"Azərbaycana səfir təyinatı təklifinə dərhal "bəli" dedim"

 

YUNANISTANIN AZƏRBAYCANDAKI SƏFİRİ DİMİTRİOS TSOUNQAS: "SƏFİR TƏYİN OLUNANADƏK ARTIQ AZƏRBAYCAN HAQQINDA ÇOX ŞEY BİLİRDİM"

 

 

Azərbaycanla Yunanıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Yunanıstanın Bakıda səfirliyi 1993-cü ildə, ölkəmizin Afinada diplomatik korpusu isə 2004-cü ildə fəaliyyətə başlayıb. Bu gün iki ölkənin münasibətləri həm ikitərəfli, həm beynəlxalq təşkilatlar çərçivəsində davam etməkdədir. Müsahibimiz Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsounqasdır.

- Səfir postunda fəaliyyətə başladığınız ilk ölkə Azərbaycandır. Bu təyinatı necə qarşıladınız? Buraya gələnə qədər ölkəmiz haqqında bilirdiniz?

- Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycana səfir təyinatı təklifinə dərhal "bəli" cavabını verdim. Bu ötən ilin fevral ayında baş verdi. Doğrudur, o vaxta qədər Azərbaycan Yunanıstan üçün vacib ölkə idi. Lakin ötən ilin iyun ayında Transadriatik boru xətti Yunanıstanın DESFA şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında razılaşmaya dair önəmli qərar qəbul edildikdən sonra bu tərəfdaşlıq daha böyük əhəmiyyət qazandı. O vaxta qədər mən Yunanıstan XİN- Azərbaycan da daxil olmaqla bir sıra ölkələrlə ikitərəfli iqtisadi əlaqələrlə məşğul olan departamentlərdən birinə rəhbərlik edirdim. Bununla bağlı iki dəfə - 2009 2011-ci illərdə ölkənizdə işgüzar səfərdə olmuşam. Beləliklə, ötən ilin avqust ayında Azərbaycana gələndə ölkə mənə tanış idi. Mən artıq Azərbaycan haqqında çox şey bilirdim. İndi bu ölkənin uzun tarixi haqqında daha da çox bilirəm. Buraya ilk səfərimdən ötən beş ildə Azərbaycanda böyük dəyişikliklər olub. Bütün vacib sahələrdə ölkə sürətlə inkişaf edir. Mən eyni zamanda sürətlə böyüyən iqtisadiyyatda inkişafı görürəm. Burada olduğum müddətdə ölkənizlə bağlı məndə çox pozitiv təəssürat yaranıb. Düşünürəm ki, Azərbaycana onun ən çox inkişaf etdiyi dövrdə gəlmişəm mən bu tərəqqiyə şahidlik edirəm.

- Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?

- Qeyd etdiyim kimi, münasibətlərimiz yüksək səviyyədədir. Mən heç vaxt "əla" demirəm. Ona görə ki, həmişə sonrakı inkişaf üçün kifayət qədər yer var. Lakin bizim əlaqələrimiz inkişaf edir. Biz istərdik ki, mədəniyyət daxil olmaqla bütün vacib sahələrdə münasibətlərimiz genişlənsin dərinləşsin. Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıqla bağlı saziş var. Bu əlaqələrin tarixi isə çox qədimdir. Dahi Nizami Gəncəvi Makedoniyalı İsgəndər, Sokrat, Aristotel, Platon haqqında yazıb. Bəs o, bu məlumatları haradan götürürdü? Deməli, Azərbaycanda yunan tarixi, mədəniyyəti haqqında məlumatlar çox qədimlərə gedib çıxır. Yunan tarixinin 7 min il yaşı var biz öz tariximizlə fəxr edirik. Fəlsəfə, astronomiya, tibb, teatr, musiqi - bütün bunların Qərb sivilizasiyasında beşiyi Yunanıstan olub. Bizim üçün çox xoşdur ki, Azərbaycanda da yunan tarixi mədəniyyətini yaxşı bilirlər. Bu gün isə bu münasibətlərin inkişaf etdirilməsi üçün möhkəm bazamız var hər iki tərəf bu istiqamətdə əlindən gələni edir. Məsələn, bu ilin yanvarında Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında yunan musiqisi ilə bağlı tədbir keçirdik. Bizim trio - fleyta, piano qaboy ifaçıları çoxlu müasir mahnılarımızı səsləndirdi konsert uğurlu oldu. Bu ilin oktyabr-noyabrında Bakıda yunan filmləri günləri keçirməyi planlaşdırırıq. Yunanıstan Azərbaycanda çox yaxşı tanınır və öz növbəsində Azərbaycan da Yunanıstanda daha çox tanınmağa başlayıb. Azərbaycanın Afinadakı səfirliyi də ölkənizin incəsənət qruplarını Yunanıstana dəvət edir. Beləliklə, əlaqələrimizi daim dinamik saxlamağa çalışırıq.

- İki ölkə arasında turizm əlaqələrinin perspektivlərini necə görürsünüz?

- Bu sahədə əlaqələrimiz inkişaf edir. Gələn ildən iki ölkə arasında davamlı şəkildə birbaşa reys açmaq istəyirik. Düşünürəm ki, bu, turizm əlaqələrinin inkişafı və mübadiləsində mühüm rol oynayacaq. Yunanıstanda turizmin bütün sahələri inkişaf edib. Bizim gözəl çimərliklərimiz var. Eyni zamanda arxeoloji məkanlara, dağlara, zəngin mətbəxə malikik. Yeri gəlmişkən, biz mətbəx və idman turizmini inkişaf etdirməyə çalışırıq. Məsələn, qolf və tennis kortları bu sıraya aiddir. Bununla bağlı Yunanıstanda milli turlar keçirilir. Biz həmçinin dini turizmi də inkişaf etdirmək niyyətindəyik. Ölkəmizdə yüzlərlə kilsə var. Spa, dağlara dırmanma, tibbi turizm üçün də perspektivlər mövcuddur. Çox gözəl müalicə ocaqlarımız, yüksək səviyyəli həkimlərimiz var və müalicə və turizm səfərlərini bir paketdə təqdim edə bilərik.

- Azərbaycanda olduğunuz müddətdə ölkəmizin maraqlı və görməli yerlərinə getmək imkanınız olubmu?

- Burada olduğum cəmi 8 aydır. İlk aylar çox məşğul olduq. Amma bu arada Bakıda fəaliyyət göstərən digər ölkə səfirləri ilə Naxçıvana getdik. Bizi Prezident Administrasiyası Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə oraya dəvət etmişdi. Mən həmçinin Qubada, Qusarda - Şahdağda olmuşam. Öz şəxsi maşınımla gəzməyi xoşlayıram. Azərbaycanın regionlarının turizm potensialı böyükdür. Sizin dəniz sahiliniz gözəldir və bundan faydalana bilərsiniz. Tarixiniz, arxeoloji məkanlarınız da daxil olmaqla turizm paketi kimi təqdim etmək üçün çoxlu yerləriniz var. Azərbaycanın inkişaf edən iqtisadiyyatı turizmə də kömək edəcək.

- Azərbaycan həm də müxtəlif xalqların və mədəniyyətlərin bir arada yaşadığı ölkədir. Bu baxımdan Azərbaycanda özünüzü necə hiss edirsiniz və insanlarımız sizdə hansı təəssürat yaradıb?

- Mən buraya gələndə hər kəs tərəfindən çox həvəslə, qonaqpərvərliklə və dostcasına qəbul olundum. Qonaqpərvərlik də bizim xalqların oxşarlıqlarından biridir. Yunan qonaqpərvərliyi məşhurdur və mən gördüm ki, bu sizin ölkənizdə də əsas amillərdən biridir. Məsələn, ötən həftə bəzi insanlar məni dəniz kənarına dəvət etmişdilər. Biz eyni masanın arxasında əyləşdik. Onlar bir-birilərini tanısalar da, mən onların heç birini tanımırdım. Lakın mən onların ətrafında elə istiqanlılıqla qəbul olundum ki... Lap özümü Yunanıstanda hiss etdim. Biz də öz ölkəmizdə bir-birimizlə belə rəftar edirik. Dostlar masanın arxasında əyləşir, söhbət edir, fikirlərini paylaşırlar və sonra da nahar etmək uğrunda sanki mübahisə aparırlar. Mən məhz belə halla Bakıda da rastlaşdım. Beləliklə, bizim oxşarlıqlarımız çoxdur və mən bunu yavaş-yavaş aşkar edirəm.

- Ölkəmizin mədəni həyatı ilə tanışlığınız necədir? Teatrlara, operaya, konsert proqramlarına getməyə vaxt tapırsınızmı?

- Bakıda çoxlu musiqi tədbirlərinə gedirəm. Bu yolla həm də şəhəri kəşf edirəm. Eyni zamanda opera və musiqini sevirəm. Odur ki, keçirilən bütün mədəni tədbirləri izləyirəm. İçərişəhəri sevirəm. Xüsusi memarlıq üslubuna malik olan binaların qarşısında 2-3 dəqiqə dayanıram və onların elementlərini öyrənməyə çalışıram. İdmanı, üzməyi xoşlayıram. Boş vaxtlarım az olsa da, çox şeylər etməyə, ölkənin mədəni həyatına daxil olmağa çalışıram. Sizin zəngin tarixiniz və mədəniyyətiniz var. Hələ ki, bunlar barədə elə də geniş məlumata malik deyiləm. Bunu zaman-zaman aşkar edəcəyəm. Burada ilk dəfə klassik musiqinizi, muğamı eşitdim. Beləliklə, hər bir məqamdan faydalanmağa çalışıram.

PƏRVANƏ

525-ci qəzet.- 2014.- 9 oktyabr.- S.4.