İki evdən Kiyevəcən... - III
yazı
“Andreyevskiy spusk”a
Maydandan gəzə-gəzə
getmək olar. Hava xoşdu,
vaxtın varsa, bundan yaxşısı yoxdu. Ta ora çatanacan bir-birindən
maraqlı tikililər
görəcəksən. Müqəddəs Sofiya və Mixaylov kilsələrinin, Diplomatiya Akademiyasının
göz oxşayan binalarına tamaşa etmək adama zövq verir. Xoş o adamın halına ki, yanında ünsiyyətcil,
söhbətiylə səni
özünə bağlayan
biri ola.
Belədə arzuladığın
yerə necə çatacağını heç
hiss etməyəcəksən. Necə ki, mən də
Yevgeni Bobriklə təmasdan məmnun qaldım. Onunla Maydanda
rastlaşdıq. Gözüm
fotomu çəkəcək
adam axtarırdı.
Yoldan ötənlərin arasında
nə istədiymi birinci o duydu. Və foto çəkəndən
sonra atüstü tanışlıq başladı.
Məlum oldu ki, təqribən əlli beş
yaşlı Yevgeni Valentinoviç boyakar rəssamdı. Özümü təqdim etdim,
yazı-pozu adamı olmağımı, sənətşünaslığımı
biləndə çöhrəsinə
məmnunluq ifadəsi
qondu. Sarışın, ala gözlü, tipik slavyan görkəmli
təzə tanışım
dərhal rəsmiyyəti
qətiyyən sevmədiyini
və onu eləcə Jenya çağırmağımı xahiş etdi. Razılaşdıq. Mən fürsəti fövtə
vermədim, “Andreyevskiy
spusk”a sarı getmək istədiymi söylədim. O “bir
az vaxtım var, məmnuniyyətlə
sənə o yeri göstərəm” deyib, qabağa düşdü.
Doğrusu, onun sadəliyi
və qonaqpərvərliyi
xoşuma gəldi.
Jenya bir kiyevli kimi
şəhərlə maraqlanan
qonaqlarla ünsiyyətə
həmişə hazır
olduğunu xüsusi qeyd etdi. Yol boyu əsasən o danışdı. Peşəsindən, gördüyü insanlardan,
Ukraynadakı məlum
vəziyyətdən – bir
sözlə hər şeydən. Gəzə-gəzə gəlib Ukrayna Diplomatiya Akademiyasının
yanına yetişəndə
hardansa qarşımızda
çiyninə, qoluna-başına
göyərçinlər qonmuş
gənc, gözəl bir qız peyda
oldu. Biz kəsdirəmmədik
ki, kimdi və ona nə
lazımdı? Daha doğrusu,
düşünməyə vaxt belə olmadı. Göz qırpımında gülümsər simasıyla
adamı çaş-baş
qoyan bu qız göyərçinlərdən
ikisini qollarımın
üstündə qondurdu.
“Neyləyirsiz” deməyimi gördüm, daha iki göyərçini
də həmin qaydayla yanlara açılmış qollarımın
üstünə qonduraraq,
ərklə əlimdən
aparatı alıb, şəklimi çəkdi.
Sonrasa, “heç olmasa, 400 qrivna (bizim pulla
təqribən 25 manat
– S.E.) ver” söylədi.
Təəccüblə ona baxdım.
Ağzımı açmasam da,
gözlərimdən oxudu
ki, razı deyiləm. Bu səfər
şirin dilini işə saldı: “Sizin kimi cavan,
yaraşıqlı kişi
üçün o nə
puldu”. Çoxbilmişliyinə xəfif təbəssümlə
cavab verdim. Amma yox, sanki daim
gün altında qaldığından dərisi
qaralmış, yanaqlarısa
qıpqırmızı olan
bu suyuşirin qız əl çəkənə oxşamırdı.
Zəndlə baxıb, sual
verməyisə məni
təftiş eləmək
istəyindən yanaydı.
Və beləcə aramızda sürəkli dialoq alındı:
– Siz bura adamına
oxşamırsız.
– Elədi, qonağam. Heç siz də qaraçıya oxşamırsız...
– Hə, düzdü, qaraçı deyiləm. Ukrayınam, adım da Natalyadı.
– (Gülümsəyərək) Bu
ad sizdən qərbdə
Natali kimi işlənir. Mənası “doğma”dı...
– Bunu da bilirsiz?
(Bu dəfə gülümsəmək növbəsi
onundu. Sonra söhbətin məcrasını
dəyişir) İstəyirsiz,
sizinlə bağlı
bəzi şeyləri
deyim?
– Məsələn, nəyi?
– Yolunuzu, izinizi...
– (Guya başa
düşmürəm) Bir
azdan hayana gedəcəyimi deyirsiz?
– Tale yolunuzdan danışıram.
– Onu görmək, bilmək mümkünmü?
– Hə, tək onu yox, çox
şeyi görmək olur.
– İnciməyin, mən
buna tam inana bilmirəm.
– Niyə?
– Bu çox çətindi. Axı, dünyada hər şey bizim əlimizdə deyil...
– Yox, mənim kimi adamlar görə
bilir: həmişə,
hər şeyi!
Natalyanın dirəşməyi vaxtımı
əlimdən almaqdadı. Çıxış
yolu olaraq ona belə bir
söz deyirəm:
– Yaxşı, hesab edək ki, siz
hər şeyi görüb, bilirsiz. Elə isə, mənimlə işiniz olmasın, deyin görək, Ukraynadakı
vəziyyətin axırı
hara gedib çıxacaq?
Matdım-matdım üzümə baxır. Bu sualdan sonra üz-gözündəki
təbəssüm qeybə
çəkilib sanki.
– Natalya, inanın, bu sualın cavabını versəz, özü də müsbət olsa, bu torpağa,
xalqınıza əməlli-başlı
kömək etmiş olarsız.
Sağollaşan anda yadına salıram ki, 400 qrivna söhbətini bağlaya bilərik? O indi-indi
özünə gəlir
və başıyla “hə” desə də, əlimə və cibimə baxır. Sağ cibimdən bir az qabaq
alış-verişdən qalma
pulları çıxarıram.
Ovcumdakı pulların içindən
20 qrivnanı götürür.
Sonra üzümə gülümsəyərək,
“maraqlı, səbrli,
mədəni insansız,
çox xoş oldu mənə” deyir və ayrılırıq.
“Andreyevskiy spusk”un
başında Andreyev kilsəsi
durur. Nə vaxt olduğunu
bilmirəm, amma təmir edildiyi görkəmindən bəllidi.
Jenyayla kilsənin içinə sarı boylansaq da, burda bənd
almırıq. Girişin önündə
şəkil çəkdirik.
Və bir az qabaq
göyərçinlə başlayan
hekayətdə yalnız
səssiz-səmirsiz müşahidəçi
rolunu oynayan Jenya indi danışmağa
başlayır. Daha doğrusu
onun peşəkar rəssam yox, əməlli-başlı vokalçı
məharəti üzə
çıxır. Jenya rus
dilində klassik nümunələri elə
oxuyur ki, bəyənməyə bilmirsən.
Mən də borclu qalmayıb, bizim xalq mahnılarından zümzümə edirəm.
Özümü tərifləmək olmasın ifam və tembrim onun xoşuna gəlir.
Eləcə İçərişəhərin daş döşənmiş yolların bənzəyən küçəylə üzüaşağı düşürük. Yolun sağı-solu rəssamların, dekorativ-tətbiqi sənət nümunələrini satanların işləriylə doludu. Ayaq saxlayıb, Kiyevin rəmzi olan iki balaca maqnit lövhə alıram. Onu deyim ki, burda çeşid çoxdu. Ən müxtəlif suvenir əşyalar tapmaq mümkündü. “Andreyevskiy spusk” bu ovqatıyla mənə bir vaxtların “Torqovı”sını xatırladır. Küçədə səyyar fəaliyyət göstərən skripkaçı xanımın ifasına qulaq kəsilirəm. O sanki ən möhtəşəm salonda konsert verirmiş kimi, yoldan ötənlərin diqqətinə çöhrəsinin məmnun ifadəsiylə cavab verir. Jenyaya heç vaxt üzünü görmədiyi Bakıda da oxşar yerin olmasından danışıram. O isə başını yelləyə-yeləyə yeni mövzuya keçir: Krımda Fazil İskəndərin portretini çəkməsini, ikinci həyat yoldaşının babasıyla Stanislavskinin dostluğunu maraqla dilə gətirir. Və bu dəmdə məlum olur ki, Jenya həm də şairlik istedadına malikdi. Məxsusi bəlağətlə, şairanə görkəm alıb da, elə yolun tən ortasındaca şeirlərini söyləyir. Doğrusu, peşəkarlığı duyulur.
Qəribə də olsa, Jenyanın şeir deməyi düz Bulqakovun ev muzeyinin qarşısında baş verdi. Və bu hər ikimizin xəbərsizliyilə üst-üstə düşdü. Muzeyə girmək istədik. Amma iş vaxtı bitdiyindən, qapı bağlıydı. Yeri gəlmişkən, Kiyev şəhər Mədəniyyət İdarəsinin yaydığı məlumata görə, xarici turistlərin maraq göstərdiyi, ən çox ziyarət olunan mədəniyyət ocaqlarının arasında görkəmli yazıçı Mixail Bulqakovun ev muzeyi də var. Muzeydən söhbət düşmüşkən, Kiyevdə onların sayı 30-a yaxındı. Bəzi muzeylər nadir hesab oluna bilər. Onların arasında 1983-cü ildən istifadəyə verilən Kiyev Çörək muzeyi var. Bu muzey “həmkar”ları sayılacaq muzeylərdən fərqlənir. Özəllikdən biri odu ki, həmin muzeyə gələnlər müxtəlif çörək numunələrindən dadmaq imkanı əldə edə bilərlər. Ərazidə istifadəyə verilmuş çörəkxanada bütün növ qədim və yeni nümunələr bişirilərək, satışa çıxarılır. Kiyev muzeyində “Leninqard muhasirəsində” bişirilən çörəkdən tutmuş, “kosmos”da yeyilən çörəyədək nəyə desəz rast gəlmək mümkündü. Eyni zamanda Ukraynanın bütün vilayətlərindən toplanılmış yüzədək çörək nümunəsi, ABŞ, Fransa, Almaniya və digər ölkələrin çörək məhsulları da ekspozisiyaya daxil edilib. Ekoloji-naturalist mərkəzin yaradığı muzeyin əsas məqsədi çörəyə və biçinçi əməyinə hörmət və ehtiram hissini aşılamaqla, qədim ənənələri yaşatmaqdan ibarətdi. Kiyevdən savayı, Ukraynanın Vinnitsa şəhərində ikinci çörək muzeyi də bir vaxtlar diqqət çəkirdi. Anmma indi söylənənlərə görə, muzey baxımsızlığın qurbanına çevrilməkdədi. Bu isə muzeydə saxlanılan yeddi yüzdən çox eksponatın əksəriyyətinin sıradan çıxmasıyla nəticələnib. Muzeydə qədim külək dəyirmanı da var. Ölkədə üçüncü çörək uzeyi də var – Odessa şəhərindədir “Odessa Çörək” MMC tərəfindən yaradılan muzeydə “Çörəkbişirmə tarixi” , “Çar dövründəki çörəkbişirmə mədəniyyəti”, “İnqilab dövrü çörək bişirmə”, “Çörək bişirmə mədəniyyəti İkinci Dünya müharibəsi dövründə”, “Müasir Odessanı çörək bişirmə mədəniyyəti” mövzusunda ekspozisiyaları nümayiş olunur. Muzey eksponatları içərisində II Yekaterina dövründə verilmiş əmrlər və digər sənədlər xüsusi maraq doğurur. Hələlik rəsmi dövlət statusunun olmaması maneə törətmir.
Spesifikliyilə seçilən Kiyev Aviasiya Muzeyi on bir il qabaq yaradılsa da, keçmiş sovet məkanında mövcud olan aviasiya muzeyləri sırasında birincilik qazanıb. O, bu şərəfə əhatə dairəsinin böyüklüyünə, eksponatlarının zənginliyinə və orijinallığıyla nail olub. Açıq səma altında 20 hektar ərazini əhatə edən muzeyin bölmələrində hərbi, mülki, yük-nəqliyyat və dəniz aviasiyasının nümunələri toplanıb. Ekspozisiya yeni eksponatlar hesabına daim genişlənir və zənginləşir.
Buradakı Aviasiya Muzeyinin əsas məziyyətlərindən biri odur ki, digər aviasiya muzeylərində olmayan nadir nümunələri görmək imkanı var.
Kiyev Aviasiya Muzeyini yaddaşlarından fərqləndirən daha bir cəhət: dünyada ilk muzeydir ki, “TU-22” markalı strateji bombardmançı təyyarələrin kolleksiyasını toplayıb, tamaşaçıların ixtiyarına verib. Və təbii li, bu, ziyarətçilərinin xüsusilə xoşuna gəlir.
Dünən və indinin hormoniyası duyulan şəhərdə muzeyləri, teatr və parkları nəinki bir günə, bir həftəyə də gəzib qurtarmaq mümkünsüz. Mənim “Andreyevsly spusk”la başlayan mədəni gəzintimin axırı sahibsiz itlərə yardım aksiyası keçirənlərin səsinə səs vermək və Jenyayla tanışlığın ardından ilk söhbətimizi, yolçuluğumuzu başa vurmaqla bitdi. Qarşıdasa məni Dneprin qoynuna sığınmış, Kiyev əfsanəsi Peçerskaya Lavrayla yaxından tanışlıq gözləyirdi...
Seymur ELSEVƏR
525-ci qəzet.-
2014.- 4 oktyabr.- S.10.