İnsana ehtiramla yazılmış bir kitabın təəssüratı

 

 

"Apostrof" çap evi tanınmış yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru respublikamızda ən uzun müddət raykom katibi olmuş Sadıq Murtuzayevin "İnsan amili - həyat və zaman" adlı irihəcmli kitabını nəşr edib.

Kitabda müəllifin keşməkeşli olduğu qədər də zəngin və mənalı ömür yolundan  bəhs edən xatirələri, eyni zamanda haqqında bəhs etdiyi insanlarla yanaşı elə özününömür yoluna işıq salan fəlsəfi düşüncələri və müəllifin sözünə qüvvət, söykək kimi peyğəmbərimizin mübarək hədislərindən nümunələr, tarixi şəxsiyyətlərin, filosofların, müdriklərin fikirləri yer tutur.

Bəri başdan qeyd edim ki, Sadıq Murtuzayevin imzası kimi özübiz şabranlılara yaxşı tanışdır. Axı ötən əsrin 60-cı illərində bizim keçmiş Dəvəçi bölgəsi Abşeron rayonunun tərkibində olanda Sadıq Murtuzayev o rayonun birinci katibi işləyib və vəzifəsi ilə əlaqədar tez-tez bizim Dəvəçidə olub.

Nəşriyyat tərəfindən kitabda verilmiş annotasiyada deyildiyi kimi, "haqqında bəhs etdiyimiz bu kitab Azərbaycanın tanınmış ziyalısının, illərlə rəhbər vəzifələrdə çalışmış istedadlı və bacarıqlı dövlət məmurunun, ən uzunömürlü raykom katibinin keçdiyi keşməkeşli ömür yolundan bəhs edir. Müəllif həyatı boyu təmasda olduğu istər vəzifəli şəxslər, istərsə də sadə əmək adamlarının  müxtəlifliyinin  sirlərini açmağa çalışır".

Daha sonra nəşriyyat qeyd edir ki, "müəllif yüksək vəzifəli şəxslərin həyat hekayələrində etdiyi müşahidələr əsasında sədaqətli və ədalətli  rəhbərdən tələb olunan xüsusiyyətləri dəyərləndirərək sadalayır".

Əxz edilən, sadalanan bu dəyərlər də, əlbəttə, özlüyündə sonralar hər birimizin keşməkeşli ömür yolunda mayak kimi işığa çevrilib yol göstərənimiz olur.

Oxucu belə bir qənaətə gəlir ki,insanı təkcə sevmək azdır. İnsan amilindən həm də sevə-sevə öyrənmək də lazımdır.

Əlbəttə, necə deyərlər, otuz ildən  çox bir müddət ərzində raykomun birinci katibi işləmiş Sadiq Murtuzayevin sadaladıqları sırasında bəşəri dəyərlərin, insan amilinin zirvəsi kimi ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev öndə durur.

Ümummilli liderimizdən söz açan, uzun müddət onun rəhbərliyi altında raykom katibi kimi çalışmış S.Murtuzayev qeyd edir ki, Heydər Əlirza oğlu Əliyev haqqında yazılan saysız-hesabsız kitablar və ucaldılan abidələr, həyat və fəaliyyətinə həsr olunmuş muzeylər, mərkəzlər, parklar onun qeyri-adiliyindən xəbər verir.

Sonra müəllif ulu öndərin ikinci hakimiyyəti dövründə "Səs" qəzetində dərc etdirdiyi "Qüdrətli şəxsiyyət fenomeni"  adlı irihəcmli məqaləsinin  ulu öndərin oxuyub çox  bəyəndiyini (Bəxtiyar Vahabzadə və Həsən Həsənovun dediklərinə əsasən) yada salıb  yazır ki, hakimiyyətinin birinci mərhələsində mən ilk gündən sona qədər onunla işləmişəm. İkinci dövrün isə müşahidə etmişəm.

...Ən mürəkkəb situasiyalarda manevr etmək, heç kəsin ağlına gələ bilməyəcək qərarlar qəbul edib sərrast tədbirlər  görmək və hər şeyi  yoluna qoymaq bacarığı onun nadir keyfiyyətlərindən idi.

Ulu öndərin dahi idarəçiliyində bir məsələyə toxunan müəllif yazır ki, "Onun (Heydər Əliyevin) intellektliyi və işgüzarlığı ilə seçilən kadrlara yaxşı münasibəti rəhbərlik üslubunda önəmli keyfiyyət idi”.

Müəllif Heydər Əliyevin bu keyfiyyəti ilə bağlı bir-birindən maraqlı konkret faktlardan (xatirələrdən) sonra fikrini belə tamamlamlayır ki, "tarixin ən qüdrətli hökmdarları belə informasiyaları axıradək araşdırmadan qərar qəbul etdiklərindən böyük səhvlərə yol veriblər. Heydər Əliyevin bu sahədəki müdrikliyi böyük tarixi göstərici idi".

Bu kitabda müəllifin bir vaxt rəhbərlikləri altında çalışdığı dövlət xadimləri haqqında da maraqlı xatirələri çoxdur.

Mircəfər Bağırovu yada salan S.Murtuzayev belə bir faktı xatırladır ki, alman ordusu Ukraynanı zəbt edərkən N.S. Xuruşşov orada Mərkəzi Komitənin birinci katibi idi. Ukraynanı təslim edib Moskvaya qayıtmışdı. M.C.Bağırov bir gün Stalinin qəbul otağında gözləyərkən ona yaxınlaşıb salam vermədən kepkasının iri günlüyünü aşağı basaraq: "Nikita, satdın Ukraynanı  faşistlərə?!" - deyib Stalinin otağına keçmişdi. Bəli, bu da tarixi həqiqətdir ki, hökmdarlarvaxtsa üzləşdikləri təhqiri heç zaman bağışlamırlar. N.S. Xuruşşovun hakimiyyəti dövründə Mir Cəfər Bağırovun da taleyi belə olur.

Müəllifin yada salıb oxucularına çatdırdığı bu xatirələrin hamısını ümumi bir qayə birləşdirir: müdrik oxucunun əxz edib götürəcəyi insan amilini formalaşdıran müxtəlif xüsusiyyətlər.Bu dostluğa sədaqət də ola bilər, mərhəmət də, verilən sözə əməl , mənəvi dəyərlər, hörmət və ehtiram, ailəyə bağlılıq, məhəbbətə sadaqət, keçmişə hörmət, bu günə qiymət, sabaha nikbin baxış...

Kitabda yaşının doqquzuncu on illiyini yaşayan müdrik ağsaqqalın insan amilinin əsas faktlarından biri olan, elə özünün də yaşadığı bu uzun və şərəfli ömründə illərin sınağından çıxan dostları haqqında gen-bol, ürəkaçılıqla, səxavətlə söz açmasıdır. Müəllifin hüznlə qeyd etdiyi kimi, onların bəziləri indi həyatda yoxdur.

Sadıq Murtuzayevlə belə əziz, doğma insanların biri də 20 ilə yaxın respublikamızda Ali Məhkəmənin sədri  olmuş Mir Abdulla İbrahimov  idi.

Sonralar həcc ziyarətinə gedib həm də hacı titulu qazanmış adlı-sanlı hüquqşünasla bağlı müəllifin bir neçə xatirəsini burdaca oxucuların da nəzərinə çatdırmaq elə bilirəm ki, hər birimiz üçün də ibrətamiz olar. Mənim Hacı Mir Abdulla İbrahimovla bağlı Sadıq müəllimin xatirələrini yada salmağım  heç də təsadüfi deyil. Axı bizim Şabranda da onu yaxşı tanıyır,hörmət və ehtiramla xatırlayırlar. Hacı Mir Abdulla İbrahimov əslən bizim qədim Şabran torpağından, rayonun ucqar Zöhrabkənd  kəndində dünyaya gəlib.

Milli-mənəvi dəyərləri, valideynlərə - ataanaya hörmət və ehtiramı Mir Abdulla İbrahimovun necə müqəddəs tutduğu ilə bağlı Sadıq Murtuzayevin öz kitabında nəql etdiyi xatirə hər bir övlada həm də xəbərdarlıqdır sanki: "Bir dəfə aramızda çinlilərin müqəddəs  hesab etdikləri Konfutsinin "Lin-Luy" kitabında öz əksini tapmış ata-ana üzünə olan övlada qarşı edam cəzasını tətbiqi haqda söhbət düşdü.

Mənim bu qanunu həddən artıq sərt, amansız olması fikrini səsləndirməyim Ağanı elə hiddətləndirdi ki, az qala gözləri hədəqəsindən çıxacaqdı. "İmkanım olsa, bu cəzanı öz qanunlarımıza daxil edərdim", - deyə o, məni susdurdu".

Yeri gəlmişkən, kitabda bizim Şabran bölgəsi ilə də bağlı maraqlı səhifələr çoxdur və açığı onları daha həvəslə oxudum.

maraqla oxuduğum bu xatirələri sözümün bu yerində yada salıb özümü saxlaya bilməyərək onları oxucuya da çatdırıram.

Belə xatirələri qələmə alan müəllif nəql edir ki, Mərkəzi Komitənin ikinci katibi Pyotr Motveyeviç Yelistratov  bir gün zəng vurub deyir ki, istəyirəm Abşerona gəlim, görüm Zaqatalanın qarğıdalı təcrübəsini burda necə tətbiq edirsən? Bunu da əlavə edim ki, o, mən Zaqatalaya rəhbərlik etdiyim zaman dəfələrlə buraya gəlmiş, hətta Əliabad kəndində "Adil oxu" və Çandax kəndindəki "Hicran oxu" adlanan sahələrdə hündürə qalxan qarğıdalıya baxıb vəcdə gələrək demişdi: "Bu nə möcüzədir, mən nəyin bahasına olursa olsun Nikita Sergeyivici buraya gətirəcəyəm".

Mən ona Abşeronda bu mümkün deyil, lakin Dəvəçi zonasında yaxşı qarğıdalılarımız var, -deyə bildirdim.

...Ertəsi gün səhər Dəvəçiyə yola düşdük. Dəvəçiylə Gəndov kəndi arasında Kuybişev adına sovxozun yol kənarında çox gözəl qarğıdalı sahələri vardı. Bizi soxvoz direktoru, partkombaş aqronom gözləyirdi. Görüşüb sahəyə gedirik. Yelisratov əli ilə qarğıdalı bitkilərini aralaya-aralaya hərəkət edir, bizdə onun arxasınca.

Qarşıdakı arxı keçərkən şişman bədənli direktor sürüşüb suya düşürçapalamağa, ağzı köpüklənməyə başlayır. Köməkləşinb onu arxdan çıxartdıq. Lakin direktor çapalamağını dayandırmır. Yelisratov qışqırır ki, biriniz qaçın, təcili yardım çağırın. Aqronom gedir, partkom da mənə yaxınlaşıb qulağıma deyir ki, siz gedin, bunun tutması var, keçib gedəcək. Bunu Yelisratova çatdırır və biz çıxıb gedirik.

Rayonun ən nəhəng təsərrüfat sahəsi sayılan "Sovet Konstitusiyası" sovxozunda qarğıdalı, tərəvəz sahələrinə baxırıq, çox xoşuna gəlir. Xüsusi ilə yüksək intellektli olan bacarıqlı təsərrüfatçı Teymur Şahverdiyevlə söhbət onu valeh edir. Onu nahara dəvət edərkən: "Belə direktorla məmnuniyyətlə nahar edərəm" - deyə söyləyir. Soxvozun qonaq evində nahar edərkən tapşırdı ki, zəng vurub arxa yıxılan drektoru xəbər alım. Mən dərhal zəng vurdum. Direktor kobinetindəki telefonun dəstəyini qaldırır. "Nəcəsən?" sualıma "əlayam" cavabını verir. "Axı az qala ölürdün?", - deyə təəccüblə qeyd etdim. "Yox ey, biraz da getsəydik məni də öldürəcəkdi, səni də. Buna məcbur qaldım" -deyə gülməyə başladı. Məsələnin nə yerdə olduğunu başa düşüb mən də güldüm. Yelisratova da xəbər verdim ki, artıq özünü yaxşı hiss edir.

Demə, sahənin davamı bərbad olduğuna görə direktor qəsdən bu fəndi işlədibmiş. Sonralar Yelisratovun Moskvadan gələn dostları ilə iştirak etdiyi məclisdə bunu nəql edirəm, məclisdəkilər də, o da gülürdeyir: "Afərin, gör necə ssenari düşünüb".

Müəllifin də qeyd etdiyi kimi, belə maraqlı əhvalatlar müəyyən  şəxsiyyətləri insan amili baxımından daha yaxşı tanımaq üçün çox əhəmiyyətlidir.

Elə buna görə də Sadıq Murtuzayevin "İnsan amili - Həyat və zaman" kitabı da oxuculara dəyərli bir töhfədir.

 

Aydın Tağıyev

525-ci qəzet.- 2014.- 16 oktyabr.- S.4.