Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin
işığında
(Əvvəli ötən sayımızda)
28 May səhərinin Layısqıdakı
gözəlliyi bənzərsiz
idi. Əjdər müəllim üzü Çakıl dağlarına
sarı dayanaraq ilkin təəssüratlarını
belə ifadə etdi: "Vallah, adam bu cənnəti
görəndə heyranlığını
bildirmək üçün
dayanmalı, fikrə getməli, düşüncəyə
dalmalı olur. Bura Azərbaycanın gözəllik
səltənətidir. Bu yerlərin əsrarəngiz
təbiətində Layısqı
sözünün mənasını
görürəm. Dağlar burada
bir-birindən lay-lay ayrılır.
Yaşıllıqlar bir-birini
lay-lay əvəz edir...
Vadilər qarşımızda laybalay açılır.
Başı qarlı zirvələrin yetirdiyi, sınağa çəkdiyi
insanlar da təbiətin özünə
oxşayır - gözəl,
istiqanlı, qonaqpərvər,
vüqarlı... Əhməd müəllimi
bu dağlardan birinə bənzədirəm.
Elə bilirəm onu "Avesta"dan, "Bilqamıs"
dastanından, "Kitabi-Dədə
Qorqud"dan tanıyıram."
Əjdər müəllimlə istiqlal
bayramımız Layısqıda
çox yaddaqalan oldu. O kəndin ziyalıları,
ağsaqqalları ilə
görüşdü, Əhməd
müəllimdən müsahibələr
aldı, gördükləri
barədə hər şeyi dəftərçəsinə
qeyd edirdi. Mən isə kənd ziyalılarından Əvvəl
Hüseynli və Şöhrət Həmidli
ilə iki min metr yüksəklikdə yerləşən, ensiz dağ cığırları
ilə Eşik qalasına qalxdım.
IX əsrdə, Alban çarlığı
dövründə gözətçi
məntəqəsi kimi
tikildiyi ehtimal edilən, Baş Layısqı kəndi ilə Şin çayı arasında yerləşən üçbucaq
şəkilli bu
qala diqqətdən və tədqiqatdan kənarda qalmış, divarlarının böyük
bir qismi sökülüb dağılmışdır.
Maddi-mədəniyyət abidələrinə qayğının artdığı
bir zamanda tarixi keçmişimizə
ehtiram əlaməti olaraq Eşik qalasının bərpası
məsələsinin vacibliyi
barədə düşüncələr
altında Layısqıya
qayıdırıq. Molla Cümənin
abidəsini, Ev muzeyini, kənd məscidini, orta məktəbi, tarixi yerləri ziyarət edirik.
Baş Layısqıda yeddi qədimi ziyarətgah var. Şeyx Nurullah Əfəndi, Mütüş
baba, Hacı Salah baba, Əfəndi
baba, Qəsib baba, Nişanlı qız-oğlan və Günahsız gənclər
ziyarətgahları... Bu ziyarətgahların hər
biri haqqında kənd camaatı arasında əfsanələr
dolaşmaqdadır. Əhməd
Salman oğlunun təşəbbüsü və
Yusiflilər ailəsinin
maddi dəstəyi ilə bu ziyarətgahların
sırasına daha ikisi əlavə edilib; Böyük Vətən Müharibəsində
həlak olan və iştirak edən kənd sakinlərinin şərəfinə
ucaldılmış möhtəşəm
abidə və Qarabağ müharibəsində
qəhrəmanlıqla həlak
olanlar üçün
salınmış "Şəhidlər
Xiyabanı"... Bu ziyarətgahlar ətraf yaşayış məntəqələri
üçün də
müqəddəs sayılır
və Layısqılıların
and yerinə çevrilib.
Baş Layısqıdan
zəngin təəssüratlarla
Bakıya qayıtdıq. Görkəmli
tədqiqatçı-alim Əjdər
Fərzəli az zaman içərisində "Salam Layısqı
dağları" adlı
kitabını yazıb
nəşriyyata təqdim
etdi. Bu onun
elmi, ədəbi-bədii
mövzuda yazdığı
sayca on doqquzuncu kitabı idi.
Təəssüf ki, o 2011-ci il yanvarın 21-də
qəflətən vəfat
etdiyi üçün
"Salam, Layısqı dağları"nın
(2011) AYB-nin Natəvan
klubunda keçirilən
çox maraqlı təqdimatında iştirak
edə bilmədi. Lakin əsərində "Layısqı"
sözünün etimologiyasına
dair ciddi araşdırmalar aparmış,
maraqlı qənaətlərə
gəlmişdir. Əjdər Fərzəlinin
fikrincə "Şəki
rayonundakı "Layısqı"
kəndinin, dağının
və çayının
adı uşağa çalınan "lay-lay"dan
əvvəl gəlib.
Bu kəndin, dağın
və çayın adı bir hecalı
"Lay" koduna bağlıdır.
Məhz bu koddan
"Layısqı" sözü
yaranıb. "Layısqı" öncə
"Layıs" adlanıb.
...Mayıs və Layıs qədim Azərbaycan - türk qəbilələrinin adları
olub". Onun digər araşdırmalarına
əsasən "Layıs
adının çox
qədimlərdə "sulu, işıqlı,
gözəl Vətən"
mənası aşkarlanır"
(Ə.Fərzəli. "Salam
Layısqı dağları",
Bakı, "Ozan",
2011).
Son tədqiqatlar zamanı
üzə çıxan
faktlar da Əjdər Fərzəlinin
qənaətlərini təsdiqləyir. Xüsusilə
Ural Dövlət Universitetinin
professoru, Ural onomastika
məktəbinin banisi
Aleksandr Konstantinoviç
Matveyevin (1926-2010) tədqiqatlarında,
o cümlədə "Verşinı
kamennoqo poyasa" (Çelyabinsk, 1990) monoqrafiyasında
müəllif Ural dağlarındakı
yer adlarını incələyərkən "Böyük
(baş) Layıs - Ur dağından 10 km. cənubda,
Yanıq Layıs, Böyük Layıs dağlarından şimalda
Qırıq Layıs dağları"nın mövcudluğunu
göstərmişdir. A.K.Matveyev
eləcə də Arxangelski vilayətinin Primorye rayonunda Layıskı qoruğu,
Ural dağlarının qərbində,
Avropa və Asiyanın şərti sərhəddində Baş
Layıskı və Aşağı Layıskı
dəmir zavodlarının
olduğunu vurğulamışdır.
Sözün kökü, nüvəsi sayılan "lay" birhecalı olsa da iki və daha çox kəmiyyət göstəricisini özündə ehtiva edir. Layısqı yer adı olaraq bu mənada da özünü doğruldur.
Ə.Fərzəlinin "Layısqı" sözünün məna çaları barədə xüsusilə ikinci qənaəti, yəni bu məfhumun "sulu, işıqlı" yer anlamını daşıması barədə düşüncələri təbrizli araşdırıcı Həsən bəy Hadinin iki cildlik "Türkcə etimoloji sözlük" (Təbriz, 2010) kitabındakı tədqiqat xarakterli mülahizələrinə də uyğun gəlir. Həsən bəy Hadi qədim türklərdə "lay" sözünün çağdaş düşüncəmizdəki kimi "lay - qat, təbəqə, kəsim" mənasını verməklə yanaşı (bax: H.Hadi. "Türkcə etimoloji sözlük", Təbriz, 2010, II cild, səh.11), komponentin ikinci tərəfinin - "ısqa - sulama, ısqı - sulu", "ısqı(n) - qızğın, odlu" (bax: H.Hadi. "Türkcə etimoloji sözlük", Təbriz, 2010, I cild) anlamlarını da daşıdığını vurğulamışdır. Başqa sözlə, Həsən bəy Hadinin təbirincə desək "Lay+ısqı" məfhumunun özü də iki qatdan, təbəqədən, kəsimdən ibarətdir və "od layı", "su qatı" mənasını verir.
Göründüyü kimi arqumentlər yetərincə mötəbərdir və "Layısqı" sözünün etimologiyası ilə bağlı mövzunu buradaca bitirmək olardı. Lakin 1831-ci ildə kənd əhlindən Balaşağa Əhməd oğlu, Məhəmməd Şəfi oğlu, Oruc İmamqulu oğlu, Məhəmməd Ramazan oğlu, Sofi Yüzbaşı Məhəmməd Əmin oğlu, Abbas Qasım oğlu, Kərim Cabbar oğlu, Kovxa Dərviş oğlu, Kərim Şəfi oğlu, Hümmət Balaoğlan oğlu və digərlərinin (cəmi 14 nəfər - A.R.) imzaları ilə təsdiqlədikləri Azərbaycan türkcəsində ərəb qrafikası ilə yazılmış sənəddə kəndin adı fərqli göstərilmişdir. Sənədin faksimilesini verməklə yanaşı mətni transfonoliterasiya edərək olduğu kimi oxucuların diqqətinə çatdırıram: "Şəki vilayətinin Köynük mahalının Layiqsə kəndinin nüfus dəftəri. Biz, bu aşağıda siyahı üzrə olan adamların ittilai (xəbəri) ilə doğru və dürüstlük olaraq məcmuin bu dəftərə yazdırmışıq. Hər şeyi, bu şeyi də gizli tutmamışıq. O səbəbdən adlarımızı yazdırıb möhür və barmaq basdıq. Fişəhri rəcəb-ül mərsəb (şərəfli rəcəb ayı - A.R.) 1247" (AR Dövlət Tarix Arxivi, fond-24, siyahı-1, saxlama vahidi-365, vərəq-366).
"Layiqsə" sözünün metateza hadisəsi nəticəsində "Layısqı"ya, bu məfhumun da rus məmurlarının "xidməti" sayəsində "Layski"yə çevrildiyini mötəbər faktlara söykənmədən iddia etmək müşkül məsələdir. Amma bu söz düşünmək, axtarışların yeni layını açmaq üçün də kifayət qədər əsas verir.
"Ey qonaq! Sənə Layiqsə - yolunu bu kənddən sal! Sənə Layiqsə - evimin qonağı ol! Sənə Layiqsə - bir qismət çörəyimi kəs, suyumu iç! Sənə Layiqsə sözümü dinlə. Layiqsə - layiqdir sevgiyə, sözə!..."
Qədim Layiqsəlilərin - Layısqılıların mənəvi dünyalarını seyr etsəniz qəlbinizin dərinliyindən bu yanıqlı səsləri, müdrik kəlamları eşidə bilərsiniz. Doqquz ziyarətgahı olan kənd bütövlükdə özü ziyarətgahdır! Sələflərin ənənələrini, qonaqpərvərliyini xələflər ləyaqətlə, layiqsəcəsinə indi də davam etdirir.
Bu günlərdə bir qrup ziyalı, o cümlədən görkəmli sosioloq-alim Əhməd Qəşəmoğlu, fəlsəfə doktorları Şahvələd Əliyev, Aytən Mehdiyeva, Ruhəngiz Eyyubova, təbrizli ziyalı Vahid Abazari və b. (cəmi 15 nəfər) ilə Baş Layısqı ziyarətgahlarına baş çəkməyə, Eşik qalasını görməyə getmişdik. Bizi Molla Cümənin abidəsi qarşısında Mehman Yusifli qarşıladı. O bizə Baş Layısqı haqqında böyük sevgi, məhəbbətlə məlumat verirdi. Aşıq poeziyasının görkəmli nümayəndəsi, müdrik söz sərrafı Layısqılı Molla Cümənin ev muzeyinə, Qəbirüstü abidəsinə, müqəddəs ziyarət yerlərinə bələdçilik etdi.
Zirvələr tənhalığı sevir. Eşik qalası da zirvədə, tək-tənha, yamyaşıl ağacların kölgəsində əsrlərin yorğunu kimi mürgüləyirdi... Bizi görən kimi oyandı, yuxusu qaçdı. Gileyini gizlətmədi... Ayaqüstü çıxışlarımız, vədlərimiz hiss etdim ki, onu qane etmədi. Doğrudan da hər bulaq başında çaylaq daşlarından yeni qalalar tiksək də tariximizin daş yaddaşı olan bəzi qədim qalalarımız qayğıdan kənarda qalır... Eşik qalası ilə görüşdən çətinliklə ayrılırıq...
Təkidlə imtina etməyimizə baxmayaraq Mehman Əhməd oğlu bizi evinə qonaq apardı. Anasının adını daşıyan qızı Səmənnaz xanım bizə süfrə açdı, mürəbbəli çay gətirdi. Burada Layısqı qonaqpərvərliyinin ən yaxşı nümunəsinin şahidi olduq. Mehman müəllim ata ocağında yaşayan və Yusif Əfəndi nəslinin milli-mənəvi dəyərlərə sadiqliyi ilə sayılıb-seçilən nümayəndələrindən biridir.
Baş Layısqı həm nadir arxeoloji tapıntıları, həm də daşıdığı unikal adı ilə tariximizin dərin laylarından bu günümüzə boy göstərən qədim mədəniyyət ensiklopediyası, milli ləyaqət rəmzidir.
Asif Rüstəmli
525-ci qəzet.-
2014.- 16 oktyabr.- S.6.