İsmayıl Qaspiralının qadın
mövzusuna baxışı
XIX əsrin
sonu, XX əsrin əvvəlləri Krım-tatar ədəbiyyatının
görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının
lideri, türk millətinin atası və müəllimi, xalq
maarifi islahatçısı, üsuli-cədid hərəkatının
və tatar mətbuatının banisi,
türkçülük hərəkatının mərkəzi
siması (Y.Akçura) olan İsmayıl bəy
Qaspiralının bütün ictimai-siyasi, ədəbi-bədii
fəaliyyəti bir konsepsiya olaraq millətinin taleyi ilə
bağlanıb, mənsub olduğu millətin gələcəyi
ilə bağlı "nə etməli?" sualına cavab
tapmaqda əhəmiyyətli rol oynayıb.
63 illik mənalı ömrünün 33 ilini
Türk-İslam dünyasının vacib problemlərinin həllinə
həsr edən, "dildə, fikirdə, işdə
birlik" ideyasının reallaşmasına var gücü ilə
çalışan, yaradıcılığının və
ictimai fəaliyyətinin ana xəttində milli
düşüncə ideallarının təbliği və tətbiqi
dayanan İ.Qaspiralının həm bədii, həm də
publisistik yaradıcılığında qadına münasibət
bir problem kimi xüsusi və əhəmiyyətli yer tutur. İ.Qaspiralı:
"...Alemi-insaniyətin yarısı kadınlar olduğu
halda maişet, rahat, seadet ve mesudiyeti insaniye nazarından
kadınların ne kadar ehemiyetli
oldukları anlaşılıyor" (İ.Qaspiralı.
Seçilmiş əsərləri, II cild, İstanbul, 2008, səh287)
- deməklə problemin aktuallığına diqqəti yönəldə
bilir. O, 1903-cü ildə "Tərcüman" qəzetində
çap etdirdiyi "Qadınlar" başlıqlı
yazısında qadınların vəzifələri, Şərq
və Qərb qadınlarının müqayisəsi,
qadınların hüquqları və s. ilə bağlı
fikirlər söyləyib, ən vacib məsələlərinin
təhlilinə yer ayırıb. Qaspiralı belə hesab edirdi
ki, əgər qadın dünyaya uşaq gətirirsə, onu
qucağında böyüdürsə, ona döşündən
süd verirsə, bu insanlar onun vasitəsilə dil öyrənib
ədəb-kamala çatırsa və s. nəyə görə
onun hüquqları tapdanmalı, cəmiyyətdəki
mövqeyi aşağı olmalıdır. Buna
görə də 14 milyonluq Rusiya müsəlmanları və
ümumən dünya müsəlmanları içərisində
yaşayan qadınların hünər və mərifətlərinin
yüksək olmasına baxmayaraq, onların ictimai fəaliyyətlərinin
və sosial hüquqlarının mövcud vəziyyəti
İ. Qaspiralını narahat etməyə bilməzdi. "Hər evə bir qadın necə lazımsa, hər
qadına da elm o cür lazımdır" deyən dahi şəxsiyyət
qadınların ilk növbədə təhsilli
olmasının vacibliyini qeyd edir, cəmiyyətin
formalaşmasında, nicatında və tərbiyəsində
savadlı qadının rolunu yüksək qiymətləndirirdi.
Çünki İ. Qaspiralının nəzərincə təhsili
və tərbiyəsi olmayan qadın onun üçün vacib
olan 3 vəzifəni - qadınlıq, analıq və rəfiqəlik
şərtlərini yerinə yetirə bilməz, nəticədə
tərbiyə verəcəkləri bisavad qalar, dünya və
insan ömrü fəna olar.
Maraqlı odur ki, İ.Qaspiralı qadının 3 vəzifəsindən
danışarkən kişilərin də üç vəzifəsi
olduğunu qeyd edir. (kocalık, babalık, refiklik) O belə
hesab edir ki, həm atanın, həm ananın vəzifələri
eynidirsə, demək onların cəmiyyətdəki
hüquqları da eyni olmalıdır. Ona görə
ki, "kadınlığa girmiş, yaki ana olmuş bir
kadın kocasının yoldaşıdır, refikasıdır.
Dünyada beraber çalışıp, beraber
yaşayacaklar. Beraber evlat yetiştirecekler.
Bu halde kadın-koca bir vücut haline girer, ikisi
bir insan, ikisi bir bina, bir hane olmuş olup, ikisinin fayda ve
zararı, kıvancı və kaygısı birleşir.
Çalışmak, yemek, yaşamak hep beraberdir"
(İ.Qaspiralı.Seçilmiş əsərləri,II cild, İstanbul, 2008, səh.287)
Əgər İsmayıl Qaspiralının roman və
hekayələrində qadın problemi bədii yanaşmada həllini
tapırdısa, onun publisistikasında bu məsələyə
elmi-nəzəri, praktik-həyatı münasibət
bildirilirdi. Ancaq hər iki halda böyük şəxsiyyətin
narahatçılıqları ifadə olunur, ruhuna hakim kəsilən
milli duyğuların təzahürü özünəməxsus
tərzdə diqqəti cəlb edir.
"Dünyada
ne kadar er kişi var ise o kadar da
kadın-kız vardır" deyən İ.Qaspiralı
qadın problemi konteksində daha vacib və əhəmiyyətli
cəhətləri diqqətə çatdırır. Əlbəttə, İ. Qaspiralının bu tezisi
bir neçə baxımdan əhəmiyyət
daşıyır. Əvvəla biz burada təxmini olaraq
XIX əsr qadın və kişi say nisbətinin
dünya mənzərəsi ilə tanış oluruq. Lakin görkəmli ədibin dünyada qadın və
kişilərin bərabər sayda olmasını təqdim etməkdə
məqsədi başqa olmuşdur. O, say baxımından
qadınla kişilərin bərabərliyinə rəğmən
cəmiyyətin formalaşmasında qadının kişilərdən
üstün mövqedə olmasını diqqətə
çatdırır. İ.Qaspiralı bu cür
yanaşması ilə insanların tərbiyə və
formalaşmasında qadın rolunun səviyyəsini müəyyənləşdirir
və belə bir qənaətlə çıxış edir
ki, bir şəhər və vilayətin qadınları
cahildirsə, ümumiyyətlə həmin şəhər və
vilayətin əhalisinin yarısı cahil olar. Ona görə də ədibin "bir qızın tərbiyəsi
iki oğlan tərbiyəsindən əfsəldir" qənaəti
tərbiyə və təhsil məsələsində
qadının rolunun əhəmiyyət dərəcəsini
müəyyənləşdirən göstəriciyə
çevrilir. Ədibin qadınla əlaqədar
düşüncə və görüşləri
ictimai-siyasi həyatımızda xüsusi bir mərhələ
kimi diqqəti cəlb edir. Bu gediş əslində
İ.Qaspiralının Şərqdə qadın
hüquqsuzluğuna qarşı etirazı kimi qiymətləndirilməlidir.
Yəni o, demək istəyir ki, əgər
qadınla kişilərin sayı bərabərdirsə, lakin
qadınlar cəmiyyətin formalaşmasında kişilərdən
öndə dayana bilirsə, ictimai yükün böyük bir
hissəsi onların çiyinlərindədirsə onda nəyə
görə qadın köləliyi, qadın hüquqsuzluğu
hökm sürsün?
Maraqlıdır ki, İ.Qaspiralı qadın
azadlığını onların hüququ kimi təqdim edir. Lakin bununla yanaşı
o, azad yaşamağı onların hüquqları kimi təqdim
etsə də, bu hüquq uğrunda mübarizə
aparmağı isə onların borcu hesab edir. O,
bütün qadınlara üz tutaraq onları "biz
qadınıq, bizim cəmiyyətdə nə rolumuz ola bilər" düşüncəsindən
uzaq olmağa çağırır. "Biz kadınız,
"bizde ne iş ve ne ehemiyet vardır" deyü hata
etmeyinüz. Dünyanın ve beni ademin tam
yarısı olduktan maqda (olmanın dışında) bazı
huzusata er kişilerden daha böyük derecede bulunuyorsunuz."
(İ.Qaspiralı. Seçilmiş əsərləri, II cild,
İstanbul, 2008, səh.288)
İ.Qaspiralı qadına adi insan deyil, insanlığa
böyük sənət və hörmət gətirmiş tərbiyəçi
insan kimi baxır. Bu ideya onun əksər bədii əsərlərində
hakim mövqe tutur. O, "Firəngistan məktubları",
"Darürrahat müsəlmanları" , "Sudan məktubları"
, "Qadınlar ölkəsi" , "Aslan qız"
romanlarında, "İvan və Süleyman" ,
"Hacının fərasəti" , "İki imam" və
s. hekayələrində bir sıra cəhətlərlə
yanaşı, müsəlman mühiti fonunda qadın probleminə
də toxunmuşdur. İlk növbədə onu
qeyd etməliyik ki, adları çəkilən əsərlərdə
qadına münasibət, cəmiyyətdə qadının
rolu İ.Qaspiralını daim düşündürən məsələ
kimi həllini tapmışdır. Müəllif Jozefinin,
Marqaritanın ("Firəngistan məktubları") və
("Darürrahat müsəlmanları"), Malikənin
("Qadınlar ölkəsi"), Gülcamalın ("Aslan
qız"), Süleymanın anasının ("İvan və
Süleyman") , "Hacının fərasəti" ,
"İki imam" əsərlərindəki qadın
obrazlarının simasında şərq qadınının
mövcud şəraitini təhlil etmiş, onların
dünyagörüşünün, hadisələrə
baxışını səciyyələndirə bilmiş,
millətin tərəqqi etmək yollarının nədən
ibarət olduğunu açıqlamışdır.
Müəllif
"Darürrahat müsəlmanları" romanında
Marqaritanın simasında qadın üçün örnək
ola biləcək bir çox mətləblərdən
söz açır. Əsasən bu obrazın
elmə, təhsilə olan marağı, cəmiyyətdəki
mövqeyini elmi əsaslara uyğun tənzimləmə səriştəsi
İ. Qaspiralının maarifçi görüşlərinin
təbliği kimi xarakterizə oluna bilər.
Böyük ədib dünyanı gəzdikcə, millətlərin
halı ilə tanış olduqca belə
bir qəti fikrə gəlir ki, türk müsəlman millətinin,
həm də qadınının gələcək səadət
yolu təhsil və elmdədir. Yəni, o,
Jozefin, Marqarita obrazlarının timsalında yaxşı olan
cəhətləri şərqə - müsəlman
dünyasına transfer etməklə şərq qadının
cəmiyyətdə hansı mövqe tutmasını, öz
hüquqlarının nədən ibarət olmasını, cəmiyyətin
isə öz növbəsində qadın qarşısında
hansı vəzifələri yerinə yetirəcəyini ifadə
etməklə insanların gözünü açır.
Bu tərzin bədii ifadəsi "Sudan məktubları"
romanında da yer alır. Əsərdə
XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa
imperializminin Şərq istilası, Şərqdə
milli-azadlıq hərəkatının güclənməsi,
xalqların öz müqəddəratlarını həll etmək
uğrunda mübarizəsi və digər məsələlər
əksini tapır. Lakin İ.Qaspiralı maarif və tərbiyəni
bütün məsələlərin mərkəzində
saxladığı üçün "Sudan məktubları"nda
öz idealına uyğun olaraq yeri gəldikcə tərbiyə
və mədəniyyət məsələlərinə də
toxunur və Molla Abbasın baxışları timsalında
fikirlərini ortaya qoyur. Heç şübhəsiz,
qadına münasibət və cəmiyyətdə
qadının rolu İ.Qaspiralını daim
düşündürdüyündən o, qadının
bütün fəaliyyət dairəsini, ruzigarını təkcə
yaşadığı mənzil divarları arasında deyil,
geniş ictimai həyat dairəsində təhlilə cəlb
edir, çıxış yolunun nədən ibarət
olduğunu diqqətə çatdırırdı. Çünki yaşadığı müsəlman
mühiti, üzvü olduğu cəmiyyət qadına
İslam ehkamları münasibətləri daxilində baxmağı
tələb edirdi. İ.Qaspiralı "Sudan məktubları"
əsərində İslam ölkələrinin
qadınları ilə Avropa qadınlarını müqayisə
etməklə fərqləri sadalayır və qadını cəmiyyətin
aparıcı insanı kimi görmək istəyir:
"Vakia (gerçi) İslam ve Frenk kadınları beyninde
hal ve terbiyede tefavüt çoktur. Frenklerin hakkı inkar olunamaz, bala(çocuk) bakmak, terbiye vermek ve dahi bir derece
tabiblik etmek kadınların hüneridir. Bunlar edebli ve pak olsa
idiler dünyada birinci avratlar (kadınlar)olurlar
idi. Frenk hüneri ve İslam edebi bir yere gelir ise
daha güzel olur idi." (İ.Qaspiralı.
Seçilmiş əsərləri, I cild, İstanbul, 2005, səh.278)
Müəllif bu cür fərqləri ictimai fəaliyyət dairəsində də nəzərə çatdırır və şərq qadın passivliyini yenə də mühit konteksi ilə bağlamış olur: "Tebrizli kızlar ticaret etmek deyil, belki ataları ve biraderleri etdikleri işlerin neden ibaret olduğunu bilmezler, Frenk kız ise atasının yerinin tutub ticarethaneyi devam etdiriyor." (İ.Qaspiralı. Seçilmiş əsərləri, I cild, İstanbul, 2005, səh.279)
Ümumiyyətlə, Şərq və Qərb
konteksində qadına müqayisəli yanaşma
İ.Qaspiralı görüşlərində mühüm yer
tutur. Qeyd edək ki, o, 1903-cü ildə yazdığı
"Qadınlar "adlı məqaləsində bu cür
müqayisəyə geniş yer vermiş və dəyərli
təhlilləri ilə mahiyyəti üzə çıxara
bilmişdir. Bir cəhəti vurğulamaq lazımdır ki,
İ.Qaspiralının bir şərqli olaraq dünyanın
gündoğan tayına məhəbbəti sonsuz olmuşdur.
O, Şərqin dünyanın ən qədim yurd yerləri və
mədəniyyət mərkəzləri olmasını
xüsusi olaraq qeyd edir və bununla öyünürdü:
"Çin, Hint, Babil, eski İran dünyanın ən əski
cəmiyyət və heyeti medeniyyeleridir. Avrupa cemiyyeti ve devletleri
bunlara göre pek genc ve yenidir. Avrupanın en eski hükumeti bin
senelik ise Çin dört bir senelik bir heyeti medeniyyedir".
(İ.Qaspiralı. Seçilmiş əsərləri, II cild,
İstanbul, 2008, səh 294-295)
Lakin onun Şərq-Qərb müqayisəsində Qərbə
üstünlük verməsi Şərq cəmiyyətinin Qərbdən
geri qalmasının böyük ədibdə doğurduğu
narahatçılıqdan irəli gəlirdi. İ.Qaspiralı
Qərbin qadına münasibətdə Şərqi üstələməsini,
Avropanın dövlət və mədəniyyət tarixinin gənc
olmasına baxmayaraq qadınlara yanaşmada Şərqdən
daha irəli getdiyini, daha mütərəqqi mövqe
tutduğunu qeyd edir. "Çin ,
Hindistan ve eski İran medeniyetleri ve adetleri kadınları pek
aşağı derecede bırakıp, hemen-hemen insanlıkdan
çıkarmışlar. Erlere verilmiş hak
ve müsadenin onda biri kadınlara verilmemiştir"- deye
İ.Qaspiralı konkret irad və etirazlarını gizlətmir,
çarə yolu kimi, cəmiyyətin qadına
baxışının dəyişməsini, təhsilin
genişləndirilməsini, savadlı olmağın vacibliyini
ön plana çəkir.
Şərq qadının geriliyindən hədsiz dərəcədə
narahatçılıq keçirən İ.Qaspiralı bu
geriliyin səbəbini dinlə bağlayanlara etiraz edir. O, belə hesab edir ki, Şərq
qadınının Avropa qadınından geri qalmasının
dinlə əlaqələndirilməsi əsassızdır. Hərçənd
ki, Qərbin nəzərində bu görüntü bilavasitə
İslam və müsəlmanlıqla əlaqələndirilsə
də İ.Qaspiralı Şərq və Qərb qadını
arasında fərqin səbəbini haqlı olaraq başqa amillərə
bağlayır: "Avropada Şark kadınlarınıın
iftar derecede meşrute hükuk ve huriyyetlerin bibehre, ulum ve
terbiyeden mahrum kaldıklarını İslamiyyete isnat ederler. Avrupalılar büyük hata ediyorlar.
Çünkü "Müslime" ile Azya kadını
arasında dağlar kadar tefavüt
vardır". (İ.Qaspiralı.
Seçilmiş əsərləri, II cild, İstanbul, 2008, səh.295-296)
Sitatdan göründüyü kimi İ.Qaspiralı haqlı
olaraq, Şərq qadınının geriliyinin və
hüquqsuzsuzluğunun İslamla heç bir əlaqəsi
olmadığını irəli sürür, Qərb
qadınının tərəqqisini isə onun maariflənməsi
ilə bağlayır. Müəllif şərq
qadınını iki qrupa bölərək hüquqsuz, cahil
"Asiya qadınını" "müsəlman
qadınla" müqayisə edir, aralarındakı dağlar
qədər fərqin olduğunu xüsusi vurğulayır.
Bildirir ki, islamiyyətdən əvvəl qadınlar kişilərin
malı və "zövq aləti"
olsalar da, İslamın qəbulundan sonra "dini-mübin
qadınların kişilər kimi Cənabı Haqqın
qulları olduğunu bəyan və elan edib, insanlıqca bu
cür hüquqlarını təyin və mühafizə
etdi". (İ.Qaspiralı. Seçilmiş əsərləri,
II cild, İstanbul, 2008, səh.297). Bu mənada
İ.Qaspiralı İslam dininin bərabərçilik xəttini
nəinki müdafiə edir, həm də təşviq edirdi.
O şərq müsəlman qadınının kişilərlə
bərabər ibadət etmək, Həccə getmək
hüquqlarından tutmuş təhsil almaq, ailə qurmaq, zorla
başqasına verilməmək, mal-mülk sahibi olmaq və s.
hüquqlarının olmasını islami qanunların tətbiqi
kimi dəyərləndirir.
İ.Qaspiralı qadının cəmiyyətdəki
rolundan danışarkən qadının tərbiyəçi
rolunu daha çox təqdir edir, millətin tərəqqisində
onun rolunun əvəzedilməzliyini ön plana çəkirdi.
Ümumiyyətlə, Qaspiralı zərif cinsin nümayəndələri
adlandırdığımız qadınları həm
böyük, həm də bəşər cəmiyyətinin əsası
hesab edərək tərəqqi etmələrini
arzulamış, bəşəriyyətin nicatını
qadınların savadlanmasında axtarmış, onların cəmiyyətdə
mövqe tutmasını vacib, eyni zamanda faydalı hesab
etmişdir. Bir sözlə, İsmayıl Qaspiralı
qadını məhdud çərçivədən
çıxararaq, onu geniş ictimai-siyasi, milli-mənəvi
dairədə təqdim etmiş, cəmiyyət
üçün əhəmiyyətli olduğunu diqqət mərkəzində
saxlamışdır.
Elman Quliyev
525-ci qəzet.-
2014.- 10 oktyabr.- S.8.