Yazıçılar Birliyində Pərvinin
üç kitabı təqdim olundu
Yazıçılar
Birlyinin “Natəvan” klubunda gənc yazar, publisist və pedoqoq Pərvinin
“Söhbətlər”, türkcə “Balerin”, rusca “Dlya Samira”
kitablarının təqdimat mərasimi keçirildi.
Tədbiri
giriş sözüylə açan Yazıçılar
Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid yazıçı barədə
ətraflı məlumat verdi,
qazandığı uğurlardan, aldığı ədəbi
mükafatlardan, pedaqoji fəaliyyətindən
danışdı:
“Yazıçılar Birliyində gənclərlə
bağlı tədbirlər ənənəvi hal alıb. Pərvin xanımın ilk
kitabı “Qar yağacaq”ın təqdimatı da iki il yarım əvvəl burda baş tutub. Daha sonra onun “Natəvan” klubunda gənclərlə
görüşü keçirilib. Bu,
artıq üçüncü görüşdür.
Pərvin
2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə
layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin (GƏM) məzunu olub. 50 nəfər
gəncin də daxil olduğu məzunlara diplom təqdim edilib.
Elə Pərvinin ilk yazıları da 2010-cu ildə
çap olunub. Əvvəlcə esselər,
hekayələr, sonra isə 2012-ci ilin yazında “Qar
yağacaq” adlı ilk kitabının təqdimat mərasimi
keçirilib.
Pərvin ən zəhmətkeş, ən
çalışqan gənc ədiblərimizdən biridir. Təsadüfi
deyil ki, ilk kitabı olan “Qar yağacaq” hekayələr toplusu Mədəniyyət
və Turizm Nazirliyinin “Qızıl Kəlmə”
mükafatına layiq görülüb.
“Balerina”
povesti isə ölkəmizdə xüsusi çəkisi olan
“Milli Kitab Mükafatı”nın ikincisi
olub. Daha sonra Rəsul Rza adına Beynəlxalq
Mükafatı qazanıb. Bütün bunlar
qısa müddətdə Pərvinin gördüyü işlərə,
çəkdiyi zəhmətə verilən qiymət idi.
Təqdimatına toplaşdığımız
bu üç kitabdan “Balerin” Türkiyənin Ankara şəhərində
nəşr olunub, türk dilinə tərcümə İmdat
Avşara, ön söz isə Xalq yazıçısı
Anara məxsusdur. Bu ilin mayında
Əsgişəhərdə ilk dəfə olaraq Türkdilli
Ölkələrin Yazarlar Birliyi kitab sərgisi təşkil
edib. Kitab sərgisi zamanı “Balerin”
kitabının təqdimatı da baş tutub.
Digər kitab, “Dlya Samira” adından
göründüyü kimi rus dilində çap olunub. Pərvin
2011-ci ildə Moskvada Gənc Yazarların I Beynəlxalq
Seminarında iştirak edib. Ruscaya tərcümə
edilmiş hekayələri Rusiyanın ədəbi dərgilərində
çap olunub.
2012-ci ildə Litvada “Gənclik və sosial media” forumuna
qatılıb.
Bundan sonra hekayələri litva dilinə tərcümə
olunaraq “Şimal Afinası” qəzetində işıq
üzü görüb. Elə həmin il Astanada,
2013-cü ildə Əsgişəhərdə “Türk
dünyası Ədəbiyyat Dərgilər Konqresi”ndə
iştirak edib, bu barədə Azərbaycan və türk mətbuatında
geniş məqalələri dərc edilib.
2014-cü
ildə isə Riqada Beynəlxalq Proza Festivalında iştirak
edib, hekayələri latış dilinə çevrilib,
Latviyanın bir sıra ədəbi almanaxlarında çap olunub .
Üçüncü kitab “Söhbətlər”
kitabıdır ki, Pərvinin jurnalist fəaliyyəti ilə
bağlıdır. O, 2010-cu ildən bəri “525-ci qəzet”də “Pərvinin
həmsöhbəti” rubrikasıyla mətbuatda
çıxış edir. Həmin rubrika çərçivəsində
müxtəlif yazıçılardan, sənət
adamlarından müsahibələr alıb. Kitabda Oljas
Süleymanovla, Uldis Berzinşlə, Valeri Taqanskiylə, Azərbaycan
ədəbiyyatının bir sıra görkəmli nümayəndələri
ilə maraqlı müsahibələr yer alıb.
Kitabın ön sözünün müəllifi
Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət
Qocadır. Fikrimcə, bu söhbətlər Pərvinin öz
qarşısında hesabatıdır. Məhz bu məsuliyyət
hissinin nəticəsidir ki, o, keçən il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə ədəbiyyat üzrə “Gənclər
üçün Prezident Mükafatı”na layiq
görülüb. Sözsüz ki, bu
uğurların əldə olunmasında Yazıçılar
Birliyinin, bizim qocaman yazıçıların rolu da var. Amma
müstəsna əhəmiyyət kəsb edən əlbəttə
ki, onun ailəsidir. Elə bu tədbirdə
də Pərvinin anası, ailə üzvləri iştirak
edir, ona mənəvi dəstək olurlar”.
Çıxışının sonunda Rəşad Məcid
Pərvinin bu pilləyə çatmasında
çalışdığı Azərbaycan Dövlət
Pedaqoji Universitetinin də mühüm rol
oynadığını nəzərə çatdırıb. Bildirib ki,
bütün bunlar Universitetdə necə ab-hava olduğuna bariz
nümunədir. R.Məcid gənc
yazarın bir vaxtlar Pedaqoji Universitetdə bakalavr, magistr pillələrində
təhsil aldığını xatırladatar hazırda onun həmin
universitetdə müəllim işləməklə bərabər
həm də doktoranturada oxuduğunu bildirib.
Yazıçılar
Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca Pərvinin
qeyri-adi istedadından, yaradıcılıq həvəsindən
danışdı:
“Pərvinlə təzə tanış olanda onun
dinamikliyinə, istedadına vurulmuşdum. Bütün
günü nəsə öyrənmək, yazmaq eşqindəydi.
Hətta bəzən buna görə narahat
olurdum ki, özünü tükədər, istedadı
sönüb gedər.
Amma getdikcə daha çox əmin oluram ki, səhv
etmişəm.
Pərvinin “Söhbətlər” kitabının
ön sözünü mən yazmışam. Amma kitabda mənim müsahibəm yoxdur. Yəni ön söz yazıb borcumdan
çıxmamışam, ürəklə yazmışam.
Pərvin, rus, türk dilində kitabların çap
olunub, çalış ki, bu siyahı daha da artsın. Amma birinci
növbədə həmişə Azərbaycan dili dursun”.
Pedaqoji
Universitetin “Azərbaycan ədəbiyyatı tarixi”
kafedrasının müdiri, professor Himalay
Qasımov çıxış edərək Pərvinin müəllimlik
fəaliyyəti, yaradıcılığı və
özünəməxsus yazı tərzindən
danışdı:
“Mən Pedaqoji Universitetin müəllimi olaraq bu gün Pərvin
xanımın, öz yetirməmin, tələbəmin təqdimat
mərasimində iştirak etməkdən qürur duyuram. Çox
şadam ki, bu cür istedadlı insanla işləyirəm.
Pərvin xanımın
yaradıcılığında elə məqamlar var ki, təkcə
savadla anlamaq olmaz, həm də fəhm, ədəbi duyum, bəsirət
gözü lazımdır. Mehdi Hüseyn
deyir ki, yazıçı tarixçi olmaya bilər, amma
mütləq psixoloq olmalıdır.
Pərvin xanım psixoloq olmağı bacarıb. Bunu əsərlərindən,
yazdığı hekayələrdən, qəhrəmanlarının
iç dünyasından aydın görmək olar. “Söhbətlər” kitabında Pərvin xanım
öz müsahiblərinin daxili dünyasını,
düşüncələrini elə ustalıqla açıb
göstərib ki, bizə təkcə alqışlamaq
qalır. Özü gənc olsa da,
toxunduğu məqamlar, seçdiyi təhkiyə üslubu
göstərir ki, o, yazıçı kimi püxtələşib.
Bir məqamı da qeyd edim ki, bu gün Pərvin
xanımın həm də 30 yaşı tamam olur. Bu yaşda bu qədər uğur qazanmaq özü
çox sözə əvəzdir”.
Çıxışına
qədim Roma məsəli ilə başlayan professor,
yazıçı-publisist Qəzənfər Paşayev qeyd
etdi ki, natiqlər yetişir, amma şairlər doğulur:
“Hesab edirəm ki, bu deyimi yazıçılara da
şamil etmək olar. Bu baxımdan Pərvin haqqında demək
olar ki, o yetişməyib, doğulub. Pərvin
həm də çox sadə, təvazökar bir insandır.
Heç vaxt özünü gözə soxmur, həmişə
öz işindədir. Həm ədəbiyyatla,
həm də elmlə məşğul olur. Bunlar ikisi birləşəndə effektivlik daha da
yüksək olur. Pərvinin
yazılarını, hekayələrini məmnuniyyətlə
oxuyuram, çox sevirəm. Arzu edirəm
ki, elə bu templə də davam etsin, heç vaxt
yorulmasın”.
Pedaqoji
Universitetin professoru Rafiq Yusifoğlu istedad üçün
mühitin vacib rol oynadığını qeyd edib:
“Bu gün öz tələbəmin kitablarının təqdimatında
iştirak etməkdən çox məmnunam. Pərvin
çox istedadlı yazardır. Amma təkcə
istedad kifayət etmir, mühit əlverişli olmasa, istedad da
sönüb gedər. Pərvin bu
baxımdan çox şanslıdır. Bir tərəfdən
Pedaqoji Universitet, onun savadlı müəllim heyəti, ədəbiyyata
göstərdiyi diqqət, digər tərəfdən də
Yazıçılar Birliyi, onun sədri Anar müəllim,
katiblər – Fikrət Qoca, Rəşad
Məcid, digər hörmətli
yazıçılarımız Pərvinin bir
yazıçı kimi yetişməsinə böyük təsir
göstəriblər.
Düşünürəm ki, yazıçı əsəri
yox, əsər yazıçını yaradır. Pərvini də indi durduğu mövqeyə məhz
yazdığı əsərlər gətirib”.
Rejissor
Ramiz Həsənoğlu çıxışında qeyd etdi
ki, Pərvinin yaradıcılığı çərçivələrə
sığmır:
“Pərvinin yaradıcılığında dərin
psixoloji ovqat yaratmaq məharəti duyulur. Məhz bu səbəbdən
ona təklif etdim ki, o teatr üçün də əsərlər
yazsın. Təklifmi qəbul etdi. Bu yaxınlarda onun əsərlərindən birinin səhnə
variantını da görə biləcəksiz. Bununla da Pərvin sübut edir ki, o çərçivələrə
sığmır, eyni zamanda həm pedaqoq, həm
yazıçı, dramaturq, həm də publisist olmaq
mümkündür”.
Professor
Cahangir Məmmədli Yazıçılar Birliyinin Pərvinin
timsalında gənclərə göstərdiyi qayğı və
diqqətdən danışdı:
“Anar müəllimə təşəkkür edirəm. Çünki
gənclərə əlindən gələn qədər dəstək
olur, Birliyin gənc üzvlərini həmişə diqqətdə
saxlayır. Onlardan biri də Pərvindir.
Pərvinin hazırkı məqama
çatmasında Yazıçılar Birliyinin rolu danılmazdır.
Amma bu məktəb təkcə
Yazıçılar Birliyi ilə məhdudlaşmır,
“525-ci qəzet”i və Pedoqoji Universiteti də unutmaq olmaz.
“525-ci qəzet” həmişə yazarlar
üçün tribuna rolu oynayıb. Qəzetdə
xüsusən gənclərə geniş meydan verilib. Hamı öz tələbəsiylə öyünmüşkən
deyim ki, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid də mənim tələbəm
olub. Sənət əsəri özü məcbur
edir ki, ona reaksiya verəsən. Bu mənada
Pərvinin yazıları adamı məcbur edir ki, onlar
haqqında fikir bildirəsən, yazasan. Jurnalistika
yazıçının qələmini itiləyir. Pərvinin yazı dilinin bu qədər səlis, sərrast
olması bundan irəli gəlir”.
Dramaturq
Əli Əmirli müəllifin dramaturgiyasına diqqət
çəkdi:
“Pərvinin dramaturji yaradıcılığı mənim
üçün çox maraqlıdır. Son dövrlərdə
gənclər arasında dramaturgiyaya meyl edən perspektivli
yazarlardan biri də Pərvindir. Gənc
Tamaşaçılar Teatrında “Qoğalın sərgüzəştləri”
pyesinin ictimai baxışında oldum. Çox
maraqlı tamaşa alınıb. Hiss olunur ki, müəllif
teatrı duya bilir, onu sevir. Bunula yanaşı, öyrənməyə
can atır, işləməyi bacarır, zəhmətdən
çəkinmir, ən vacib məqam da elə budur. Pərvinin “Balerina” əsərində dramaturji aspektlər
var. Ümumiyyətlə, onun yaradıcılıq diapazonu
çox genişdir”.
Türkoloq-alim
Tofiq Məlikli çıxış edərək bildirdi ki, tərifləri
çox da ciddi qəbul etmək, onlara uymaq lazım deyil:
“Bu cür tədbirlərdə deyilən sözləri,
tərifləri bayram havası kimi qəbul etmək
lazımdır. Çünki hamısı könlü
xoş etməyə hesablanıb. Əvəzində
ikiqat əzmlə, ikiqat məsuliyyətlə
çalışmaq, deyilənlərə tənqidi
yanaşmaq, doğru olanları tapmaq və inkişaf etdirmək
gərəkdir. Pərvin mənim
üçün işgüzar, ciddiyyəti ilə seçilən
yaradıcı adamdır. Onun on
barmağında on mərifət var. Uzun danışmaq olar bu
barədə. Sözümü elə
başladığım kimi bitirmək istəyirəm. İstedad sərvətdir. O sərvəti
qorumaq, doğru yanaşmaq, israfçılıq etməmək
lazımdır”.
Tənqidçi
Vaqif Yusifli yaradıcılıqda zəhmətin, əzmin
çox vacib olduğunu xüsusi vurğuladı:
“Bəzən yeni imzalar arasında elələri olur ki,
onların barəsində çox yüksək fikirdə
oluram. Amma sonra görürəm ki, yanılmışam.
Bircə atımlıq barıtı var, istifadə
elədi, tükəndi. Bax bu səbəbdən
istedada, yaradıcılığa məsuliyyətlə
yanaşmaq lazımdır. Pərvinin ilk
hekayələrindən yaradıcılığını izləyirəm.
Bu barədə “525-ci qəzet”də yazı da
yazmışam. Nəsrin kiçik
janrlarından hesab olunan hekayələrdə böyük mətləblərə
toxunmaq, insan düşüncələrinin dərin
qatlarına baş vurmaq, mənəvi aspektləri
açıb göstərmək istedad tələb edir. Düşünürəm ki, sadaladıqlarım Pərvində
alınır. Pərvinin hekayələrinin
qəhrəmanları adi adamlardır.
Onlar həyatın qəribəlikləri, gözlənilməz
hadisələr, hisslər burulğanı, çətinliklərlə
mübarizə aparır və həmişə də
inanırlar ki, yolunda getməyən hər şey günün
birində qaydasına düşəcək. Həqiqətən
də sonluqda hər şey öz yerini tapır. Pərvinin publisistik yazıları da çox
istedadlı şəkildə yazılıb. O, müsahibə
janrına bir növ yenilik gətirib. Adətən
müsahibə aşıqların deyişməsinə bənzəyir.
Yaxud da həmsöhbətin daxili
dünyasına, yaradıcılığına, həyat yoluna
bələd olmadan müsahibə götürmək istəyirlər.
Pərvindəsə hər şey yerli-yerindədir,
həmsöhbəti dərindən öyrənir, onun mənəvi
dünyasına baş vurur, ürəyini dindirəcək
suallar verir.
Hesab edirəm ki, bu özü də istedaddan irəli gələn
faktordur. Bəzən elə nüanslara, məqamlara toxunur ki,
Pərvinin müsahibə janrına gətirdiyi yeniliyə
göz yummaq olmur. Pərvin həm də
elm üçün yaranıb. Əgər istəsə
gələcəkdə maraqlı elmi yazılar yaza,
araşdırmalar apara bilər... Mən Pərvinə
uğurlar arzulayıram və çox qısa zaman kəsiində
bu qədər nailiyyət əldə etməsini
alqışlayıram”.
Pedaqoji
Universitetin müəllimi Təranə Əzimli Pərvinin
pedaqoji fəaliyyətini önə çəkdi:
“Pərvini magistraturada təhsil alanda
tanımışam. Müsbət auralı, həmişə
pozitiv, gülərüz, mehriban bir qız kimi yadımda
qalıb o vaxtdan. Sonra iş elə gətirdi ki, ona
magistraturada dərs deməli oldum. İlk hekayələrini
o zaman oxumuşdum. İstedadlı qız
olduğuna şübhəm yox idi. Bu
istedad onun müəllimlik fəaliyyətində
özünü göstərir. Dərsi tələbələrə
sevdirə bilir, mövzunu tam əhatə etməyi bacarır”.
Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi “Söhbətlər”
kitabının məziyyətlərindən
danışdı:
“Jurnalistikada müsahibə anlayışı
üç cür olur. Birinci odur ki, jurnalist həmsöhbətinə
nifrət edir, hər vəhclə onun pis tərəflərini
göstərməyə, paxırını açmağa,
öz dili ilə belə demək mümkünsə, bədnam
etməyə çalışır.
İkincisi,
jurnalist üçün qarşısındakının kim, nəçi olması maraqlı deyil, həmsöhbət
yalnız vasitədir. Onun hesabına
özünü reklam etməyə çalışır,
özünün ağlını, savadını
nümayiş etdirir. Bir də var
üçüncü anlayış – əsl jurnalistika. Burada jurnalist həmsöhbətini sevir, ona hörmət
bəsləyir. Əsas obyekt kimi də həmsöhbətini
nəzərdə tutur. Elə tənzimləyir
ki, gedişatda özü nəzərə çarpmır.
Ustalıqla, yerində verilmiş suallar sayəsində
həmsöhbətin daxli aləmi,
yaradıcılığı üzə çıxır.
Pərvinin publisistikası
üçüncüyə aiddi. Özü
görünmür, həmsöhbətin arxasında gizlənib.
Əsas fiqur müsahibdir, amma hardasa hiss olunur ki,
gizli əllər söhbəti nizamlayır, axarına çəkir.
“Söhbətlər” kitabı bu baxımdan əvəzsiz
bir topludur”.
Pedaqoji
Universitetin professoru Yaqub Babayev Pərvinin uğurlarından
söz açdı:
“İstedadın itməməsi üçün ilkin
şərt mühitdir, daha sonra qayğı, yol göstərən
düzgün adamlar gəlir. Pərvinin uğurunun
sirri düşdüyü mühitin münbit
olmasındadır. Əvvəlcə
Pedaqoji Universitet, daha sonra Yazıçılar Birliyi, “525-ci qəzet”
və sairə. Lakin bir məqamı da
xüsusi qeyd etmək lazımdır ki, istadad sahibi də
boş oturmamalı, öz üzərndə
çalışmalı, zəhmət çəkməli,
istedadını cilalayıb gözəl əsərlər
ortaya qoymalıdır.
Pərvin münbit şəraitdən istifadə edərək
öz istedadından bacarıqla faydalanıb və
hazırkı mövqeyə çata bilib.
Bir az obazlı şəkildə desək o, qələmin
zəncirlənmiş Prometeyi, əzabkeşidir. Xalqların pasportu onların böyük şəxsiyyətləridir.
Azərbaycanlı Nobel mükafatı laureatı
da hələ ki, yoxdur. Baxmayaraq ki, bu
mükafatın bütün kapitalı Bakı neftinin
hesabına yaranıb. İnanıram ki, Pərvin
Nobel mükafatını ala biləcək və biz onun Nobelə
layiq göülmüş əsərinin müzakirəsinə
toplaşacağıq”.
Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar hər bir
gözəl əsərə sevindiyini dilə gətirdi:
“Mən hər bir gözəl əsərə sevinirəm. Əgər bu
əsər Azərbaycan yazıçısının qələmindən
çıxıbsa, buna ikiqat sevinirəm və bu əsər
üstəlik gənc qələm sahibinin əsəridirsə,
buna üçqat sevinirəm. Bu kitablara
görə Pərvin çox təriflənib. İlk kitab təqdimatında demişdim ki, bu təriflərdən
başı gicəllənməsin, arxayınlaşmasın,
yoluna davam etsin. İndi o vaxtdan iki il
keçib, məlum olub ki, Pərvinin təriflərə
qarşı immuniteti var; yenə öz işində,
yazı-pozusundadır, əvvəlki kimi inadla irəliyə
can atır.
Pərvin haqqında nə demək olar? Birincisi
istedadlıdır, bunu heç cür danmaq olmaz. Onun “Balerina” povesti çap olunanda hamı təsdiq
etdi ki, bu əsər istedadlı qələmdən
çıxıb. İkincisi,
ağıllıdır. Bu, Pərvinin
“Söhbətlər” kitabındakı müsahiblərdən də
aydın görünür. Pərvin həmsöhbəti
barəsində ətraflı məlumat toplayır, onun daxili
dünyasına girməyə çalışır. Onunla bərabər səviyyədə söhbət
edir. Üçüncü müsbət
keyfiyyəti zəhmətkeşliyidir. Buna əyani
sübut kimi “525-ci qəzet”in şənbə nömrələrinə
baxa bilərsiniz.
Müxtəlif layihələrlə
çıxış edir. Hər yazının
arxasında istedaddan, ağıldan başqa böyük zəhmət
də durur.
Burada Pərvinin ailə üzvləri iştirak edir. Onların
hamısını salamlayıram. Hər
birinə təşəkkür edirəm ki, Pərvinə dəstək
olub, onu Azərbaycan ədəbiyyatına qazandırıblar.
Təbii ki, mən Pərvinin yetişməsində
müstəsna xidmətlərinə görə
çalışdığı Pedaqoji Universitetə, “525-ci qəzet”ə,
onun baş redaktoru Rəşad Məcidə də təşəkkür
edirəm.
Pərvin insan kimi də çox işıqlı,
müsbət aurası olan insandır. Geniş erudisiyası
onunla hər mövzuda söhbət eləməyə imkan
verir. Bu gün həmçinin Pərvinin
doğum günüdür, 30 yaşı tamam olur. Bununla bağlı bir misal çəkim.
Tanınmış italyan aktrisası Sofi Lorendən
soruşurlar ki, sizin həyatınızın ən gözəl
10 ili hansı olub? Cavab verir ki, 29
yaşımla 30 yaşım arasındakı 10 il.
Arzu edirəm ki, Pərvinin də hər
yaşı arasındakı il bu on il qədər gözəl
keçsin”.
Sonda
çıxış edən müəllif
iştirakçılara öz təşəkkürünü
bildirdi:
“Belə təqdimatlarda müəlliflərin
çıxışları daha çox təşəkkürlərdən
ibarət olur.
Mənim də o qədər adama bağlılığım,
təşəkkürlərim var ki, bir az
uzun danışmalı olacam. Son beş ildə,
dayanmadan düşünürəm ki, 30 yaşımdan
qorxuram, 30 yaşımda nəsə olacaq. Dünən
də pessimist fikirlər məni bürümüşdü.
Artıq 30 yaşım gəlib çatıb.
Daha bir on illiklə vidalaşıram. Amma bilsəydim ki, 30 yaşım bu qədər
gözəl keçəcək, bu qədər əndişələnməzdim,
daha da tez gəlməsini istəyərdim. Belə
günlərdə adətən adam
özünün yox, başqalarının ovqatına, dediklərinə
diqqət yetirir. Kim nə dedi, kim necə
baxdı və sairə. Bu gün sizlərin sayənizdə
çox unudulmaz bir gün yaşadım. Buna
görə də ayrıca təşəkkür edirəm.
Əlbəttə, yaradıcı adam
bütün xoş sözlərin, təriflərin dərinliyinə
getsə, onları yadında saxlasa, bu, sadəcə son olar.
Özünü zirvədə hiss edər. Zirvədən
o tərəfdə isə eniş başlayır.
İki il əvvəl ilk kitabımın təqdimatında
Anar müəllim demişdi ki, bütün təriflər sənin
üçün avansdır. Bu iki il ərzində
bu sözləri bir gün də olsun unutmamışam. Çalışmışam ki, o avansı ödəyim,
həmin etimadı doğruldum. Bu gün
deyilən sözləri, edilən tərifləri daha bir avans
kimi qəbul edirəm. Qarşıdakı
illərdə yenə bu etimadı doğrultmağa
çalışacam.
Burada mənim doğmalarım, ailə üzvlərim
iştirak edir.
Onların hər birinə ayrıca təşəkkür
edirəm. mənə bu illər ərzində
dəstək olduqlarına və hətta dözülməz
olduğum vaxtlarda dözdüklərinə görə. İş yoldaşlarım, müəllimlərim,
kafedra müdirim, elmi rəhbərim burda iştirak edir.
Çox sağ olsunlar hər biri. Ədəbiyyat tarixi bəzən müəyyən
bir dövrü ayrıca araşdırır. Əminəm ki, illər sonra XXI əsrin əvvəllərində
ədəbiyyata gələn yazarların yaradıcılığı
araşdırılan zaman bir insanın adı mütləq
çəkiləcək. O insan Rəşad Məciddir.
Çünki məhz bu illərdə bütün gənclərin
ədəbiyyata gəlməsində Rəşad Məcidin,
“525-ci qəzet”in çox böyük rolu var. Bu gün
cümlə yaza bilirəmsə, sərbəst şəkildə
auditoriya qarşısında çıxış edə bilirəmsə,
bütün bunlar Rəşad Məcidin və “525-ci qəzet”in
sayəsindədir.
Ön sözlərin müəlliflərinə təşəkkür
edirəm. Yaradıcılıqlarını, şəxsiyyətlərini
örnək bildiyim, yazıları ilə
böyüdüyüm adamların-Anar müəllimin, Fikrət
müəllimin haqqımda söz demələri, yazı
yazmaları əlbəttə, çox böyük fəxr və
məsuliyyətdir. “Söhbətlər” kitabı barədə bir
neçə kəlmə deyim. Həmişə
bu məqamı vurğulayıram ki, o insanlar yadımdan
çıxmır ki, onlardan nələrsə əxz etmişəm.
Bax, bu kitabda adı gedən hər bir adamdan mən
nələrsə öyrənmişəm.
Son olaraq
onu qeyd edim ki, Azərbaycanda, ümumiyyətlə,
bütün dünyada gender məsələsi çox
müzakirə olunur. Bu bəzən bir qədər
ifrat həddə çatıb hətta. Tez-tez
mətbuatda müzakirələr keçirilir. Bu qədər müzakirə bəzən
qadınların da başını gicəlləndirir. Amma bu barədə, mühafizəkar görünsə
də, fikrimi deyim ki, qadın dünyaya gələrkən əsas
missiyası sadəcə, elə Qadın olmaqdır. Hər şey bundan sonra gəlir.
Yazıçılıq da, ictimai fəaliyyət də,
hansısa elmi fəaliyyət də. Şəxsən mənim
bütün əlavə işlərim qadın kimi vəzifələrimdən,
işlərimdən oğurladığım zamanın
hesabına başa gəlir. Fürsətdən istifadə
edib mənim bu “oğurluğumu” üzümə vurmayan, səhərə
kimi yanan işığa, evdən çəkilməyən
klaviatura səsinə dözən, həm də mənə dəstək
olan insana təşəkkür edirəm”...
Cavid ŞÜKÜROV
525-ci qəzet.- 2014.- 11 oktyabr.-
S.20-21.