Ölüm qorxusunu boğan “Əcəl zəngi”

 

 

 

Hərdən elə olur ki, hansısa məşhur yazıçının, şairin yaradıcılığı küll halında kənara atılır, qəsdənmi, ya bilmədənmi, konkret bir əsəri (bəlkə də daha az əhəmiyyətlisi) götürülüb kütləviləşdirilir. Və yazıçının adı məhz həmin əsərlə qoşa çəkilir. Məsələ burasıdır ki, bu estradalaşdırılan əsərin özündə yazıçının yaradıcılıq ruhunu, stixiyasını tam ehtiva etməməsi, müəllifin özünün bəyəndiyi əsər olmaması da  mümkündür. Digər bir həqiqət də budur ki, bəzən yazıçının kölgədə qalan hansısa əsəri populyarlaşan məntnlərindən daha dəyərli, mövzu, ifadə tərzi, dil, üslub etibarilə daha dolğun ola bilər. Başqa tərəfdən yanaşdıqda heç bütün bu sadalananlar həqiqət olmaya da bilər, peşəkar (lap elə həvəskar) oxucu hansısa yazıçıdan məhz ruhuna uyğun bir əsər “kəşf edər”, bu da olar onun öz həqiqəti...

Heminquey yaradıcılığının vurğunuyam. Vurğunluğumun kökündə isə əsərlərində özünəməxsus yazıçı dili ilə təsvir etdiyi insan ruhunun yenilməzliyi, məğlubedilməzliyi, zəngin hisslər palitrası, həyati həqiqətlərin bəzən epitetsiz, təşbehsiz, hərdən hətta qaba, kobud leksikondan bəhrələnən ifadəsi, canlı dialoqlar (o qədər canlı ki, bəzən oxucu şəxsən bu dialoqlara qatıldığı hissinə qapılır) və nəhayət, heyvani instinktlərin insani sublimasiyasının özünəməxsusluğu dayanır. Heminqueyə ədəbiyyat üzrə Nobel mükafatı “Qoca və dəniz”ə görə verilib. Təbii ki, İsveç Akademiyasının rəyini və digər heminqueysevərlərin zövqünü dartışmayaraq onun yazdığı bu və digər şedevr əsərləri ilə yanaşı ruhuma ən yaxın bildiyim “Əcəl zəngi”dir.

lll

Qəfil zənglərdən həmişə diksinmişəm. Fərqi yoxdur, bu, istər  gözlədiyim, amma yenə də səslənəndə həyəcanımı boğa bilmədiyim adi telefon zəngi olsun, yaxud xristian məbədi ətrafından keçərkən böyük kilsə zənginin ölüm xofu yaratmaqdan daha çox, fanilik duyğusunu amansızcasına xatırladan qəfil cingiltili zərbi... Amma nə də olsa, qorxu heç vaxt kömək eləmir, qəfil, lap elə gözlənilən zənglərə də həmişə hazır olmaq lazımdır... Hələ bu, “Əcəl zəngi” – “Zənglər kimin üçün çalınır”dırsa, onda... 

Romanın uğuru elə ilk səhifədəncə XVI-XVII əsr ingilis şairi Con Donnun fikirlərinə istinad edən epiqrafla qismən təmin olunub: “...tufan sənin, ya dostunun evini yerlə-yeksan eləsə-dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə  heç vaxt soruşma ki, kimdir dünyadan köçən: sənsən dünyadan köçən”.

Corc Oruell, Marta Gellhorn kimi tanınmış yazıçılara bol və keyfiyyətli yazı materialı verən İspaniya mövzusu Ernest Heminqueyin yaradıcılığından da qırmızı xətlə keçir. Marta Gellhorn ilə bir neçə illik birgəlikdən ilham alaraq yazılan “Əcəl zəngi”ni müharibə romanı adlandıranlar da var, sevgi hekayəti də.

Əsərin baş qəhrəmanının qarşısında duran əsas vəzifə üstündən faşist zabitlərinin keçəcəyi körpünü partlatmaqdır. Bu simvolik reallıqda anlayırsan ki, faşizmə bütün ruhuyla nifrət edən Heminquey, faşistlərin üstündən keçib, ibarəli desək, gələcəyə adlamaq istədiyi o körpünü salamat qoymazdı. Ən azı əsərində. Faşizm dünənlə sabahı, keçmişlə gələcəyi birləşdirən körpü ola bilməzdi. Bütün məşhur bədii əsərlərdə müzakirə predmeti olan ilk cümlə “Əcəl zəngi”ndə də diqqətçəkəndir: “O, şam iynələriylə örtülmüş boz torpağa uzanıb çənəsini əllərinə dayamışdı,  külək isə başı üzərindəki hündür şam ağaclarının uclarını yırğalayırdı”. Mənim üçün xüsusilə maraqlı olan yazıçının bir ədəbi fənd kimi romanı ilk baxışdan az qala eyni görünən, amma əslində mənaca fərqli eyni cümləylə bitirməsidir: “O, şam iynələriylə örtülmüş torpağın üstündə ürəyinin necə döyündüyünü hiss etməkdə idi”. Əvvəldə də, sonda məkan eyni “tərtibatdadır” – yerə şam iynələri tökülüb, o “iynələrin” üstündəki də eyni adamdır, ancaq birincidə hələ həyat irəlidəymiş kimi görünür, amma sonda əvvəldən fərqli olaraq artıq ürəyi torpağın üstündədir. Bütün mənalarda, o, can verir, ölmək üzrədir, eyni zamanda ilkin halda ancaq zahiri əlamətlər –əllər, çənə ortada idisə, indi ürək də göz qabağındadır... Romanın yeganə qüsuru saydığım cəhəti xeyli uzunluğu isə başlanğıcla son arasında uzun, uzun bir həyatın yaşandığı təsəvvürü yarada bilər. Əslində isə aradan cəmi 4 gün keçib. Və bir insan tam bir ömürə bərabər o zaman kəsimində pislə də qarşılaşır, yaxşını da görür, sevgini də dadır, xəyanətlə də üzləşir, ölümlə də burun-buruna dayanır. Robert Cordanın isə ölüm ayağında özünə etiraf etdiyi kimi:  “Sən hamıdan yaxşı ömür sürdün...Çünki sənin həyatında həmin bu axırıncı günlər oldu. Şikayətlənməyə haqqın yoxdur. Biz bütün səadətimizi dörd gündə yaşadıq...”

Və əsərin bütün qayəsi də “İngles”in faşistlərin süvari dəstəsini məhv etməmişdən əvvəl özünə dediyi bu cümlələrdən ibarətdir bəlkə də: “Hər kəs əlindən gələni edir. Sən özün üçün daha heç nə eləyə bilməzsən, amma başqaları üçün bəlkə bir şey eləyə bildin...”

İnsanın iki əzəli instinkti – savaş və sevgi mövzusunda xeyli gözəl əsərlər yazılıb. Freydə inansaq, bütün bioloji varlıqlar kimi insanı da iki təməl instinkt – özünüqoruma və şəhvət idarə edir. Amma Robert Cordanın təkbaşına da olsa üstündən keçib qara niyyətlərini gerçəkləşdirməyə çalışan qəddar faşist dəstəsini  yer üzündən silmək cəhdi burada artıq özünüqoruma instinkti kimi deyil, bəşəriqoruma hissi rolunda çıxış edir. Heç olmasa bu körpü ilə hansısa formada faşizmin bir hücumu ləngiyəcək, işləri alınmayacaq, bir ailə, ya iki sevgili, ya da lap elə balaca bir uşaq faşizmin əlindən qurtulmuş olacaq... Və burada anlayırsan ki, ədəbi üfüqləri fəth etməklə yanaşı belə bir ali düşüncəyə sahib olmaq, özünü yox, son anda da kömək edə biləcəyin ən azı bircə nəfəri qorumağı düşünmək əsl ədib, ustad yazıçı işidir. Qoy bu lap olsun sevdiyi Robert Cordana qoşulub dirigözlü ölümün ağzına girməyə hazır olan Mariyanın özü... Doğrudanmı, Robeort Cordanın Mariyanı dilə tutub aşkar ölümdən çəkindirmək üçün dediyi sözlər də libidonun təsiridir: “İndi sən burdan gedəcəksən, dovşancığım. Amma mən də səninlə gedəcəm. Nə qədər ki, birimiz yaşayırıq, o vaxtacan hər ikimiz yaşayacağıq. Əgər sən getsən, deməli, mən də gedəcəm. Bəyəm sən bilmirsən ki, belədir? Birimiz olan yerdə ikimiz də varıq. Axı sən ağıllı qızsan, yaxşı qızsan. Sən hər ikimizin yerinə gedəcəksən, həm öz yerinə, həm də mənim yerimə. Sən axı indi həm də mənsən... İndi sən tez və sakitcə çox-çox uzaqlara çıxıb gedəcəksən və bizim hər ikimizi özünlə aparacaqsan... İndi sən həm də mənsən... Məndən nə qalacaqsa, o sənsən... Qalx...”

Nədənsə bu dialoqu hər dəfə oxuyanda içimdə kor bir ümid də baş qaldırır ki, yox, heç də hər şey libidoluq deyil. Daha üstün və ülvi səbəblər var. Heminqueyin analoji səhnələrində hisslərin üfüqi yox, şaquli vəziyyəti, görüntünün genişliyi yox, hisslərin dərinliyi gözə çarpır. Bəlkə də insanı iki əsas instinktin idarə etməsini demək üçün alimin ciddi elmi, fizioloji, psixoloji və nəbilm nə ...oloji əsasları var,  ancaq şablon səslənsə də deməyə bilmərəm –mütləq ruhaniyyatın və mənəviyyatın da önə keçdiyi məqamlar da olur. Libidodan söz düşmüşkən, qeyd etməyin yeridir ki, romanda kifayət qədər sevişmə səhnələri təsvir olunsa da, intim dialoqlar verilsə də, qətiyyən bayağı təsir bağışlamır. “Əcəl zəngi”ndəki erotik təsvirdə hisslərin üfüqi yox, şaquli vəziyyəti, daha dəqiq, sadəcə görüntü mənzərəsi yox, hisslərin dərinliyi gözə çarpır. Və bəşəri mahiyyəti ilə yanaşı, bu amil də romanı yüngül, bayağı “18+” kateqoriyasına aid olunan əsərlərə bənzəməkdən sığortalayıb.

Heminquey instinktlərin usta ifadəçisidir.  Amma onun ustadlığı ondadır ki, vəhşi instinktləri öz “mən”indən keçirərək onları insani müstəviyə uğurla sublimasiya etməyi bacarıb.

“Əcəl zəngi” canlı dialoqlar romanıdır. Geniş mükalimələr, dərin məzmunlu, əksər hallarda yumorun hakim olduğu söhbətlər və hər kəsi öz dilində danışdırmaq bacarığı ilə müəllif romanda bir-birindən koloritli, dolğun obrazlar yaratmağa nail olub. Əsərdə təsvir və təhkiyə çox gözə çarpmır, amma təsvirlər azlığı ilə bərabər həm də dolğunluğu ilə seçilir. Robert Cordanın daxili monoloqları ilə sanki Heminqueyin səsini eşidirsən.

Əsəri oxuduqca elə təsəvvür yaranır ki, romandakı obrazlar heç də yazıçı təxəyyülünün məhsulu deyil, real həyatda yaşamış insanlardır.

“Əcəl zəngi”ndə Roberto xilaskar kimi təqdim edilir. Amma bu, xilaskar mələk obrazı deyil, çox sadəcə, özündə əsl kişiyə xas keyfiyyətləri toplamış güvəniləsi biridir. Onun faşistlərin keçəcəyi körpünü partlatmasında da, zahirən qaba, kobud görünən Piların yumşalmasında da, “satqın İudanın xələfi”-Pablonun daxilində hardasa lap dərinliklərə gömülmüş bir yerdən yaxşı cəhətinin üzə çıxarılmasında da (“...əgər insanda nə isə olubsa, bunun bir zərrəsi həmişə onda qalmalıdır...), nəhayət cismani və psixoloji zorakılığa uğramış Mariyanı da ağır travmalardan qurtarmasında da Roberto xilaskar missiyası ilə önə çıxır. Robertonun gəlişinə qədər içinə gömülmüş, dünyadan küsmüş və az qala insanlıqdan, qadınlıqdan çıxmaq üzrə olan qızın saf sevgidən sonra yenidən insanlığa dönüşü gerçəkləşir.

Yazıçı göstərir ki, hər kəsin həyatının bir mərhələsində xilaskar peyda olur və heç vacib də deyil ki, o xilaskar ömrün boyunca səninlə irəliləyir ya yox, sadəcə səni bataqlığın içindən çəkib çıxarır, yaxud da həyatın dibindən ən azı bir təpənin üstünə qaldırır və o yüksəklikdən ətrafı daha yaxşı seyr eləmək, vəziyyəti düzgün qiymətləndirmək şansı yaranır.

Bu romanla oxucu inanır ki, pislik uzun müddət davam edə bilməz, əvvəl-axır faşizm üçün də əcəl zəngi çalınacaq. Və tarix bunu təsdiq etdi. Bundan başqa əsərin finalında həm də zahirən ölümün hər şeyə son qoyması təəssüratı yaranır. Yəni, insan bütün çabalarına rəğmən sonda yenə də labüd ölümə yenilir, eşitmək arzusunda olmasa da, qulağı gec-tez əcəl zənginin vahiməli əks- sədasını alır. Ancaq bütün bu xofa baxmayaraq, ölümün nəfəsinin aydınca duyulduğu finalda oxucu bir daha anlayır ki, heç nə, o cümlədən də ölüm, qarşısına məqsəd qoymuş və ona doğru əzmlə irəliləyən insanı yolundan sapdırmağa qadir deyil. Heminqueyin bütövlükdə yaradıcılıq stixiyasını əks etdirən “insanı məhv etmək olar, amma ona qalib gəlmək olmaz” ideyası bir daha bir az fərqli şəkildə təqdim edilir: “Hər halda bacardığım qədər işlədim... Sən demək istəyirsən ki, indi də bacarığın var? Yaxşı qoy elə olsun, indi də bacarığın var....Bütün bir ili inam bəslədiyin məslək yolunda vuruşdun. Əgər biz burada qalib gəlsək, hər yerdə qalib gələcəyik... Dünya yaxşı məkandır, ondan ötrü vuruşmağa dəyər, mən bu dünyanı heç də tərk etmək istəmirəm, bütün bunları tərk etmək istəmirəm, vəssalam....Düşünmək istəyirəm ki, hər halda burada faydalı bir iş gördüm...”

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2014.- 11 oktyabr.- S.15