“Sil gözün
yaşın...”
Unudulmaz nəğmələr
Olar-olmaz hər şeyin üstünə əlahəzrət
zaman sığal çəkəndən sonra
əsl mahiyyəti üzə çıxır. Müasir elm nisbi
məfhum kimi qəbul eləsə də, Zaman aramla göstərir hakimi-mütləq olduğunu.
Vaxtın “sığalı”,
bəzən də “qamçısı” ilə
– üstdən toz götürüləndə altında
parıldayanın zərmi, yoxsa
mahiyyət sayılanın
da əslində elə sadəcə üstündəki tozmu olduğu bəlli olur. Əsrlərin sınağından çıxıb
hələ də dipdiri qalan, hələ də inadla çağdaşlığın
özüylə ayaqlaşan
zər misalı
çoxəsrlik xalq mahnılarını sevməyən
tapılarmı? Biz zər deyildikdə də altun anlamışıq
həmişə və
bilmişik ki, “qızılı qara torpaqlar gizləsə də, yenə qiymətini saxlar, paslanmaz”. Zatən xalqın yaddaşı
saxta zəri, müvəqqəti parıltını
qəbul edib qorumazdı da. Zamana meydan oxuyan
bu yaddaşın sirli dolanbaclarında nələr yoxdu?... Doğma dilimizin altun qatını, xalqımızın
milli düşüncəsini,
təfəkkürünü, yaşantısını, ağrısını,
dünyagörüşünü və əzəli-əbədi
eşq mövzusuna özünəməxsus baxışını
qoruyub bugünə çatdıran milli xəzinəmizlə tanış olarkən
buna hər kəsin öz yanaşması, öz yozumu ola bilər.
Yozum deyərkən, bu, əlbəttə, çoxdan bəlli olanlara yeni yanaşmadan
daha çox, xalqın yüzillərin sınağından çıxmış
qiymətli zərinə,
zərgər misalı, sevginin bir daha və
bir daha nümayişini özündə
ehtiva edir...
“Qaragilə”nin mətninə
keçid etməzdən
öncə, bu xalq mahnısının Rübabə Muradova, Qədir Rüstəmov, Akif İslamzadə, Səxavət
Məmmədov kimi görkəmli sənətkarların
ifasında daha çox dinlənib sevildiyini qeyd etmək yerinə düşər. Televiziya muğam müsabiqəsinin
qaliblərindən də
mahnını uğurla
ifa edənlər az deyil.
Amma “Qaragilə” mənə məhz Rübabə Muradovanın ifasında daha məhrəm, daha şirin təsir bağışlayır.
Güneyli olmasına rəğmən, dövrün
tələbinə uyğunlaşmaq
məcburiyyətindən, mahnıda
adını belə çəkə bilmədiyi
Təbrizi xatırlatdığına,
yaxud yalnız bu mərhum sənətkarın ifasında
eşitdiyim fərqli bəndlərə görəmi,
bilmirəm...
Bizim xalq mahnılarımızın
əksəriyyətinin kişi yaxud qadın qəhrəmanın
dilindən oxunması
mətnlərindən aydınca
hiss olunur. Amma buna baxmayaraq ifaçılar
arasında mətnlərin
cinsə görə dəyişdirilib oxunması
da həmişə müzakirə və mübahisə mövzusudur.
Rübabə Muradovanın misilsiz
ifasına kölgə
salmadan qeyd etmək lazımdır ki, əslində “Qaragilə” mahnısı bir aşiqin dilindən oxunan nəğmədir. Yəni, el diliylə
desək, mahnı daha çox “kişi mahnısıdır”. Əlbəttə, sevginin cinsi
olmaz, amma mətndə daha çox maskulin təfəkkürün öz
əksini tapdığı
da danılmazdır.
Mahnını maraqlı
edən cəhətlərdən
biri də budur ki, mətn
boyunca bəlli olmur, burada Aşiq sevgilisinə qara şanıya bənzər
gözlərinəmi, yoxsa
buğdayı, əsmər
çöhrəsinin gözəlliyinəmi
görə belə nəvazişlə, məhəbbətlə
müraciət edir... Ya, bəlkə elə qızın adı Qaragilədir?
Gəlmişəm otağına
oyadam səni, Qaragilə,
Nə gözəl xəlq eləyib
Yaradan səni,
Qaragilə.
Götürüb mən qaçırım
aradan səni, Qaragilə...
Bu mahnının ilk bəndi
həmişə mövzusuna
görə dartışılır,
bəzən də hətta erotik çalarlı hesab olunaraq hardasa xəfif şəkildə
etirazla qarşılanır. Amma hansısa
cümləni kontekstdən
çıxarmadan mahnını
tam dinlədikdə və
ümumən bu nəğmənin fəlsəfəsinə
az-çox bələd
olduqda anlaşılır
ki, bu etirazlar
əsassızdır. Yəqin ki,
bu mahnıda ümumən söhbət
Təbrizdə yaşanan
bir eşq dastanından gedir. Təbrizin gözəl qızlarından
birinə vurulan aşiqin sosial uyğunsuzluqdanmı, yaxud
başqa hər hansı səbəbdənmi
sevgilisini götürüb
aradan çıxmasından
başqa yolu qalmayıb. Aşiq də qızın
otağına məhz
onu qaçırmaq üçün gəlib,
başqa hansı qara niyyətdən söhbət gedə bilər? Və yatmış sevgilisinin gözəlliyini görüb
Yaradanın qüdrəti
qarşısında heyrətini
dilə gətirir: Nə gözəl xəlq eləyib Yaradan səni... Bu duyğulu mənzərə
– şirin yuxunun təsirindən əsmər
çöhrəsi daha
da zərifləşən,
üzünü dövrəyə
almış pərişan
tellərinə qarışıb
yatan Qaragilənin dayanılmaz gözəlliyi
qarşısında bu
etiraf niyə təəccüblü, gözlənilməz,
yaxud erotik görünür bəzilərinə,
anlamıram.
Və...
Aşiqmi oyadır sevgilini, yoxsa qız özümü oyanır gözəlliyi qarşısında lal-dinməz
donub qalmış sevənin hənirindən-
burası da bəlli deyil... Bəlli olansa budur ki, Qaragilə
deyəsən, bu ani, radikal qərara-
qoşulub qaçmağa
razı deyilmiş kimi təsir bağışlayır; yel vuran qızılgül kimi əsir, gözünün yaşı
selə dönür...
Aşiqin dilə tutmaları, inandırmaları
da işə yaramır, səbrin kəsilən məqamıdır:
Qızılgül əsdi,
Səbrimi kəsdi,
Sil gözün yaşın, Qaragilə,
Ağlama,
bəsdi...
Mahnıda sevilən gözəl hisslərini büruzə vermir. Zaman belə tələb
edirdi. Qadın öz sevgisini
açıq deyə bilməzdi. Hətta bunu sevdiyinə belə aydınca sezdirmək qəbahət imiş...
Dərbənd aralı,
Könlüm yaralı,
Bir yar sevmişəm – Qaragilə
Təbriz
maralı...
Uzaq Dərbənddən gəlib
Təbriz gözəlinə
vurulan aşiqin onsuz da doğma
ocağından iraq düşdüyünə
görə könlü
yaralıdır. Üstəlik,
sevdiyinin kədəri,
göz yaşı da bir yandan...
Evindən, ailəsindən,
elindən uzaqlara getmək istəmədiyindənmi,
yoxsa artıq Aşiqə qoşulub
qaçmağa qərar
verdiyindənmi, valideyn
xeyir-duası olmadan, “Gəlinatlandı” sədası
altında qapıdan çıxmadığındanmı gözünün yaşı
qurumur Qaragilənin?
Kim bilir... Yoxsa ümumiyyətlə, Qaragilə onu sevmir, amma inadkar
Aşiqin vaz keçməyəcəyini anladığından
gözünün yaşı
seylaba dönüb?
Kim bilir?... Bəlkə elə bu bilinməzlikdədir mahnının şirinliyi
də... Eynən həyat kimi...
Boynuna salmısan zülfündən
zəncir,
Qaragilə,
Mən sənin əsirinəm, bir məni dindir,
Qaragilə.
O şirin sözlərindən məgər kim incir,
Qaragilə...
Bəlkə də sevilən inanmır deyilənlərə, sevginin bunca böyüklüyünə:
Ağac olaydım,
Yolda duraydım,
Sən gələn yola Qaragilə,
Kölgə salaydım...
İndicə aləm töküləcək, hamı biləcək dəli Aşiqin, ölümü belə gözə alıb, Qaragilənin otağına girdiyini, inandırmalar, dilətutmalar nəticə vermir, qızın tərsliyi, göz yaşları da bir tərəfdən... Belədə Aşiqin əli yerdən-göydən üzülməsin neyləsin? Həyatını belə təhlükə altına qoyaraq sadəcə ötəri ehtiras naminə deyil də, taleyini ömürlük birləşdirmək istədiyi Təbriz gözəlinə küsməsinmi, tərs, sevib-sevmədiyini inadla bəlli etməyən, bəlkə də aşiqinin hisslərini sadəcə ötəri bir ehtiras dalğası olduğunu düşünən Qaragiləni qınamasınmı:
Təbrizin küçələri
dolanbadolan, Qaragilə,
Sən ki məni sevmədin,
get, ayrı dolan, Qaragilə,
Nə mənə qız qəhətdi,
nə sənə oğlan, Qaragilə...
Bəlkə də bu bənd ilk baxışdan inciməyin, sevdiyindən üzü dönməyin-yəni, “məni sevmədin, eybi yoxdu, mənə qız, sənə oğlan qəhətliyi deyil, səndən əlimi üzərəm” mənasını da verə bilər. Ancaq fikrimcə, son bənd küskünlüyün, vaz keçməyin deyil, məhz hisslərin ötəri olmadığının və əsl sevginin isbatıdır: yəni, “ötəri ehtirasa qalsa, dünya qurumayıb, qəhətlik deyil, Qaragilə, amma mən məhz səni sevirəm, məni sənə sonsuz bir eşq bağlayır...”
...Və o yerdə ki, eşq var, həqiqət də ordadır:
“...eşq olmasa, varlıq bütün
əfsanədir...”
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2014.- 4 oktyabr.- S.16.