Kissincerin yeni
kitabı: qlobal geosiyasətin cavabsız sualları
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin "Dünya nizamı" adlı yeni əsəri çapdan çıxıb. Artıq orada ifadə edilən fikirlərin təhlili verilir. Müəllif müasir dövrdə qlobal geosiyasətin əsas problemlərinə diqqəti yönəldir. Onun gəldiyi nəticə geosiyasətdə əsas prinsiplərin yeniləşməsidir. Bunun üçün böyük dövlətlər qüvvələrin balanslaşdırılması siyasətinə qayıtmalıdırlar. Ancaq onlar bunu yeni şərtləri nəzərə almaqla etməlidirlər. H.Kissincer bu zaman Amerikanın liderliyini saxlamasını əsas məqamlardan biri hesab edir və bunu müxtəlif kontekstlərdə vurğulayır. Eyni zamanda, müəllif hazırda qlobal geosiyasətdə müşahidə edilən ziddiyyətləri də təhlil edir və dünyanın yeni nizamlama qaydalarını tapmalı olduğunu qeyd edir. Böhran var və bunu inkar etmək mümkün deyil. Sonrakı mərhələdə nələr ola bilər?
Dünya nizamının böhranı: səbəbi nədir?
Dünyanın geosiyasi nizamının yeniləşməsi zərurəti haqqında mütəxəssislər xeyli vaxtdır ki, müzakirələr aparırlar. Demək olar ki, "mövcud beynəlxalq münasibətlər sistemi böhran keçirir" tezisi hamılıqla qəbul olunur. Bu səbəbdən qlobal miqyasda ciddi geosiyasi ziddiyyətlər özünü göstərməkdədir. Digər aktual məsələ böyük dövlətlərdən hər birinin yaranmış vəziyyətdən çıxış yoluna öz yanaşmasının olmasıdır. Məsələn, ABŞ, Avropa, Rusiya və Çinin yanaşmaları bir-birindən fərqlənir. Bir çox hallarda onların mövqeləri toqquşur. Söhbət dünyanın yeni nizamının formalaşmasının təməl prinsiplərinin uzlaşdırılmasından gedir.
Maraqlıdır ki,
ABŞ-ın özündə problemə fərqli yanaşmalar vardır. Burada realistlərlə idealistlər
arasında mübahisələr
getməkdədir. Onları fərqləndirən əsas məsələ təməl prinsipin müəyyənləşdirilməsidir – realistlər Amerikanın xarici siyasətdə konkret vəziyyətə uyğun olaraq qüvvələr balansına
nail olmasına, idealistlər
isə amerikan dəyərlərinin, sərt
güc tətbiq etmək bahasına olsa belə, dünya boyu yayılmasına üstünlük
verirlər. Obrazlı şəkildə
deyilsə, realistlər
tarazlığa, idealistlər
isə transformasiyalara
(dəyişikliklərə) can atırlar.
"Realpolitik" tərəfdarları
qüvvələrin nisbətinin
dəqiq hesablanmasına
və milli maraqlar konsepsiyalarına əsaslanırlar. Onların mövqeyinə görə,
beynəlxalq münasibətlər
sisteminin əsas iştirakçıları bir-birinə
öz maraqlarını
qəbul etdirməyə
deyil, azad seçim əsasında, dəyişən vəziyyəti
nəzərə alaraq
qüvvələr balansının
yaradılması strategiyasına
üstünlük verməlidirlər.
Henri Kissincer son illər
realizmlə idealizmin sintezindən bəhs edir. Məsələn, ABŞ-ın Yaxın
Şərq siyasətini
təhlil edərkən
o, qüvvələr balansını
yaratmaqla Amerikanın maraqları və dəyərlərini birlikdə
nəzərə almağı
tövsiyə edir.
Bu mənada amerikalı
analitik və diplomat yazır: "Bunun naminə indi bir-birini qarşılıqlı
şəkildə inkar
edən realizmlə idealizmi barışdırmaq
lazımdır" (bax:
Henry Kissinger: Meshing realism and idealism in Syria, Middle East / "The
Washington Post", 3 avqust 2012).
Məşhur diplomatın son kitabı olan "Dünya nizamı"nda (Henry Kissinger. World Order.
Penguin Press HC, 432 səh.) yuxarıda toxunulan problemlər daha geniş şəkildə
təhlil edilir (bax: Jacob Heilbrunn. Kissinger's Counsel / "The National Interest", 26 avqust 2014). Qeyd edək ki, H.Kissincerin əsəri sentyabrın 9-da çapdan
çıxmalı olduğu
halda, onun haqqında rəylər bundan əvvəl dərc olunub.
Kitabda müasir
beynəlxalq münasibətlər
sistemində mövcud
olan ziddiyyətlərə
geniş yer verilib. Müəllifin bununla
bağlı gəldiyi
qənaət aşağıdakı
kimidir: "Müasir dünyanın əsasında
duran nizamlılıq konsepsiyası böhran vəziyyətindədir" (bax:
Henry Kissinger on the Assembly of a New World Order / "The Wall Street
Journal", 29 avqust 2014). Bunun
səbəbi isə dünyanın böyük
dövlətlərinin balans
yaratmağa deyil, maksimum dərəcədə
öz maraqlarını
təmin etməyə
can atmasıdır. Nəticədə ABŞ, Rusiya, Çin və digər supergüclər arasında
ixtilaflar dərinləşir.
Mənasız yerə silahlanma
yarışı gedir.
Çıxış yolu: gözəl nəzəriyyə
və acı reallıq
Bunlarla yanaşı,
müxtəlif regionlarda
münaqişələr şiddətlənməkdədir. Demokratiyaya üstünlük
verən dövlətlər
ağır vəziyyətə
düşürlər. H.Kissincer bu kontekstdə Əfqanıstanı misal gətirir, Liviya, Suriya və İraqda baş verənlərə diqqət
çəkir. Lakin sadalanan
problemlərin meydana gəlməsi regional və
lokal amillərdən qaynaqlanmır. Burada dünya
nizamının əsas
prinsiplərinin qlobal miqyasda böhran keçirməsindən danışmaq
lazım gəlir.
Onların sırasında
böyük dövlətlərin
müasir dünyanın
ən aktual problemləri üzrə məsləhətləşmələr aparmaq və mümkün əməkdaşlığa
nail olmaq üçün
səmərəli mexanizmlərə
malik olmamalarını
xüsusi vurğulamaq
gərəkdir (bax: əvvəlki mənbəyə).
Bunun üçün xarici siyasətin strategiyası dəyişməli, burada qüvvələr balansının
yaradılması əsas
məqsəd kimi qəbul edilməlidir.
H.Kissincer dünya nizamını böhran vəziyyətinə
salan başqa amili də göstərir. Ancaq bütün
bu mülahizələrin
arxasında ABŞ-ın
dünya liderliyini təmin etməyin yeni üsullarını axtarması durur. H.Kiccincerin apardığı təhlillərdə
bu, ana xətt
təşkil edir.
O cümlədən, Rusiya
və Çinlə qüvvələrin tarazlaşdırılması
Vaşinqtonun uzun illərdir həyata keçirdiyi liderliyinə
daha dinamik məzmun verilməsinə
xidmət edir.
Şübhəsiz ki, istənilən bir dövlətin öz dəyərlərini
başqalarına zorla
yeritmək cəhdləri
təqdirəlayiq deyil. ABŞ və Avropa bir neçə əsrdir ki, Vestfal sazişində ifadə olunan prinsiplərə beynəlxalq
münasibətlərdə universal qaydalar kimi əməl
edirlər. Digər ölkələr
də bunu qəbul ediblər. Məsələ bundan ibarətdir
ki, indi həmin prinsiplərin müşahidə edilən
böhranını da
məhz dünya ağalığı iddiasında
olan Qərb yaradıb.
Nədənsə, məsələnin bu tərəfinə H.Kissincer
ciddi yanaşmır. Dünyanı
indiki hala gətirib çıxaran
ABŞ-ın İraqda
etdiyi haqsızlıq,
Əfqanıstanda neçə
illərdir ki, həyata keçirdiyi siyasət, dünyanın müxtəlif regionlarında
baş qaldıran münaqişələrin həllinə
ikili standartlar əsasında yanaşması,
siyasi ədalətsizliyidir.
Belə çıxır ki, əslində, prinsiplər
deyil, onların yanlış mənalandırılması
və real siyasətdə
nəzərə alınmaması
dünya nizamına daha çox ziyan vurur. Belə olan
halda qlobal miqyasda qüvvələr balansını necə yaratmaq olar? Təcrübə göstərir ki,
hazırda heç bir böyük dövlət bu barədə düşünmür.
ABŞ Yaxın Şərqdə öz marağını həyata
keçirməyə çalışmaqda,
Rusiya Ukraynada eyni funksiyanı yerinə yetirməkdə,
Çin də Cənubi-Çin dənizində
öz mənafeyi uğrunda mübarizə aparmaqdadır.
Bunlar müasir
geosiyasətin gerçəklikləridir. Bəs həmin
vəziyyətdən qarşılıqlı
maraqları gözləyən
tarazlaşdırma siyasətinə
keçmək üçün
şanslar nə dərəcədə yüksəkdir?
Bunu heç kəs bilmir və H.Kissincer də bu barədə danışmır. Həmin səbəbdən
hətta ən mükəmməl nəzəri
konsepsiya belə, kiçik geosiyasi problemi həll etmək üçün yetərli deyil.
Belə təəssürat yaranır
ki, müasir dövrdə dünyanın
yeni nizama transformasiyası məsələsinin
real həllini tapması
çətin məsələlərdəndir. Çünki bəzi hallarda Qərbin aparıcı mütəxəssisləri belə
konkret faktları, böyük dövlətlərin
əsl məqsədlərini
gizlədirlər. Onlar təmsil
etdikləri dövlətlərin
geosiyasi maraqlarını
elmi təhlil prinsiplərindən üstün
tuturlar.
Haqqında bəhs etdiyimiz kitabında H.Kissincer bu cür fəndlərdən
Qərbdə XVII əsrdən
etibarən istifadə
olunduğunu etiraf edir. O dövrdə Avropa
dövlətləri zahirən
"xristian torpaqlarında
sülh" uğrunda
mübarizə apardıqlarını
təntənəli şəkildə
vurğulayırdılar. Əslində,
onların həqiqi məqsədi balanslaşdırılmış
rəqabət yolu ilə sabitliyi təmin etmək olub (bax: Jacob Heilbrunn. Kissinger's Counsel /
"The National Interest", 26 avqust 2014).
Bəs indi yüksək tonla "dünyada sülh və barışı təmin edirik", "demokratiyanı
yayırıq", "regionlara
sabitlik gətirmək
istəyirik" və
s. kimi səslənən
şüarlar arxasında
hansı məqsədlər
durur? Özü də maraqlıdır
ki, eyni şeyləri demək olar ki, dünyanın
bütün böyük
dövlətləri deyirlər.
Çox
güman ki, onlar bu dəfə
də blef edirlər. Söylənən şüarlar başqa
məqsədləri ört-basdır
etmək üçündür.
Bax, dünya nizamının böhranı bu kimi hərəkətlərdən
yaranır.
Hər bir halda Henri Kissincerə minnətdarlıq düşür. "Realpolitik" nəzəriyyəsinin atası qlobal geosiyasətin ağrılı məsələlərini növbəti dəfə oxuculara çatdırıb. O, verdiyi suallarla ABŞ başda olmaqla liderliyə can atan ölkələrin əsl məqsədlərini ifadə edir. Həmin suallardan biri "Biz (yəni ABŞ – L.M.) təkbaşına dünyaya nə verə bilərik? Hansı dəyərləri yaya bilərik?" kimidir. Bizcə, cavab aydındır.
Leyla Məmmədəliyeva
525-ci qəzet.-
2014.- 11 oktyabr.- S.9.