nəslinin yetişməsində səmərəli xidmət göstərib.
Amansız ölüm professor Aida İmanquliyevanı aramızdan çox tez – 19 sentyabr 1992-ci ildə apardı. Əgər o, heç olmasa, bir neçə onillik də yaşasaydı, nə qədər dəyərli tədqiqatlar nəşr etdirər, özünün gənc ərəbşünaslardan ibarət böyük məktəbini yaradardı. Yalnız bir məqamla təsəlli tapmaq olur – Aida xanımın yadigar qoyduğu əsərlər də kifayət edib ki, onun adı elmimiz, xüsusilə şərqşünaslığımız tarixində böyük hərflərlə yazılsın.
Vasim MƏMMƏDƏLİYEV
Akademik, BDU İlahiyyat fakültəsinin
dekanı, Ərəb filologiyası kafedrasının
müdiri,
Elxan ƏZİZOV
dosent, BDU Şərqşünaslıq
fakültəsinin dekanı
525-ci qəzet.-
2014.- 4 oktyabr.- S.20.