Fanilik fəlsəfəsindən
dünyanın duru dəminə
...Ölümü
şərbət kimi içə biləcək insan... Səndən
özgə qibtə ediləcək kimsə varmı?..
lll
Yaranışın
ən ulu, ən ali həqiqətini dərk
etmək xoşbəxtliyi yaşın iyirmisində, əllisində
də gələ bilər, səksənində də
tanımaz səni.
Taleyin
hökmü də vaxtını bilir
Vaxta
hökm edə bilməsən də, nə qorxusu -
Özündən özünə yol çəkə
bilsən?!
Olur ki, adam heç bilmir "bu ünvanda, bu adda"
yolçuluğun səbəbini harada gəzsin, nədə
arasın... Eləcə arınmaq, paklanmaq ehtiyacın gələndə,
insan kimi qədrini-qiymətini bilmək istəyəndə, bir müdrik məsləhətinə,
bir iynə ucu boyda işığa təmənnalı olanda...
götür kitabını
varaqla Məmməd Arazın:
Bir gör ürəyində insan yatırmı?
İnsanla
baş-başa insaf yatırmı?..
Və
hökmən bu məqam yetirəcək özünü:
Mən kiməm? -
Zərrənin
milyonda biri
Bunu dərk
edəndən sonra bu fani dünyanın acı fəlsəfəsi
adiləşəcək gözündə, başa düşəndə
ki,
Bir zərrənin
işığına milyonlar şərik -
Hamımızın
və hər birimizin olan, heç kəsin və heç
birimizin olmayan bu dünyada zarımağa ömür deyib
ağlamaqdan nə fayda...
Axı həyat
- öz evindən
Qəbristana yol deyildir.
Bax, onda
Atın məni
tank altına...
...Qundaqdakı
bir körpəni xilas edim...
arzusundan
göyərən ölümə qibtə edirsən...
lll
İnsanın və Millətin Şərəf və
Faciəsi anlayışlarını bütün
çalarları ilə - tariximizin 37 səhifəsindən
sonra - ictimai-siyasi həyatın gərgin psixoloji ovqatı bir
də 90-cı illərin yaddaşına yazdı. Yanvar faciəsinin
sarsıntılarında şeirimizin uzaq efirdən eşidilən
əks-sədası ("Davam edir 37...") təklənmiş
xalqın özünə təsəllisi idisə, dərdimiz
"ağla, qərənfil ağla" dayağına dirsəklənirdisə,
milləti kədərdən, göz yaşından silkindirib
qaldıran bir hayqırtı xalqın mübariz ruhunu
bayrağa çevirdi:
Nə
yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa
dur, Azərbaycan, səninləyəm!
Məmməd
Araz şeiri millətin göz yaşını qurutdu, qəddini
dikəltdi:
Ağlamağın
yeri deyil, ağlama!
Amma həmin
90-cı illərin əvvəllərində adını adına qoşduğu Arazın tikanlı məftilləri
söküləndə şair
Özümdən-özümə
muştuluq yetər,
Gözlərim,
sizin də gözünüz aydın!
Qəlbimdən
birbaşa Təbrizə gedən
Bir yol cilovladım, bir tel ayırdım.
qismətinə görə "ilahi, haqqına şükür"
deyirdi. Şair qəlbinin sadəlövhlüyü
ilə "daha daş ağlamaz..." inamına şükr
edirdi.
Məmməd Araz üçün daş obrazdır, vətəndaşdır,
vətənin daşıdır, o vətənin ki,
"daşı da şeir göyərdir".
Vətən
daşı olmayandan
Olmaz
ölkə vətəndaşı
deyəndə ağlına gəlməzdi ki, daşın qınaq, xəcalət
yeri olmaq ağrısını yaşayacaq. Bir Vətən
torpağı üstündə gəzən insanın əlinə
aldığı daş... qardaşına tuşlananda...
çətin... çətin ki, Məmməd Araz bu
misralarının üzünə baxa biləydi:
Bu
torpağın daşı olub qalaydım,
Yoxdu özgə umacağım.
Xalq, şair oğlunun 70 yaşına mübarək deyəndə
Azərbaycanın siyasi təfəkkürü imtahan verirdi -
ölkə seçki ovqatı yaşayırdı. Şairini
"dahi", "zirvə" epitetlərinə bürüyən
xalqın övladlarının bir qismi 90-cı illərin
qovğalarını qaytarmaq fikrinə düşdü. Yaxşı ki, o qasırğanın küləyi
tez ötüşdü, amma yarası qaldı, yarası
şairin şeirini qarsıtdı, qəlbini göynətdi.
Mən ki
hər ölənlə ölə bilmirəm,
Mən ki
bölünməzi bölə bilmirəm,
Üzü
dönüklərdən dönə bilmirəm,
Məni bağışlayan olarmı? - çətin.
Şairi
dahi olan xalqın övladları dahi müdrikliyini, müdrik
şair sözünü peşman etməklə əslində
onun
Sözümü
yordum bu yolda,
İzimi
yordum bu yolda,
Dözümü
yordum bu yolda,
Dözümə
də güman yoxdu
tənəsini eşidəcəklərini biləydi gərək. Elə
isə bəlkə bir az düşünmək
lazımdır? Düşünmək
lazımdır ki, tərifin dərəcəsini çox etməkdə
tələsməyək?
Mən
özüm bilirəm nəçiyəm, nəyəm
deyən
insanın - şairin bildiyindən artıq söz deməyə
nə hacət?
lll
Məmməd Arazın
yaradıcılığının özünəməxsusluğu,
hər şeydən əvvəl, "təbiət şairinin
təbiətin öz dilində" danışması ilə
bağlıdır. Təbiət mövzusu şeirin əbədi
mövzularından olub və belə də davam edəcəyi
şübhə doğurmur. Azərbaycan
poeziyasının Vurğun Səmədinin təbiətlə
bağlı şeirlərinin səriştəli rəssamın
tablosuna bənzədilməsi nə qədər yerindədirsə,
Məmməd Arazda təbiətin səsini eşidirik, onun
ruhunu duyuruq və insan təbiətin bir parçası, onun bir
əzasıdır. Amma Məmməd Araz
yalnız şair deyil və bu mövzu da yalnız şeirinin
mövzusu olaraq qalmır. 70-ci illərin əvvəllərində
"millətçi" ruhuna görə "Ədəbiyyat
və incəsənət" qəzetinin redaktor
müavinliyindən azad edilən şair bir qədər sonra
ixtisasının köməyinə güvənir - Azərbaycanın
ekologiyasında həyəcan zəngi olacaq bir nəşrin -
"Azərbaycan təbiəti" jurnalının rəhbərliyində
yaradıcılığının vətəndaş
mövqeyi ilə çox səsləşən sahəsi ilə
məşğul olmağa geniş imkan yaranır.
Həyatın və sözün rəngləri publisist
düşüncələrində yeni bır imzanı
tanıtdı.
Burada təkcə təbiətin, ekoloji xəstəliklərin
nigaranlığı yoxdur, insan amili bütün
yaradıcılığını ehtiva edir. Əslində, publisist Məmməd Arazın qələminin
ağırlığı altında əzildiyi
mövzulardır.
Çayını
itirən mavi dənizlər
Çırpınıb
boğulur göz qabağında
ağrısı
"Xəzərə qardaş" professor Gülün "Xəzər
deyə-deyə dünyadan köçməsi" ilə
bağlı ağrının davamıdır, bu
ağrılar Abşeron bağlarının,
bütövlükdə torpağın, suyun, ağacın
insan cinayəti üzündən çəkdiyi
ağrılardır.
Baş əyir,
and içir ana torpağa,
Aşınan, daşınan torpağı görmür.
Bir məsələnin
üstündən sükutla keçmək olmur ki, 70-ci illərin
publisistikası "işlək" ola
bilməmişdir. Cəmiyyətin, təbiətin,
sosial həyatın boy verən çətinliklərinin, artan
problemlərin narahatlığı, qələm əhlinin vətəndaş
nigaranlığı mübarizə ovqatına köklənə
bilmədi.
"...Yığıncaqlardan
birində deyiblər ki, bazar iqtisadiyyatına tərəf
gedirik. Hara gedirik gedək, bircə təbiəti
dağıtmağa doğru getməyək. O zaman
ağacı kökündən kəsərik. Yolumuza elə
maneələr çıxar ki, öz evimizə də gedib
çıxa bilmərik"... "Biz indi nə
yaza biliriksə, yazırıq, necə yazmalı olduğumuz səviyyəsində
yaza bilmirik". "Çox halda qulluq
mütiliyindən, boyunduruğa girmək vərdişindən
çıxmaqda yol tapmırıq". Publisistik
sözün kəsərinin dərəcəsini ifadə edən
bu etiraf yalnız Məmməd Arazın özünə aid
deyil, bu mənzərə bütövlükdə 70-80-ci illər
publisistikasını ifadə edir. Məmməd Araz
günahını göstərməklə kifayətlənmir,
səbəblərin kökünü açmağa
çalışır: "Üfüqün o biri
üzünə boylanıb baxmağa
çalışmamışıq, baxmışıqsa da
öz daxilimizin imkanı ilə deyil, xarici mühitin, əlavə
qüvvənin redaktəsi ilə bu vəzifəni yerinə
yetirmişik".
..."Sultanbud
meşəliyinin, Eldar şamı qoruğunun, Abşeron
bağlarının taleyindən, bütün
yaşıllıq dünyamızdan", cəmiyyətin
yoluxduğu sosial-ictimai bəlalardan təkrar-təkrar
yazmağın "immunitet yaratdığı" da göz
qabağındadır, eşidib danışmamaq, baxıb
görməmək özü ilə yeni ağrılar,
narahatlıq və... yorğunluq gətirirdi. Publislstika
mövcuddu, amma mövcud olmaq mövcud yanlışları
düzəltməyə, cəmiyyətdə cavabdehlik hissinin
yoxa çıxmağa doğru getdiyi bir zamanda, kömək
edə bilmirdi: Və burada sovet (oxu: rus) mətbuatında, eləcə
də ədəbiyyatında "nonparellə
yığılmış yazılar" fonunda Azərbaycan
publisistikası "manşetə çıxara bilmirdi"
özünü bütövlükdə. Bəlkə
"inkişaf etmiş sosializmə" doğru
yürüşün pafosu imkan vermirdi, bəlkə publisistlərimizin
nə? niyə? necə?
suallarına vəhdət halında cavab
tapmaq səriştəsizliyi də rol oynayırdı: Şair
humanizmi də bəlkələrin sayına təsir göstərən
amillərdəndi?..
Qeyd etmək lazımdır ki, şair Məmməd Araz
publisist Məmməd Arazı çox geridə qoyur. Onun şeirlərinin
kəskinliyi, ruhu, bəşəri duyğuların,
dünyanın, insan münasibətlərinin "ekoloji
tarazlığının" pozulmasına qarşı səyləri
birləşdirmək çağırışı daha
güclüdür.
Məmməd Arazın bu sahədəki
yaradıcılığında vətəndaş
yanğısını görməmək haqsızlıq
olardı. Bu yanğı təkcə "Azərbaycan təbiəti"ndə
görünmür, bu yanğı "vətəni sevmək,
onu ucaltmaq naminə" etdiyi hər işdə var.
Yanğı var, pafos yoxdur, sadə, aydın sevgi var və bu
sadəlik və aydınlıq onun dilində də ifadə
olunub. Elə ona görə də Məmməd
Araz, müasirləri arasında aforizmə çevrilən
misralarının çoxluğu ilə seçilir. Şairin üslubunu fərdiləşdirən dilinin
sadəliyi, koloriti və folklor təfəkküründən
süzülən müdriklik yaradıcı yaşın
bütün mərhələlərində dəyişməz
qalıb. KİV-in texniki imkanlarından xəbərsiz
bir mühitdə onun kitablarını (istər ilk, istər
son) oxuyan kəs, müəllifin yaşını müdriklik
yaşı kimi qəbul edər.
Umdum nə
verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən
küsüm?
lll
Bir
süfrə başında iki sözümüz
Bir ola
bilmirsə, ta nəyik belə?..
Biz niyə bu günə düşdük, ay dədə?!
lll
Məmməd Arazın da öz mövzuları var.
Əslində, mövzular özəl olmur, şair üslubu,
şair görümü-duyumu ilə seçilir. Təbiətdən
çoxu yazır, etiraf edək, Məmməd Araz, Musa Yaqub
şeirində təbiətin daşı, dağı,
ağacı, günəşi, yağışı nəsə
ayrı cür görünur, ayrı cür
"danışır".
Məmməd
Arazın məhəbbəti, sevgini, insan münasibətlərini
şeirə gətirən baxış bucağı da
seçilir:
Bir
gün idi...
İkimizin
qoluna girib
İkiliyin birliyini alqışlayan gün.
lll
Bir insan
ki, öz bəxtini yarıtmadı, heç,
İki qəlbi,
bir sevgini çətin yarıda...
lll
Nə sənin
mənimtək duyanın olub,
Nə məni
sənin tək duyan olacaq...
Onun sevgi şeirlərində ürəklə
ağlın birgə "qənaəti" danışır
- təəssüfü də, sevinci də məhəbbətin,
həyatın fəlsəfi düşüncələrini
oxucuya bələdçi edir.
lll
Məmməd Arazın Sözə münasibəti "ən
çox sevdiyim söz-söz" fikrində özünü
ifadə edir.
Bu mənada onun müsahibələri bu
cavabı bəlkə şeirindən də çox təsdiq
edir. Müsahibələri xalqın öz
dilində danışan ziyalının həyat, hadisələr,
insanlar, sənət, zaman haqqında aydın mövqeyi (məhz
bu aydınlığın korluğunu çəkməmişikmi?)
ilə Şair obrazını yeni cizgilərlə zənginləşdirir,
Ziyalı sözünün çəkisini artırır və
bunlar İnsan düşüncəsində tamamlanır.
Şeirlərindəki obrazlılıq, "arifə bir
işarə" məqamı, milli düşüncə və
təfəkkürün qatlarından süzülən hikmət,
ifadə gözəlliyi onu bir şair kimi nə qədər fərqləndirirsə,
müsahibələri söz oyunu oynamaq, süni təvazökarlığın
ikrahoyadıcı mənzərəsi, "ideal təqdimat"
səyindən uzaqlığı ilə yadda qalır.
lll
Məlum məsələdir - kimi oxuyuruqsa, onu sevirik və əksinə... Bu nöqtədə iki cür münasibətin - kütləvi və peşəkar baxışın nə dərəcədə bir-birini tamamlaması və ya inkar etməsi sənətkarın adının qabağına epitet yazır. Məmməd Araz bu mənada çoxdan hər iki tərəfin münasibətini "udub". Və bu gün də Məmməd Araz çox oxunan, sevilən şairdir. Amma... Bu məqamda hər iki münasibətə cavab verən şair mövqeyi onu daha da ucaldır - insanın özü-özü ilə qala bilməsi, özünü dərk etməsi məqamında - (İnsan insan kimi daha böyükdür) Məmməd Araz şair ömründə bir əminlik də yəqin edib. Yəqin edib ki, "qayasında mamır ola bilmək" qədərində sevdiyi
Bu Vətən torpağı öz sinəsində
Hələ min dahiyə yer verə bilər.
Söz
sırasında Nizaminin uca kürsüsü yanında durmaq
iddiası bir yana,
Sənət
yarışında, söz yarışında
Yüzümüz
bir Sabir deyilik hələ
deyən
şair Məmməd Araza - xalqının Xalq şairinə - ən
böyük ehtiram, ən böyük sevgi, onun heç sevmədiyi
boyundan uca təriflərlə qəlbini incitməmək
olardı. Çünki təriflər, mədhiyyələr
Şair ömrünə heç vaxt doğru qiymət ola bilməz. Şair öz yerini, öz qiymətini
gözəl bilir:
Söz
yaşadan ünvanlarda yaşayır şair,
Yaşayıbsa, "yaşamışdı"
yazılmayacaq.
Bunu
gözəl bildiyindən
Nə
vaxtsa dünyanın duru dəmində
Yenidən
dünyaya qayıdacağam
deyir Məmməd
Araz.
Qayıdanda...
Qayıdanda şair, publisist, tərcüməçi,
neçə-neçə kitabın müəllifi Məmməd
Araz görəcək ki...
Azərbaycanın
qəlbində elə Azərbaycan boyda bir Məmməd Araz
yaşayır...
Südabə Ağabalayeva
525-ci qəzet.-
2014.- 14 oktyabr.- S.7.