Adil Cəmil yanğısı

 

 

 

İllər nə tez gəlib keçdi. Cavan Adil Cəmil gəlib altmış yaşına çatdı. Zaman öz cizgi və naxışlarını onun da üzünə, gözünə çəkib. Amma dəyişməyən, həmişə saflığını, duruluğunu saxlayan poeziyasıdır. İstəyirəm bir şair ömrünün səhifələrini vərəqləyim, bu qırx illik şeir yolunda onun necə kamilləşdiyini, çağdaş poeziyamızın istedadlı bir nümayəndəsinə çevrildiyini açıqlayım.

 

Adil Cəmilin ilk şeiri "Bahar" 1970-ci ildə "Mingəçevir işıqları" qəzetində dərc edilib. İlk şeirlər kitabı "İşıqlar, pərvanələr" isə 1980-ci ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb. İlk şeiri 16 yaşında, ilk kitabı isə 26 yaşında... Bir şairin ədəbiyyata gəlişi üçün bu on il kifayət qədər yetərlidir. Yəni Adil Cəmil hay-küylə, "mən varam " iddiası ilə ədəbiyyata gəlməyib. Onu poeziyaya gətirən daxili bir inam olub və bu inam Adilin bütün ömrü boyu onu tərk etməyən təvazökarlığı ilə qoşa addımlayıb.

 

 "İşıqlar, pərvanələr", "Gündoğandan günbatana", "Aylı gecə nağılı" Adil Cəmilin bir-birinə yaxın illərdə

(1980-1984) çap olunan üç şeir kitabıdır.Bu kitablardakı şeirlərin əksəriyyəti yetmişinci illərdə qələmə alınmışdı. Ona görə də Adil Cəmili heç bir tərəddüd eləmədən "yetmişincilər" ədəbi nəslinə aid edirik.Çünki Adil Cəmilin bir şair kimi özünü dərk etməsi, formalaşması məhz yetmişinci illərdən başlanır.

Adil Cəmil kənddə doğulmuşdu və bu üç kitabda toplanan şeirlərin əksəriyyəti də onun kənd, təbiət, ocaq duyğularını ifadə edirdi. O illərdə kəndə, təbiətə aid çoxlu şeirlər yazılırdı və bunların da müəllifləri əsasən Adil yaşda olan cavanlar idi. Onların şeirlərində aylı gecələr, zirvə, bulud, yağış, dağ, dərə, çəmən, bulaq insanı gözəlliklərə səsləyən obrazlar kimi diqqəti cəlb edirdi. Adil bir qoşmasında yazırdı:

 

Gümüş cığırları nərdivan etdim,

Bir zirvə sevinci uyutdu məni.

Dumanlıq qoynunda tapıldım, itdim,

Bələdçim dağ çayı ovutdu məni.

 

Boylandım şimşəyin qızıl rəqsinə

Qayalar qoymadı qorxam, diksinəm.

Sarmaşdım lalənin alov köksünə

Bu həsrət dağlara tanıtdı məni.

 

Təbiətdə özünü görmək, "aylı gecələrin işığı"nda qəlbi ilə baş-başa vermək Adil Cəmilin şeirlərində insan-təbiət harmoniyasını əks etdirirdi. Bu şeirlərdə romantik ab-hava hakim idi.

 

Aylı gecələrin ayrı rəngi var;

Belə gecələrdə salxım söyüdün

Yamyaşıl yarpağı gümüşü olar.

Gümüşü söyüdün kölgəsində

İki sevgilinin görüşü olar.

 

Bəzən bu romantikanı sırf acı, gileyli real mənzərələr də əvəz edirdi. O yerdə ki, təbiətin ekoloji nizamı pozulur, meşələr qırılır, çayların mənbəyi qurulur, gözəlliklər solur.  "Dağ yerində göl var imiş, Göl yerində dağ qalıbdır. Sonaların əvəzinə Qurbağalar sağ qalıbdır".

 

Adil Cəmil elə ilk şeirlərindən həssas müşahidə qabiliyyətinə malik olan bir şair kimi diqqəti cəlb edirdi. Kənddən, təbiətdən, onun gözəlliklərindən söz açan şeirlərində işlənən detallar Adilin təsvir etdiyi obyektə dərindən bələd olduğunu sübut edirdi.

 

Adil Cəmilin şairlik istedadını, onun ədəbiyyata təsadüfi gəlmədiyini,  poetik axtarışlarının uğurlu olduğunu sübut edən bu üç kitabında cəm olan şeirlər təkcə kənd və  təbiət mövzularını əhatə etmirdi,  onun bir şair kimi cəmiyyət hadisələrinə, xalqımızın tarixinə, dünyada baş verən ictimai-siyasi olaylara münasibətini də əks etdirirdi.

 

Kimsə toy edirdi sərhəd boyunda,

Toyun işığına kənd yığışmışdı.

Baxışlar axırdı Araz çayında,

Gözlərə qəm çöküb, dərd yığışmışdı.

 

Bayatı çəkirdi cavan xanəndə,

Araz ağlayırdı muğamat üstdə.

Qübarlı qocalar baxırdı kəndə,  

Yüz ürək yanırdı bir murad üstdə.

 

Yaman yumşalmışdı sərhəd dirəyi,

Tikanlı məftillər pilə kimiydi.

Bir səda gətirdi payız küləyi-

O tayda ağlayan belə kimiydi...

 

Adil Cəmilin şeirləri (söhbət "İşıqlar, pərvanələr", "Gündoğandan günbatana", "Aylı gecə nağılı"  şeir kitablarından gedir) ədəbi mühitdə müəyyən əks-səda doğurdu. İlk növbədə, Xalq şairi-Ustad Bəxtiyar Vahabzadənin "Söz məcaza çevriləndə" məqaləsini xatırlamalıyıq. Bu məqalə Adil Cəmilin "Aylı gecə nağılı" kitabına öz söz kimi yazılıb.

 

Məqalə belə başlayırdı: "Hər söz ayrılıqda yalnız bir məna daşıyır. Söz sənətkarı bir mənalı sözlərə öz duyğu və həyəcanlarını yükləyəndə sözlər şeirləşir, nəğmələşir. Buna sözlərdən toxunmuş həyəcan, duyğu hörgüsü, yəni şeir deyilir".

 

B.Vahabzadə Adil Cəmilin simasında ədəbiyyata təzə bir nəfəs gəldiyini, onun şeirlərinin xalq ruhundan süzüldüyünü söyləyirdi, gənc müəllifin şeirlərindəki ayrı-ayrı uğurlu misralar, ifadələr, təşbihlər haqqında ürəklə söz açırdı.  "Kitabını oxuculara təqdim etdiyimiz A.Cəmil nə gözəl deyib: "Yüksüz kəlmələrin yükü ağırmış". Əvvəla, fikrin bu şəkildə deyilişi qeyri-adi olduğu üçün bu, şeirdir. Nədir bu qeyri-adilik? Axı, bir şey ki, yüksüzdür, o, necə ağır ola bilər? Bu ağırlıq fiziki ağırlıq deyil, mənəvi ağırlıqdır. Bu cür ağırlığı çəki ilə deyil, hisslə ölçürlər, o şey ki, hisslə,  mənəviyyatla ölçülür-bu özü şeirdir".

 

Səksəninci illərin ikinci yarısından başlayaraq Adil Cəmilin poeziyasında yeni mövzuların, onu düşündürən həyat hadisələrinin, ictimai-siyasi məsələlərin, mənəvi-əxlaqi problemlərin mükəmməl poetik inikası ilə qarşılaşırıq.

 

Azərbaycanda səksəninci illərin sonu bir sıra mühüm hadisələrlə tarixə yazıldı.

Təbii ki, bu hadisə və olaylar bədii ədəbiyyata, xüsusilə, poeziyaya da təsirsiz qalmadı. Poeziyamızda Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı yüzlərlə şeirlər, çoxlu sayda poemalar yarandı. Şairlər Vətənin ən ağır günlərdə onun qəmxarına çevrildilər. Torpaq itgisi, Qarabağla bağlı qanlı hadisələr istər-istəməz şairləri həyəcana gətirdi. Təbii ki, Adil Cəmil də səsini bu səslərə qatmaya bilməzdi.

 

Kəlbəcərin ağır günlərində Adil Cəmil tez-tez ata yurduna, doğma ocağa baş çəkir. Amma o, Vətəndə qəriblik havası duyur: "Bu torpaq, bu meşə, bu dağlar mənim, Bəs niyə bağrıma basa bilmirəm. Yuvası dağılmış budaqlar mənim- Ay ellər, dərdimi yaza bilmirəm.." Az sonra Adil Cəmil 20 Yanvar faciəsindən söz açan "Qan borcu" poemasını qələmə aldı.

 

Haray çəkən adamları

Ağır tanklar əzib keçir.

Silahsız "yolkəsənləri"

Tırtılıyla kəsib keçir.

Güllələyib söndürürlər

İşıq salan qəndilləri.

Sönmüş ocaq yerlərində.

 

Şeirimizdə Qarabağ mövzusunun çoxillik tarixi var. Vaxtilə gözəl Qarabağımıza, onun təbiətinə, gözəllərinə, muğam, şeir, sənət xadimlərinə, bir sözlə, Azərbaycanın bu "zümrüd tacı"na şeirlər, nəğmələr həsr edilərdi. İndi isə Qarabağ torpağının həsrətini çəkirik və Adil Cəmil təəssüflə bildirir ki, daha "Unutmuşuq Qarabağı".

 

Qəlpə-qəlpə çıxartmışıq

canımızdan kinimizi,

Yurda həsrət bir adam

yox-yığsan əgər minimizi.

Biz də belə yaşayırıq ömrümüzü,

günümüzü,

Ötəriymiş, keçəriymiş qəlb ağrısı,

 sinə dağı,

Unutmuşuq Qarabağı,

unutmuşuq Qarabağı.

 

Adil Cəmil "Könlümün sevinci, qəmi bu torpaq" şeiri vətənpərvərlik ruhunda yazılmışdır. Ancaq o, dəbdə olan və artıq trafaret halını almış təşbihlərdən, bədii təsvir vasitələrindən imtina edir, bu şeirə ən uyarlı bənzətmələr, bədii təyinlər, metaforalar seçir. Diqqət edək:

 

Yaylağım qovuşmaz, yaylam bitişməz,

Baharı gətirən bayram bitişməz.

İki parçalanmış laylam bitişməz-

Bölünmüş beşiyin körpəsiyəm mən.

 

Qaradağ, Qarabağ-qədim mahalım,

Al sınıq könlümü, qoyma yuxalım.

Yetər Savalana, yetər bu halım-

Yurdumun nisgilli Kəpəziyəm mən.

 

Yaramı açmayın-aranı açın,

Qəribdir qardaşım, yalqızdır bacım.

Bu tayda göyərən yaşıl ağacın

O tayda qaralan kölgəsiyəm mən.

 

Ömrümdən-günümdən baxan Arazdır,

Araz aramızdan axan Arazdır,

Desələr günahkar o xan Arazdır,

Arazı gözümdən səpəsiyəm mən.

 

Könlümdən sevinci, qəmi-bu torpaq,

Sünbülə döndərər dəni bu torpaq.

"Çiyninə aşırıb" məni bu torpaq-

O taylı, bu taylı heybəsiyəm mən.

 

Adil Cəmil müasir şairdir. Onun müasirliyi təkcə həyat hadisələrinə, dünyada və məmləkətdə baş verən ictimai-siyasi  olaylara, insanı düşündürən problemlərə münasibətində deyil, həm də bir şair kimi müasirliyindədir. O, heca şeirinin qanadlarında ədəbiyyata gəlib və bütün yaradıcılığı boyu aşıq şeirinin, xalq poeziyasının ruhuna sadiq qalıb. Amma eyni zamanda, sərbəst şeirə də müraciət edir, heca şeirində deyə bilmədiklərini sərbəstdə ifadə edir.

 

Onun 2009-cu ildə "Bir dəli sevgidən göyərib dünya" şeirlər kitabı çapdan çıxıb və burada bütün şeirlər sevgidəndir.

 

Dumanı var, çiskini var, çəni var,

Səksən səmtə axarı var, yönü var,

Qış günündə yay gətirən günü var-

Öldürəndi, yaşadandı məhəbbət.

 

Kitab məhəbbət haqqında belə bir şeirlə açılır və fikrimizcə, Adil Cəmilin sevgi haqqında, məhəbbət barədə yazdığı şeirləri üçün bir qapıdır. Məhəbbət tükənmir. Bu ideya Adil Cəmilin sevgi şeirlərində əsas motivlərdən biridir.İllər keçir, amma ilk məhəbbətlə bağlı xatirələr yaşayır, səninlə birgə ömür boyu yol gedir.

 

Ey mənim gözümə görünən butam,

Əllərim çatmayır əlindən tutam,

Dönmüsən əlçatmaz ulduza, aya-

Səni görmək üçün gəldim dünyaya.

 

Adil Cəmilin sevgi şeirlərində saflıq var, təmizlik var, məhəbbətə inam var, eşqin ülviliyinə pərəstiş var. Sevgi şeirləri onun poeziyasının gur işığıdır desək,-yanılmarıq.

Filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil  istedadlı publisist-tənqidçi və tədqiqatçıdır.

Biz onun "Hərənin öz həqiqəti" (2004) və "Çabdaş meyarlar mövqeyindən" (2013) kitablarında şeirlə nəfəs alan bir insanın həm həyat hadisələrinə, ədəbi prosesə münasibəti, həm də bir tədqiqatçı kimi rasional düşüncə tərzi ilə qarşılaşırıq.

 

Adil Cəmilin adlarını çəkdiyimiz kitablarında  biz tənqidçi-publisist dəst-xəttini izləyirik. O, ədəbi hadisələrə bir tənqidçi kimi yanaşır, amma yazı tərzi publisistik səpgidədir. Buna görə də onun yazılarını  bir tənqidçi-publisistin düşüncələri, rəy və mülahizələri kimi qəbuletməliyik.Adil Cəmil öncə qeyd etdiyimiz kimi  kökə, qaynağa bağlı olan şairdir. Məmməd Aslan onun haqqında yazır: "Adil Cəmil Dəlidağ duruluğunu poetik nəfəsində hifz edib qoruyan, bununla da bir qələm sahibi kimi fəxr eləyən şairdir".

Əlbəttə, Adil Cəmilin öz şeirlərində həmin duruluğu, saflığı qoruması onun ənənələrə möhkəm bağlılığıdır. Özü də təbii bağlılığıdır. Onun qoşma və gəraylılarında Aşıq Ələsgərdən, Dədə Şəmşirdən, Sarı Aşıqdan gələn təsiri də bununla izah eləmək olar.

 

Adil Cəmil həm də tədqiqatçıdır. O, Naxçıvanda, Dövlət Universitetinin Elmi Şurasında  "Manas eposu və türk dastançılıq ənənəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. "Manas" qırğız dastanıdır və həmin xalqın ən monumental, ən möhtəşəm mənəvi abidəsidir.Doxsanıncı illərdə Adil Cəmil bu dastandan Azərbaycan dilinə tərcümələr etdi, epos haqqında monoqrafiyasını üzə çıxardı. Bu monoqrafiya beynəlxalq türksoy təşkilatı tərəfindən yüksək qiymətləndirildi. Monoqrafiyada Adil Cəmil türk folklorunda "Manas" eposunun tutduğu yeri müəyyənləşdirdi, eposun digər türk dastanları ilə ("Dədə Qorqud", "Koroğlu" və s.) müqayisəli təhlilini verdi, ideya-bədii xüsusiyyətlərini aydınlaşdırdı, türk boylarının müxtəlif savaşlardan keçən alp-ərənlik tarixinə epik təfəkkür prizmasından nəzər saldı.

 

Şair-publisist-tədqiqatçı Adil Cəmilə yeni yaradıcılıq uğurları arzulayaq! 60 yaşın mübarək, əziz dost!

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2014.- 15 oktyabr.- S.7.