Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət

 

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR

 

 

(Əvvəli 3 oktyabr sayımızda)

M.Ə.Rəsulzadə istər şifahi xalq ədəbiyyatı folklor və materiallarını, istərsə də yazılı sənət nümunələrini, ərəb və farsdilli klassik ədəbiyyatı, divan poeziyasını, qədim və orta əsrlər anadilli Azərbaycan ədəbiyyatının tanınmış şəxsiyyətlərini, onların irsini yalnız nəzəri-estetik baxımdan deyil, həm də müasir ictimai dəyər və ideya-siyasi faydalılıq baxımından təhlil edirdi. O millət və xalqın mənəvi müvazinətini qorumaq, mübarizə əzmini artırmaq üçün tarixin "azadlıq, özgürlük" uğrunda mübarizə aparan şəxsiyyətlərin həyat təcrübəsinə istinad edir, onların tale yoluna, əzab-iztirabı və işıqlı ideyalarına, ictimai arzularına mühüm diqqət yetirirdi. Odur ki, "Dədə Qorqud Oğuznamələri", Xaqani Şirvani, Nizami Gəncəvi, Fələki Şirvani, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad və başqalarının yaradıcılığında millilik-türklük, insansevərlik-humanizm, vətənpərvərlik, demokratizmə yüksək qiymət verən M.Ə.Rəsulzadə onların ruhundakı üsyankarlıq, azadlıq eşqi, zülm və zalıma nifrəti, zülümkara lənəti təqdir edirdi. Bu səbəbdəndir ki, M.Ə.Rəsulzadə Ə.Xaqani Şirvaniyə iri həcmli məqalə həsr edir, "Qərb oxucularının asan anlamaları üçün" avropalı tənqidçilər tərəfindən fransız romantiki Viktor Hüqoya bənzədilən Xaqaninin "Mədain xərabələri" və "Həbsiyyə" əsərlərini, Bakı su bəndinin tikilməsi və Bakı ilə Şabran şəhərlərinin şimaldan gələn rus istila qüvvələrinin əlindən qurtarılması münasibətilə Şirvan şahlarına yazdığı "parlaq qəsidələr"i yüksək qiymətləndirərək deyirdi:

 "Xaqanidən və müasirlərindən bəhs edən sovet yazıçıları şairin həyatındakı bu hadisəni özlərinə müvafiq bir şəkildə yorumlayırlar. Sovetlərin leyhində və sovetlərdən başqa rejimlərlə keçmiş dövrlərin əleyhində olan bu yorumlara görə şairlərə əsl dəyər verən rejim yalnız kommunist dövrü imiş. Kapitalist dünya kimi feodallar dövrü olan Şirvanşahlar zamanı da, şeiri və şairi dəyərləndirə bilmək istedadından məhrum imiş. Orada hakim olan ancaq zülm və istibdad imiş.

XII əsrdə sarayın lütfüylə yaşayan şairlər doğrudur bəzən hürriyyətlərindən olur, həbslərə atılırdılar. Fəqət, bununla bərabər bu şərtlər daxilində hökmdarlara çəkinmədən öyüdlər verən, onlara ədalətsizliyin qorxunc nəticəsini ixtar edən böyük şairlər və mütəfəkkirlər də vardı. Eyni əsrin böyük mürşidlərindən olub, ömrünün sonuna qədər izzət və hörmətlə yaşayan Nizaminin misalı hər kəsə məlumdur.

Sovet tənqidçiləri bizə sovet böyüklərinə öyüd verən tək bir sənətkar göstərə bilərlərmi? Bundan 800 bu qədər il əvvəlki "zülmlərdən" tüğyana gələn sovet tənqidçiləri, əcəba gözbri önündə ədib və şairlərə rəva görülən zülmlərdən niyə bəhs etmirlər? Fələki Şirvaninin faciəsindən, Xaqaninin həbsə atılmasından bəhs edən qəhrəmanlara bir sual verməli:

- Hürriyyət şairi Hüseyn Cavid hardadır, milliyyət şairi Əhməd Cavad nə oldu?!...

Yalnız Cavid, yalnız Cavadmı? Komsomolluqda yetişən bir çox gənc Sovet şairlərindən belə sürgünlərin, əlli-ayaqlı itənlərin hesabını veriblərmi?!...

"Millətlər babası" Stalinin varisi Malenkofa xitabla sovet rejimindəki istibdaddan, bu rejimdəki hürriyyətsizlikdən bəhs edən iki sətirlik bir yazı, sovet mətbuatında nəşr edilə bilərmi, buna cavab versinlər!.. (Xaqani Şirvani)

Adının Xaqani (Xaqana mənsub) deyil, yoxsullar şairi Həqqani, Xəlqani (xalqa mənsub) kimi çağırılmasını istəyən azadlıqsevər şairin zəngin irsinə istinadla M.Ə.Rəsulzadə bir sıra mətləblərə aydınlıq gətirir, onun qəsidələrinin tərcümə və nəşrindəki siyasi məqsədli ixtisarlara etiraz edir. Xüsusən Şirvanşah Axsitan və onun babası Məniçöhrə aid hissələr bu qəbildəndir. O göstərir ki, şairin "Əbülmüzəffər" (Zəfərli baba) deyə Axistanı öydüyü qəsidəni M.Mübariz qəsdən unutmuşdur. Çünki bu qəsidəsində vətənsevər şair, "yurduna basqın edən rus quldurlarını Bakı limanında şanlı qəza nəticəsində suya töküldüyünü öymüşdür". Eyni şəkildə "siyasi cərrahiyyə" işinin digər klassiklərin əsərlərinin tərcüməsi və nəşrində də aparıldığını görən M.Ə.Rəsulzadə ərəb və farsdilli mətnlərə həssaslıqla yanaşmağı tələb edir, yersiz ixtisar və sovetoloji redaktə əməliyyatının ədəbi abidələrə vurduğu ziyanı bütünlükdə xalqa qarşı düşmənçilik sayırdı. Bu münasibətlə o yazırdı: "Başda Nizami və Xaqani olmaq üzrə, Azərbaycan İran klassiklərindən bir qisminin əsərləri çağdaş şair və nazimlər tərəfindən Azərbaycan türkcəsinə çevrilmişdir. Əksərən mətnə elə də sadiq qalmayan bu tərcümələrdən bəziləri, aşağıda göstərdiymiz vəchlə təqdirədəyər bir istisna təşkil edərlər, bəziləri də bu sədaqətsizliklərini, əmsalı bəzi Avropa tərcümələrində də görülən məqbul bir adaptasyon şəklində korlar, şairin ana fikirlərini işləyərək daha çağdaş bir şəkildə ifadə edirlər. Bunların yanında şairin əsərlərini günlük siyasət oyunları ifadəsinə bayağı təhrif edənlər də vardır" (Xaqani Şirvani).

Eyni metodoloji yanlışlığı Azərbaycan ədəbiyyatşünaslığı, ədəbi-elmi, nəzəri-estetik və tənqidi fikrində müşahidə edən M.Ə.Rəsulzadə ümumxalq və üummmilli şüurun ənənəvi məcradan çıxarılaraq, yeni "rels"lər üzərinə mindirildiyini  görür, sovetoloji islahatlar adı ilə yeni və zərərli tendensiyalara, "vulqar sosiologizm", "nihilizm", "konfliktsizlik" nəzəriyyələrinə haqq qazandırıldığını, bunların bolşeviklər və kommunist partiyası tərəfindən dəstəklənərək totalitar dövlət rejiminin daha da gücləndirildiyini ədəbi-tənqidi məqalələrində əks etdirirdi. Bu hadisələri dərindən izləyən digər azərbaycanlı mühacirlər kimi M.Ə.Rəsulzadə də baş verənlərə biganə qalmır, Azərbaycan ictimai-mədəni həyatı və ədəbi-bədii fikrində irs-varislik əlaqələrinin qorunmasını vacib bilir, ən həssas nöqtənin bu məsələ olduğunu vurğulayırdı. "Mirzə Fətəli Axundzadə" məqaləsində onu "Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük müməssili" adlandıran M.Ə.Rəsulzadə həmin məqsədlə yazırdı: "Kommunizmin ana fıkri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkər Bolşeviklər çox vaxt Mirzə Fətəlinin adını xatırlayırdılar. Onun ateistliyindən bəhs edirdilər. Bu bir iftiradır. Bu yalana əsla inanmayın. Mirzə Fətəli yuxarıda söylədiyimiz kimi Allah fıkrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmirdi. Onun mücadilə etdiyi şey iman və düşüncəsinə müsəllət olan sxolastik təfəkkür tərzi idi. Bu cür düşüncə tərzi indi bütün sovetlərdə hakimdir. O sovetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünyagörüşünə sahıb olma haqqı mümkünsüzdür. Əksini düşünənlərin yeri ya həbs, ya da toplanış kamplarıdır.

Əziz azərbaycanlılar, bir daha təkrar edirik: Bolşevik xəfıyyələrinin, sovet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlərinə inanmayın. Söz hürriyyətinin mətbuat sərbəstliyinin, inanc, din və düşünmə istiqlalının, liberal dövlət üsul-i idarəsinin böyük mücahidi, şəkilcə də, mühtevaca da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, o unudulmaz azadlıq qəhrəmanın təqdir etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrina təmsilçiləri olan bolşeviklərlə dost olması qətiyyən təsəvvür olunmaz" (Mirzə Fətəli Axundzadə).

Görkəmli mütəfəkkir kimliyindən və harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan insanının vətəndaşlıq haqlarını ifadə edən ədəbi əsərin ümummilli sərvət olduğunu dönə-dönə vurğulayır, onların yazdığı əsərləri vahid Azərbaycan ədəbiyyatı tarixinin bir nümunəsi kimi qiymətləndirir, onları vahid məcrada tədqiq, təhlil və tənqid edirdi. Bu tənqid mövqeyi və ideya-estetik prinsip onun "Ricali-Azərbaycan dər-əsri-məşrutiyyət", "Çağdaş Azərbaycan ədəbiyyatı", "Ədəbi bir hadisə" əsərlərində də parlaq şəkildə öz ifadəsini tapıb. Azərbaycan insanı və onun mənəvi dəyərləri, intellektual hazırlığı və siyasi-hüquqi haqlarını ifadə edən ədən əsərlərə xüsusi əhəmiyyət verən M.Ə.Rəsulzadə "İran Azərbaycanındakı türk dili məsələsinə" də diqqət yetirir və burada Müctəhidinin nəşr etdirdiyi kitabı ensiklopedik səciyyəsinə görə qiymətli sayırdı.

M.Ə.Rəsulzadə klassik Azərbaycan ədəbiyyatının dünyaca məşhur şəxsiyyətlərindən danışmaqla kifayətlənmir, eyni zamanda müsirləri və ədəbi gənclik nümayəndələrindən danışır, onların Azərbaycan idealına xidmətini ön plana çəkirdi. Bu sırada Nizami Gəncəvi,  Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Sahib Təbrizi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Hacı Rza, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Cəfər Cabbarlı, Sərraf, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Süleyman Sani Axundovla yanaş Səməd Vurğun, Mikayıl Müşfiq, Əli Yusif, Sabit Rəhman, Cəfər Xəndan, Əmin Abid Gültəkin, Məhəmmədhüseyn Şəhriyar, Sənan, Yaycılı Kərim, Almas İldırım və başqaları haqqında geniş danışır, onların simasında "Azərbaycanın potensial və mədəni qüvvələrinin fəaliyyətindən qalmadığını görür" ("Çağdaş Azərbaycan ədəbiyyatı") və təəssüflə bildirirdi: "Azərbaycan  ədəbiyyatı  indi  bu şəraitdə    yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən bir yazıçı, ədib və şair təsadüfı deyil ki, tarixcə bağlı olduğu İslam və türk ideallarından üz çevirəcək: mədəni dünyaya xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan Sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir. Necə ki, əsl sovet dövründə yetişən və bir kommunist ədib və şair olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, "böyük" Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şeirlərinin öldüyünü elan etmişlər" ("Çağdaş Azərbaycan ədəbiyyatı").

M.Ə.Rəsulzadə sovet mətbuatını dərindən araşdırır, 1937-ci ilin siyasi repressiya burulğanlarında əzab çəkən həmvətənlərinin iztirablarını onların əsərlərinin mətnaltı qatında görür və yüksək qiymətləndirirdi. O Səməd Vurğunun "Vaqif" pyesində Vaqifin məğrur kimliyini, H.Cavid, Ə.Cavad, Gültəkin (Ə.Abid), C.Xəndan, Ə.Yusif və başqalarının milli "mənlik" duyğuları ilə zəngin yaradıcılığını bu mənada təqdir edirdi. Lakin onların həyatı üçün təhlükəli olan bu yolda həbs, sürgün, güllələnmənin qaçılmazlığını bilən M.Ə.Rəsulzadə sovet hakimiyyətinin cəza mexanizmi tərəfindən məhv edilən "Azərbaycanın potensial mənəvi qüvvələrinin" faciəvi taleyinə acıyır, "məcburiyyətlər və təzyiqlər nəticəsində ayaqüstə durmaq istəyən ədib və şairlərin" özünü qorumaq, yaşamaq uğrunda çarpışmasını əzab və kədər içində izləyirdi. Onun bu halını Azərbaycan mühacirətinin digər nümayəndələrinə yazdığı çoxsaylı məktubları daha aydın əks etdirməkdədir. Fransada yaşayan Ceyhunbəy Hacıbəyliyə yazdığı məktublardan birinə diqqət yetirmək kifayətdir. Orada deyilir: "Əzizim Ceyhun! Yeni Qafqasiya"nın son nüsxəsində Azərbaycanda yeni töqifat icra edildiyini görəcəksiniz. Təfsilat olmaq üzrə yazmalıyım. Səhər düşməz Əli Yusifidə həbs eləmişlərdir. Zavallını çox dögüyorlarmış. Ələllümum "Çeka" çox vəhşət ibraz ediyor.

Məqsədləri cəbrən qurultaya dəvət etdirilib firqəyə "etlal" etdirməkdir. Bir çoxları var ki, firqəyə rəsmən intisab etmədikləri halda işgəncəyə məruz qalıyor və "firqəyə istefa" etdiriliyorlar. Bu surətlə istefa etdirənlər ən qatı firqətçi olub çıkıyorlar. Əlimərdan bəy əfəndi də protesto göndərsə müvafiq olur. Yalnız protestoda dostlar zikr edilsə, daha iyi olur. Şair Cavad zavallını yeni şeirlərindən dolayı həbs etmişlər və kəndisinə əzab veriyorlar" ("Qürbət notları", "Ədəbiyyat" qəzeti, 31 yanvar 2014-cü il).

(Ardı var)

525-ci qəzet.- 2014.- 9 oktyabr.- S.6.