Bahadır və Sona
(N.Nərimanovun "Bahadır və
Sona" romanının yazılmasından 101 il ötür)
2014-cü
il, iyul ayının 31-i idi.
Günlərdi cəbhədə davam edən gərginlik son
günlər açıq-aşkar müharibəyə
çevrilmişdi. Havadakı barıt qoxusunu qızmar günəs
belə əridib yox eləyə bilmirdi. İki gün öncə
Naxçıvanla sərhəd bölgədən Noyemberyan rayonunun Berdavan kəndinə gələn nişançı Sona
Akopyan mövqe seçib düşmən tərəfi
müşahidə edirdi. Ara-sıra silah səsləri
eşidilirdi. Qarşıda Eyibli qüzeyinin zirvəsinə kəmər kimi dolanmış Azərbaycan
ordusunun mövqeləri görsənirdi. Bu gün nədənsə fikri dağınıq idi. Kimsəsizlər
evində keçirdiyi günlər gəlirdi
gözünün önünə. Ona kim olduğunu, hardan gəldiyini
deyən olmamışdı.Yalnız yazıb-oxumaq öyrənəndən
sonra kimsəsizlər evinin qarşısındakı "Mankatun" ("Kimsəsizlər
evi") yazılmış lövhədən öyrənmişdi kimsəsiz olduğunu. On səkkiz
yaşına çatandan sonra
Yerevan küçələrində keçirdiyi ağır
günlər qız
yaddaşını xəncər kimi doğramışdı.
Bir qarnı ac, bir qarnı tox işlədiyi Samvelin kafesinin iyrənc
qoxusu getməmişdi burnundan. Samvelin yekəqarın, harın
müştərilərinin yatağında itirdiyi ismətinin
izi belə qalmamışdı. Gündüzlər qul idi, gecələr
fahişə. O, sevgini öyrənmədən sevişmək
öyrənmişdi. İsmətli olmadan fahişə olmuşdu. Od-alovun
içinə daha çox bədbəxt olmamaq
üçün gəlmişdi. Könüllü şəkildə
"snayper kurslarına" yazılmışdı. Hərbi
təhsilini bitirdikdən
sonra cəbhəboyu
bütün ərazilərdə barmağı tətikdə
gözü nişangahda can alıb-can verirdi. Daha doğrusu bu
yolla özünü təsəlli edirdi. Bəlkə bu təsəllini öz ölkəsi
tanımasaydı, bunu
düşmən tərəfdə də axtarardı.
Bu
qarabuğdayı qızın gözəlliyi daim erməni dığalarının hədəfində
olmuşdu. Ruhuna sevgi dəyməmişdi. Cisminə belə qısa
sevgilərlə, daha doğrusu sevişmələrə
toxunmuşdular. Bəlkə, buna görəydi ki, nişançı idi. Bütün
qəzəbini snayperin nişangahına sığdıra
bilirdi. O ömrünün son illərini nişan almaqda keçirmişdi.
Taleyinin qatillərinin acığına, həmin qatillərin
düşmənlərini öldürməklə məşğul
idi.
Fikirdən
ayrılanda atışma
qızışmışdı. Güllə səsləri
əsgər səslərinə
qarışmışdı. Müharibədə güllə
səsləri müharibənin musiqisi, əsgər səsləri
onun sözləri olur. Bu mahnı neçə-neçə
oğulları öz ağuşuna alıb uzaqlara
aparmışdı. Baş gizir Bahadır Almazovun gur səsi güllə səslərini
batırırdı. Onun qalın səsi az qala düşmən
tərəfin müdafiə səddini dəlib keçirdi. Bu
səsdən diksinən ölüm mələkləri küpəgirən qarılar kimi güllə
üstündə əsgərlərin gah sağından , gah
solundan, gah da bu səsdən yayınıb, ürəklərindən
keçirdi. Hər iki tərəf itki vermişdi. Erməni tərəfdə
bu daha çox idi. Sona Akopyan baş verənləri
soyuqqanlılıqla müşahidə edirdi. Arada səkkiz
yüz metr məsafə olmasına baxmayaraq o səs
güllələrdən sıyrılıb Sonanın
qulaqlarını sızırdı sanki. Həyəcanlanmışdı,
ancaq ilk döyüş həyəcanı
deyildi. Qorxmuşdu, amma ölüm qorxusu deyildi. Bu nəsə
bir başqa hiss idi. Bir azdan bu "səs" bütün
ruhuna yayıldı. Güllə səslərini müharibəni
unutdu, dərin bir yuxuya getmək istədi, ancaq o səs yenə
səngər qarışıq ruhunu silkələdi. Səngərin
dikdirindən ot qarışıq bir xışma torpaq
töküldü çiyinlərinə. Axı onun durduğu
yerə güllə və ya mərmi düşməmişdi
? Sona gözlərini snayperin optik nişangahına dayadı,bu
dəfə qalın səsli adamı lap aydın gördü. O səngərin nisbətən dayaz yerində durub, əsgərlərdən
birinə bağıra-bağıra tapşırıq verirdi.
Qəzəbi ona ölüm qorxusunu unutdurmuşdu. Onun qapqara
saçları, qalın qaşları, enli kürəyi,
qaranlıqda işıq saçan güllə kimi qaynar
gözlərini lap aydın görünürdü. Bəlkə
də onun dayandığı yer səngərin dərin yeri
idi, amma səngər onun
boy-buxunun yanında çuxur kimi görsənirdi. Sonanın
bütün bədəni gərilmişdi. Həmişə atəş
açmazdan öncə ayaq dırnaqlarının ucundan şəhadət
barmağının ucuna kimi belə gərilər və bir
göz qırpımında atəş açardı. Bu dəfə
bütün bədəni gərilsədə, tətiyə dirədiyi
şəhadət barmağı gərilmədi. Ona elə gəldi
ki, barmağının ucundan qan axır. Axan qan onun ürəyinəcən
gedib çıxırdı. Dişlərini qıcadı, bir
daha cəhd elədi. Həmişə nifrətlə
baxdığı nişangah indi ona niyəsə doğma
görsənirdi. O heç vaxt qurbanlarının simasına nəzər
yetirməzdi. Sadəcə nişan alacağı gözə,
alına gicgaha suni hədəf kimi ötəri baxıb atəş
açardı. Bu dəfə hər şey tərsinə
olmuşdu. Ona tanış olmayan bir dünyaya
düşmüşdü. Tanımadığı hisslər
çulğalamışdı
ruhunu. Həmişə qəzəblə dolan gözləri
indi göz yaşlarının içində boğulurdu.
Özünü, müharibəni, kimliyini, keçmişini,
unutmuşdu.Qəribədir, bu unutqanlığından
həm zövq alır, həm də əzab çəkirdi.
Tanımadığı,bilmədiyi, ölümə qonaq edəcəyi
birini sevməyə başlamışdı, deyəsən.
Axı necə oldu ki, bu gen dünyada rast gəlmədiyi sevgiyə
bu od-alovun içində, daşqəlbli "Draqunov"un
nişangahında rast gəldi?Anidən gələn
ölüm kimi sevdi,ölüm kimi sirli müəmmalı. Baş barmağını
nişangahın şüşəsinə toxundurdu. Gur səsli
oğlanın gicgahına , gözlərinə, dodaqlarına
"toxundu". Bir neçə dəqiqə beləcə
qaldı...
Yox, o sevə
bilməzdi, sevərək öldürə bilərdi, həm də
indi - vaxt itirmədən. Nə yazıq ki, sevgiyə qərq
olan ürəyi erməni qanıyla qidalanardı.
Şüursuz
şəkildə yenidən gözünü nişangaha
yaxınlaşdırdı. Bu dəfə gur səsli
oğlanı bağıra-bağıra DŞK-dan atəş açan
gördü. Yer-göy silkələnmişdi. Ermənilər
başını qaldıra bilmirdi. İkinci postun əsgərlərindən
ikisi can verirdi. Birinci, üçüncü,
dördüncü postların hərəsində bir ölü vardı. Beşinci
post isə digər postlar kimi susmuşdu.
Sona snayperin darağını çıxardı, lap üstə olan gülləni ovcuna alıb bərk-bərk sıxdı. Sevgi məktubu kimi bağrına basdı. İtmiş körpəsini tapan ana kimi gülləni acgözlüklə bərk-bərk öpdü. Sevgiyə bulaşmış nifrəti olmasaydı, bəlkə gülləni udardı, ancaq nə fayda? Dilindən pıçıltı ilə qeyri-ixtiyari :"Mənim düşmənim, mənim sevgim, mən sadəcə sənin gözlərindən öpmək istəyirəm. Dodaqlarım, nəfəsim sənə çatmır, bu sənin gözlərinə çatacaq..."- sözləri qopdu. Dodaqlarını gülləyə dayayıb bir anlıq durdu. Gözlərini yumub gülləni yerinə qoydu. Darağı taxıb, bir gözqırpımında atəş açdı. Güllə Bahadurun sağ gözündən "öpdü". Bahadır gövdəsi kəsilmiş xan çinar kimi yerə gəldi. Eyibli qüzeyi nərə çəkdi, silahlar diksinib səsini kəsdi. Bir anlıq dünyanın hər yerində müharibə dayandı. Gülüşlər dondu,mahnıların major notları minor notlarla əvəz edildi. Yer üzündəki bütün qəbirlər, bütün insanlar, hətta bütün bətnlərin dölləri bir damcı göz yaşı axıtdı. Sona daha ağlamırdı, çünki ölmüşdü; ölən adamlar ağlamaz. Ölməyə nə var ki, zülüm dirigözlü ölməkdi. Sona "Draqunov"u şüursuz şəkildə yerə qoydu. Səngərin içində çökdü, səmaya baxdı. Havada uçan güllələr Tanrının qarşısını kəsmişdi. Tanrının insanlara göndərdiyi mərhəməti güllələr dəlmə-deşik eləmişdi. Bu zaman baş leytenant Gevorq Ohanyanın "Ux, Çavettanem, axçık. Oy sireli, turkes"(Ux, qadan alım, qız. Oy, bədbəxt türk) -deyib şaqqanaq çəkməyindən diksindisə, nə dediyini dərk etmədi. Bayaqdan susan erməni postları indi dil açmışdı. Həm də təzəcə dil açmış uşaq kimi; yaxşı "danışa bilmirdilər" Sona Akopyan damarlarında axan erməni qanına, sinəsindəki ürəyə, gəzdirdiyi ruha daha çox nifrət edirdi indi . Ən böyük cinayətin insan və insanlığı öldürmək deyil, sevgini öldürmək olduğunu anlamışdı. O sevgini öldürmüşdü. Ətrafa boylandı, dünyanın hər yerinə baxdı. Ona bu dünyada biryaşamlıq bir qarış yer qalmamışdı. Bəlkə, o dünyada belə bir cəhənnəmlik yeri yoxuydu. Onu bu dünyada mühakimə etməyə kiminsə haqqı çatmırdı. Onu Tanrı mühakimə edə bilərdi, o da... Nə yaxsı ki, Tanrı taleyini iyirmi dörd il əvvəl yazıb qoymuşdu. O ölə bilərdi. Sona ağır-ağır ayağa durdu. Gülləni patron yatağına yeritdi. Silahın lüləyini ürəyinin üstünə qoydu, qundağı isə səngərin divarına dirədi. Belə rahat ölmək olardı. Sevincindən uşaq kimi ona tərəf qaçan Gevorq yerində donub qalmışdı. Nə baş verdiyini anlaya bilmirdi. Ətrafdakı erməni əsgərlər belə qeyri-ixtiyarı atəşi dayandırıb həyəcanla Sonanın nə edəcəyinə baxırdılar. Sonanın heç vaxt bağrına basa biləcəyi nə sevgilisi, nə bir doğması, nə də körpəsi olmuşdu. Necə olmuşdusa, indi "Draqunovun" lüləyini sevgilisi, doğma balası kimi sıxmışdı sinəsinə. Dəqiqliklə nişan almağa ehtiyac yox idi. İndi sinəsindəki ürəyini vurmalı idi. Nə əlləri titrəyirdi, nə də bədəni. Bircə bayaqdan donub qalan iki damla göz yaşı titrəyirdi gözlərində. Deyəsən, yanaqlarından yıxılacaqlarını duymuşdular. Sona daha qadın ətri vermirdi. Ondan ölüm qoxusu gəlirdi; bütün insanların bilmədiyi ölüm qoxusu. Düşüncəsi dilinə doğru bir neçə kəlmə söz ötürdü, bağıra-bağıra : "Hamınıza nifrət edirəm. Bu ölkədə mənim sizə olan nifrətimdən dahi bir şey yoxdu- dedi. Sonuncu kəlməsini ehtiraslı güllə səsi öpdü. Gevorqun "Verjacru axçik, inçes anum?" (Dayan, sən neynirsən, qız) sözləri dodaqlarına yapışıb qaldı. Güllənin təsirindən əvvəlcə səngərin divarına dəydi, sonra üzüstə düşdü. Axan qan cadar-cadar olmuş torpağın arasına doldu. Torpaq qanı içmədi. Göllənmiş qan quruyub laxtalandı. Necə vardısa eləcə də qaldı . Qan tökülən yer yenə də cadar-cadar idi. Torpaq su istəyirdi...
Taleh MANSUR
525-ci qəzet.-
2014.- 16 oktyabr.- S.8.