Əslən Qaxdan olan ingilislər və Qax intibahı

 

 

 

Qaxda ilk dəfə 26 il bundan əvvəl olmuşam, helikopterlə getmişdim, ingilis qonaqlar vardı, onları aparmışdım. O vaxt mənim qırx iki yaşım var idi və indikindən xeyli cavan idim; elə Qax da indiki yaşından 26 yaş cavan idi  qədim olsa da...

Bütün dünya bilir ki, ingilislər nə qədər soyuqqanlıdır və onlar heç vaxt öz daxilində tüğyan edən hissləri biruzə vermirlər – bunlar belədi də. Onları heç nə ilə təəccübləndirmək, vəcdə gətirmək mümkün deyil. Hətta bir şanapipiyin, şəlalənin, ağacın gözəlliyindən coşub vəcdə gələn biz azərbaycanlılarla ingilislər arasında ən böyük fərq – keçilməz sədd bundan ibarətdir. Onlar elədi, biz də beləyik. Onlardan tələb edə bilmərik ki, bizim kimi olsunlar. Heç onlar da bizdən “ingilis” düzəltmək arzusundan çox uzaqdırlar. Hər kəs öz kökünün üstündə cücərib boy atır, qamət göstərir. Dünya belə maraqlıdır də... Bir az da dərinə getsək, heç Allahın da inkubator zavodu yoxdu və insanı yaradıb Yer üzünə atması üsulu da inkubator stilindən çox uzaqdır. Yoxsa elə adamlar, xalqlar inkubator cücələri kimi bir-birinə oxşayardı də... Və şükürlər olsun ki, belə deyil... Əlqərəz...

Ancaq aradan bir-iki saat keçəndən sonra Qaxın təbiəti, bu təbiətin gözəlliyi, bu gözəlliyin istiliyi, bu istiliyin təmizliyi, təmizliyin bəşəriliyi və bu bəşəriliyin ilahiliyi ingilis soyuqqanlılığını – ingilis standartlarını darmadağın elədi – ingilislər Qax təbiəti qarşısında sözün əsl mənasında diz çökdülər və mən dilimə gətirməsəm də, ürəyimdə dedim ki, həəə... necədir, cənab ingilislər...

İngilislər vəcdə gəlmişdilər. Onlar daxilindəki hissləri kəhər at kimi cilovlamır, hər şeyi biruzə verir, əslən Qaxdan olan xanım tərcüməçimizlə emosional şəkildə, onlara məxsus olmayan tərzdə danışırdılar və danışdıqca da çönüb qaxlı olurdular. Qoy olsunlar, İngiltərəyə qayıdanda ingilis olarlar. Özlərini elə aparırdılar ki, elə bil əsilləri Qaxdandı...

Yuxarıda qeyd etdiyim kimi bu, yaxın keçmişdə – iyirmi altı il bundan əvvəl olmuşdu və mən o vaxt ingilislərlə bağlı gördüklərimi heç vaxt unutmayacağam və yazdığımdan da məlum oldu ki, unutmamışam...

Bu unudulmaz, xoş əhvalatdan sonra dəfələrlə Qaxdan keçib İlisuya getmişəm, dincəlmişəm, Bəy Tabun məhləsində ağsaqqallarla, cavanlarla söhbət eləmişəm, onlarla qaynayıb qarışmışam.

Bu il sentyabr ayının ikinci ongünlüyündə yenə İlisuya yolum düşdü. Bir-iki gün kənddə dincələndən sonra fikirləşdim ki, dəfələrlə bu diyara ayağım düşüb, ancaq heç Qaxı əməlli-başlı gəzməmişəm. Və qərara gəldim; qərara gəldim ki, Qax şəhərini gəzim-dolaşım...

Ürəyimdən keçdi ki, bir kimsə tapım, bələdçim olsun. Ancaq “görünən kəndə nə bələdçi” misalı məni çaşdırsa da qərara gəldim ki, bələdçi olsa yaxşıdır. Özü də bələdçi Qaxı sevən, onun gözəlliyi ilə öyünən, son illər şəhərdə gedən quruculuq işlərində böyük əməyi olan birisi olmalıdı. Və mən bu bələdçini iş başında tapdım – qarayanız, istiqanlı, özünəməxsus şirinliyi, yumordan korluq çəkməyən bu bələdçi, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev idi. Şəhərin başından girib ayağından çıxdıq. Həvəslə, şövqlə görülmüş və görüləcək işlərdən danışdı. Bu söhbətlərdə bir şey də mənə çox xoş gəldi. O, Qax haqqında elə söhbət eləyirdi ki, elə bil öz doğulduğu evdən, öz həyət-bacasından danışırdı.

...Şəhərin giriş qapısının qədimliyi, təmtəraqsız və sadə olması adama gəl-gəl deyir. Bu qapı  qədim kişiyə, adama xoşgəldin eləyən ev sahibinə oxşayırdı və adamın üzünə gülürdü. Qonağı gülər üzlə qarşılayarlar də... yoxsa heç kəs sənin qapını açmaz...

Giriş qapısından görünən, bir-birinə arxalanıb bütün əzəməti ilə görünən meşə örtüklü dağlar nə qədər gözəl olsa da, ərklə adama deyir ki, bu Qaxdı, özünü yığışdır – hər halda mənə elə gəldi. Bir də mənə elə gəldi ki, o dağların sahibi də, qədim kişiyə bənzətdiyim, ev sahibi hesab elədiyim giriş qapısıdır. Çünki giriş qapısının görkəmi elə dağların özü qədər qədim və sehirli idi və mən də bu sehrin toruna düşmüşdüm. Elə bil ki, Qaxı birinci dəfə görürdüm. Əslində də belə idi, bir var baxmaq, bir də var görmək. Mən Qaxa çox baxmışdım, indi isə görürdüm və gözümə su verirdim...

Şəhərin təmizliyi, səliqə-səhmanı, istiqanlılığı adamların təmizliyinə, səliqə-səhmanına, istiqanlılığına qarışıb nəsildən-kökdən, qədimdən baş alıb gələn bir rahatlıq, arxayınçılıq yaratmışdı. Qax camaatı arxayındı və arxayın yaşayır. Arxayınçılıq Allahın verdiyi ən böyük nemətlərdən biridir və qaxlılar bu arxayınçılığın zirvəsində əllərini gözlərinin üstünə qoyub gələcəyə baxır və gələcəklərini çox aydın görürlər. Və bu arxayınçılıq özbaşına əmələ gəlməyib, onu yaradanlar var. Qax camaatı da belə arxayın yaşamağa çox layiqdir.

Belə ki, tarix boyu qaxlılar azadlıq uğrunda yadellilərə qarşı həmişə kişi kimi vuruşublar, istəklərinə çatıblar. Düşmənləri başa salıblar ki, bizimlə azadlıq zarafatı etmək olmaz. Dediklərimə dərindən inanmaq üçün sizlərə yüzlərlə tarixi faktlar, misallar çəkə bilərəm. Ancaq uzağa getmək lazım deyil – təkcə İlisu sultanlılığının tarixinə nəzər salmaq kifayət eliyər – o İlisu ki, mən özümü orda həmişə sultan kimi hiss eləmişəm.  Sultanlığımın da yeganə səbəbi sevgidir – İlisunu çox sevirəm, İlisu da mənə biganə deyil. Sevgi olan yerdə sultanlıq mərtəbəsi nədir ki...

Qarabağ uğrunda döyüşlərdə Qax rayonu verdiyi yüz otuz şəhidlə, bir rayon olaraq şəhidlik zirvəsində bərqərar olub – hələ itkin düşənləri demirəm. Bu mənada Qarabağ həm də qaxlılarındır. Qax isə qarabağlıların. Qax həm də Azərbaycanındır. İstəyirik ki, Qax həm də dünyanınkı olsun. Orda gedən yüksək templi quruculuq işləri, inşallah Qaxı həm də dünyanınkı eləyər, Qax həm də  dünyaya məxsus olar, dünyanın vacib və füsunkar bir parçası kimi yaşayar – dünyaviləşər... Bunun üçün Qaxın imkan arsenalı çox zəngindir. Və ən yaxşı hallardan biri də budur ki, qaxlılar, orda fəaliyyət göstərən dövlət qurumları, yuxarıda qeyd etdiyim kimi arxayın yaşasalar da, Allahın verdiyi təbii gözəlliklərə arxayın deyillər, bir-birindən rahat otellər, istirahət mərkəzləri, turizm obyektləri tikilib və tikilməkdə də davam eləyir. Qaxda “Allahdan buyruq, ağzıma quyruq” ovqatından çox uzaqdırlar və bu uzaqlıq Qaxı dünyaya daha sürətlə yaxınlaşdırır. Təsəvvür eləyin ki, 2003–2007-ci illərdə Qaxda 60-dan çox təhsil, səhiyyə, mədəniyyət, sənaye və başqa sosial obyektlər istifadəyə verilmişdir. Bir yazıçı kimi rəqəmlərlə o qədər aram olmasa da, deməliyəm ki, cəmi-cümlətani dörd il müddətində Qax kimi o qədər də böyük olmayan bir rayonda 60-dan çox obyektin istifadəyə verilməsi fantastik səslənir. Elə təkcə “İçəribazar” mədəniyyət, turizm mərkəzi nəyə desən dəyər. Məni tanıyanlar yaxşı bilir ki, heç vaxt havayı danışmamışam, haqqı qoyub nahaqqı yuxarı başa keçirtməmişəm. Ancaq adamın Allahı var axı... Kişilər iş görürlər də... Özü də kişi kimi! Hər şey halaldı sizə – lap ana südü kimi...

Bax bütün bunlara görə mən deyirəm və qaxlılarla birlikdə inanıram ki, Qax Azərbaycan şəhəri olmaqla bərabər, həm də dünyanın şəhəri olacaq, lap az qalıb. İnanmayanlar, qarayaxanlar getsinlər, görsünlər, vətənsevəndilərsə inansınlar, fəxr eləsinlər, öyünsünlər, yox əgər tərsinədirlərsə, yenə yazıqdırlar, Allah köməkləri olsun. Görülən işi danmaq haqqı danmaqdır, haqqı danmaq isə Allahı danmaqdır. Biz allahsızları sevə bilmərik, çünki allahsız deyilik...

XVI əsrin yadigarı olan “İçəribazar” mədəniyyət, turizm mərkəzinə daxil olanda məəttəl qaldım. Dünyanın əksər ölkələrində gəzib dolaşsam da  bu sehrin yaxşı mənadakı qəlizliyi mənə o saat çatmadı. Necə deyərlər, sonradan ayıldım ki, ay dadibidad, sən demə mən “İçəribazar”a daxil olan anda, yəni bir anın içində beş əsrlik yol gedib ulu babalarıma yetişmişəm və ulu babalarım hüzurunda dilim-dodağımın təntiməsi də təbiidir...

Mənə elə gəldi ki, “İçəribazar” Bakımızdakı “İçərişəhər”in ekiz qardaşıdı. Əslində də belədi, çünki ikisi də bir beldən gəlib – Azərbaycan xalqının belindən. Ancaq orasını da deməliyəm ki, “İçərişəhər”ə nisbətən “İçəribazar” daha səliqə-sahmanlı idi – bu tarixi səliqə-sahman idi. Azərbaycanımızın ucqar Qax şəhərində “İçəribazar”a bir avropalı münasibəti, avropalı qayğısı, yanaşması hiss elədim – bu, açıq-aydın görünürdü...

Qaxda təxminən otuza qədər tarixi abidə göz bəbəyi kimi qorunur. Qaxlılar düz eləyirlər, abidələr tariximizdir, tarixini qorumayanlar gələcək tarixini də yarada bilməz. Gələcək tarixini yarada bilməyənlər isə əvvəl-axır gələcək coğrafiyasından da məhrum olur. Tarix boyu həmişə belə olub, belə də olacaq.

Qaxın tarixi abidələrinin içərisində Torpaqqala, Pəriqala, Cinliqala, Cumukqala, Qax qala divarları, Həsənxan qalası, Qala, Qalaça adları diqqətimi cəlb elədi. Otuz tarixi abidədən səkkizi qaladı – çox deyil? İlk baxışdan mənə də elə gəldi. Ancaq dərindən fikirləşəndə görürsən qala çoxluğunun bəraəti var. Deməli, Qax dövri-qədimdən gözəl olub və yadellilərin bu gözəldə, bu torpaqda gözü olub və qalalar da müdafiə məqsədi ilə tikilirmiş. Necə ki, tarixdən məlum olduğu kimi Hun imperiyasının qorxusundan çinlilər Böyük Çin səddini inşa edib dünyaya möhtəşəm bir tarixi abidə bəxş etdilər. Bəzən qorxudan da dünyəvi şeylər doğulur...

Qaxın qədim tarixi abidələrinə, nisbətən gənc abidələr də əlavə olunub ki, illər keçəndən sonra onlar da qədimiləşəcək, gələcək nəsillər üçün tariximizin əyani səhifələrinə çevriləcək; Qələbə parkı, 20 Yanvar şəhidləri abidələri də bu qəbildəndir.

Qaxda görülən tikinti-quruculuq işlərində diqqətimizi cəlb edən çox vacib bir nüans da ürəyimcə oldu. Şəhərsalma böyük bir elmdir. Şahın vaxtında İranda İsfahan metallurgiya zavodunun işçiləri üçün tikilən Aryaşəhr adlı şəhərin tikintisində iştirak eləyən Sovet mütəxəssisləri arasında tərcüməçi kimi mən də var idim və bu elmdən az-çox xəbərdaram. Və bayaqdan Qaxın tarixi abidələrindən, unikal “İçəribazar”dan, qədimiliyindən havayı yerə danışmıram ki... Burda quruculuq işlərinə yanaşmanın sərrastlığı bütün uğurların açarıdır, əvvəldən işi düz qurublar. Belə ki, burda son illərdə nə tikilib-qurulubsa keçmişin, tarixin, qədimiliyin davamı kimi meydana gəlib ki, bu da göz oxşayır. Bu qədim Qaxın memarlıq stilidi, üslubudu. Tutaq ki, Qax stilini Şirvan şəhərinə tətbiq etmək olmaz və olsaydı belə uğursuz, qarışıq, pinti bir şey olardı. Qaxda isə bunu tarixi, tarixi memarlığımızı diksindirmədən icra eləyiblər və tarix bu günə qovuşub və bu qovuşmadan sabah üçün möhkəm təməl yaranıb.

Qaxda son illərdə 3050 şagirdi əhatə edən 14 məktəb tikilib, 4 məktəbdə əlavə sinif otaqları inşa olunub. Bələdçim dedi ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 480 şagird üçün iki məktəb binası tikilmiş, 1176 şagirdi əhatə edən bir məktəb binası isə əsaslı təmir olunmuşdur. Mədəniyyət ocaqları, tibbi mərkəzlər, parklar, xalçaçılıq emalatxanası – heç nə diqqətdən kənarda qalmır. Heydər Əliyev Mərkəzinin binası başqa rayonlarda gördüyüm mərkəzlərin heç birinə bənzəmir. Bina qədim tarixi memarlıq stilində tikilib, içəri girirsən XXI əsr. Bu mərkəzdə xarici dil, kompyuter kursları, milli və bal rəqsləri studiyaları, turizm üçün xidmətçilər hazırlayan kurs fəaliyyətdədir. Qax Olimpiya İdman Kompleksi, “El-Resort” oteli, Səngər Qala, Yaşıl Park, Edem, Uludağ, Ulu, İlisu istirahət mərkəzləri, Gümrük mehmanxanası, nələr... nələr... Yeri gəlmişkən beş ulduz “El-Resort” otelinin layihəsi İngiltərədən gəlib. Bəlkə də 26 il bundan əvvəl mənim Qaxa qonaq apardığım ingilislərin qohumlarındandır bu proyektin müəllifi – ola bilər. Deyilənlərə görə bütün Avropada belə möhtəşəm və gözəl otel yoxdur. Qaxda görülən işləri saysam çox uzun bir siyahı alınar. Mənim tez-tez işlətdiyim bir söz var; deyirəm ki, muğam haqqında danışmazlar, muğama qulaq asarlar. Qax da öz gözəlliyi ilə, bu günü, sabahı ilə, qədimiliyi, doğmalığı ilə mənim üçün bir muğam dəsgahıdır. Mənim Qax haqqında yazdığımı oxumaqdansa, bir dəfə yolunuzu ordan salın, gözlərinizlə görün. Min dəfə eşitməkdən bir dəfə görmən gözəldi – atalarımız belə deyib, mənim sözlərim deyil.

Azərbaycanımızda elə kəndlər, elə rayon mərkəzləri var ki, az da olsa bir-birinə oxşayır. Qax isə  nə Azərbaycanımızın, nə də dünyanın başqa şəhərinə bənzəmir, onun öz gözəlliyi, öz duruşu, öz yerişi, öz baxışı və öz siması var – cümlədən də gördüyünüz kimi nəyi varsa özünündür, özünə məxsusdur.

Fikrinizə gələ bilər ki, üzümə deməsəniz də ürəyinizdən keçirdərsiniz ki, çox şişirdirsən ha... Başqa bir yazımdakı cümlədən istifadə edəcəyəm: Vallah mən şişirtmirəm, özü şişir...

Qaxda görülən işlərin həcmi müddətlə müqayisədə mənə çox böyük göründü.Odur ki, gülərüz bələdçim Musa müəllimə dedim:

– Ay qardaş, bir belə işi, özü də bu keyfiyyətdə belə qısa zamanda necə çatdırmaq olar axı?

Musa müəllim Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin adını çəkdi:

– Sağ olsun Əhməd müəllim,  o olmasaydı,  biz bu işləri başa çatdıra bilməzdik, bizə hərtərəfli dəstək olub, şəhərimizin gözəlləşməsində, yenidən qurulmasında onun xidmətləri əvəzsizdir. Gorürsünüz də şəhərimizi, burda elə bir bina tapa bilməzsiniz ki, onun gözəlləşməsində Əhməd müəllimin əli olmasın... Allah onu bizə çox görməsin... Yollarımız şüşə kimi, küçələrimiz...

– Doğrudan, Qaxda hər şey özünəməxsusdur,- dedim, – bircə yollarınız... əsl Avropa standartıdır.

– Sağ olun... – dedi.

– Siz sağ olun ki,.. belə...

Qax Avropaya səyahətim zamanı gördüyüm şəhərin ən yaxşılarındandır. Söhbət onun böyüklüyündən, balacalığından getmir. Şəhərin böyüyü-kiçiyi olmaz, şəhərin gözəli və qeyri-gözəli olar...

Musa Şəkiliyev Əhməd Əhmədzadədən ürək dolusu danışdı, axırda da dedi ki,

– Əslən qaxlıdı  ...yerlimizdi.

Əhməd müəllimin öz el-obasına qayğı və diqqətindən mən də xeyli məmnun oldum. Doyunca məmnun olmamış qanım da qaraldı. Yadıma kütləvi informasiya vasitələrinin birində Əhməd Əhmədzadənin adının qarayaxdı janrında hallandırılması düşdü. Əhməd müəllim Azərbaycan masştabında da böyük işlər görmüş vəzifə sahiblərindən biridir, hörmətli-izzətli kişilərdəndir. Hər halda Azərbaycan xalqı onu belə tanıyır. İstər Sovet dövründə, istərsə də müstəqillik illərində Heydər Əliyevlə çiyin-çiyinə işləyib, siyasi nəticələrə görə  hesablasaq, ölkəmizin ən böyük siyasətçisinin məktəbini keçib, tərbiyə alıb, öz yerini bilib və öz yerini bildiyinə görə başqalarının da yerini dəqiqləşdirib, bilib. Xalq Əhmədzadəni reket jurnalistin yazdığı kimi yox, başqa cür tanıyır. Xalqın gözü tərəzidir, reket jurnalistin özü qərəzlidir.

Yeri gəlmişkən, reket jurnalistlərin hamısı quldu – onlar nəfsinin quludu. Belə yazılar yazmağa onları vadar eliyən də olmayan vicdanları deyil, nəfsləri məcbur eləyir. Ancaq yel qayadan heç nə qopara bilməz, elə hər mənada... lap qoparmaq mənasında da...

Əhməd müəllim Azərbaycan masştabında gördüyü işlərlə və Qaxda yaratdığı gözəlliklə öz avtoportretini çoxdan çəkib, ərsəyə gətirib. Heç kəs onun portretini pozub yenidən öz eybəcər zövqünə və nəfsinə uyğun çəkə bilməz – portret çoxdan hazırdır...

Əhmədzadə həm də qədim İlisunun xilaskarı hesab olunur. Əgər onun tikdiyi qoruyucu bəndlər olmasaydı, bəlkə də bu kəndin yarıdan çoxunu sel aparmışdı. Və Əhmədzadə bu cür işləri təkcə İlisuda yox, Azərbaycanın ehtiyacı olan bütün bölgələrində görüb və görür də.

Nə isə ... Lənət şeytana !

Qax bir rayon kimi 1930-cu ildən mövcuddur. Arada onu Zakatalanın tərkibinə də qatmışdılar. Sonradan, səhv eləmirəmsə 1964-cü ildən yenidən müstəqil rayon statusunu bərpa elədilər. Tarixcə qədim olsa da, rayon mərkəzi kimi cəmisi 84 yaşı var. Və Qax heç vaxt son illərdəki kimi sürətlə inkişaf etməmiş, gözəl, təmiz, möhtəşəm bir şəhərə çevrilməmişdi. Qax  qaxlılar da mənim doğmalarımdı. Onların da, özümün də əvəzinə ikiqat sevinirəm...

Bir sözlə, Qax özünün intibah dövrünü yaşayır.

İntibahın mübarək!..

Bakı-İlisu-Qax-Bakı

9 oktyabr

 

Seyran Səxavət

525-ci qəzet.- 2014.- 11 oktyabr.- S.10-11.