Əsərləri - V cild
(1918 – aprel 1920)
Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli ötən şənbə sayımızda)
“Məşhur” şayiələr
Bəzi uydurma şayiələr var ki, söylənə-söylənə təvatür hökmünü alır və böylə olduqdan sonra məzkur şayiəyi uyduranlar kəndiləri də inanmağa başlarlar.
Daxiliyyə nəzarətində olan firqənin nüfuz hökumətindən istifadə edərək firqəçilik yapdığı və hökumət gücünü firqə mənafeyinə işlətdigi həqqindəki rəvayət işbu qəbildən bir şayiədir.
Bu şayiə “İttihad” firqəsinin siyasəti-daxiliyyəyə aid olmaq üzrə Nəsib bəy kabinəsinə verdigi istizahında dəxi qabarıq bir yer bulmuşdur.
İstizah namı verilən məzkur təhdidnamə aşkara denilir ki, “hökumət xoşuna getməyən firqə adamlarının tərd edildikləri, həbsə alındıqları, hətta öldürüldükləri qətiyyən inkar edilməyən həqiqətlərdəndir”.
Böylə “inkar edilməyən həqiqətlər” istizahda çoxdur. Hətta “ricali-dövlətin xəyanətindən” belə bəhs olunuyor.
Bu xüsusda istizah parlaman kürsüsündən mövzuyi-bəhs olunursa kabinə rəisi müstəfisi kəndiləri də cavab verməlidirlər. Bəlkə də istefaya getdikləri üçün buna heç də lüzum verməzlər. Bu bir bəhsi-axır.
Fəqət “Müsavat” firqəsinin rəisi olmaq həsbilə hökumətin, bilxassə daxiliyyə nəzarətinin firqəçiligi həqqində bir neçə kəlmə izahatda bulunmaq istərəm.
Diyorlar ki, daxiliyyə nəzarətinin bütün məmurları “Müsavat”dandır. Daxiliyyə nəzarətində bir məmuriyyət almaq üçün əvvəlcə Müsavata yazılmaq lazım imiş:
Baxalım iş böyləmidir:
1- Qarabağ general-qubernatoru doktor Xosrov bəy Sultanov firqədən istefa vermiş bir zatdır.
2- Qazax
general-qubernatoru Zəfər Əşrəfov sosialistdir.
3- Zaqatala
valisi Məhəmməd ağa Şahmalıyev bitərəfdir.
4-
Bakı valiyi-sabiqi Rəşid bəy Axundov da bitərəf
idi. İmdiki Əmir bəy də bitərəfdir.
5-
Bakı qradonaçalnikinin müsavatçı olduğuna əcəba
isbat varmı? Yoxsa Zaismanmı
müsavatçıdır?
6- Gəncə
valisinin firqədən olduğuna və firqəçilik
yapdığına əcəba firqənin böhranlı
günlərdə kəndisinə qarşı
aldığı vəziyyəti-tənqidkaranə iləmi
hökm edilər?
Məlumdur ki, pristavların müsavatçı
olduqlarından bəhs olunub duruyor. Əcəba, daxili idarənin
mühüm məmurları müsavatçı degil ikən
olur ki, xırda məmurlar həpsi müsavatçı olur?...
Müxalif firqə adamları “təqib, təzyiq və hətta
terror” edirlərmiş. Halbuki “müvafiq olan firqə
üçün məmurlar mübəlliq rolu
oynayırlarmış”. Hanki müxalifin
harada “terror” edildigini bəlkə söylərlər biləriz.
Əgər bir takım qəza və həvadisə
uğrayan firqə əzasını nəzərdə tutub da
müəyyən bir hökm vermək caiz isə o zaman hər
kəsdən ziyadə yenə hökumətdə olan firqələr,
ələlxüsus “Müsavat” məzlum çıxar. Məsələn:
1- Qazaxda
firqə komitəsinə mənsub Mehdi ağa Qiyasbəyov qətl
edildi – hala qatil bulunmamışdır.
2- Salyanda Salyan şöbəsinin katibi İsgəndərzadə
kəza qətl edildi ki, hala qatili bulunub cəzasını
görməmişdir.
3-
Qarabağın yolunda parlaman əzası müsavatçı
Cavad Məlikyeqanov yoldaşı mərkəz komitəsinin əzası
Zülfüqar Mahmudov və bitərəflikdən “Müsavat”a
keçmək ehtiyatsızlığında bulunan Cəlil bəy
Sultanov günüz günorta çağı soyuldular. Hala soyanlar tutulmamışdır.
4- Firqənin
çalışqan və məmləkəti yolunda xidməti
keçmiş əzası Kərbəlayi Vəli Mikayılov
Bakıda 6-cı uçastokda adi bir cani kibi həqsiz olaraq təhqirə
məruz qaldı.
Yoxsa “İttihad” firqəçilik yapan daxiliyyə nəzarətindən
bunlarınmı hesabını görmək istiyor? “Terror”dan bəhs edərkən
məqsədi bumudur, yoxsa “Novıy svet” faciəsinimi qəsd
edib, fəqət o əcaib bir şəkildə vaqe olan faciəyi
dəxi bərfərz “terror” olaraq qəsd etsək belə məzlumlar
hər halda müxalifdən degil, koalisyona mənsub firqədən
idilər.
Daxiliyyə nəzarəti müsavatçıdır deyə
tənqid edənlər eyni zamanda da diyorlar ki, Nəsib bəy
pək iyi siyasidir, yeni kabinə yəşkilinə o layiqdir, fəqət
heyfa ki, daxiliyyə işlərinə baxmağa vəqti
olmadı da. İşi yalnız müavini Ağabəyova
buraxdı. Fəqət Ağabəyov da
müsavatçımıdır, firqə ilə bir əlaqəsi
varmıdır? – deyə sorunuz. O
zaman münəqqidlərin nə kibi kəndiləri
uydurduqları şayiəyə söyləyə-söyləyə
nəhayət kəndilərinin də inanmaya
başladıqlarını görürsünüz!
Daxiliyyə
naziri firqəçilik yapıyor dedikləri zaman nədənsə
hər vəqt Molla Nəsrəddinin hekayəsi yadıma gəlir:
Molla Nəsrəddinə “arvadın çox gəzəyəndir”
dedikləri zaman öylə isə “neçin bizə də gəlmiyor”
dedigini əlbəttə siz də xatırlarsınız.
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
22 eylül
(sentyabr) 1919, ¹279
İstizah
– açıq izah tələb etmə
Təvatür
– ağızdan ağıza yayılma
Tərd –
qovma, uzaqlaşdırma
M.Ə.Rəsulzadə
Qubada
(Xüsusi
müxbirimizdən)
Quba müsavatçıları ilə bərabər firqəsiz
olan əhali dəxi çoxdan bəri Azərbaycan məbuslarından
bulunan möhtərəm Rəsulzadə Məhəmməd
Əmin bəyin şəhərimizə vürudini bəkliyorlardı. Son dəfə
olaraq sabiq Şurayi-Milli rəisi möhtərəm Azərbaycan
xadimi “Müsavat” firqəsinin rəisi cənablarının
Qubaya gəlmək xəbəri avqustun axırında
yayıldı. Sentyabrın ikisi Quba
üçün bir bayram olmuşdu.
Qızılburun istasyonu xalılarla təzyin olunub cəmaət
vaqona müntəzir idi. Rəsulzadə cənabları
yoldaşları məbuslardan möhtərəm Abbasqulu
Kazımzadə, Quba məbusu Mürtəza Axundov və Quba
“Müsavat” mürəxxəsi-məsuli Əbülqasım
Rüstəmzadə ilə birlikdə kəndilərini istiqbal
edən xəlqin hüzuruna çıxdılar. Kəndisinə qarşı söylənən təbrik
nitqinə müxtəsər, fəqət mənidar bir nitqilə
müqabilə etdilər.
Bədə xəlqin “Yaşasın Azərbaycan” sədası
arasında vaqon hərəkət elədi. Dəvəçi
mövqifi kəza bəzənmiş, müsafiri bəkliyordu.
Burada da toplanmış xəlq naminə təbrik
sözü söylənib, Məhəmməd Əmin əfəndi
tərəfindən cavab söyləndi. Burada
məhəllə mollası, “Müsavat” şöbələrinin
nümayəndələri, mahalın ağsaqqalları
toplanmış idi. Oradan vaqon
yaşasın sədaları içində ayrılıb
Xaçmaz istasyonuna çatdıqda milli zurna sədası
qonaqları qarşıladı. Xalılarla
və yaşıllarla bəzənmiş mövqif əhali ilə
dopdolu idi. Rustov mahalının nümayəndələri,
köy şöbələrinin mürəxxəsləri və
yerli xəlq tərəfindən böyük bir izdiham
toplanmış idi. Rəsulzadə cənabları
burada yalnız bir firqə rəisi və məbus sifətilə
degil, Azərbaycan fikrinin həqiqi xadimi, Cümhuriyyətin
müəssislərindən olması və dəgərli bir cəmaət
xadimi, mümtaz mühərrir və guzidə bir natiq olmaq
üzrə alqışlandı. Cəmaət
nümayəndəsindən sonra “Müsavat”ın Quba mürəxxəsi
möhtərəm qonaqlara “Xoş gəldin” söylədi.
Bədə Məhəmməd Əmin əfəndi
Cümhuriyyətin surəti-təşkili, türklərin
unudulmaz xidməti, Parlamanın güşadı, fəaliyyəti,
ingilislərin gəlişi, gedişi, hökumətimizin vəziyyəti-hazirəsi,
əskəri təşkilatımızın əhəmiyyəti,
Şimaldan təhlükənin vücudi, Denikin təhlükəsi
və siyasəti-xariciyyəmizə aid saət yarım qədər
uzun bir nitq söylədikdən sonra “Müsavat”
üçün bu bəsdir ki, əvvəlcə yalnız
onun fikri olan Azərbaycan şüarı bu gün millətin
müqəddəs amalı hökmünə girmişdir, dedi.
Natiq dəfələrlə alqışlanaraq sevincli
“Yaşasın!” sədası arasında xəlqlə
vidalaşaraq istirahətlərinə təxsis olunan dairəyə
çəkildilər: ətraf kəndlərdən gələn
köy nümayəndələri ilə şöbə
mürəxxəsləri xüsusi surətdə məbuslarla
oturub gecə keçənə qədər müsahibə
ediyorlardı.
Müsahibə məmləkətin əhvali-siyasiyyəsinə,
siyasi proqramlara və ətraf kəndlərin ehtiyacatına aid
idi.
Müsahibə nəticəsində köylülər
idarənin mətanətindən məmnun olduqlarını
söylədilər. Dedilər ki, heç Nikolay zamanında böylə əmniyyət
yox idi, çünki nə adam
öldürülür, nə oğurluq olur, nə də
qız qaçırılır. İstədikləri
mətləb bundan ibarət.
Burası əskəri bir qərargah olduğundan əskər
ləvazimindən ötrü istənilən təhmilatın əksəri
ətraf köylərə təhmil olunuyor. Halbuki bu təhmilatə
bütün Azərbaycanın iştirak eləməsi müqtəzi.
Bura həvalisi anarşi zamanından dəxi çox təərrüzlərə
məruz qaldığından bir çox evlər
yanmış, yaxılmış, bu yanan evlərin təkrar
tikilməsi üçün hökumət yardım etməli,
meşədən evləri yananlara müftə olaraq ağac
buraxmalı, sonra bu həvali qızdırmalı bir yer
olduğundan xəlq həkimsizlik və dərmansızlıq
üzündən çox xəsarət görmədədir. Buraya məxsus bir tibb nöqtəsi və bir qədər
dəva-dərman və bir həkim göndərilsə. Əskəri xidmətə alınan bəzi əmələnin
bəzən pulu verilmiyor.
Bu xüsusda tədabiri-lazimə görülsə qədim
zamanda buralardan əhali-islamiyyə yerlərindən,
yurdlarından götürülüb başqa yanlara
köçürülmüş, onların yerlərinə
rus köçbələri oturdulmuş idi.
Anarxiya zamanında onlar getmiş, cəbr olunan müsəlmanlar
təkrar öz yurdlarını gəlib tutmuşlardır. Uruslar təkrar
dönüb gəliyorlar. Hökumətin
siyasətinə zərər verməzsə on-ların bir daha
buralara buraxılmaması üçün bir tədbir
görülsə, bu tərəflərin məktəb və məarif
cəhətincə dəxi çox əgri vardır. Bu xüsusda ayrıca diqqət verilsə,
köylülərin təqaza elədikləri həp bu kibi əsaslı
və dövlət nöqteyi-nəzərindən
görülməsi zəruri mətləblərdir. Məbuslar bittəbii köylülərin işbu istədiklərinin
yerinə yetirilməsi və hüsuli üçün səy
edəcəkləri həqqində vəd etdilər.
lll
Səhər saət 8-də bir dəstə
könüllü xəlq silahdarlarının müşayətilə
rast gələn xəlqin səlamları arasında məbuslar
Xaçmazı tərk edib Qubaya tərəf azim oldular.
Saət 10 radələrində Qubaya
yaxınlaşdıqda başda Quba “Müsavat” komitəsinin
heyəti-idarəsi olmaq üzrə şəhərdən
istiqbalə gələn atlılar qonaqları
qarşıladılar. Şəhərin kənarında yapılmış
alaqapı yanında xəlq toplanmış idi. Axund həzrətləri ilə əfəndi həzrətləri,
bələdiyyə rəisinin müavini, qlasnılar, yəhudi
cəmaətinin nümayəndələri və sair əhali
burada cəm idi. Faytonlar burada durdu. Bələdiyyə rəisi müavini möhtərəm
Azərbaycan xadimini təbrik elədi. Yəhudi nümayəndəsi
dəxi xoş gəldin dedi. Rəsulzadə cənabları hər
ikisinə də cavab verdi. Burada
Rəsulzadə cənablarına böyük bir gül dəstəsi
təqdim edildi. Qonaqlar Axund və Əfəndi
ilə müsafihə etdikdən sonra faytonlarına səvar
olub bayraqlarla və xalçalarla bəzədilmiş
küçələrdən gül və çiçək
sabaşları altında Quba nümayəndəsi Murtəza
Axundov cənablarının evinə getdilər.
Burada evin
yaxınında küçəyə toplanan xəlqə
qarşı Rəsulzadə əfəndi saət yarım davam
edən nitqində Xaçmazda söylədigi nitqini daha ziyadə
təfsil ilə təkrar edərək nəhayət
qubalıların həmiyyət və vətənpərvərligini
təqdir etdi: “Sizi böylə fədakar gördükdən
sonra hüdudumuzu keçmək istəyən düşmən
meyitlərimiz üzərindən keçər deyən Nəsib
bəyin həqli olduğunu təsdiq edirəm!” – deyə dəfələrlə
alqışlanaraq fəth olunan nitqini gurultulu
“Yaşasın”larla bitirdi.
Burada nahar etdikdən sonra qonaqlar yol üstündə qəza
qaiməqamlıq idarəsi ilə xüsusi bəzədilmiş
olan Müsavat idarəsini ziyarət edərək Qusara ezam
oldular. Yol yəhudi məhəlləsindən keçiyor.
Yəhudi cəmaəti başda Ravin İshaq
olaraq məbusları istiqbal etdilər. Ravin
Tövratdan bir dua oxuyaraq qonaqların qədəmini təbrik
elədi. Buna qarşı Rəsulzadə cənabları
dedilər ki: oxuduğunuz Tövrat bizcə Kitabi-İlahidir. İnandığımız Quran kibi asimanidir.
Quran bizə başqa dinlərə ehtiramı əmr edər. Cinsimiz
türkdür. Türk dövlətlərində
yəhudi zidligi görülməmişdir. Türkiyə yeganə dövlətdir ki, orası yəhudi
qırğını görməmişdir. Yəhudiləri himayə edən dövlət
Türkiyədir.
Müsəlman
və Türk Cümhuriyyəti olan dövlətimizdə
bütün millətlərlə bərabər siz yəhudilər
də gərək şəxs və gərək millət
etibarilə əmin və amanda olub, rahət
yaşayacağınızdan əmin ola bilərsiniz!
Ravin təkrar təşəkkür edərək bu
sözlərin zatən həqlərində icra olunduğunu və
hökuməti-məhəlliyədən razı
olduqlarını söylədilər və “Yaşasın
Müsavat!”, “Yaşasın Azərbaycan!” nidaları içində
qonaqlar yollarına azim oldular. Yəhudi məhləsində
qonaqların keçdigi küçələrdə qaravul
olaraq yəhudi milisləri görülməkdə idi.
Axşam saət 5 radələrində qonaqlar Qusara
yetişirlər. Qusar dəsəbəsi ilə ətrafından
gəlmə xəlq Azərbaycanın fəsih natiqini dinləmək
üzrə toplaşmışlardı.
Məhəllə Mollası xüsusi bir ehtiram olmaq
üzrə məbuslara duz-çörək təqdim elədi. Ovzayi-hazirəyə
aid müfəssəl nitqini burada da təkrar elədi. Xəlq ittihad, ittifaq və qardaşlığa
istiqbal bayrağını ucaltmaya dəvət olundu.
Buradan
sonra bir az istirahət edərək məbuslar
məhəlli alay komandanlığını ziyarət etdilər.
Bədə qərargaha getdilər. Əskərlər tərəfindən
salamlandılar. O gecəyi Qusarda qalıb sabahı müəllimlər
kursunu ziyarət etdilər. Saət 9-da kursdan
çıxıb geri Qubaya gəldilər.
Qubada Mürsəl bəygildə şərəflərinə
verilən ziyafətdə nahar etdilər. Nahardan sonra
Axund ilə Əfəndi həzrətlərinin bazdidinə
getdilər. Və bədə müsavat
idarəsində firqə əzası ilə xüsusi bir
müsahibə məclisi qurdular. Müsahibə əsnasında
Rəsulzadə cənabları “firqənin təşəkkülü
məmləkətə xidmətdir, firqə əzaları,
firqə hökumət üçündür, hökumət
firqə üçün degildir” – nəzəriyyəsinə
tabe olmaları həqqində müfəssəl məlumat verdi və tövsiyələrdə bulundu.
Bir takım təşkilati-məsai həqqində qərar
verildikdən sonra qonaqlar axşama doğru Xaçmaza ezam olub
oradan Bakıya rəvan oldular.
Əsnayi-səyahətlərində yol uzunu məbuslar əhali
tərəfindən salamlanıyor və köylülərin
nümayəndələri ilə xüsusi olaraq müsahibədə
bulunuyorlardı.
Ə.B.
“Azərbaycan”,
22, 23 eylül (sentyabr) 1919, ¹279, 280
Türkiyə
hərəkati-milliyyəsi
Söz ilə işin Türkiyə həqqində dəxi
çox fərqli olaraq meydana çıxdığından
sonra Türkiyədə milli bir hərəkət
başladı.
Daha aşkar söyləyəlim, Vüsta Avropa dövlətləri
ittifaqı kəndi məğlubiyyətlərini etirafla
silahlarını yerə qoyduqdan və qaliblərə sülh
müzakirəsinə qərar verdikdən sonra mütarikə əsasında
söylənilən sözlər mütarikədən sonra
görülən işlərlə müvafiq gəlməmişdi.
Söylənən sözlərdən ən müəssiri
şübhəsiz ki, Amerika cəmahiri-müttəfiqəsinin
məşhur rəisi müsyö Vilsonun 14 maddəsidir.
Vilsonun bu
14 maddəsi adətən Turanın 10 əhdi kibi tələqqi
edilmiş, hər kəs – nəuzubillah – yeni bir peyğəmbərin
bəsinə inanmış kibi idi.
Vüsta Avropa millətləri mətlubinin
acısını Vilsonun ilahi prinsiplərilə təşfi
ediyorlardı.
Bu prinsiplərdən 12-cisi dəxi Türkiyə əfkari-ümumiyyəsini
ovutuyordu.
Türkiyənin hərbi-ümumidəki vəziyyəti
digər dövlətlərdən daha ciddi idi. Türkiyə
kəndi mövcudiyyətini təhlükədən qurtarmaq
üçün hərbə girmiş idi. Türkiyə şərəfli bir məmatı
miskin bir həyata tərcih eləmişdi. Bunun üçün də o mütə düşməni
olan və İstanbulunu qəsb etmək istəyən Rusiya
komasında bulunamamışdı. Bunun
üçün də o Çanaqqalada müdafe həqq olan
insanın xariqələr yaratmağa qadir olduğunu
bütün dünyaya qarşı isbat eləmişdi. Bunun üçün bütün türk xəlqi
soyulub soğana dönmüş, son dərəcəyi-imkanına
qədər vuruşmuşdu. Bunun
üçün dəxi inanmışdı ki, məğlub
olsa da həqqi-bəqasını, bir millət olaraq yaşamaq
səlahiyyətini cahani-mədəniyyət qəbul edəcək,
inanmışdı ki, heç bir zaman nəşeyi-qalibiyyətlə
sərşar olsalar da böylə vazeh bir həqqi danacaq qədər
sərməsti-qürur olamazlar.
Böylə bir ümid arzuyi-ümumiyyədən
doğan bir inam idi. Ələlxüsus ki, bu inamı Vilsonun
12-ci maddəsi təqviyə ediyordu. Bu
inamın nə dərəcədə şamil bir təsirə
malik olduğunu türkün sızlar qəlbi mənziləsində
bulunan xəlq şairi-həssası Məhəmməd
Əmin bəy “Türkün həqqi” ünvanilə nəşr
etdigi əsərdir.
Bu əsər, qəlbindən yaralanmış şairin
qaliblərin mərhəmətinə inanmış bir təzərrönaməsidir. Bir təzərrönamə
olmaq üzrə bəlkə də bən Məhəmməd
Əmin bəyin bu əsərinin nəşr edilməməsini
istərdim. Fəqət Vilson prinsiplərinin
məğlub millətlərdə, əzcümlə Türkiyədə
nə kibi bir ümid və rəca hissi oyatdığına
işbu təzərrönamə nə böyük bir
bürhan, nə vazeh bir lisani-bəyandır.
Qarelər biliyorlar ki, işə gəlincə Vilson
prinsipləri də müharibənin ibtidasından bəri elan
olunan bir çox prinsiplər kibi söz olub qaldı. Bilxassə
Türkiyəyə aid olan 12-ci maddə heç bir hökmə
malik olmadığını göstərdi.
Sülh konfransının qərarını bəkləmədən,
türk millətini dinləmədən, qeyri-türk
ünsürləri məskun olan Osmanlı ərazisi degil,
xalis türklərlə məskun olan Anadolu qitələri
üzərində əməliyyati-cərrahiyyə
başlandı. İzmir faciəyi-əliməsi
vicdanına qarşı təzərrö edilən
Avropanın gözü qapandı, bəlkə də onun
müavinət və müzahiratı ilə icra edildi.
Türkiyə istiqlalı dildə qalıb, feildə
İstanbul məhəllələri qaliblər arasında
bölünərək doğrudan-doğruya ümumi-idarəyə
qarışıldı. Hər qədəmdə, hər məhəlldə
türk izzəti-nəfsi, türk hissi təhqir edildi. Qaliblərin təzyiqi ilə millətin hissiyyati-əmiqəsindən
ziyadə qaliblərin qalın cəzmələrinə riayətkar
olan İstanbul kabinələri xarici təhlükənin
önünü almaqdan ziyadə daxili hesabları çəkməklə
məhbəsləri dövlətin benam ricalı ilə
doldurmaqla məşğul oldular.
İştə bir siyasət ki, Anadolu hərəkati-milliyyəsini
doğurdu. Məmləkətini sevən, onun bu dərəcə
təhqir və təzəllülünə dayanamayan ərbabi-həmiyyət
və namus Anadoluya çəkildilər. Ərzurum
konqresi, sonra da Sivas məclisi təşəkkül etdi.
Bu konqrelərin intixab elədikləri heyəti-təmsiliyyənin
başına Çanaqqalanın məşhur qəhrəmanı
Mustafa Kamal Paşa ilə Həmdiyyə qruvazorunun kapitanı
Hüseyn Rəuf bəy əfəndilər keçdilər.
Hüseyn Rəuf bəy ingilislərlə
mütarikə imzalamış mürəxxəs, Mustafa Kamal
Paşa da İzmir müdafiəsindən dolayı o zamankı
hərbiyyə nəzarəti ilə münaqişə
etmiş bir generaldır.
Onlardan heç biri İttihad və Tərəqqinin
intriqasına alət olmuş adamlar degil, biləks daima
istiqlallarını mühafizə eləmiş adamlardır.
Şu surətlə
gündən-günə kəsbi-nüfuz edən Anadolu hərəkatı
orada bulunub da daha tərxis olunmayan otuz-qırx minlik bir orduya
istinadla bir an əvvəl məclisi-millinin
güşadını və məmləkətin hər
növ təqsimat və təhqiranə qarşı müdafiəsini
tələb ediyordu.
Bu hərəkatın nə kibi bir hərəkat
olması həqqində bizim tərəflərdə nəqsəd
bir takım təvillər və təfsirlərlə əfkari-ümumiyyəyi
təfşiş etmək istəyənlər vardır. Aramızda
bolşevizm cərəyanını tərvic etmək istəyənlər,
xəlqimizin hissiyyati-milliyyəsini suyi-istemal edərək
Anadolu hərəkati-milliyyəsinin də bolşevik
olduğunu iləriyə sürüyorlar.
Fəqət
bunu Ərzurum təşkilatına dost görünmək istəyən
buradakı bolşeviklərlə bərabər hərəkati-milliyyə
ilə mübarizə edən İstanbul Fərid Paşa kabinəsinin
tərəfdəranı dəxi söylüyorlardı. Onlar da Mustafa Kamal və Rəuf bəy hərəkatını
milli degil, bolşevik rəngi ilə əlvan edərək
avropalılara göstərmək istiyorlardı.
Fəqət bütün əvamil və zəvahiri ilə
tam milli və yalnız milli olan bu hərəkatda
bolşeviklikdən zərrə qədər də əsər
yoxdur. Məmləkətin istiqlalını hərçe
badabad müdafiəyə qərar verən bu hərəkat həyin
lüzumunda bəlkə bolşevikliklə də tovhidi-hərəkət
edər; fəqət bu onun bizzat bolşevik olduğuna qətiyyən
dəlalət edəməz.
Anadolu hərəkati-milliyyəsi bu günə qədər
rəsmi olaraq Fərid Paşa kabinəsini
tanımamışsa da, zati-şahanəyi hər zaman
tanımışdır. İmdiki halda yeni təşəkkül
edən kabinə ilə belə münasibatə girişməmişdir.
Mustafa Kamal Paşanın yeni kabinəyə çəkdigi
teleqrafın bir nüsxəsi dünki sayımızda dərc
edilmişdi.
Bu teleqrafa nəzərən hərəkati-milliyyənin
hökuməti-mərkəziyyədən tələb elədigi
şeylər atidəki üç maddəyə münhəsirdir:
1.
Hökuməti-cədidənin Ərzurum və Sivas konqrelərində
təyin və tənbit edilən təşkilat və məqasid
məşrutəyi-milliyyə rəayətkar qalması.
2. Məclisi-millinin
iniqadilə müraqibeyi-feliyə başlayıncaya qədər
müqəddərati-millət həqqində guna təəhhüd
qəti və rəsmiyyə girilməməsi.
3.
Sülh konfransında təyini-müqəddərati-millət
və məmləkətə məmur olacaq mürəxxəslərin
sabiqi kibi naəhllərdən təyin edilməyib millətin
behəqq amalını dərk və etimadilə məzhər
əhli-vüquf və iqtidardan intixab buyurulması.
Teleqrafda bolşeviklik degil, hətta cümhuriyyətçilikdən
belə bir bəhs yoxdur. Hətta teleqrafnamənin bir yerində “millət,
qüvvət və iradəsini heç bir vəqt amali-müqəddəseyi-şahanəyə
müğayir və mənafei-məlik və millətə
mübəyyən bir tərzdə sərf etmək niyyəti-qeyri
məquləsində degildir: millət zati-əqdəs xilafətyana
heyətin məzhər əmin və etimadı olan zat fəxamətnahilər
ilə rəftarı giramınızı müşkül vəziyyətdə
buraxmaqdan qətiyyən mütəvəqqi olub biləks tamamən
müzahir olmağa bütün səmimiyyətimizlə
hazır” denilir ki, əlbəttə “Amali-müqəddəsəyi-şahanəyə”
bu dərəcədə sədaqətkar olan bir heyətin olsa da bolşeviklik
yanaşılmıyacağını təqdir edərsiniz.
Ərzurum hərəkati-milliyyəsi bolşevik
olmadığı kibi imdidən düvəli-etilafiyə ilə
hər növ irtibati qət etmiş bir vəziyyətdə dəxi
degildir. General Harburd daha dün bütün Anadoluyu səyahət
eləmiş, Ərzurum təriqilə İrəvan, Tiflisi
ötərək Bakıya qədər gəlmişdi. Anadoludan keçərkən Harburd Anadolu hərəkati-milliyyəsi
başında duran zəvat ilə
görüşdügündən son dərəcədə məmnun
qaldığını zikr ediyordu. Sonra yenə Mustafa
Kamal Paşanın teleqrafı etilaf dövlətləri ilə
münasibatı təyin edərək bir yerində:
“bilcümlə düvəli-etilafiyədə məşrutiyyəti
və qüdrəti tanınmış olan təşkilati-milliyyəmizin
hökumətin məzahiri olacağı və bu surətlə
hökumətin təmini-müqəddəratda müəssir
bulunacağı təbiidir”, diyor ki, yuxarıdakı
iddiamızı tamamilə isbat edər.
Biz hər zaman Anadolu hərəkatı həqqində
bir fikirdə idik ki, bu hərəkət sırf millidir. Məqasidi-milliyyənin
təmininə fürsət gəlincə bu hərəkət
ilə hökumət arasında bir etilaf hüsuli bizcə hər
zaman mütəsəvvür idi. İmdi dəxi
onu görüyoruz. İstanbul kabinəsi dəgişiyor.
Məhbusin həqqində əfvi-ümumi elan
olunuyor. Anadolu ilə İstanbul
barışıyor. Vəziyyəti-xariciyyədə
dəxi bir növ açıqlıq görünüyor.
Bizim Türkiyə siyasətində görülməkdə
olan bu səlah əsərlərini nə kibi bir sevinclə
qarşıladığımızı söyləməgə
ehtiyac varmıdır?!...
An ca ke əyanəst
Çe
hacət bebəyan əst!
M.Ə.Rəsulzadə
Azərbaycan”,
28 təşrini-əvvəl (oktyabr) 1919, ¹307
Vüsta
– orta
Təzərrür
– zərərdidə olma
Əna – əziyyət,
yorğunluq
Rəca –
xahiş, istək
Əmiq –
dərin
Təzəllül
– zəlil olma
Təvil
– təfsir etmə, izah etmə
Əvamil
– amillər
Badabad –
qoy olsun, qoy olur-olsun
Tovhid – təhdid
etmə, hədələmə
Məqasid
– məqsədlər
Guna – rəng,
növ, qayda
Naəhl
– ləyaqətsiz, yaramaz
Mütəvvəq
– dövrələnmiş, araya alınmış
Müzahir
– hami, kömək edən
Məzahir
– bir şeyin zahir olduğu yerlər və ya şəxslər
İngilis
siyasəti
Qəzetələr Lord Kerzonun İngiltərə xariciyyə
nəzarətinə təyinini xəbər verdilər.
Daha əvvəlcə də Lord Kerzonun ingilis
ümuri-xariciyyəsini idarəyə gələcəgi
şiddətlə söylənib durmaqda idi.
London kabinəsinin barometri mənziləsində olan
“Tayms” qəzetəsi daha bundan neçə vəqt əvvəl
Bilqurun Kerzonla əvəz olunacağını təxmin elədigi
sırada ingilis siyasətinin kövşəkligindən və
yeni təyin ilə bu kövşəkligin izalə ediləcəgindən
bəhs eləmişdi.
“Tayms”a
görə ingilis siyasətində bu günə qədər
möhkəm bir istiqamət olmamış, iş
başında olan siyasət ərləri gah bəriyə, gah
da ötəyə dumən (sükan) tutaraq gəlmişlərdir.
Halbuki zaman mətin bir siyasət, doğru bir
istiqamət istiyor. Bu doğru istiqaməti
isə Lord Kerzon verəcəkmiş.
lll
Lord
Kerzonun mətin siyasəti ilə doğru istiqaməti, əcəba,
nədən ibarət ola bilər?
İştə bir sual ki, yalnız “Tayms” qarelərini
degil, bizi də əlaqədar edə bilər.
Çünki ingilis siyasəti-xariciyyəsi bu gün hər
zamanda olduğundan daha ziyadə olaraq aləmşümul bir
mahiyyət halüzdür.
London kabinəsinin bu və yaxud digər bir qərar və
istiqaməti hər zaman dünyanın hər bir tərəfində
əhəmiyyətlərlə tələqqi edilmiş,
İngiltərə hökumətindən başqa digər bəhri
və qeyri-bəhri hökumətlərin siyasət və
istiqamətinə dəxi böyük təsirlər
yapmışdır.
Dünyanın bu qədər həssas olduğu böylə
bir zamanda aləmşümul qüvvətini yeni
sınamış və sınaqdan müvəffəqiyyətlə
çıxarmış olan İngiltərənin şu və
ya bu qərar və hərəkəti bittəb hər
zamankından daha ziyadə bir təsirə malik olacaqdır.
Bu təsir
bilxassə Şərqdə, İslam aləmində və əzcümlə,
Qafqasiyada yeni təşəkkül edən hökumətlər
üzərinə ola biləcəkdir.
Çünki qaliblər arasındakı ixtilaf
çıxaran məsələ bir tərəfdən Rusiya,
digər tərəfdən də Türkiyə ilə
Asiyai-Vüsta məsələləridir ki, İngiltərə
siyasətinin sahei-əndişəsi də budur.
lll
İngiltərənin
qədimdən bəri ənənəvi bir siyasəti
vardı: Hindistanı və Hindistana gedən yolları qorumaq.
Bir vəqt bu məqsədlə o, böyük Napaleonla
çəkişdi. Çox zaman Rusiyanın cənuba
doğru olan hərəkətinə sədd çəkməklə
məşğul oldu.
Rusiya imperializmi yalnız bu imperializmin yolu üzərində
sərilmiş İslam və Türk məmləkətlərinin
müqabiləsini degil, eyni zamanda İngiltərənin də
siyasi müqavimətlərini görüyordu.
Şeyx Şamilin müridləri rus kazaklarına
qarşı qəhrəmanca vuruşduqları əsnada Londona
göndərilən elçiləri açıq qucaqla dərağuş
edilirlərdi.
Paris konfransında
(imdiki degil) İstanbul mürəxxəslərinin bir az cəsarət və müvafiqətləri
olsaydı İngiltərə nümayəndələri
Qafqasiya istiqlalını mövzui-bəhs ediyorlardı.
Türkiyənin izmehlalına qəsd etmiş olan Rusiya
qüvvətlərinə qarşı Krım sahillərində
türklərlə yanaşı hərb edən ingilis əskərlərinin
qardaş qəbri hala İstanbul məzarıstanında bəllidir.
Fətəli şahın talesiz şahzadəsi Abbas Mirzənin
rus ordusuna qarşı Azərbaycan xanlıqlarında
İranın hürriyyət və istiqlalını müdafiə
edən sərbazları ingilis zabit və müəllimləri
tərəfindən təlim və təşkil
olunuyorlardı.
İngiltərənin müdafiəsi və müdaxiləsi
olmasaydı bu gün az-çox müstəqil bir halda bulunan
Əfqanıstan, Buxara və yaxud Xivə əmarəti
halında adı var, özü yox bir halə düşəcəkdi.
Bittəbii bu “fədakarlıqları” İngiltərə
hökuməti Türkiyənin, İranın və yaxud əfqanlıların
qara qaşları və yaxud ala gözləri
üçün yapmıyordu. O bu vasitə ilə qabına
sığmayan bir sel kibi aşıb cənuba doğru
daşan Moskov axıntısına bir növ sədd çəkmək,
bənd bağlamaq istiyordu. Çünki kəndi
Hindistanından qorxuyordu. Hindistan İngiltərə
üçün nağıllarda söylənən ağ divin “can şişəsi” kibi idi. “Ağ
div” qorxuyordu ki, şimalın “ağ ayı”sı gələr
də “can şişəsi”ni qamarlar.
İştə
bu “can şişəsi”ni qorumaq
üçün Rusiyanın başını
qarışdırmaq, Rusiyayı zəif düşürmək
İngiltərə siyasətinin əs-əsasını təşkil
edirdi.
Cənubdan müqavimət görən Rusiya axa-axa yolunu
dəyişərək ta Yaponiya sularına qədər
getmiş, Koreya və Port-Artur limanlarına
dayanmışdı. Burada dəxi İngiltərə
müqaviməti müttəfiqi Yaponiya şəklində
zühur edərək Rusiya Uzaq Şərqdə qəti surətdə
əzilmişdi.
(Ardı
var)
Məhəmməd
Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 11 oktyabr.- S.26-27.