İki evdən Kiyevəcən... - V yazı

 

 

 

Fraqmentlər

Söhbətimizin elə məqamıdı ki, bir neçə gün boyunca Kiyevdə gördüyüm, eşitdiyim, maraqlanıb haqqında öyrəndiyim nə varsa, hamısını bir yerə toplamaq istəyirəm. Bunlarsa yetərincədi...                                                       

Xatırlayırsızsa, üçüncü yazıda Kiyevin 30-a yaxın muzeyin  olduğunu qeyd etmişdim. Bu qədim şəhərdə olub da, Peçerskaya Lavra möcüzəsini görməmək qəbahət sayılar. YUNESKO-nun mədəni irs siyahısına düşən memarlıq incisi görənləri heyran edir. Amma bu barədə bir qədər sonra.

Kiyevdəki muzeylərin bir qisminin bəlkə də heç yanda analoqu yoxdu. Yalnız adlarını sadalasam, yəqin hər şey sizə əyan olacaq: Tualet tarixi muzeyi, Eksperimentanium, Yanğınsöndürən işi muzeyi, Şokoladlı ev, Bir küçənin muzeyi və sair.

Əslində, qısa vaxtda maraqlı tərtibat quruluşu, ekspozisiya-fond zənginliyi, bələdçilərin peşəkar və həvəsli şəkildə təqdimatıyla yadda qalan muzeylərin hamısını ziyarət eləmək müşkül işdi. Kimin qonaq ikən bir-iki günlüyə vaxtı varsa, ən münasibi şəhərin bir nahiyəsini seçməkdi. Bəli, məhz bu yolla müəyyən qism yerlərlə tanışlıq mümkündü.

Mən “Arsenal” metrostansiyasından çıxıb, bir qədər irəlidə Dneprə açılan mənzərəni, “Qolodomor”, Ukrayna Milli Böyük Vətən müharibəsi, Zinət nümunələri, Miniatür  muzeylərini, Peçerskaya Lavra tarix-memarlıq qoruğunu ziyarəti sərfəli variant kimi düşünüb də, demək olar bütün günümü sərf etdim. Və doğrusu axşam evə xeyli zəngin təəssüratla qayıtdım.

Birinci adını çəkdiyim muzeyin adı ukraynacadan tərcümədə aclıqdan ölənlər mənasını verir. Beş il qabaq ötən prezidentin göstərişiylə yaradılmış muzeyi təsirlənmədən tərk etmək olmur. Bura qədəm basan kimi faciənin, dərdin, ələmin aurasına düşürsən. 1932-33-cü illərdə SSRİ-də, əsasənsə Ukraynada o zamankı rəhbərlərin süni şəkildə yaratdığı taxıl qıtlığından əziyyət çəkənlərin, daha doğrusu müsibətə düçar olanların taleyini əks etdirir bu muzey. Yüz minlərlə adamın aclıqdan ölməsiylə nəticələnən o illərin statistikası burada sərgilənən kitablarda, broşürlərdə, açıqcalarda öz əksini tapıb. Gün ərzində fasiləsiz olaraq dairəvi zal formasında olan muzeyin divarı boyu sənədli filmlər nümayiş etdirilir. Səsləndirmə ukraynaca olsa da, subtitrlə təsvirlərin izahı verilir. Maraqlıdı ki, bütün Ukrayna üzrə faciə qurbanlarının kimliyi və digər statistik məlumatların hər bir vilayət üçün ayrıca buraxılmış iri həcmli kitablarda əksini tapıb. Bu mənzərə qarşısında dəhşətə gəlməmək mümkünsüzdü. Qurbanların xatirəsinə ehtiram olaraq bir küncə qoyulmuş xırdaca şamlardan yandırmaq ənənəsi var. Təbii ki, mən də faciəyə tuş gələnlərin aqibətinə ehtiramımı bildirdim.

Bir fakt da maraqlıdı ki, bu muzey son vaxtlaracan tamam pulsuz fəaliyyət göstərib. İndisə rəmzi bir məbləğ – bizim pulla təqribən 30 qəpik ödəmək lazım gəlir. Muzey əməkdaşının dediyinə görə bu məbləğ çap məhsullarının xərcini çıxarmaq baxımından onların əlindən tutur.

“Qolodomor”da olarkən, bizim kütləvi qırğına məruz qalanları – Xocalı faciəsini xatırladım. Belə bir muzeyin Xocalı müsibətinin dünyaya çatdırılmasının tutarlı bir yolu, vasitəsi olacağı şübhəsizdi.

“Slava” parkı

Bu parka “Qolodomor” muzeyindən bir az irəli getməklə tanışlıq imkanı var. Elə təsəvvür edin ki, təqribən bizim Dağüstü park kimi yerdi. Dnepr çayı ovuc kimi görünür ordan. Parkın ən baxımlı yerində Ukrayna Milli Böyük Vətən Müharibəsi Muzeyi yerləşir. Üç mərtəbəli, bolluca eksponatı və maraqlı quruluşu olan muzeydi. Giriş 15 qrivnadı – bizim pulla heç 1 manat da eləmir. Şəkil çəkdirmək istəsən, gərək əlavə olaraq bu məbləğin üçdə biri qədər ödəyəsən. Bu barədə elan olmadığından, eksponatları lentə almaq istəyəndə xəbər tutdum...

Peçerskaya Lavra

“Qolodomor”la “Slava” parkı arasında qərar tutur. Bura azacıq da olsa, doğma İçərişəhərlə müqayisəyə gəlir. Qala divarları içərisində bir şəhərcikdi. Otuzdan artıq tikilisi, o cümlədən neçə-neçə kilsə, bizdəki karvansaraya bənzər və mənası tərcümədə mağara olan yerləri var. Kiyevdə dindarların, arxeoloqların, xarici turistlərin ən çox üz tutduğu məkanlardandı bura. Lavradan bir addımlıqda olan Dneprə baxmaq xoş duyğular oyadır. Qoruq-abidəylə çay arasında göz oxşayan yaşıllıq zolağı var.  Yaşıllıq demişkən, burada – həm Lavranın sağ yanında, həm də ondan bir qədər irəlidəki “Slava” parkının yaxınlığında təmtəraqlı şəxsi evlər, malikanələr diqqətimdən yayınmadı. Və o saatca yadıma düşdü ki, bir il əvvəl sənət incisinin – bu unikal memarlıq abidəsinin az qala YUNESKO-nun siyahısından çıxarılmaq təhlükəsiylə üzləşməsinə səbəb nəymiş. Bu evlərin və yaxın ətrafda şəhərsalma prinsipləri gözlənilmədən inşa edilən binaların güdazına gedəcəkmiş qoruq. Meriyanın və bütövlükdə Ukrayna rəhbərliyinin təxirəsalınmaz tədbirlər görəcəyi söylənmişdi həmin vaxt...

Hər şeydən bir misqal...

On rayondan ibarət Kiyevdə əhalinin milli tərkibiylə maraqlandım. Beş il əvvəlin məlumatına görə, sakinlərin 83 faizi yerli xalqın nümayəndələridi. Sayca onlardan sonra ruslar gəlir – 14 faiz. Bizimkilərdən, yəhudi, gürcü, erməni və başqa milliyyətlərdən olanlarsa əhalinin üç faizini təşkil edir.

Keçək nəqliyyat məsələsinə. Paytaxtda üç aeroport fəaliyyət göstərir: “Borispol”, “Kiyev” (Julyanı) beynəlxalq və Qostomel (yük aeroportu Antonov) aeroportları. Dəmiryol vağzalı da tək deyil. Kiyev-Sərnişin, Cənub vağzalı, Şəhərətrafı vağzal, Karavayevlər bağı (şəhərətrafı) və Darniskiy vağzallarının olması burada dəmir yol nəqliyyatının əhəmiyyətli rol oynadığından xəbər verir.  Uzun illər boyu Kiyevdən Bakıya da qatarlar gəlib-gedirdi. Təəssüf ki, indi Luqansk və Donetsk vilayətində gedən döyüşlərlə əlaqədar bu istiqamətdə hərəkət dayanıb.

Kiyevdə şəhərdaxili sərnişin daşınmasında əsas yeri metro tutduğunu demişdim. Sonrakı yerlər avtobus, tramvay və trolleybusun payına düşür. Doğrusu, mən avtobusa heç minmədim, əsasən metrodan istifadə etdim. Cəmi bir dəfəsə vaxtilə bizdə fəaliyyət göstərənlərdən seçilməyən tramvaya minib, az qala yadırğadığım bu nəqliyyat növünün necəliyini xatırlamaq istədim. İki il əvvəl İstanbulda olanda tramvayla yol getməyimi indicə söylədiyim fikri təkzib edəcək fakt saymıram. Nədən ki, qardaş ölkənin paytaxtında modern tramvay o qədər rahat, dizaynı, texniki parametrləri baxımından fərqliydi ki, ta uşaqlıqdan bu yana gördüyüm, mindiyim dəmir təkərli “araba”nı xatırlatmırdı. O tramvay ki, aşağı sinifdə oxuyan vaxtlarımda tələsərkən mənim məktəbə yolumu kəsə eləyirdi. Kiyevdə ölkəmizin Ukraynadakı səfirliyindən çıxıb, Kontraktovi ploşad metrostansiyasınacan olan bir neçə dayanacaqlı yolu taqqıltısıyla sanki sənə layla çalan tramvayla getmək, həmin qayğısız illərə qayıtmaq keçdi könlümdən. Tramvayın pəncərəsindən boylanıb da o çağları görmək istədim. Amma gözüm pəncərədəykən, bir səs məni diksindirdi: orta yaşlı bilet nəzarətçisini başımın üstə gördüm. Ödəniş haqqı yığırdı. Bizim pulla təqribən 9 qəpik verib, biletimi aldım...

Maraqlıdı, ölkə müharibə şəraitində olsa da, paytaxt sakinlərinin üz-gözü həmişəkitək gülərdi. Adi adamlar heç nə olmayıbmış kimi həyatlarını davam etdirirlər. Şəhərdə dilənçilərə, səfil həyat keçirənlərə, kefli adamlara nadir halda rast gələrsən. Yeri gəlmişkən, bizdə bəzi adamların slavyanlarla bağlı təsəvvüründə yanlışlıq var. Görkəmləri baxımından əsasən iki yerə bölünən, gözəllikləriylə seçilən, ya tipik slavyanlara məxsus – sarısaç, ağbəniz alagöz, ya da qafqazlıları xatırladan qaraşın, qaragöz  adamlardan ibarət ukraynalılar ailə dəyərlərinə böyük önəm verirlər. Sevib ailə qurmaq, bir-birinə sadiq qalmaq ənənəsi var bu xalqın. Üstəlik ruslar qədər içən də deyillər...

Amma yox, bu şəhərdə müharibə şəraitini duymaq mümkündü: rəsmi yerlərə, adamlara üz tutanda gərginliyin, baş qarışıqlığının olduğu aşkara çıxır. Görünür elə bu səbəbdən hələ səfərdən xeyli qabaq Kiyev meriyasına, Taras Şevçenko adına Kiyev Milli Universitetinə göndərdiyim məktublar cavabsız qalmışdı. Necə deyərlər, rəhbər şəxslər o hayda deyillər.

Universitet demişkən, Kiyevin təhsil şəbəkəsi genişdi. Ümumiyyətlə, bu gün Kiyev nəinki Ukraynanın, dünyanın ən böyük elm-təhsil və mədəniyyət mərkəzlərindən biridi. Burada Ukrayna Milli Elmlər Akademiyası (UMEA), təqribən 70 ali, 350 orta məktəb, 100-dən çox gimnaziya və lisey, 25 teatr var.

Doqquz il əvvəl 50-ci Avroviziya musiqi müsabiqəsinin, 2012-ci ildə isə futbol üzrə Avropa çempionatının keçirildiyi dörd şəhərdən biri olan Kievdə inişil çoxlu sayda azarkeşlərin gəlişiylə əlaqədar görməli yerlərin gəzintisini təşkil edən marşrutlar fəaliyyət göstərmişdi. Müəyyən məbləğ ödəməklə, şəhəri əməllicə dövrə vurmaq turistlər üçün heç də maraqsız olmayıb. Məlumat üçün deyim ki, Londonda və dünyanın bir çox böyük şəhərlərində xüsusi qatarlar bir dəfə ödəniş etdikdən sonra səhərdən axşamadək dəfələrlə düşüb-minmək şərtilə sərnişini bütün görməli yerlərə aparır. Fikrimcə, gələçəkdə belə bir şeyi Bakıda da gerçəkləşdirmək olar. Bu, turist cəlb etməyin münasib yollarından biridi...

Kiyev dünyanın ən yaşıl şəhərlərindən biri hesab olunur. Meşələr parklar və bağlar şəhərin ümumi sahəsinin təqribən yarısını təşkil edir. Şəhərin ərazisində iki böyük botanika bağı var. Onlardan biri Dnepr çayının yaxınlığındadı. On hektarlarla ərazini əhatə edən bu bağda saysız-hesabsız bitki növləriylə tanışlıq imkanı qazanırsan. Kiyevin rəmzi sayılan şabalıd ağacınınsa burada öz yeri var. Mayda bütün şəhər şabalıdın çiçəklərinə qərq olur. Və bu Kiyevin hüsnünü daha da artırır...

Qorki küçəsi, 88

Bu ünvanda “Bakı” restoranı yerləşir. Səfərimin axırıncı günü, son saatlardan biri həmin ünvanda keçdi. Çox axar-baxarlı, səliqəli, zövqlü yerdi. Xidmət edən personalı görməsən, ukraynaca və rusca danışıqlar qulağına dəyməsə, özünü eləcə Bakıda hiss edərsən. Milli mətbəximizin bütün yeməklərindən, şirniyyatlarımıza, kəklikotulu, mixəkli çaylarımıza, mürəbbələrimizəcən ürəyin nə istəsə burda var. Şərait ürəkaçan, təamlar keyfiyyətli. Dadanların xoş halına...

Bakıya sarı

Təyyarədə yerim üçnəfərli sırada ortadaydı. Sağımda təqribən mənimlə yaşıd olan, iqtisadçı ekspert, Marina adlı gözəl xanım, solumda Ruslan adlı gənc hərbçi texnoloq əyləşmişdi. Təsadüfən hər ikisi bir şəhərdən – Xarkovdan olduğu bilinən yol yoldaşlarımla tezcə ülfət bağlayıb, çeşidli mövzularda danışdıq. Bunlar bir yana, maraqlısı oydu ki, güzarı dəfələrlə Bakıya düşmüş Marina ilk dəfə Azərbaycana qonaq gələn Ruslanı özünəməxsus şəkildə təlimatlandırırdı: “Çox mehriban, qonaqpərvər adamlardı. Dava-şavasız yerdi, nə vaxt beyninə düşsə – lap gecənin bir aləmində – çıxıb gəzə, yeyib-içə bilərsən. Kabablarına, plovlarına, qutablarına söz yoxdu – yeyəndə barmaqlarını yalayırsan... Amma çalış, qatıq-süd, kolbasa-sosiska alma – keyfiyyətsizdi. Qadınlarına sarı da baxmasan, başın salamat qalar... Bilirsən, bura çox maraqlı yerdi, adamlar heç vaxt heç yerə tələsmirlər, sanki heç kim işləmir... Amma hamısı yaxşı dolanır...”

Beləcə, Marina Ruslanı çox mətləblərdən agah elədi. Mənimsə xəyal atım bu səfər gedə bilmədiyim Kremençuk, Çerkassı, Xarkov, Lvov, Odessanı dolaşırdı.. Və bir də Kiyevdə nələrinsə irəlicədən gözlədiyimdən fərqli alınıb-alınmamağıyla bağlı məqamlarla qolboyunuydum...

Bakı- Kiyev-Bakı

 

Seymur ELSEVƏR

525-ci qəzet.- 2014.- 11 oktyabr.- S.8.