Yazılmamış məktubun poetik fraqmentləri
Bu yaxınlarda, "525-ci qəzet"də
(4 oktyabr 2014-cü il) dəyərli şair Tofiq Hüseynin silsilə şeirlərini oxudum və bu kövrək
ruhlu qələm sahibinin səmimiyyətdən
yogrulmuş poeziyasına
bir daha heyran oldum. Şair
ön söz əvəzində " Bu şeirləri... çox da böyük olmayan oxucu auditoriyama
- bacı və qardaşlarıma bağışlayıram"
, yazır və sevinirəm ki, illər uzunu bu auditoriyada Tofiq Hüseyn yaradıcılığını maraqla, son dərəcə
diqqətlə izləyənlərdən
biri də mən olmuşam. Hərçənd Tofiqin şeirləri artıq hər hansı bir kiçik auditoriyanın sərhədlərini
çoxdan aşıb, bu şeirlər geniş oxucu rəğbəti qazanıb. Bu deyimi
gəlin sadəcə
olaraq şairin yeni təvazökarlıq çaları kimi qiymətləndirək.
Bəli yeni, maraqlı görüş. Hər şey ondan
başladı ki, şair köhnə bir tanışına məktub yazmaq istədi. Fəqət yaza bilmədi.
Niyə?
Məktub
yazmaq istədim,
Öyrənməkçün havanı.
Heyif tapa bilmədim
Yaşadığın ünvanı.
Kompüter, mobil telefonlar əsrində məktub yazmaq bir az arxaikləşib. Lakin şair bu epostolyar formadan
məharətlə istifadə
edərək vətəndaş
mövqeyindən ictimai
bəlalara işıq
salır. Əslində məktub yazılsaydı
istənilən poetik effekt verilməzdi. Çünki "Hava" söhbətindən
yaralara məlhəm olmazdı. Əcəba çağdaş dünyamızda Əlahəzrət
Zaman yaraları sağaltmır, yaralarla, itkilərlə barışmaqla
yaşamağı öyrədir.
Hətta ölülərin
içində belə..
Orda bir ölü görsən
Mən boyda, mən biçimdə.
Soruşarsan, neynirsən
Ölülərin içində.
Son nida, son akkord və heç zaman ölməyən ümid..
Bu zülmət dünya nədir,
Ölülərin vətəni!
Yaxşı ki bu zülmətdə
Tapmaq olur itəni.
Tofiq Hüseynin
bu yeni şeirlərini
oxuyub düşündükcə
onun özəl statusuna bir daha
əmin olursan. Çünki onun sadəcə poetik istedadı yox, adamlıq, insanlıq istedadı kövrək misralardan boy atır, şeirlərin əksəriyyəti şairin
yazmaq istədiyi məktubun ayrı-ayrı
fraqmentlərini xatırladır.
Bu baxımdan ironiya və xəfif sarkazmla yazılmış
" Nə var, nə yox
kapitan..." şeiri
bir şair - vətəndaş harayıdır..
Nə var, nə yox,
kapitan,
De dəniz yerindəmi?
Orda ağ-ağ gəmilər
Dayazda, dərindəmi?
Biz dənizi görmürük
Dəniz qala içində.
Yəqin
xəstə balıqlar
Qalıb bəla içində.
Fövrən düşünürsən: Görəsən, digər
Xəzər sahili ölkələrdə də
dəniz bu gündədir, yoxsa ancaq bizdə belədir?
Biz dənizə baxırıq
Qala böyrü
qapıdan.
İşin - gücün necədir,
Nə var, nə yox,
kapitan...
Aman Tanrım! Ölmədik bunu da gördük. Hasara alınmış
dəniz barədə
səhih məlumatları
gəmi kapitanlarından
almaq olacaqmış qismətimiz. Şeir həssas
və kövrək şair fəryadının
abıra bürünmüş
poetik etirazı kimi son dərəcə orijinal təsir bağışlayır.
Bu qarımaqarışıq dünyada insan öz ömrünü yaşamaq istəyir və yaşamalıdır. Fəqət imkan
verirlərmi? Ətraf
nadanlarla, xəbislərlə,
zibillərlə dolu olanda adamin ürəyinə
də toxunarlar, hələ o yana
da keçərlər:
Neçə acı kəlmə,tikanlı kəlmə
Böyrümdən-başımdan ox olub keçir.
Evdə
arvadıyla sözü
çəp gələn
Mənim ürəyimə toxunub keçir.
Məzmunca ən hüznlü
şeirlərdən biri
olan "Mənim ürəyimə toxunur hamı" şeirində
şair öz günahlarını tapa bilməməyinin mənəvi
əziyyətini çəkir:
Ürəkdə ağlayır, üzdə
gülürəm,
Mənim ürəyimə toxunur hamı.
Nə itirmişəmsə tapa bilirəm,
Mən tapa bilmirəm öz günahımı.
Bu günahlar dünyasında
öz günahını
tapmaq o qədər də asan iş
deyil. Aləm qarışır bir-birinə. Bunun ağrı-acısını isə bir şair ürəyinin
çəkməsi təbiidir.
Müxtəlif həyat olayları
ilə zəngin bu şeirdə şair kədərin sevinclə savaşında
nələrin baş verdiyinə öz xarakterinə uyğun münasibət bildirir, hər cür basmaqəlib ifadədən,
pafosdan uzaq misralarla qəlbinin mübhəm sirlərini oxucu ilə bölüşür.
"İlan", "Zibil",
"Qandal vurun əlimə", "Ətraf"
şeirləri də öz ritorik sualları və deyim tərzinə görə Tofiq Hüseynin iddiasız poeziyasına xas olan sanki bir
portret cizgiləridir.
Əlim
cibinə girmir,
Köhnə dəbimdən küsüb.
Əlimi
dindirməyin,
Əlim cibimdən küsüb.
Məncə, əlavə şərhə
ehtiyac yoxdur. Çağdaş
dünyamızın hər
birimizə tanış
notlarıdır, ictimailəşmiş
yaşam tərzidir.
Şair sanki öz mübhəm
sirlərini, ürəyini
oxucuya açır. Lakin "qara
qutu" hələ
tam açılmayıb. İnşallah, növbəti
şeirlərində yeni,
poetik açıqlamaların
şahidi ola
bilərik. Çünki
böyük sevgilərlə
yaşayan şair özü demişkən:
Üfüq yerindəsə, dan
yerindəsə,
Ürək yerindəsə, can yerindəsə,
Damarlar dolaşan qan yerindəsə
Mənə bu sevgini çox
görmə, Allah.
Şair Tofiq Hüseynin poetik dünyasının bütün sirlərini, rəngarəng hiss və duyğularını açmaq, onu geniş təhlil etmək fikrindən uzağam. Sadəcə olaraq onun poetik dünyasının bəzi konturlarına işıq salmaq istədim. Tanıdığım şairdir. Geniş təhlilə, təmənnalı, yaxud təmənnasız, lap elə obyektiv tənqidə iddialı deyil. İllər uzunu şair Sabir Rüstəmxanlı demişkən, öz axarı ilə sakitcə axıb gedir. Yolu açıq olsun.
Şahid ƏFƏNDİYEV
525-ci qəzet.-
2014.- 15 oktyabr.- S.8.