Mobil telefon
“Mobil
telefon” hekayəsinin müəllifinə
(Tragikomik
və bir az da fantasmaqorik hekayə)
Sənubər
xanım mobil telefonunun ekranına baxan kimi zəng edənin kim olduğunu bildi: Təranə idi,
baldızı. Könülsüz-könülsüz
yaşıl düyməni basdı:
–
Eşidirəm... Hə... mənəm... Səsim
dəyişib?.. Dəyişər də...
Bu boyda müsibətdən sonra... Necə nə
olub? Xəbərin yoxdu?
Qardaşın rəhmətə gedib... Cəlil yox, Teymur... Hə
də, böyük dura-dura, kiçik... Ölüm yaşa
baxmır ki... Bu səhər – tezdən... sən
hardasan? Dubayda? Belə de... Qələndər
də gözümə dəymədi... Nə?
Pis eşidirsən? Deyirəm ərin – Qələndər,
Qələndər... gözümə dəymədi...
O da Dubaydadı? Ay maşallah... Necə olub?..
Az, heç nə, səki mən bəxtəvər
olmamış hazırlaşırdım ki, bir-iki mağazaya dəyim,
ordan da parikmaxerə gedim, o da qonaq otağında çay
içə-içə kasetə baxırdı...
Sənubər
xanım birdən səsinin tonunu dəyişdi:
– Bilirsən
də qardaşın hansı kasetlərə baxırdı...
Bilirsən, yaxşı bilirsən... Mənim
ağzımı açdırma... Özünə təzə
katibə götürmüşdü... Köhnəni?
Köhnəni çıxartmışdı.
Nəyə görə? Nə
bilim, guya, çox tıxıb, kökəlib – otuz qram. Yaxşı də, olmasın otuz qram, olsun
üç yüz qram, on dəfə çox. Axır
ki, konfiqurasiyası pozulubmuş – standarta uyğun gəlmirmiş...
Təzə gözəlçəsinincə güdazına
getdi, özünü də bədbəxt elədi, bizi də...
Nə bilim nə axtarırmış kasetdə, günortaya...
Elə baxdığı yerdə televizor birdən xarab olub,
kişinin oğlunun hövsələsi çatmayıb usta
çağırmağa... Şunuru qurdalayanda tok vurub... Hə, elə indi dəfn eləyib gəliblər...Kimlər?
Cəlil – qardaşın, Gündüz – o kənddən olan
qohumunuz, Kamil – sən taniyarsan – uşaqlıq dostu, Təbriz –
kürəkənimiz, bir də qonum-qonşu... Siz yəqin ki,
üçünə gələrsiniz... Yox?
Yeddisi gələn ayın 5-də olacaq. Ona da gələ bilməyəcəksiniz? Ta mənim
başım şişib, qırxı nə vaxta
düşür, özün hesabla... İmkanın olar, gələrsən...
İstehza ilə niyə danışıram?
Qardaş sənindi... Gəlirsən gəl, gəlmirsən gəlmə...
Nə? Başa düşmədim... Şirkətin müəssisələrindən
üçü sənindir? Teymur bu barədə mənə
heç nə deməyib... Müqavilən var?
Necə yəni qardaşla bacı arasında nə
müqavilə? Az, sən hansı zəmanədə
yaşayırsan? Qulaq as, qışqırma, mən sənə
heç nə verən deyiləm! Artıq Teymur
yoxdur, başa düşürsən? Mən
dul qadınam, öhdəmdə də bir çətən
külfət. Necə? Bir
qızım var? Bəs, nəvəm,
kürəkənim? Onları saymırsan?
Sən Allah, məndən əl çək, qoy yasımı
yola verim...
Sənubər
xanım qırmızı düyməni hirslə basdı:
– Buna
deyiblər e, keçi can hayındadı, qəssab piy
axtarır... – O, sözünə bir qədər ara verdikdən
sonra, havalanmış adam kimi qıy vurdu: – Budur e, ölən
kimi başladılar malını-mülkünü
pardaxlamağa!..
Təbrizin
gözləri az qaldı hədəqəsindən
çıxsın:
– Ay mə...
Üç müəssisə... Heç bilirsən
bu nə qədər pul eləyir?
Sənubər
xanım səsini qaldırdı:
– O
pulların hesabına oturub da Dubayda. Oteldə
bir nömrə iki min yevrodu. Özü, əri,
uşaqları... Bir ayda gör hara vurub çıxır... Hələ
o biri xərcləri demirəm...
Təbriz
başını buladı!
– Ay mə,
Allah qəni-qəni rəhmət eləsin, məkanı cənnət
olsun, amma yeri gəlib, deyəcəyəm: bir maşın
vardı, gözüm düşmüşdü, cəmi-cümlətanı
ikicə yüz min manata, nə qədər
yalvardım-yaxardım, almadı, dedi qəpiyim də yoxdu.
Sənubər
xanım hikkəsindən boğula-boğula:
– Qoy
qırx çıxsın, o maşını sənə
alacağam! – dedi.
Sənubər
xanım birdən-birə, elə bil, hissə qapılıb,
yas qayda-qanunlarına uyğun gəlməyən söz
dediyinin fərqinə vardı və peşman oldu:
– Kül
mənim ağlıma... O boyda kişi
ölüb... Gör nələr danışıram...
İndi maşın almaq vaxtıdı?..
Sonra o,
mağmın-mağmın, dəfndən qayıdanların
üzünə baxdı:
– İnsafsızlar, Teymuru basdırdınız, hə?
Heç kəsdən səs çıxmadı.
Sənubər
xanım başını yuxarı qaldırıb, ucadan dedi:
– Onun qəbrinin
üstündə elə bir heykəl ucaltdıracağam ki,
Eyfel qülləsi kimi,
dünyanın hər yerindən görünsün...
Yenə heç kəsdən səs çıxmadı.
Sənubər
xanım acı-acı gülümsündü:
– Mənim
taleyim kəc gəldi...
Kamil dedi:
– Sənubər
xanım, vallah, bu elə böyük dərddi ki, adam heç bilmir nə desin. Amma məsəl
var: ölənlə ölmək, qalanla qalmaq olmur.
Başınız sağ olsun...
Sənubər
xanım kövrəldi:
– Kamil
qardaş, haqqınızı halal eləyin. Siz
də, Cəlil, Gündüz, Təbriz, haqqınızı
halal eləyin. Bu istidə neçə saat qəbiristanlıqda
olmusunuz, əziyyət çəkmisiniz...
Kamil dedi:
–
Borcumuzdu. Halal xoşu olsun.
Cəlil,
Gündüz, Təbriz eyni vaxtda:
– Amin! – dedilər.
Kamil gərginliyin,
az da olsa, azadlığını
görüb dedi:
– Sənubər
xanım, bizdə – bağda ustalar işləyirlər. Gedim onları yola salım, gəlim.
Sənubər xanımla Gündüz bir-birlərinin
üzünə baxdılar.
Sənubər
xanım:
– Bir də
nə zəhmət çəkirsiniz, – dedi.
Kamil
duruxdu:
– Birdən,
bir şey lazım oldu...
Gündüz
dərhal dilləndi:
– Narahat
olmayın, biz burdayıq.
Kamil gedəndən
sonra Cəlil sükutu pozdu:
– Gündüzlə Təbriz bir-iki saat mağarda –
mollanın yanında otursunlar. Mən də mağazanı
bağlayıb gəlim...
Sənubər
xanım az qaldı partlasın:
– Məni
bu boyda dərdin əlində tək qoyub, hara gedirsən? Yoxsa, bu yasın bacın Təranə kimi sənə
də aidiyyəti yoxdu?
Cəlil
narazı halda başını buladı:
–
Sancmağa bir cansan ha! Dedim ki, gəlirəm. Uzağı
yarım saata...
Sonra o,
pencəyinin ciblərini qurdaladı:
– Boy... Bəs mənim telefonum hanı? – Stolun
üstünə baxdı: – Deyəsən, bayaq bura
qoymuşdum axı...
Sənubər
xanım mobil telefonunu ona sarı uzatdı:
– Al, zəng
et, hardadısa, səsi gələcək.
Cəlil
mobil telefonu alıb, zəng etdi:
–
Çağırır...
Sənubər
xanım təəccübləndi:
– Bəs,
səsi niyə gəlmir?.. Bəlkə
səssizə qoymusan?
Cəlil
başını buladı:
– Yox...
Aha, götürdülər... Alo?.. Alo... Kimdi?
Cəlil birdən diksindi. Rəngi ağappaq
ağardı, əlləri əsdi. Qorxu və
çaşqınlıq içində ətrafındakıların
üzünə baxdı.
Sənubər
xanım həyəcanla soruşdu:
– Nə
olub?.. O kimdi?
Cəlil
handan-hana özünə gəlib dedi:
– Teymur...
Sənubər
xanım maraqla:
–
Hansı Teymur? – dedi.
– Bizim
Teymur...
– Sən
nə danışırsan? Teymuru indicə dəfn
eləyib gəlmirsən?
–
Görünür, torpaq bədənindən toku
götürüb... Ayılıb...
– Bəs,
sənin telefonun onda nə gəzir?
– Yəqin
meyiti qəbrə sallayanda, döş cibimdən
sürüşüb düşüb...
Elə bu vaxt Sənubər xanımın mobil telefonuna zəng
gəldi. Cəlilin
gözləri hədəqəsindən
çıxdı:
– Odur!
Sənubər
xanım qeyri-ixtiyari qışqırdı:
–
Açma!.. Açma!..
Telefon bir müddət zəng çalandan sonra susdu. Sənubər xanım yenə
qeyri-ixtiyari qışqırdı:
–
Söndür, görək nə edirik?
Cəlil telefonu söndürdü. Sonra yavaş səslə
dedi:
– Onda,
hamı telefonunu söndürsün... Amma...
Sənubər
xanım vahimə içində soruşdu:
– Nə
amma?
– Deyək
ki, biz söndürdük. Bəs o? O ki, zəng
eləyəcək... qohum-əqrabaya, dost-tanışa,
işçilərinə...
Sənubər
xanım toxtaq səslə dedi:
–
Heç kimin nömrəsini əzbər bilmir... Amma indi kimsə
sənə zəng eləyə bilər...
Cəlilin
qaşları azca yuxarı dartıldı:
– Nömrəni
bu gün tezdən almışam... hələ heç kimə
də verməmişəm, – dedi.
Sənubər
xanım bir-bir hamının üzünə baxandan sonra
yavaşdan mızıldandı:
– Cəlil
düz deyir: hələlik, telefonlarınızı
söndürün, görək bu nə işdi
başımıza gəlir... Küçədə-bacada,
toyda-yasda məni görən kimi hamı bir-birindən
soruşacaq: bu o xortdamış kişinin arvadıdı? Nə
dükan, nə parikmaxer, hamısı getdi işinə – daha mən
evdən eşiyə cıxa bilmərəm...
Cəlil
qaş-qabağını tökdü:
–
İşimiz varmış... Gəl indi qəbir sök...
Rüsvay olacağıq...
Bayaqdan bəri
lal-dinməz dayanan Gündüz axır ki, dilləndi:
– Elə
bu qalmışdı ki, qonşu kəndlər
adımızı “Xortdamışlar” qoysunlar...
Təbriz
ümumi əhval-ruhiyyəyə uyğun tərzdə dedi:
– Ay mə,
Əmir Teymurun qəbrini açan kimi müharibə
başlayıb. İndi...
Sənubər
xanım onun sözünü kəsdi:
–
Əşi, o, Əmir Teymurdu, bu...
Təbriz
imkan vermədi ki, Sənubər xanım fikrini tamamlasın:
– Nə fərqi
var, ay mə, ya əmir, ya biznesmen, Teymur Teymurdur...Vallah,
xatası çıxar...
Birdən
Teymurla Sənubər xanımın yeganə övladı Afət
balaca cuppuşunu – Sevanı (əsl adı Sevda idi)
bağrına basıb hıçqırdı:
– Ay mə,
sən gördün ki, Seva babasının tabutunu qucaqlayıb
necə ağlayırdı. İndi bilsə ki,
o dirilib, psixikası elə korlanar, nə həkim, nə də
dava-dərman kömək edər, hamımız bədbəxt
olarıq. – Sonra əlavə elədi: – Elə belə
götürəndə, yazıq uşağa bir babalıq da
eləməyib...
Cəlil
mızıldandı:
– Kimə
nə eləyib ki, ona da nə eləsin?
Afət
doluxsundu:
– Ad
günündə Allahın bir oyuncağını da
almadı...
Sənubər
xanım hikkəsindən az qaldı
boğulsun:
– Simic
idi... çox simic idi... Üç-beş qəpiyin də
söz-söhbətini eləyirdi mənimlə: kartofu niyə
baha almısan, soğan neçəyədi?..
Çolaq Məmişin arvadı ördək kimi,
Finlandiyanın bu gölündən vurub, o biri gölündən
çıxır... Biz də ömrümüzdə bir dəfə
İrana getdik, onda da başı-gözü bağlı...
Buna deyiblər: isinmədik istisinə, kor olduq
tüstüsünə. Nə istəyirsən?
Ölmüsən, öl də... Yenə evdə
ayılsaydı, deyərdik kəfəni yırtdı... İndi nə deyək? Deyək qəbri
yırtdı?..
Afət
kövrəldi:
– Ay mə,
heç kəsin başına gəlməyən iş gərək
elə bizim başımıza gələydi?
Təbriz
filosofcasına görkəm alıb, arvadının
üzünə baxdı:
– Bilmək
olmaz, bəlkə başqalarının da başına gəlib.
Amma ört-basdır ediblər...
Sənubər xanım dinmədi.
Cəlil
tərəddüd etsə də, hamının susduğunu
görüb, cəsarətə gəldi və dedi:
– Deyəsən,
ümumi rəy belədir ki, qəbir açılmasın... Mən düzmü nəticə
çıxarmışam?
Heç kəsdən səs çıxmadı.
Cəlil
boğazını arıtladı:
–
Aydındı. Amma bu çox... çox riskli işdi...
Yaxşı-yaxşı fikirləşin, yüz
ölçüb, bir biçin...
Yenə heç kəsdən səs çıxmadı.
Cəlil
yavaşdan dedi:
– Deməli,
biz bu gündən oluruq nə?
Sənubər
xanım soruşdu:
– Nə?
Cəlil
yenə yavaşdan dedi:
– Sirr
ortağı. Amma bu sirrin qiyamətə qədər
açılamayacağına zəmanət olmalıdır.
Təbriz
qorxdu:
– Dilimizdən
kağız verməliyik?
Cəlil
acıqlandı:
–
Kağız nədi, ə? Varidat aramızda
bölüşdürülməlidir...
Təbriz
özünə gəldi:
– Hə,
başa düşdüm, şəxsi mənfəət olan
yerdə sirr nə karədir ki,açılsın...
Sənubər
xanım mızıldandı:
– Varidat
deyəndə ki... Axı, elə bir...
Cəlil
narazı halda dilləndi:
– Bu
olmadı da, Sənubər xanım. Sən elə
indidən cığallıq etmək, sirr ortaqlarına kəf
gəlmək istəyirsən. Məbləğ
məlumdu. Ondan Təranəyə nə verəcəksən
ver, qalanını...
Sənubər
xanım birdən partladı:
– Təranəyə
heç nə verməyəcəyəm!
Cəlil
amiranə tərzdə dedi:
– Verəcəksən.
Yoxsa and olsun Allaha, bütün çeçenləri tökər
bura... – Sonra sözünə ara verib,
yazıq görkəm aldı: – Başım çəkib...
bilirəm...
Sənubər
xanım naəlac qalıb dedi:
–
Yaxşı, necə məsləhətdirsə, elə də
olsun. Amma bir məsələ məni bərk
narahat eləyir. Məncə, Teymur Kamilin telefon nömrəsini
əzbər bilir, ona zəng eləsə...
Cəlil
qorxdu:
– Nə
danışırsan? Batarıq. Bu işdə səhv etmək olmaz. Nəyin bahasına olur-olsun, o telefonu ələ
keçirməliyik. Təcili zəng edin,
çağırın gəlsin. Guya ki, nə bilim,
köməyə ehtiyacımız var, nəsə, məsləhət
almaq istəyirik... Gələndən sonra asandı, telefonu
çırpışdırarıq... Gündüz,
bu işlə şəxsən sən məşğul ol.
Amma öz telefonunu açma. Bir başqasının telefonundan zəng elə.
Yaxşı?
–
Yaxşı. Sürücünün telefonundan zəng
edərəm.
Gündüz otaqdan çıxdı.
Sənubər
xanım hesablamağa başladı:
– Deməli,
bir, iki, üç, dörd, beş.
Beş pay, Təranəni çıxandan sonra.
Cəlil
təəccübləndi:
– Beş
niyə?
Sənubər
xanım barmaqlarını qatladı:
– Bir – mən,
iki – sən, üç – Gündüz, dörd – Afət, beş – Təbriz.
Cəlil
özündən çıxdı:
– Balam, Afətlə
Təbriz bir ailə deyillər?
Sənubər
xanım:
– Bir ailədirlər,
– dedi. Amma, Allah eləməmiş, birdən sabah
aralarında bir münaqişə oldu, ayrıldılar...
– Onda,
heç olmasa, Gündüzlə sən bir pay ol də.
Sənubər
xanım Cəlilin nəyə eyham vurduğunu duyub dedi:
– Yox, Cəlil,
cin ayrı, şeytan ayrı.
Cəlil
başını buladı:
– Sənubər,
daha mənim sənə sözüm yoxdu...
Təbriz,
elə bil, birdən ayıldı:
– A-a, A-a,
bunlara baxın, mən uşağam məgər? Guya, başa düşmürəm ki, siz burda
ölü soyursunuz, maradyorlar? Mənim haqqımı...
Cəlil
səsini yumşaltdı:
–
Yaxşı, yaxşı, özündən çıxma, bir
pay sən ol, bir pay da arvadın...
–
Özü də minnətsiz-filansız.
–
Yaxşı, minnətsiz-filansız.
Bu vaxt
Gündüz qayıdıb gəldi:
– Telefon
çağırır, amma açmır...
Cəlil:
– Sən
fasiləsiz zəng elə, əvvəl-axır açacaq,
aman günüdü, batarıq...
Birdən
Təbriz qəfildən soruşdu:
– Cəlil
müəllim, sizcə, bizim tutduğumuz bu işin hüquqi
adı nədir?
Cəlil
udqundu:
– Bilmirəm.
Cinayət Məcəlləsinə baxmaq
lazımdır.
–
Baxın də...
Cəlil
üzünü bozartdı:
– Niyə
sən baxmırsan?
Təbriz
kinayə ilə dedi:
– Mən
nə orta məktəbdə, nə də institutda kitab
üzü açmamışam.
Cəlil
acıqlandı:
– Elə
mən də.
Sənubər
xanım bərk əsəbiləşdi:
– Bəsdirin
də! Siz bu saat gərək bir olasınız! Amma öcəşirsiniz!
Hələ adınızı da qoymusunuz sirr ortaqları! Ya
susun, ya da gedin o binəvanı qəbirdən
çıxarıb gətirin! Eybi yoxdu, rüsvay oluruq, qoy
olaq!
Cəlillə Təbriz susdular.
Gündüz
dedi:
– Balam, nə
qədər zəng eləyirəm, telefon
çağırır, amma açmır...
Cəlil
hövsələdən çıxdı:
– Əşi, bəlkə, tualetdədi, hamamdadı, orda
qalmayacaq ki?
Çıxacaq da... Sən zəng elə... qoy avtomata... nədi,
bir düymədi də... fasiləsiz bas...
Birdən
Sənubər xanım həyəcanla dedi:
– Sakit
olun, deyəsən, gələn var...
Qapı açıldı. Sənubər
xanımın böyük qardaşı – Teyyub içəri
girdi.
Teyyub:
–
Telefonlarınızı niyə
söndürmüsünüz? – dedi. Bayaqdan nə qədər
zəng vururam...
Cəlil
Sənubər xanımı qabaqladı:
– Teyyub
müəllim, bəs, söndürməyək, nə edək?
Telefonun birində Maykl Cekson oxuyur, birində də
Sibel Can. Bura yas yeridi, yoxsa konservatoriya? Kinoya,
teatra, konsertə gedəndə, iclasda olanda telefonunuzu
söndürmürsünüz? İndi bu boyda kişi ölüb... Siz də telefonunuzu
söndürün... Qırx gün
danışmasanız heç nə olmaz.
Teyyub
telefonunu söndürdü:
–
Yaxşı, mən gedim mağara.
Cəlil:
– Get, –
dedi. – Sonra cibindən siqaret çıxarıb
yandırdı, bir-iki qullab vurdu, nəsə fikirləşən
adamlar kimi alnını ovuşdurdu, handan-hana dilləndi: – Rəhmətliyin...
Təbriz
imkan vermədi ki, Cəlil sözünün ardını
desin, soruşdu:
–
Ölüb ki?
Cəlil
acıqlandı:
– Sənin
işin-gücün yoxdu? – Sonra üzünü Sənubər
xanıma tutdu: – Sənubər, bunun ağzını yum, mənim
başımı xarab elədi...
Sənubər
xanım hövsələdən çıxdı:
– Təbriz,
sus də!..
Təbriz:
– Ay mə,
neylədim, söz soruşdum də, – dedi. Yaxşı,
telefonları söndürək, özümüz də susaq,
sonra? Axı, biz bilmirik o telefonun
batareyası nə vaxt sönəcək?
Cəlil
dedi:
–
Uzağı bir həftəyə, əgər, çox zəng
eləsə, lap bir günə.
Təbriz
soruşdu:
– Bəs,
o, orada – qəbirdə ac-susuz nə qədər yaşaya bilər?
Gündüz
dedi:
– Zəlzələ
vaxtı daşın-torpağın altında iyirmi beş, otuz, lap qırx gün qalanlar da olur...
baxır də... kim nə qədər davam gətirir...
Sənubər
xanım söhbətə qoşuldu:
– Bu,
qırx gün, hələ bəlkə də lap çox
yaşayacaq... sağlamdı... Hər səhər on kilometr
qaçırdı, hovuzda üzürdü... səhhətinə
fikir verirdi...
Təbriz
arvadının üzünə baxdı:
– Deməli,
saniyəölçənin düyməsini basıb, ən
azı, qırx gün gözləməliyik...səksəkə
içində... Vay dədəm, vay...
Cəlil
bu dəfə lap bərk acıqlandı:
– Sən
bu camaatın canına niyə qorxu salırsan?! Həyatda risksiz
heç nə olmur! Bayaqdan maşın arzulayırdın!..
Təbriz səsini xırp kəsdi.
Gündüz
telefonunun düyməsini yenə hirslə basıb dedi:
–
Çağırır, amma açmır! Qurumsaq
oğlu qurumsaq niyə belə eləyir?
Cəlil
dedi:
– Hövsələli
ol. Əvvəl-axır açacaq. Bəlkə
batareyası yatıb, yaxud əhatə dairəsindən kənardadı?.. Tez-tez zəng elə. Nəzarətsiz qoyma.
Gündüz ağzını açmaq istəyirdi ki,
qapı aralandı, qulluqçu içəri girdi. Büzüşə-büzüşə
dedi:
– Sənubər
xanım, səhərdən dilinizə bir şey dəyməyib,
ac-susuzsunuz. Bəlkə çaydan-çörəkdən...
Sənubər
xanım partladı:
– Sən
nə danışırsan, Fizzə? Mənim evimin dirəyi
yıxılıb! Boğazımdan çörək
keçər, çay keçər? Nə
qədər yalvardım-yaxardım, başıma-gözümə
döydüm, qoymadılar, heç olmasa, üçcə
gün yanımda qala. Apardılar
atdılar qəbiristanlığa. Dedim, o qədər
tok, ildırım vuran olur ki, üç-beş gündən
sonra özünə gəlir, ayılır. Sözümə
qulaq asan olmadı... Ağzın yansın, qara
yer, o cür adamı necə uddun?
Fizzə bu sözlərdən sonra özünü
saxlaya bilməyib, hönkür-hönkür ağladı.
Sənubər
xanım səsinin tonunu aşağı saldı:
–
Ağlama, Fizzə, ağlama. Bu göz
yaşı ilə sağalan yara deyil. Get evinə, dincəl,
istirahət elə... Qabaqdan üç gəlir – işimiz
çox olacaq...
Fizzə əlinin
dalı ilə gözünün
yaşını silib, kirimişcə otaqdan
çıxdı.
Cəlil
özünü gülməkdən güclə saxladı:
– Sənubər,
sən əməlli-başlı artistsənmiş ki...
Sənubər
xanım roldan çıxdı:
– Nə
edim? Heç bilirsən bu nə yuvanın
quşudu? Üçcə dəqiqə
burada qalsa, hər şeyi biləcək. Xalis Tofiq
Dadaşovdu... Üzünə baxdımı,
evin yıxıldı, fikrini oxuyacaq.
Gündüz yenə telefonun düyməsini basdı.
– Gecə
gecədən keçir, bu yenə telefonunu açmır. Bəlkə yatıb?
Sənubər
xanım soruşdu:
– Saat
neçədi ki?
– On ikiyə
işləyib...
Cəlil:
– Mən
düşüm, mollanı yola salım, getsin.
Sənubər
xanım yelpiklə üzünü yellədi:
– Təbriz,
Afət, gecdi, elə siz də gedin. Sabah gələrsiniz...
lll
Hamı gedəndən sonra Sənubər xanımla
Gündüz tək qaldılar. Bir müddət
kirimişcə bir-birlərinin üzünə baxdılar.
Sanki söhbətə nədən başlamaqda
çətinlik çəkirdilər. Nəhayət, Sənubər
xanım sükutu pozdu:
– İstədiyin nə idi, – yar, yetirdi pərvərdigar.
Gündüz
yüngülcə qımışdı:
– Yara da
qurban olum, pərvərdigara da.
– Dildən
yaman pərgarsan ha!
– Pisdi?
– Yox, niyə,
bu da bir qabiliyyətdi.
Gündüz
yaxınlaşıb, Sənubər xanımın
saçlarını oxşadı:
– Niyə
qoymurdun bunlar bayaqdan çıxıb gedəydilər?
– Artistlik
eləyirdim...
Gündüz dodaqlarını Sənubər
xanımın burnunun ucuna yaxınlaşdırdı.
Sənubər
xanım:
– Yaman gündəyəm. Kosmetikasız qadın, ya da cındır əski,
heç bir fərqi yoxdur.
Gündüz
gülümsündü:
– Sən
elə belə də gözəlsən.
–
Komplimentə görə sağ ol...
Sənubər
xanım qəfildən söhbəti dəyişdi:
– Deyirlər
məşuqələrindən biri gəlibmiş...
– Gəlsin
də...
–
Mağarda da xeyli oturub...
– Otursun də...
Nə olsun?
–
Heç nə... İstəyir lap qəbrinin də
üstünə getsin... Qışqırsa, səsi
eşidilməz ki?
– Kimin? Teymurun, ya məşuqəsinin?
– Əşi, Teymurun. Məşuqəsi
qışqırır, cəhənnəmə
qışqırsın...
Sənubər
xanım sözünə ara verdi. Sonra
yavaş, lap yavaş səslə dedi:
– Son
vaxtlar səndən şübhələnmişdi. Deyirdi nahaq
gətirdim onu kənddən...
– Səndən
necə, şübhələnmişdi?
Sənubər
xanım bir xeyli susduqdan sonra:
– Hə,
– dedi.
Bu dəfə
də Gündüz söhbəti qəfildən dəyişdi:
– Cəlil
nə yaxşı bu işə razı oldu?
– O, pula görə hər şeyə
gedər. Bilirsən nə krısadı? Əlacı olsa, o qəbirdə qalan telefonun da pulunu
məndən alar.
– Bəs,
Afət, Təbriz?
– Onlara da
bir gün ağlamayıb. Xəsis var, xəsis
var, ta beləsi görünməyib. Məncə,
məşuqələrinə də heç yaxşı
baxmayıb. Pulu yığırdı... yemirdi...
Gündüz
mənalı tərzdə dedi:
– Məsəl
var, deyir, malyeməzin malını yeyərlər...
–
Üstündən də su içərlər... Bu gündən olursan şirkətin direktoru. Təbrizi
də götürürsən özünə müavin... Yaxşı?
– Bəlkə,
gözləyək qırx çıxsın?
–
Əşi, qırxdı də... çıxacaq... Sən
işinin üstündə ol...
Gündüz
başı ilə “hə” deyəndən sonra, bir də Kamilə
zəng vurdu və başını bulaya-bulaya:
–
Açmır. Əşi, cəhənnəmə
açsın, gora açsın, gecə gecədən
keçir, daha innən belə nə zəng?
Söndürürəm, yataq...
lll
Teymur zəng səsinə huşdan ayıldı,
telefonun zəif, bənövşəyi işığında
dar bir yer – də olduğunu, ağa
büküldüyünü gördü. O, dumanlı şəkildə
olsa da, elektrik xəttinə toxunduğunu, top kimi göyə
qalxıb, yerə düşdüyünü, sonra arvad-uşağın
ağlaşdığını, mollanın fatihə verdiyini
xatırladı. Tez ağı – kəfəni yırtıb,
telefonu götürdü – zəng edən Sənubər
xanım idi:
– Alo!.. Alo!...
– Alo?.. Alo. Kimdi?
– Mənəm
– Teymur.
Cavab gəlmədi və telefon qəfildən
söndürüldü. Niyə, nədən ötrü – baş
açmadı. Özü zəng elədi.
Operator qızın:
– Bu
nömrəyə zəng çatmır, telefon ya
söndürülüb, ya da əhatə dairəsindən kənardadır.
Zəhmət olmasa, bir az sonra zəng edin,
– sözlərini eşitdi.
Teymur bir
də zəng etdi... bir də... bir də... bir də...
Heç nə alınmadı...
Teymuru fikir götürdü. Sənubərin telefonu ilə zəng
edən kim idi? Gündüz?
Yox, Cəlilin səsinə oxşayırdı.
Bəs, niyə danışmadı? Bu telefon kimindi? Bura niyə
qoyublar? Baş açmadı...
Birdən
ayaq tərəfində xışıltı eşitdi – fikirləşdi
ki, ilan ola bilər, canına vəlvələ
düşdü, qorxdu, qeyri-ixtiyari, gözlərini yumdu, bir
müddət eləcə qaldı,
yanıldığını hiss edib toxtadı, gözlərini
açdı: sən demə, torpaq imiş – beton plitələrin
arasından az-az süzülürmüş...
İndi nə etsin? Aha, Kamil... Kamilin nömrəsi necə idi?
Əlli ilə başlayırdı, yoxsa əlli
beşlə? Yox, yetmişlə! İlk
üç rəqəm yadımdadı. Arxasına
da bir artırıb, son dörd rəqəmi alıram.
Tələsik
nömrəni yığdı:
– Aha!.. Çağırır!.
Aç, qardaşım, aç!.. Məni
burdan yalnız sən xilas edə bilərsən!..
Aç!..
Bir
müddət gözlədi:
–
Açmır... Bu da açmır...
Eşələnmək
istədi – olmadı:
– Zəhrimarı
elə dar qazıblar ki, tərpənmək olmur. Heç inkir-minkirə də yer qoymayıblar.
Birdən
yuxarıdan su damcıladı, əlini altına tutdu, bir, iki,
üç, dörd, beş damcı...
dodaqlarını islatdı:
– Görəsən,
yağış yağır, yoxsa betonun suyudu,
süzülür... Yağış olsa, qəbir su ilə
dolar, bataram...
İncəfara, su bir qədər damcılayandan sonra kəsildi. Təzədən Kamilə
zəng elədi:
–
Çağırır... çağırır...
açmır... Daha kimə zəng eləyə bilərəm?.. Kəmaləyə... O da nömrəsini
tez-tez dəyişir... Hər ehtimala qarşı yoxlayım...
Əlləri əsə-əsə nömrəni
yığdı:
–
Çağırır... Aha!..
Açdı!.. Kəmalə,
sənsən?
– Hə,
mənəm!
– Teymurdu!
–
Tanıdım... Yalançı... Bəs, sən mənə
şuba alırdın?..
– Alım
də...
– Nə
vaxt?.. Qış çoxdan
çıxıb... İndi yaydı. Camaat plyaj ayın-oyunu – lifçik, plavki alır.
– Plavki də
alaram, lifçik də.
–
Lazım deyil... Bu nə nömrədi zəng eləyirsən?
Təzədi?
– Kəmalə,
qulaq as, mən qəbirdəyəm, qəbirdə...
– Başa
düşdüm... Deməli, vannadasan... Yanında da cavan bir
qız... Mənə acıq verirsən?.. Yadına gəlir, bu oyunu bir dəfə oynamısan.
Biz vannada idik, sən kiməsə zəng eləyib, dedin ki, qəbirdəsən.
– Kəmalə,
inan, vallah-billah, bu dəfə, həqiqətən də, qəbirdəyəm...
– Nədi,
yoxsa, bankrot olmusan, müflisləşmisən?
– Yox...
Yox... Yox!.. Qulaq as, məni tok vurub, elə
biliblər ki, ölmüşəm, gətirib
basdırıblar...
– Yenə
başladın nağıl danışmağa. Yəni,
deyirsən indi sənin yanında qadın yoxdu?
– Yox.
Kəmalə
bir qədər susduqdan sonra sakit səslə:
– Amma mənim
yanımda kişi var... özü
də yavaş-yavaş başlayır əsəbləşməyə...
bir də zəng eləmə, – dedi və qırmızı
düyməni basdı.
Teymur təzədən
Kamilə zəng vurdu:
–
Çağırır... Amma açmır...
Sonra o,
özündən uydurduğu bir-iki nömrəyə zəng
vurdu və hər dəfə də eyni sözü eşitdi:
zəng etdiyiniz nömrə təyin edilməmişdir...
Teymur
düşündü: görəsən, indi gecədir, ya
gündüz? Nə fərqi var? Yox, var!
Gecə insanlar yatırlar və əksər hallarda, adətən,
telefon zənglərinə cavab vermirlər...
Birdən
onun zehni şıppıltıyla açıldı:
–
Yatmayanlar da var! Təcili yardım həkimləri,
yanğınsöndürənlər, polislər! O, nədənsə,
təcili yardıma zəng eləməyi daha münasib bildi:
– Alo...
–
Eşidirəm...
– Təcili
yardımdı?
– Bəli...
Buyurun...Adınız, soyadınız, ünvanınız, təvəllüdünüz...
–
Heç bilmirəm necə deyim... Mən qəbirdən zəng
eləyirəm...
– Hardan?
– Qəbirdən...
– Başa
düşmədim, ölmüsünüz?
– Yox,
görmürsünüz ki, sağam? Məni tok vurub, elə
biliblər ki, ölmüşəm, gətirib
basdırıblar...
Səs gəlmədi. Teymur telefonda iki həkimin bir-birilə
danışığını eşitdi:
– O nə
istəyir?
– Deyir
tok...
– Onu
eşitdim. İndi biz nə etməliyik? Qəbri açmalıyıq?
– Yəqin
ki...
– Ona
ölüm haqqında arayış verən həkim, hər
kimdi – itdi-qurddu, həmkarımızdı, ayağını
tapdalayacağıq? Dəstəyi qoy yerinə.
Teymur təkcə
bunu deyə bildi:
– Siz Allah
bunlara baxın!.. Özləri də
Hipokrat andı içiblər!..
O, bir qədər
özünə gələndən sonra, 101-ə –
yanğınsöndürənlərə zəng vurdu:
–
Qardaşlar, kömək edin.
– Nə
olub?
– Məni
tok vurub, elə biliblər ölmüşəm, gətirib
basdırıblar... İndi qalmışam qəbirdə...
– Ə, bəlkə, cəhənnəmə
düşmüsən, qır qazanını
yandırıblar? Ora bizim sahə deyil, sən zəng elə
şeytana.
Uğursuz
telefon danışıqları Teymuru haldan saldı, nəfəsi
tıncıxdı, o, bir müddət yarıoyaq, yarıyuxulu
vəziyyətdə qaldı, nəhayət, birtəhər
özünü ələ alıb, 102-yə zəng vurdu:
– Cənab
polis...
–
Eşidirəm...
– Məni
tok vurub...
– Bəxtin
gətirib ki, ölməmisən...
– Məsələ
burasındadır ki, bəxtim gətirməyib, elə biliblər
ölmuşəm, gətirib basdırıblar, indi qəbirdəyəm...
Əlim heç yana çatmır. Məni
xilas edin! – Sonra polisi şirnikləndirmək məqsədilə
əlavə elədi: – Yarım milyarda yaxın da pulum var. Xəcalətinizdən
çıxacağam...
–
Hansı qəbiristanlıqdasan?
– Bilmirəm...
Teymur polislərin öz aralarında nə
danışdıqlarını eşitdi.
– Rəis,
deyir, tok vurub, ölmüş bilib, basdırıblar...
–
Basdırıblar?
– Hə.
– Qəbir
və telefon... Sən nə danışırsan, Mehdiyev?.. Ora kəfəndən başqa
nəsə aparmaq mümkün deyil.
– Bəlkə
vəsiyyət edib?
– Eləsin
də... Məşhur bir milyarder olub. Ölümünə bir-iki gün qalmış
övladlarına deyib ki, ayaqyalın olmaqdan xoşum gəlmir,
məni basdıranda, corablarımı geyindirərsiniz, sonra da
bir məktub verəcəyəm, açıb
oxuyarsınız. Amma övladları onun vəsiyyətinin
birinci bəndini yerinə yetirə bilməyiblər. Mürdəşir icazə verməyib, deyib ki, kəfəndən
başqa heç nə olmaz. Məktubu isə
açıb oxuyublar. Rəhmətlik yazıb ki,
gördünüz, mən bu dünyadan özümlə
bir cüt corab apara bilmədim. Heç kimə pislik eləməyin...
Mehdiyev, bu zəng edən qəbirstanlıq əyyaşlarındandı,
o telefonu da kimdənsə oğurlayıb...
– Deyir
yarım milyarda yaxın pulum var...
– Qələtdi,
eləyir də... Heyif deyildi, əvvəllər hər rayonda
ayıltma məntəqəsi vardı... belələrini
basırdın bəridən o yana, düz
on beş gün, ağlı gəlirdi başına... Telefonun
sahibini tapmaq olar... Amma o da mən deyəni deyəcək...
Oğurlayıblar... Otboy ver...
Teymurun əli yerdən-göydən üzüldü. Naəlac
qalıb, bir də uşaqlıq dostuna – Kamilə zəng
vurdu. Telefon çağırdı...
çağırdı... amma açan olmadı...
Elə bu vaxt yenə ayaq tərəfində
xışıltı eşitdi. Telefonun
işığını o səmtə tuşladı.
İlan idi! Amma ilan işığı və kəfənin tərpəndiyini
görüb, elə bil, çaşdı, qorxu içində
tələsik özünü gəldiyi deşiyə təpdi
və sivişib getdi...
lll
Gündüz
sirr ortaqlarını – Cəlil müəllimi, Sənubər
xanımı, Təbrizi, Afəti bir yerə
yığmışdı:
– Cəlil
müəllimə demişəm, siz də bilin: Kamillə əlaqə
yaratdım. Amma o, məndən əvvəl
Teymurla danışıb. Daha doğrusu,
Teymur onunla. Kamil indi bura gəlir...
Sənubər
xanımın seyrək, kamanı xatırladan qaşları
yuxarı dartıldı:
– Onu bu
sirrə ortaq eləmək qeyri-mümkündü...
Cəlil
dedi:
–
Heç lazım da deyil...
Təbriz
qorxdu:
– Mən dedim axı... Cinayət Məcəlləsinə
baxmaq lazımdı... Batdıq...
Afət
başını buladı:
– Ay mə,
rüsvay olduq... Uşağın da psixikası pozulacaq...
Cəlil
dedi:
– Narahat
olmayın... tədbir görmüşəm...
Çox çəkmədi ki, Kamil gəldi. Onun sevincinin hədd-hüdudu
yox idi:
– Gözünüz aydın! Gözünüz aydın! Teymur sağdı! Onu qəbirdən təcili çıxartmaq lazımdı. Yazıq neçə gün imiş zəng edirmiş, mən bağda olmuşam... telefonum da qalıb evdə... təsadüfən...
Elə bu vaxt otağa əyninə ağ xalat geyinmiş sısqa bədənli bir həkim və iki də cantaraq şəfqət bacısı daxil oldu.
Kamil dedi:
– Ağıllı iş görüb, həkim çağırmısınız. Yəqin indi halı xarablaşıb. Neçə gündü ac-susuz... havasız da yer. Bir az da tez gedək.
Həkim Cəlildən soruşdu:
– Budu?
Cəlil başı ilə təsdiqlədi.
Həkim dedi:
– Bunlar Şeyx Nəsrullahçılardılar. Guya, nə vaxt istəsələr, ölülərlə telefon əlaqəsi yarada bilirlər.
Kamil çaşdı:
– Bu nə sözdü? Başa düşmədim...
Həkim şəfqət bacılarına dedi:
– Zəhmət olmasa... bir sakitləşdirici...
Kamil var gücü ilə qışqırdı:
– Siz nə edirsiniz?!
Şəfqət bacıları Kamili yerə yıxdılar və o, iynədən sonra çox çəkmədi ki, süst oldu...
Sənubər xanım Kamilin get-gedə solğunlaşan bənizinə ikrahla baxıb dedi:
– Utanmır... adını da dost qoyub...
Cəlil dodağının altında mızıldandı:
– Ölünü urvatsız, bizi də rüsvay eləyir... – Sonra o, səsinin tonunu bir qədər qaldırdı: – Həkim, elə bil, son vaxtlar başdan xarabların sayı lap çoxalıb. Bunun bir tibbi izahı var, yoxsa yox?
Həkim məzələndi:
– Var, əlbəttə, var... Qlobal iqlim dəyişiklikləri... İndiyə qədər heç görmüşdünüz ki, Bakıda belə isti olsun?.. Bir həkim-meteoroloq var, sübut eləyir ki, insan ağlının buxarlanma qabiliyyəti suyunkundan çoxdu... Düzdü, o da başdan bir balaca... dayan görüm, bir gözəl söz var e... hə, yadıma düşdü... mayıf... başdan mayıfdı... Amma, neynirsən, universiteti fərqlənmə diplomu ilə bitirib... dünyanın harasında konfrans olsa, çağırırlar. Aaaa... konfrans dedim yadıma düşdü, bu gün Şeyx Nəsrullahçıların da konfransıdı... Bu bədbəxt oğlu bədbəxti də ora nümayəndə seçiblər, gərək çatdıraq...
Cəlil tibb bacılarının üzünə baxdı, elə bil, içində, nəsə, bir narahatçılıq vardı:
– Bunlar...
Həkim onun nə demək istədiyini dərhal anladı:
– Hə,
bunlar... Anadangəlmə “lal” və “kar”dılar... arxayın
ol... Biz gedək... Sən də ləngimə,
iş gününün axırına kimi mütləq gəl...
Yaxşı?
–
Yaxşı.
Həkim
və şəfqət bacıları gedəndən sonra Cəlil
Sənubər xanıma yaxınlaşdı:
– Həkimlə
şəfqət bacıları da oldular sirr ortağı.
Üçünə bir pay bəsdi.
Sənubər
xanım heyrətləndi:
– Sən
nə danışırsan? Həkimə o qədər
pul?
– Bəs
nə! Badamcıq və yaxud kor bağırsaq kəsmir
ki, üçdən-beşdən verəsən. Beş adamı həbsdən qurtarır. Üstəlik, Allah qarşısında da günaha
batır.
Təbriz
dilləndi:
– Bizim
kimi...
Cəlil
söhbəti dəyişdi və elə bil, birdən cuşa
gəldi: – Lotu, deyəsən, maşını sürdün
ha! – Sonra əllərini azca yuxarı qaldırıb, rulu
sağa-sola bururmuş kimi hərəkət elədi: – Bjjjjjjj!..
Təbriz
də, eynən onun kimi, əllərini yuxarı
qaldırıb, rulu sağa-sola bururmuş kimi hərəkət
elədi və dedi:
– Cəlil
müəllim, bjjjjjj yox, vjjjjjjjj!..
Sənubər
xanım başını buladı:
– Di, innən
belə nə qədər öcəşirsiniz, öcəşin,
heç vecimə də deyil...
lll
... Qırx çox sakit keçdi.
Mərasim başa çatdıqdan sonra, sirr ortaqları
qonaq otağına yığışmışdılar. Heç kim
danışmırdı. Birdən Təbriz sükutu pozdu:
– Qırx
gün keçdi. Görəsən,
öldü?
Heç kim ona cavab vermədi...
Uzun
sükutdan sonra Cəlil dedi:
– Mobil
telefonlarınızı aça bilərsiniz...
DİLSUZ
525-ci qəzet.- 2014.-
11 oktyabr.- S.22-23;31.