IV Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib

 

Oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində 6-cı Beynəlxalq uşaq muğam festivalının final mərhələsi keçirilib. FestivalKainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm, Xarici İşlər və Nəqliyyat nazirliklərinin iştirakı ilə reallaşıb.

Kainat” Gənclik Mərkəzinin rəhbəri, təşkilat komitəsinin sədri Rahib Rəsulzadə festival barədə məlumat verib. O, 18 ildir ki, təşkil edilən uşaq muğam festivalının 6 ildir beynəlxalq status daşıdığını söyləyib.

Bildirilib ki, bu layihənin hər il reallaşdırılması Azərbaycan muğam, mahnı və təsniflərinin gənc istedadlar, habelə xarici ölkə iştirakçıları arasında təbliğində bir körpü rolunu oynayır.

Qeyd edilib ki, may ayından start verilən 6-cı Beynəlxalq uşaq muğam festivalının bu gün yekun konserti və qaliblərin mükafatlandırılma mərasimidir. R.Rəsulzadə festivala göstərdikləri dəstəyə görə Gənclər və İdman Nazirliyinə, həmçinin digər dövlət qurumlarına minnətdarlığını bildirib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov muğam sənətinin qədimliyindən, gözəlliyindən danışaraq bu sahəyə göstərilən dövlət qayğısını xüsusi vurğulayıb. O, həmçinin ölkədə aparılan gənclər siyasətindən də söz açıb və nazirliyin gəncləri dəstəkləyən layihələrə həmişə qoşulduğunu deyib. Sektor müdiri uşaq muğam festivalının öz coğrafiyasını genişləndirərək beynəlxalq səviyyədə keçirildiyini qeyd edib, festivala 10-dan çox ölkədən iştirakçıların qatıldığını söyləyib.

Sonra Misir Mədəniyyət Mərkəzi və festivalın baş sponsoru Paşa Bank tərəfindən münsiflər heyətinə hədiyyələr verilib.

Daha sonra ifaçılar çıxışlarını təqdim ediblər.

Qeyd edək ki, festivalda Azərbaycan, Türkiyə, İran, İraq, Misir, Əfqanıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstanın təmsilçiləri iştirak ediblər. Hər bir ölkəni iştirakçı ilə yanaşı, bir mütəxəssis də təmsil edib. Həmin təmsilçi, eyni zamanda, Azərbaycanın Xalq Artisti, professor Ağasəlim Abdullayevin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyətinin tərkibində də iştirak edib.

İfaçıların çıxışlarından sonra əslən Azərbaycandan olan Latviya vətəndaşı, musiqiçi, Azərbaycan Milli Konservatoriyasının tələbəsi, muğamlarımızın Avropada təbliğatçısı Leyla Əliyeva çıxış edib. O, həm Latviyadakı fəaliyyəti barədə söhbət açıb, həm də ingilis və Azərbaycan dilində muğam ifa edib.

Sonra qaliblər müəyyənləşib. Münsiflər heyətinin qərarına görə Özbəkistan təmsilçisi 1-ci, iki nəfər azərbaycanlı və bir nəfər iranlı iştirakçı 2-ci, Qazaxıstan, Türkiyə və Misir təmsilçiləri 3-cü yerlərə layiq görülüblər. Azərbaycanlı iştirakçı Atlaz Mehdiyeva isə festivalın baş mükafatı olan Qran-prini qazanıb. Bunlardan əlavə, 7 nəfərə həvəsləndirici, təşkilat komitəsi tərəfindən “festivalın ən kiçik iştirakçısı”na və bir nəfər əcnəbi iştirakçıya “repertuarına Azərbaycan muğamından parça əlavə etdiyinə görə” Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlar verilib.

Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Bütün ifaçılar isə iştirakına görə diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 10 oktyabr.- S.7.