İstiqlalımızın bir ilindən yüz ilinə

 

 

 

Əlimdə bir məcmuə var. Bu, sıradan bir məcmuə deyil. Cəmi dörd ildən sonra bu məcmuənin çapdan çıxmasının yüz ili tamam olacaq. Məcmuənin adı “İstiqlal”. Altında müqəddəs bir tarix: “1918-28 mayıs-1919”. Və aşağıda daha bir qeyd: “Cümhuriyyətimizin bir illik dövri-istiqlalı münasibətilə təlif edilmiş məsmuə”. Amma məcmuənin üz qabığının lap yuxarısında bir abzas yazı da var: “Məcmuə çoxminillik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı dövlətimizin bir yaşının tamam olması münasibətilə 1918-ci il mayın 28-də işıq üzü görmüşdür. Cəmi dörd ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Müstəqil Cümhuriyyətimizdə bayram edəcəyik. Bu məcmuəni  həmin yubileyə hazırlığın ilk töhfəsi hesab edin!”.

Həcmcə kiçik, məzmunca bir dünya mahiyyət kəsb edən bu qeydin müəllifi “İstiqlal”ı arxivlərin dərin qatlarından tapıb çıxaran, nəşrinə təşəbbüs göstərən, onu o zamankı ərəb qrafikalı Azərbaycan əlifbasından indiki latın qrafikalı Azərbaycan əlifbasına çevirən professor Şirməmməd Hüseynovdur. O Şirməmməd müəllim ki, ömrünün və elmi təfəkkürünün bütün imkanlarını klassik jurnalistikamızın, dövlətçilik tariximizin ümdə mərhələlərinin üzə çıxarılmasına, yeni nəsil oxucuya çatdırılmasına həsr etmiş və bu gün də həmin müqəddəs işi davam etdirməkdədir. O, Məhəmməd Əmin Rəsulzadə irsinin beş cildliyini hazırlamış və nəşr etdirmiş, Üzeyir Hacibəyli irsinin ideoloji məqsədlər ucbatından sovet dövrü nəşrlərindən kənarda qalmış əsərlərini yenidən ayrıca bir kitabında oxuculara təqdim etmiş, klassik jurnalistikamızın müasirliklə səsləşən yüzlərlə nümunəsini öz şərhləri ilə bizə çatdırmış, Azərbaycanın müstəqillik uğrunda mübarizə çağında böyük publisist işi görmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında jurnalistlərlə görüşündə üzünü bu böyük alimə, müəllimə, vətəndaşa tutaraq demişdi: “Şirməmməd müəllim, mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Sizin fəaliyyətinizi Azərbaycan xalqı yüksək qiymətləndirir”. Mənim də indi haqqında bəhs etdiyim “İstiqlal” məcmuəsinin 96 ildən sonra yenidən işıq üzü görməsi Şirməmməd Hüseynovun ömür proqramının bir faktıdır. Məcmuənin yeni nəşrinin ərsəyə gəlməsində onun transliterasiyasının redaktorları – professor Şamil Vəliyev və elmi işçi Samir Xaliqoğlu (Mirzəyev) da xüsusi ehtiramla yada salınmalıdır. Məcmuəni yenidən ərsəyə gətirən Şirməmməd müəllim bizdən – yeni əlifbada nəşr etdirdiyi “İstiqlal”ı Cümhuriyyətimizin cəmi dörd ildən sonra bayram edəcəyimiz 100 illiyinə hazırlığın ilk töhfəsi hesab etməyimizi istəyir. Mən bu sətirləri – bu qeydi oxuyuram və Şirməmməd müəllimin yenidən həyat verib bizə çatdırdığı bu məcmuənin həqiqətən də istiqlalımızın 100 illik bayramına hazırlığın ciddi bir faktı hesab edirəm. Çünki 1918-ci il mayın 28-də – Cümhuriyyətin birinci ildönümü münasibətilə çap olunan bu məcmuə öz məzmunu, tematikası və müəllifləri baxımından bu gün üçün də qəribə bir müqəddəslik kəsb edir. Bu müqəddəslik ilk növbədə məcmuənin əvvəlində yer almış bir səhifəlik “Azərbaycan istiqlalını mübəyyin əqdnamə” adlı yazı ilə meydana çıxır. Bu bir səhifəlik yazı millətin azadlıq uğrunda  mübarizəsinin nəticəsini ifadə edərək, çox qısa sətirlərlə istiqlalımızın keçdiyi yolu açıqlayır. Və Şərqdə ilk demokratik dövlət qurduğunu elan edən “Azərbaycan Şurayi-milliyeyi-islamiyyəsinin” bütün xalqa bəyannaməsini ifadə  edir.

Bəyanatın cəmi 6 maddədən ibarət bu mətni təkcə o dövrün deyil, elə günümüzün də demokratik dövlət  quruculuğu prinsiplərini ortaya qoymuşdur.

Məcmuənin ən samballı məqalələrindən biri böyük M.Ə. Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsəridir. Və maraqlı bir də orasındadır ki, məcmuənin tərtibçiləri “Azərbaycan Cümhuriyyəti” məqaləsinin elə ikinci səhifəsindəcə M.Ə. Rəsulzadənin – yəni müəllifin səhifə boyu portretini vermiş və portretin altında yazmışdır: “Rəsulzadə Məhəmməd Əmin. Cümhuriyyətimizin istiqlalını elan və ilk Azərbaycan hökumətini təşkil edən Azərbaycan Şurayi-Milli rəisi”.

M.Ə. Rəsulzadə cəmi 28 səhifəlik bir əsərində möcüzə yaradaraq Azərbaycan xalqının tarixən keçdiyi əzablı yolları təsvir edir və bu əzəbli yolların bütün mərhələlərində xalqın, millətin istiqlal idealından dönmədiyini qürurla dilə gətirir. Bu tarixi yolda Azərbaycanın İran və Rusiya arasında çapaladığını ürək yanğısı ilə oxucuya çatdırır. Bir zamanlar “türk” sözünün hər iki tərəfdə kinayə ilə qarşılandığı, öz avamlarımızın elə bu günün özündə də bəzən dilə gətirilən sadəlövh yerinə “türkün sözü” kimi bir ifadənin işlədilməsinə hələ o zaman M.Ə. Rəsulzadə həmin məqalədə öz milli təəssüfünü ifadə edirdi. Amma yenə təkrar edirəm ki, bütün bunlarla belə, M.Ə.Rəsulzadə xalqın iradəsini öldürməyin heç vaxt mümkün olmadığını nəzərdə tutaraq deyirdi: “Şimali Azərbaycan rus təhti-idarəsinə keçdikdən sonra məhdud olsa da, malik olduğu siyasi hüququnu tamamilə itirmiş, maddi məhkumiyyətin bütün acısını dadmışdı.

Əvvəlki idarə zamanında gördügü mənəvi əsarətini müştərək bir din və yaxın bir ruh təsiri ilə pək də sezməyib getdikcə farslaşan Azərbaycan türkü bu dəfə də ruslaşdırılmaq siyasətinə məruz qalmışdı. Fəqət bu siyasətin bir ayağı cəbrə bağlı olduğundan və tamamilə yabançı bir ruha malik bulunduğundan təbii idi ki, xəlqin müdafieyi-nəfs hissini daha ziyadə qıcıqlıyor, onu daha sürətli bir surətdə kəndisini düşünməyə vadar ediyordu”.

Məqalədə daha sonra bolşeviklərin gəlişi, onların xalqa verdiyi yalançı vədlər ətrafında geniş söhbət gedir. Müəllif Bakı bolşeviklərinin başında duran Şaumyanın Azərbaycanın bolşeviklərdən gözlədiyi muxtariyyət arzusunu kinayə ilə “muxtariyyət deyil, xarabazar alacaqsınız” kimi açıq düşmənçiliklə dediyi sözləri misal gətirir. Şaumyanın bu düşmən sözlərini 70 il müddətində bizdən ciddi-cəhdlə gizlədilməsi nəticədə bu qatı düşmən haqqında hətta ədəbiyyatımızda yanlış fikirlərə yol verməyimizə gətirib çıxarmışdı ki, bunun da  acı nəticələrini görmüşük. Düşmənin, bolşeviklərin belə bir kəmfürsət anında bütün ümidlərin Türkiyəyə yönəldiyini iftixarla dilə gətirən müəllif deyirdi: “Ümidlər həp oraya idi. O qardaş millət gələcək, bizi düşmən əlindən qurtaracaqdı. Xalqın bundan başqa bir ümidi qalmamışdı”.

Mən böyük Məhəmməd Əminin bu sətirlərini oxuyuram və bizim lap elə bu günlərimizdə Türkiyə hava qüvvələri şahinlərinin Azərbaycan ordusu ilə birlikdə Ermənistanın, yeni Şaumyanlar tərəfindən zəbt olunmuş Qarabağın cəbhə xəttindəki təlimlərini düşünürəm. Bu dostluğun, bu qahmarlığın təməlini qoyan tarixi Cümhuriyyətimizin yaradıcısı Məhəmməd Əmin ruhuna dualar keçir ürəyimdən...

Sonra müəllif Xalq Cümhuriyyəti ideyasının gerçəkləşməsi uğrunda mübarizənin təfərrüatlarını, şirin bir müstəqillik qələbəsinin müqəddəsliyini verir və əsərin son obrazını belə bitirir:  “Bu cəhdindən bir tizə olsun nişan vermək üzrə Azərbaycan millətinin məknunati-milliyyəsindən birər nümunə olaraq bu məcmuə vasitəsi ilə təşhir ediyoruz. Burada millətimizin istedadi-fitrisini göstərəcək nümunələr adətən bundan bir əsr avvəl Bakı ərazisindəki axar altunun miqdar və əhəmiyyətini qətiyyən bugünki aləmşümül bir dərəcədə göstərmiyən əlamətlərə bənzər. O zaman qara çırağda yakılmaqdan başqa bir şeyə yaramayan Bakı nefti bədə nasıl sənaye və ticarəti ilə pək ziyadə tərəqqi etmiş olan məmləkətlərin müasir bir mayeyi-həyatı ola bildisə, əminəm ki, eyni topraq üzərində yaşayan xəlqin fitrətində təbiətin bir möhübbəsi olaraq gizli qalan istedad dünyayə “odunsuz yanar və sudan qorxmaz atəşi-müqəddəs” qədər əsli bir mədəniyyət əhd etsin:

– Azad Türk mədəniyyəti!

Vətəndaşlar, bu mədəniyyət naminə çalışalım, bir dəfə yüksəlmiş o üç boyalı ləvayi-istiqlal və cümhuriyyəti başlarımız üstündə tik tutalım!”

Mən diqqəti böyük Məhəmməd Əminin daha bir fikrinə – Bakı neftilə bağlı uzaqgörən fikrinə yönəltmək istərdim. Azərbaycanın dünyanın böyük neft korporasiyaları ilə bağladığı neft kontraktının 20-ci ildönümünü cəmi bir neçə gün bundan əvvəl qeyd etdik. Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu bu müqavilə ilə Bakı nefti Azərbaycanın sürətli inkişafını təmin etdi. Bütün bunlar isə əsası 1918-ci ildə qoyulan, sonradan bir müddət tarixə çevrilən, ancaq tarixi təcrübəsi həmişə karımıza gələn müstəqil Xalq Cümhuriyyətindən doğulmuşdur.

Məcmuədə Ağaoğlu Məhəmmədin “Azərbaycan” adlı məqaləsi də diqqəti cəlb edir. Bu əsər də bir neçə səhifədə Azərbaycanın keçdiyi tarixi mərhələləri –həm də ən qədim dövrdən Xalq Cümhuriyyətinə qədərki yolunu işıqlandıran və bu günkü tarixçilərimiz üçün maraqlı mənbə rolunu oynaya biləcək qədər qiymətlidir. Bu əsərin də sonu Xalq Cümhuriyyəti dövrünə gəlib çıxır və müəllifin son cümlələri belə səslənir: “10 fevral 1827-də (əslində 1828-Ş.H.) Türkmənçay sülhü əqd edilmiş, Azərbaycanın mühüm bir qismi olan xanlıqlar rus imperatorluğuna həmişəlik ilhad edilmişdir.

104 il keçdikdən sonra 28 mayıs 1918 il gəlmiş, Azərbaycanın hür oğlu kəndisini müstəqil elan etmişdi. İştə bir ildir ki, Azərbaycan rus çarizmindən xilas olmuş, hür və müstəqil yaşıyor və yaşayacaqdır.

Son söz olaraq “Yaşasın hür və müstəqil Azərbaycan” söyləyəcəgəm.”

Məcmuənin çox maraqlı materiallarından biri də yenə M.Ə.Rəsulzadənin müəllifi olduğu “Azərbaycan Paytaxtı” məqaləsidir. Heyrət doğuran odur ki, müəllifin cəmi 20 səhifəlik bu yazıda elmi, lirik-psixoloji, publisistik bir dil ilə Bakının tarixini qələmə alır. Bu yazının da sonu obrazlı bir şəkildə belə bitir: “Bakının istirdadı Azərbaycan istiqlalının yüzdə doxsan təmyini-istiqlal elədigi gündür...

Bakı türklügün şahrahı üzərində vaqe sınmaz atəşləri ilə yanan bir amal məşəlidir ki, həpimizin diləgi onun bütün Azərbaycan və bütün türklük üçün daimi bir surətdə işıqlanmasıdır!”

M.Ə.Rəsulzadənin R.Kusalı imzası ilə dərc edilən “Parlamana” adlı yazısında isə Xalq Cümhuriyyətinə aparan yol və bu yolun uğurlu sonu qələmə alınmışdır. Bu yazı xeyli dərəcədə reportaj üslubunda olub. “Azərbaycan Şurayi-Millisinin 7-ci iclasının” gedişini təsvir edir. Burada stenoqrafik şəkildə iclasda çıxış edənlərin fikir və dialoqları qələmə alınmışdır.

Məcmuə yalnız istiqlal mövzusunda deyil. Burada Üzeyir Hacıbəylinin “Azərbaycan türklərinin musiqisi haqqında” məqaləsi, imzasız olaraq (?) dərc edilən “Xalq Ədəbiyyatı” kimi o dövrün oxucularını maarifləndirən əsərlər də yer almışdır. Üzeyir bəy “Azərbaycan türklərinin musiqisi haqqında” adlı günümüz üçün də aktual olan geniş məqaləsində maraqlı məqamlara toxunur və bu məqamların birində Şirməmməd müəllimin yenidən xalqımıza qaytardığı “İstiqlal” məcmuəsi haqqında bu sözləri deyir: “Musiqi sənətinin elmi və nəzəri cəhəti ixtisas ərbablarını maraqlandıran bir bəhz olduğundan, bu məqalə də ki-yalnız ixtisas sahiblərinə məxsus edilməyib də ümumun oxuması üçün yazılmışdır-öylə bir dərin bəhsə girişmək cayiz görünməz, bununla belə musiqimizdən bəhs edərkən, o cəhətlərə heç də əl vurmasaq, vəzifəmiz layiqincə ifa edilməmiş olar; əlavə, “İstiqlal” məcmuəsi yalnız bu gün üçün deyil, gələcək üçün baxüsus şayanı-əhəmiyyət bir yadigari-istiqlal qalacağından, gələcəkdə də musiqimiz ilə iştiğal edənlərin çoxalacağını ümid etdiyimizdən, burada səthi də olsa, bu cəhətlərdən bəhs etməyi lazım bildik”.

Adam bu sətirləri oxuyur və Üzeyir bəyin məcmuə barədə uzaqgörənliklə dediyi sözlərə heyran qalmaya bilmir.

Haqqında qısaca bəhs etdiyimiz bu məqalələrin hamısını bir amal birləşdirir. Bu amal isə istiqlalımızın bir illiyi münasibətilə istiqlalın həmin bir ildə millətə verdiyi və bundan sonra verəcəyi üzərində dayanmaq, müstəqilliyin necə qiymətli olduğunu xalqa bəyan etməkdir. Üzeyir bəyin birbaşa Azərbaycan musiqisinə həsr etdiyi məqaləsinin son abzasında olduğu kimi: “Hələ əsir bir halda yaşadığımız zamanda ibraz edilmiş olan bu meyli-tərəqqi və başlanmış olan bu tərəqqi, şübhə yoxdur ki, azad və müstəqil və yaşamaq səadətinə nail olduğumuz bu xoşbəxt günlərdə daha da sürətlə nəşvü nüma tapıb, azad millətin azad sənəti bütün gözəlliyi ilə meydana çıxacaq və çıxıb da millətimizə, miləl-mütəməddinə ailəsinə daxil olmaq və bu ailənin müsavi-əlhüquq bir əzası bulunmaq haqq və səlahiyyətini qazandıracaq amillərdən ən möhtəbəri və ən müasiri olacağına kamil bir iman və dürüst bir etiqad ilə inandığımızı ərz edirik”.

Beləcə müstəqilliyimizin bir illiyinə həsr olunan “İstiqlal” məcmuəsi Şirməmməd müəllimin müasir oxucuya təqdim etdiyi müstəqilliklə bağlı hələ 95 il bundan əvvəl vəd edilənlərin necə gerçəkləşdiyinə, klassiklərin həmişəyaşar sözlərinin necə dəqiq olduğuna bir daha inanmaq üçün qiymətli bir vasitədir. Əzizimiz Şirməmməd müəllim! Müstəqilliyimizin o zamankı bir illiyindən dörd ildən sonrakı 100 illiyinə gedən yolun tarixi bir məqamını xalqa hədiyyənizə görə Sizə – əbədiyaşar müəllimimə minnətdarlıq hissi ilə:

 

22-ci kurs tələbəniz

Könül Niftəliyeva, filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2014.- 11 oktyabr.- S.14.