Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət

 

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR

 

 

Şamil Vəliyev

 

(Əvvəli ötən sayımızda) 

M.Ə.Rəsulzadə hansı ölkədə yaşamasından asılı olmayaraq qəriblik hissi və qürbət acılarını Azərbaycan sevgisinə tabe tutur, "Mən qürbətdə deyiləm, qürbət mənim içimdə" məntiqi ilə tanrı payı hesab etdiyi taleyinə yazılan yolun məşəqqətlərinə dözməyi doğru bilirdi. Elə həmin biliklə də qürbətdə dostları və həmfikirlərinin adını "Azərbaycan davası" qoyduğu ideoloji və siyasi mübarizənin önündə gedirdi. Hətta bu yolda bəzən dönüklərə, sovet Azərbaycanından aldığı kədərli xəbərlərə, iftira, yalan və təhqir dolu məqalələrə, "ədəbiyyat nümunələrinə" tuş gəlsə də taleyinə yazılanlar inadla dözür, bir sıra hallarda Azərbaycanın haqq davasına xidmət edənlərin sovetlərə güzəştli yazılarına belə baxmadan onların haqqında rəğbətlə danışırdı. Bu işin təhlükəli olduğunu bildiyindən M.Ə.Rəsulzadə ədəbi gəncliyin qayğısına qalır, onların qorunmasını vacib bilirdi. O öngörücülüklə yazırdı: "Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən coşqun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyzli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü.

Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata əvvəlcə səbrlə yanaşdısa da, məlum olduğu kimi, ona beynəlmiləl proletar məzmunu verməyə çalışdı.

Lakin Sovet işğal hökuməti milli Azərbaycan ruhunu çürütmək və burada "proletkult" deyilən bir mədəniyyət yaratmaq sahəsində sərf etdiyi əməklərində müvəffəq ola bilmir, bu iş üçün o, özünə lazım olan vasitələrə malik deyildi. Ədəbiyyat əski ustadların əlində idi. Görünüşdə mövcud vəziyyətə uyğun olaraq, yeni hökumətin bəzən sərtliyini, bəzən də diplomatca yumşaqlığını dadan bu yazıçılar öz çətin və ağır işləri ilə məşğul idilər" ("Çağdaş Azərbaycan ədəbiyyatı")...

1937-ci il repressiyasının zəhərli küləklərinə baxmayaraq real həyat şərtləri ilə yaşayan ədəb gənclik öz yaradıcılıq potensialını qoruya bildi. Onlar  "hücum"çu şeirlər, siyasi fikirlər, kommunistcəsinə partiyalı düşüncələr - "bilərəkdən və bilməyərəkdən" - ifadə etsələr də, "Baxıram Leninin kitablarına, dəstədən geridə qalmamaq üçün" (Səməd Vurğun) söyləməyi, Azərbaycan insanının mənəvi dərinliklərinə nüfuz etməyi bacardılar, həmin səbəbdəndir ki, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim və başqalarının II Dünya müharibəsi ərəfəsi və ondan sonra "ölməyən əsərlər" yazdığını görürük. "Muğan", "Dünya", "Şair nə tez qocaldın sən", "Mən tələsmirəm" (S.Vurğun), "Rənglər", "Sarı dana", "Qızılgül olmayaydı" (R.Rza), "Nəbrizim", "Ana və pomtalyon",  qəzəllər (S.Rüstəm) onlarla əsər və sair həmin qəbildəndir. Eyni axtarış meyli nəsr, dramaturgiya, tənqid və publisistikada da müşahidə olunmaqdadır.

"Kommunizm kabusu"nun (K.Marks) doğurduğu qorxunc və total hakimiyyət adamı İ.V.Stalinin taleyinin şəxsiyyətə pərəstişlə sonuclanması ictimai şüurda və ədəbiyyatda klassik kommunist tipinin faciəsinə səbəb oldu. Yalnız Mirzə İbrahimovun "Böyük dayaq" romanındakı Rüstəm kişini xatırlamaq yetərlidir. Ümumiyyətlə, 1950-ci illərdə tənqid olunan konfliktsizlik nəzəriyyəsinə görə ziddiyyətsiz cəmiyyət kimi təsvir edilən sovet cəmiyyətinin iç üzünü göstərmək, xalq həyatının uyğunsuzluqlarını təhlil etmək, baş qəhrəman, müsbət qəhrəman kimi verilən kommunist manekenləri canlı insan surətləri ilə əvəz etmək, onların arzu və ideallarını, zəngin psixoloji aləmini əks etdirmək ədəbiyyatının ən mühüm vəzifələrindən sayılırdı. Bu zaman ictimai-tarixi gerçəklikdəki dəyişmələr bədii ədəbiyyatın "məhvəri" olan konfliktlərin gücləndirilməsinə meydan açır, yazıçı "mən"ində ifadə olunan lirizm, romantika və psixoloji təhlil yeni ədəbiyyat nümunələrinin məzmun və süjet xəttini təkmilləşdirirdi. Həmin prosesin 1960-cı illərdə daha da gücləndiyini, məşhur 60-cılar ədəbi nəslinin yeni dalğa ədəbiyyatı yaratdığını isə Azərbaycan ədəbiyyatşünaslığı artıq xeyli vaxtdır ki, təsbit edib.

Azərbaycan ədəbiyyatının sovet dövrünü araşdırarkən indi hər birimiz bunun şahidi olmaqdayıq ki, o zaman "hökumətin sərtliyini bəzən, bəzən də diplomatca yumşaldığını dadanların sayəsində Nikita Xruşşovdan sonra milli ədəbi-mədəni hərəkatın tipologiyasında ikili səciyyə zühur etməyə başladı. Bunlardan birincisi Azərbaycan sovet ədəbiyyatı, ikincisi və daha güclüsü isə Sovet dövrü Azərbaycan ədəbiyyatı idi. İkinci istiqamət əslində ümumazərbaycan şüurunda azadlıq və istiqlal ruhunun qorunmasına, çağdaş müstəqillik dövrü ədəbiyyatımızın təməlinə çevrildi və hazırda onun qida mənbəyi, enerji qaynağıdır.

"Ədəbiyyat xalq həyəcanının tərcümanıdır"- söyləyən M.Ə.Rəsulzadə istər müasir, istərsə də klassik ədəbiyyatı təhlil müstəvisinə gətirərkən onu bədii-estetik dəyərinə görə qiymətləndirməyi vacib bilir, sənətkardan ideya-siyasi həqiqətlərindən daha çox, "təbii həyat şərtləri içində" olan gerçəklərin əksini tələb edirdi. Həmin mövqedə dayandığına görədir ki, Nizami Gəncəvi və Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsərlərini müqayisə edən mütəfəkkir-şəxsiyyət tənqidi düşüncəsində bədii-estetik prinsiplərə üstünlük verərək yazırdı: "Nizami təbii həyat şərtləri içində keçən fövqəltəbii bir eşqin dastanını yazdığı halda, Füzuli bizə təbii həyat qayğılarından sıyrılan ilahi bir eşqin xəyalını təsvir etmişdir. İkisi də öz növündə orijinal bir şair, hekayətləri də orijinal bir əsərdir. Burada bənzətmədən bəhs oluna bilməz; hələ tərcümə ağıla belə gəlməz.

Bu iki orijinal əsərdən əcəba hankısı daha yüksəkdir? - deyə bir sual qarşısında qala bilərik. Etiraf edirik ki, belə bir suala cavab verməkdə özümüzü aciz sayırıq.

Çünki  hər iki  əsər öz növündə orijinal, öz novündə böyük və öz növündə yüksəkdir. Nizami də, Füzuli də klassik Şərq ədəbiyyatının ölçüyəgəlməz bir varlığıdır. Ölçüyə gəlməyənləri qarşılaşdırmaq da söhbət mövzusu ola bilməz.

Böyüklük, kiçiklik kimi nisbi anlayış xaricində iki şah əsərin özünə xas keyfiyyətlərini söyləmək lazım gəlirsə, ancaq bunu deyə bilərik: Nizami - Məcnunu şeirləşdirmişsə, Füzuli - şeiri Məcnunlaşdırmışdır!.. (6 noyabr 1941 -ci il, Buxarest;  ("Ədəbiyyat" qəzeti, 6 dekabr 2013-cü il).

M.Ə.Rəsulzadə mühacirət dövrü ədəbi-tənqidi məqalələrində sovet Azərbaycanında formalaşan siyasi ədəbiyyatşünaslığın  mahiyyətini aydınlaşdırır, onun ideoloji prinsiplərini şərh edir, yalnız müasir ədəbi-bədii prosesdən deyil, klassiklərin (istər Azərbaycan, istərsə də dünya klassikləri olsun) əsərlərində belə kommunist tipi və kommunizm xülyasına uyğun gələnlərin qabardılmasında siyasi məqsədlərin güdülməsini nəzərə çatdırır və ciddi şəkildə tənqid edirdi. Bu zaman o, tarixilik və bədiilik tələblərinin unudulmasını, siyasi məqsədlərə qurban verilməsini ədəbi-tarixi materiallarla əsaslandırır, hər bir ədəbi şəxsiyyət, fakt, hadisə və problemi mövcud tarixi mühit daxilində tədqiq və təhlil etməyi, öz dövrünün kontekstində obyektivliklə qiymətləndirməyi vacib sayırdı. Marksist-leninçi materialist metod və ateist düşüncə ilə tarix hadisələrinə qiymət verən sovet ədəbiyyatşünaslarının saxtakarlığını, onların tarixi təftiş etməsini, siyasi məqsədlərlə fakt və sənədləri təhrif etməsini klassik ədəbi irsdə sosialist gerçəkliyi, kommunist ideallarına məxsus "müasirlik" axtarmasını həmin mövqedən tənqid edən M.Ə.Rəsulzadə bədii sənətkarlıq və tarixilik tələblərinin unudularaq Nizami Gəncəvinin əsərlərində utopik sosializm və kommunizm axtarışını doğru saymır, ədəbi-tarixi qəhrəmanların müasir kommunist tipinə uyğunlaşdırılmasını yanlış bilirdi. Faktın, sənədin, gerçək olanın, tarixi, həqiqətin rənginin müasir zamanın siyasi ab-havasında dəyişdirilməsini (Allah Səməd Mənsura rəhmət eləsin. "Həpsi rəngdir" şeiri yada düşür) Azərbaycanda təcavüzün tərkib hissəsi sayılırdı.

M.Ə.Rəsulzadənin, onun ideya, əməl və qələm dostlarının ifadə etdiyi azərbaycançılıq ideologiyasından doğan yaradıcılıq prinsipləri, nəzəri-estetik mövqe müasir müstəqillik dövrü ədəbiyyatşünaslığımızın, çağdaş Azərbaycanda ictimai və humanitar elmlərin metodoloji əsasını təşkil edən ən etibarlı və dayanıqlı mənbədir. Çünki onlar tarixən Azərbaycanda formalaşan zəngin mədəni-mənəvi dəyərlərin cəmindən qaynaqlanır və diqqətəlayiq haldır ki, Azərbaycan yenidən müstəqillik qazanan kimi, elmi-nəzəri, ictimai-mədəni faydalılığına görə bu yaradıcılıq və fəaliyyət konsepsiyası dövlət səviyyəsində qorunmağa başlandı.

M.Ə.Rəsulzadə ədəbi-tənqidi araşdırmalarında adətən kiminsə bu və ya digər mülahizələrinə deyil, tarixi fakt, hadisə, şəxsiyyət, problem və sənədlərə istinad edir, ədəbi mənbə və arxiv materiallarına əsasən mülahizə yürüdür, elmi-nəzəri fikir söyləyirdi. Bu isə onun yaradıcılığında akademizmin gücləndirilməsinə səbəb olur, dünya şərqşünasları ilə mübahisə və mükalimə aparmasına imkan verir, görkəmli ictimai-siyasi xadim və tənqidçinin ədəbiyyatşünas-alim, habelə tənqidçi obrazının yaradılmasına, söylədiyi fikirlərin etibarlılıq dərəcəsini artırmağa təsir göstərirdi. Çünki filosof müdrikliyi və siyasətçi həssaslığını öz şəxsiyyəti və təbiətində yaradıcılığının ilk illərindən ömrünün sonunadək yaşadan M.Ə.Rəsulzadənin qiymət meyarı hər zaman həqiqət idi; həqiqət və yalnız həqiqət. Heç şübhəsizdir ki, yaşam və yaradıcılıq yolunu  o ilk "böyük demokrat" hesab etdiyi Həsən bəy Zərdabinin "Əkinçi"də "Quran"dan iqtibas edərək söylədiyi "qövl-əl-həqq və lakin mürr" (həqiqəti söylə və lakin acı olsa da) fikrindən faydalanaraq seçmişdir. Elə belə də oldu və Ankarada 1955-ci ildə üç dəfə "Azərbaycan" deyərək dünyasını dəyişənədək yaşadığı bir qərib ömrü ilə deyilənləri təsdiqlədi.

Son

525-ci qəzet.- 2014.- 10 oktyabr.- S.6.