“Açılın, qapılar, şaha gedəlim”

 

 

On altıncı yüzil Anadolusu o günə qədər görülməmiş bir köçə məruz qalmışdı. Sivasdan, Ərzincandan, Ərzurumdan qalxan Ahmedlu, Avşar, Baharlu, Bayat, Bayramlu, Bəydili tayfaları Şahın şeirlərini oxuya-oxuya dədə-baba yurdu Anadolunu, sisli uca dağları, uçsuz- bucaqsız yaşıl ovaları buraxıb Təbrizə, Ərdəbilə doğru axın-axın gedirdilər.

 

Bu qədər insanı yurdundan, yuvasından qoparan bu axın, bu köç, bu eşq nəyin nəsiydi?   Osmanlı tarixçisi Hoca Sadəddin bu köçü belə tərif edir: “Ol taifenin kalanı dahi terki diyar etmek istediler.Ölüsü dirisine yüklenip cümlesi çıkup gitmek istediler”.

 

Kəndlər, şəhərlər, obalar, yaylaqlar boşalmışdı. Oralarda vəzifəli Osmanlı məmurları İstanbuldakı padşah Yavuz Sultan Səlimə məktub üzərinə məktub göndərirdilər. Məktublarda:  Xalq buraları tərk edib Ərdəbilin torpağına üz sürməyə gedirlər” – yazırdılar. Dövlət , sultan da narahat idi. Amma əldən bir şey gəlmirdi. Gedənlərin ruhları, könülləri o torpaqlarda incidilmişdi. Bir zamantürkmən”, bir zamanqızılbaş”, bir zaman darafiziadlandırılan mənəvi dünyalarını küsdürmüşdülər.

 

Dillərində Şahın:

 

Şah Xətai der neylərsin,

Hər müşkili hal eylərsin.

Ansızın çiçək dərərsin

Yarın səndən gül istərlər

 

deyişinə qapılıb könüllərinin bağlı olduğu Ərdəbil Şeyxinin əmanəti olan Şah İsmayıla doğru gedirdilər. Şah da onları çağırırdı:

 

“Ala gözlü pirim gəldi,

Duyan gəlsin, iştə meydan.

Dörd qapını qırx məqamı

Bilən gəlsin, iştə meydan!“

 

Aradan yüzillər keçməsinə rəğmən o bənzərsiz köçün hekayəsi , o insanları çəkib götürən “ala gözlü pir”, yəni Şah İsmyıl haqqındakı söyləntilər bitib tükənmədi.

 

Bu yay Azərbaycan Milli Akademiyası Şah İsmayıl haqqında önəmli bir kitabı – “Şah İsmayıl Səfəvi Tarixi- Diplomatik Sənədlər Toplusu”nu tanıdarkən mən ordaydım. Sağ olsun, dəyərli müəllimim akademik İsa Həbibbəyli məni dəvət etmişdi. Elmi redaktoru akademik Ramiz Mehdiyev olan kitabın içindəki sənədləri Şahin Yəhyayevlə Elmin Əliyev fars ərəb dillərindən tərcümə etmişdilər. İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Tofiq Hacıyev kimi bir-birindən dəyərli elm adamları orada kitab haqqındakı görüşlərini bizlərlə bölüşdülər. Mənsə o yığıncaqda bir cümlə ilə nədən bu kitabdakı məktublarda Yavuz Sultan Səlimin bu qədər qəzəbli olduğunu söyləməyə çalışdım. O cümlə belə idi: “Şah İsmayıl Təbrizdə oturmuş, şeirləri ilə Anadolu insanının könlünü fəth etmişdi. Sultan Səlimi dəli edən bu idi. Çünki məmləkətinin bütün xalqı bu eşq üçün dəli-divanə olmuşdu onu tərk edib gedirdi”.

 

Gerçəkdən akademik İsa Həbibbəyli hocamın o toplantıda geniş bir şəkildə bəhs etdiyi kitabın içindəki məktublarda həm Sultan Səlimin qəzəbini, həm Şah İsmayılın eşq səmimiyyət  dolu sətirlərini görmək mümkündür. Sultan Səlim ona yazdığı məktubda: “Qulağınızdan qəflət pambığını çıxarıb, kəfən geyinib hazır olun,” –deyə yazarkən, Şah İsmayıl isə ona yazdığı məktubda: “Allah dövlətinizi daim, əbədi,  səadətinizi isə tükənməz etsin. Sevgi məhəbbət dolu salam dualarımı göndərir, görüşmək arzusunda olduğumu bildirirəm” - deyə yazırdı.

 

Şah İsmayılın əslində Yavuz Sultan Səlimin atası İkinci Bəyazidlə münasibəti bir ata-oğul arasındaki münasibət qədər yaxın istidir.Yuxarıda bəhs etdiyimiz kitabda da Şah İsmayılla İkinci Bəyazid arasındakı yazışmalardan qalan dörd məktub vardır. O məktubların birində Osmanlı Sultanı Şah İsmayılıƏcəm məmləkətlərinin əzəmətli hökmdarı, türk Dəyləm diyarlarının əmiriolaraq salamlayır. Yavuz Sultan Səlim məktublarında Şah İsmayılı Əfrasiyab olaraq tərif edir, yəni İran-Turan savaşlarında Turan ölkəsinin padşahı olaraq...

 

Makiavelliyə görə, tarix bir laboratoriyadır. tarixi sadəcəkeçmişi araşdırmaqolaraq görənlər böyük yanılqıya düşərlər. Tarix bilmək üçün ilk başda fəlsəfə, antropologiya, filologiya, arxeologiya, sosiologiya coğrafiyanı mütləq bilmək lazımdır. Tarixçi bunları bilməzsə qaynaq axtarammaz, təsnif edəmməz,  təhlil tənqid edəmməz, tərkib tapılmaz. Bunlar olmadımı o tarixçi obyektivliyini itirər, səbəb nəticə münasibətində yanılar çox yanlış mühakimələrə varar.

 

Son dönəmlər tarixə maraq artdıqca həm Osmanlı sultanı Yavuz Sultan Səlim, həm də Şah İsmayıl haqqında yalan-yanlış məlumatlar ortalığa atıldı. Onların zalımlıqları, etdikləri səhvlər, tarix içindəki əməlləri bu günə görə tənqid edilməkdədir. Bunların hamısı obyektiv tarix anlayışından kəskinliklə uzaqdır. O dönəmdə hər sultan, hər kral, əlbəttə ki, despotdur. Despotluk bir kral üçün əksiklik deyil, tam əksinə fəzilət idi. Türk sultanlarının (Səfəvilər də daxil) despotluqları və zalımlıqları bugünkü şərtlər və inanışlarla deyil, o dönəmdəki Avropa krallarıyla müqayisə edilməməlidir. Onların düşüncələri, inancları, fikirləri də eyni şəkildə dəyərləndirilməlidir. Əlbəttə Şah İsmayıl da eynilə Yavuz Sultan Səlim kimi çox insan öldürmüş, Osmanlının ziddinə öz məzhəbinə yeni inanc tərzi gətirmişdi. Amma bütün bunları o dönəmin ruhuna, düşüncə sisteminə, inanc anlayışına və həyata baxışlarına görə dəyərləndirmək məcburiyyətindəyik. O zamanlarindiki kimi humanist duyğular, nə milli kimlik, nə də bizim anladığımız mənada Vətən məfhumu vardı.Vətənə həm Osmanlı, həm də Səfəvilər öz mülkləri olaraq baxırdılar və ölkələr şan, şərəf və iqtisadi qazanc üçün fəth edilirdi.

 

O dönəmdəki hökmdarları təsvir və tənqid etmədə o dönəmin ölçülərinə və dəyər mühakimələrinə görə hərəkət etmək ən doğrusudur. Osmanlı təzkirəçilərinin etdiyi kimi o şəxsiyyətləri göylərə çıxarıb xətasız biriləri olaraq təqdim etmək də yanlışdır.

 

Kim nə deyərsə desin, Şah İsmayıl tarixlərə məğlub olmuş bir hökmdar olaraq keçsə də o sadəcə on altıncı yüzilə deyil, günümüzə qədər zamanın alnına möhürünü vuranlardandır. Onun sazı, onun sözü, onun eşqi, onun idealları nəinki İranı, Azərbaycanı, Anadolunu da hələ ki ayağa qaldırmaqda və minlərlə insan səma mərasimlərində onun sözləriylə özlərindən keçərək Allahı axtarmaqdadırlar. Milyonlarca Anadolu ələvisi hələ də:”Mədət, ya pirim!” deməkdə və sazlarında:

 

“Xətaiyəm, məhəbbətə baxaram,

Mən doluyam, mən dolana baxaram.

Gözəl pirim bir dərd vermiş, çəkərəm

Bir dərdim var min dərmana

dəyişməm...”-

 

deyərək minlərcə illik dərdlərini bayrama çevirmişdilər. Bu Şah İsmayılın zəfəri deyil nədir? İştə bu könül zəfəri səbəbiylə yüzillər öncəsində Anadoludan qalxan xalq dillərində yanıqlı türkülərlə Ərdəbilə, Şaha doğru gedirdilər. Gedəmməyən, qolları bağlanan Pir Sultan Abdal kimi ozanlar da dar ağacına çıxarılarkən yenə Şaha olan eşqlərini belə dilə gətirirdilər:

 

Yaz selləri kimi axar çağlaram

Xəncər aldım, ciyərciyim dağlaram,

Qərib qaldım bu arada, ağlaram,

Açılın, qapılar, Şaha gedəlim.

 

 

Orxan Aras

525-ci qəzet.- 2014.- 11 oktyabr.- S.16.