"Odərlər"in milli yolu

 

 

Şəmil Sadiqin "OdƏrlər" romanı postmodern üslubunda yazılan və eyni zamanda Qarabağ münaqişəsinə həsr olunan nadir iri bədii nəsr nümunəsidir. Son illərdə Qarabağ münaqişəsi Azərbaycan romançılarının daimi diqqət mərkəzində olmuşdu. Əksər romanlar realizm üslubunda yaradılmış və Qarabağ müharibəsinin dəhşətli olaylarının əks etdirilməsinə həsr olunmuşdur. "OdƏrlər"də isə Qarabağ münaqişəsi fabulanın formalaşdırılması üçün istifadə edilir, lakin artıq süjet xətlərində Qarabağ münaqişəsi aparıcı faktor kimi çıxış etmir. Romanın iki əsas süjet xətti var. Birinci süjet xətti "Ulu Şaman" adlı məxfi təşkilatın fəaliyyətini əhatə edir, ikinci süjet xətti isə - mifoloji keçmişi əhatə edir. İki əsas süjet xətlərini bir müəllif ideyası birləşdirir - xalqın tarixi yolu və inkişaf perspektivləri.

Postmodernizm tarixi və inkişafı düz xətt boyu olan proses kimi qəbul etmir, onu (tarixi) dalğavari inkişaf prosesi kimi anlayır. Postmodernizm tərəfdarlarına görə tarix və zaman qeyri - xətti xüsusiyyətə malikdir. Şəmil Sadiqin "OdƏrlər" romanında keçmiş inkar edilmir, lakin onun təsviri müasirlik ilə qarşılıqlı şəkildə verilir, xalqın tarixində qeyri-ardıcıllıq qabardılır. Tarixin bu aspektdə təsviri müəllifə xalqının inkişaf perspektivləri haqqında düşüncələrini əks etdirməsinə imkan vermişdir. Şəmil Sadiqin "OdƏrlər" romanında bədii vaxt postmodernizmin ənənələri əsasında strukturlaşdırılmışdır. Əsərdə tarixlə müasirliyin vəhdəti paralel şəkildə özünü büruzə verir. Qədim xalqların dini, psixoloji, mənəvi, mədəni və yaradıcı inkişaf xüsusiyyətlərinin qarşılaşdırılması zamanı meydana çıxan identik hallar Şərq-Qərb mədəni-tarixi münasibətlər kontekstinin ortaya gətirdiyi ədəbi zərurət kimi özünü göstərir.

Postmodern romanlarda zamanın "sıxlaşma"sı ("sıxılma") ona gətirib çıxarır ki, bədii əsərdə fasiləli nizamlı zamandan dövrü prosesə keçidi və ya da zamanın "dondurulmasına" ehtimal edilir. Məkan "sıxılma"sı real və sürreal qarşılıqlı nüfuz etmənin güclənməsində özünü göstərir. Zaman çərçivəsində zamansızlığı nəzərə çarpdırmaqla sərbəst hərəkət etmələr əsərin ahəngdarlığına xələl gətirmir. Şəmil Sadiqin "OdƏrlər" romanında fabula Odərlərin Şuşaya yürüşü və Dədə Əfəndinin altı söhbəti əsasında inkişaf edir. Hadisələr pərakəndəlik xarakteri daşısa da, bəzən bir-biri ilə əlaqəli olmasalar da romanın əsas ideyası ilə süjet xətlərinə birləşdirilirlər.

Postmodern əsərlərdə xronoloji ardıcıllıqla nəql edilməyən hadisələr yanaşı dura bilir. Postmodern romanlarda parçalılıq, bölünmüşlük, fraqmentarlıq təqdir edilir. Postmodern romanlarda fərdiliyin yox edildiyi mətn konkret bir təhkiyə növündə olmur, müəllif istədiyi növə rahatlıqla keçir. Subyektlə obyekt, daxili dünya ilə xarici aləm, reallıq ilə qeyri-reallıq sərhədi olmayan postmodern mətnlərdə subyektin varlığı konkret olmur. "OdƏrlər" əsərində sadalan əlamətlərdən başqa postmodern romanlara aid digər əlamətləri də görmək olar. Postmodernlik Şəmil Sadiqə geniş bədii imkanlar vermişdir. İlk növbədə, Azərbaycan xalqının etnogenezi, kosmogenezi və antropogenezi ilə əlaqəli problemlərə dair müəllif yanaşmasının oxucuya çatdırılmasında özünü göstərir. "OdƏrlər" soydaşlarmız tərəfindən birmənalı qəbul edilməyəcək. Bu baxımdan Şəmil Sadiqin romanı və Orxan Pamukun bir sıra əsərləri arasında paralellər aparmaq olar. Ümuminsan dəyərlər üç zaman kəsiyində, keçmiş, indiki və gələcək zamanda, xalqın müasir durumu və gələcəyi babalardan qalan irsin (ilk növbədə milli və dini göruşlərə aid) bədii rekonstruksiyası prizmasından açıqlanır. Bu cür müəllif ideyasının əks etdirilməsi, bir tərəfdən ədəbiyyatın mükəmməl bilməsini tələb edir, o biri tərəfdən isə  vətəndaş qəhrəmanlığını tələb edir.

Postmodern ədəbiyyat intertekstual əlaqələri ilə seçilir. Şəmil Sadiqin "OdƏrlər" romanı da istisna deyil. Bir tərəfdən, roman Hüseyn Cavidin və İsa Hüseynovun əsərləri ilə sıx intertekstual əlaqədədir. H. Cavidin qələminə aid "Ölüm var ki, həyat qədər dəyərli..." ifadəsinin epiqraf kimi verilməsi də təsadüfi deyil. Şəmil Sadiq İsa Hüseynov tərəfindən formalaşdırılmış SafAğ konseptual sistemə tez-tez müraciət edir. Digər tərəfdən isə, "OdƏrlər" romanında Şəmil Sadiqin əvvəlki romanları ilə intertekstual əlaqələri müşahidə etmək olar.

Postmodern roman ənənəvi romandan fərqli olaraq süjetin kollaj və montaj prinsipləri əsasında formalaşdırılması ilə seçilir. "OdƏrlər" romanında tez-tez bir süjet xəttinə aid epizod digər süjet xəttinə aid epizod çərçivəsində verilir. Şəmil Sadiqin "OdƏrlər" romanında müxtəlif epizodların və süjet xətlərinin bir-birinə xaotik qarışması özünü aydın şəkildə göstərir. Bu da fabulanın inkişafına gözlənilməzlilik gətirir, əsərdə emosional çalarları zənginləşdirir. Süjeti montaj edərək müəllif qaldırılan problemlərin kəskin bədii əks olunmasına nail olmuşdur. Xalqın olum və ölüm seçim qarşısında durduğunun kəskin bədii əksi üçün montaj priyomundan geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, montajın təsiri əsasında bu seçim dram əsərlərinə xas katarsis ilə açıqlanmışdı.

Postmodernizm mifologiyaya geniş müraciət edir. Bir tərəfdən qədim mifoloji varislik müasir əsərlərdə canlandırılır, digər tərəfdən isə yenidən yaradılan "şəhər mifologiyası"nın inkişafına təkan verir. "OdƏrlər" romanında mifologizmə xüsusi yer ayrılmışdır. Romanda "Kitabi-Dədə Qorqud" dastanının xatırlanması məqamına diqqət yetirək. Dədə Əfəndinin "Kitabi-Dədə Qorqud" dastanının əsl variantının əldə olmaması faktını qabartması və bu səbəbdən xalq eposunun düzgün açıqlanmamasına toxunur: "Görürsənmi, Dədəm Qorqudun kitabı nə qədər qarma-qarışıqdır? Hələ də baş çıxarda bilmirik ki, dastandakı oğuzlar kimlərdir. Müsəlmandırlar, xristiandırlar, nədirlər, heç nə bilinmir. Çünki aradakı bəzi mətnləri ixtisar ediblər. O tarixi gizlədirlər". Romanda eposlarımızdan gələn obrazların təsirini görməmək qeyri-mümkündür. Belə ki, Dədə Əfəndi, Ata kişi, Dəmirçioğlu ağsaqqal obrazları gözümüzdə Dədə Qorqudu canlandırır. Eyni zamanda romanda "Ulu Şaman" adlı məxfi təşkilatın fəaliyyəti əsasında yeni miflər formalaşdırılır.

Postmodern romanlarda reallıqla əlaqəsi olan obrazlarla yanaşı gerçəkliklə əlaqəsi olmayan individual obrazlar romanın açıq mətn olmasına imkan yaradır. Dədə Əfəndinin altı söhbəti bizə ağsaqqal nəsihəti ilə ulularımızı xatırladır. "OdƏrlər" romanının folklorluğuna xalq əlamətlərindən geniş istifadə edilməsini aid etmək lazımdır. Məsələn, at nalının uğur, açıq yol, bərəkət rəmzi hesab olunduğunu nəzərə alsaq "OdƏrlər" romanında da hadisələrin şəhərdən gəldiyi ehtimal edilən bir nəfərin dağ kəndində köhnə nal yığması ilə başlaması əsərin sonluğunu uğurlu olacağına oxucunu hazırlayır.

Postmodern romanlarda müəlliflər insan və dünya arasındakı ziddiyyətləri simvolik obrazlardan, işarə və eyhamlardan istifadə edərək, əsərin hüdudlarından kənarda olan məkanın bədii izahını verməyə cəhd edirlər. Şəmil Sadiqin romanında geniş yayılmış bir sıra simvollar yeni məzmunla zənginləşdirilir. Məsələn, romanda qılınc xeyrin şər ilə daimi mübarizədə xeyrə sadiqliyin rəmzidir. Arslan təşkilata üzv qəbul edilərkən Kamandar Heydərov öz kadrına bir qılınc uzadır. Onun Arslana, yəni Qoroğlun uzatdığı qılınc əsərdə rəmzi məna daşıyır: "Tanrının qılıncını simvolizə edirdi. Bütün böyük sərkərdələr daim həmin bu qılıncın axtarışında olmuşdur. Atillanın əldə etdiyi qılınc da, Qoroğlunun (Goroğlunun, Koroğlunun) göylərdən gələn Misri qılıncı da bu qılıncdan idi. - Qoroğlu, yaxın gəl, al bu qılıncı. Bundan sonra son damla qanına qədər haqq yolundan yayınmayacağına and iç!"

Əsərdə müəllif tərəfindən beş rəqəminin simvol kimi istifadə edilməsi də maraq kəsb edir. Sadəcə beşguşəli ulduzun mənasını açıqlaması, onu insana bənzətməsi, ən əsası isə Tanrı ilə müqayisə etməsi oxucunu cəlb edir: "beşguşəli ulduz yaradılışı əks etdirən simvoldur. İnsanın yaşadığı Olamın simvoludur, yəni var oluşun göstəricisi. Bu gün pentoqram kimi tanınan simvol dünyanın yaranmasını özündə daşıyır. Əslində, bu beşguşəli ulduz insana oxşayır. Axı Yaradan insanı yaradılışın əşrəfi sayır. Beşguşəli ulduzun aşağıdakı iki ayağı su və torpağı, insan qolu kimi yanlara açılan iki guşə od və havanı, baş isə Yaradanı özündə gizlədir. Bu beşlik tamdır. Fikir verirsən, Tanrı başdır, birincidir, təkdir, idarə edəndir".

Romanda Dədə Əfəndinin beşinci söhbətində xristian aləminin sahib çıxdığı xaça münasibətinə də diqqət yetirmək vacibdir. Müəllif haqlı olaraq, xristian aləmində istifadə edilən xaçı Tanrının rəmzi adlandırır. "...Tanrının rəmzi xaçdır. Xristianlıqda istifadə edilən xaç Tenqri dinindən törəmişdir. Dünyadakı gəlib keçmiş və indiki bütün dinlərdə xaç hörmətli bir simvol olub və olmaqdadır. Xaç dünyaya finikiyalı xristianlar, ya da katoliklər tərəfindən daşınmışdır".

Postmodernizm geniş yayılmış mənəvi görüşlərin dekonstruksiyası ilə seçilir. Şəmil Sadiqin "OdƏrlər"ində əsasən dini dekonstruksiyaya diqqət yetirilir.

Romanda dinin dekonstruksiyası Dədə Əfəndinin dili ilə həyata keçirilir. Dədə Əfəndi qeyri-ərəb xalqların İslamı sadəcə tanımaları faktını iddia edir. Dədə Əfəndi qəbul etməklə tanımaq arasında fərqlərə toxunur. Romanda ərəb dilinin Tanrının dili ola bilməməsi haqqında iddia da diqqətdən yayınmır. Müəllif fikirlərində haqlıdır: "Ərəb dili Tanrının dili ola bilməz, oğul, heç vaxt ola bilməz. Heç indi də deyil. Sadəcə kütlə bunu belə qəbul edir. O, məkansız, zamansız, rəngsiz, cinssiz, dilsizdir. O, bütün dilləri bilir. Onun üçün bütün dillər eyni cür anlaşılır. Axı bütün dillər bir dildən - OdƏr dilindən yaranıb".

Dini rekonstruksiya sünni və şiələrin mübarizəsinin mənasız olmasına dair fikirlərdə də öz əksini tapır. Komandirin Məhəmmədlə namaza Rəbbin tövsiyə etdiyi dildə - ərəb dilində ibadət etməsi mənzərəsini yazar açıqlaya bilmişdir: "İkisinin də Allahı, peyğəmbəri, inandığı kitab, qibləsi eyni idi. Gözlərini səcdədən çəkmirdilər. Səhih hədislərdən birində deyildiyi kimi, namazda xoruz kimi dənləməyi, it kimi çömbəlməyi və tülkü kimi ətrafa boylanmağı rədd edərək (Əhməd və Əbu Yəla) bir olan Tanrıya sidq ilə ibadət edir, ruhlarının paklanmasını Onda tapırdılar. Amma biri cibindəki möhürü yerə qoyaraq alnını ona vurduğu halda, digəri möhürsüz namaz qılırdı. Biri qolları bağlı, o biri isə qolları açıq və yanına salınmış vəziyyətdə qılırdı namazını. Səcdəyə də demək olar ki, eyni anda gedirdilər. Hər ikisinin də niyyəti eyni - Tanrıya ibadət etmək idi. Tanrının yaratdığı bu füsunkar təbiətlə vəhdətdə olaraq özlərini daha yaxın hiss edirdilər Ona. Bu zaman sanki düşüncələri belə Tanrının qarşısında səcdəyə əyilmiş, Onun rəhmli hüzurunda rəhm diləyirdi. Sanki Tanrı ilə üz-üzə durmuşdular, alınlarının dəydiyi torpaq fərqli olsa da, qolları fərqli formada bükülsə də, hər ikisi bir Tanrıya, bir haqqa tapınmışdılar".

Dədə Əfəndinin qiblə və Quran haqqında fikirləri də dini dekonstruksiya üslubudur. Dədə Əfəndinin Məhəmməd peyğəmbərin Kəbəni niyə seçməsinin məqamlarını özünəməxsus şəkildə açmağa cəhd göstərir: "Heç bilirsənmi bu gün qiblə dediyin məfhum niyə yaranıb? Yox, bilmirsən, oğul, hardan biləsən? Bir də sual versəm, deyəcəksən ki, bəs Kəbəyə görə. Yox, oğul, yox. Dahi Məhəmməd hansısa bir tikiliyə görə bütün insanları ora sitayiş etdirməzdi. O, insanları Gök Tanrıya, (Bağa, Boqa) Onun günəşinə tərəf sitayişə çağırırdı".Romanda Dədə Əfəndinin Quranla bağlı fikrləri mübahisə doğurur: "Quranın özündə belə yazılıb ki, bəzi ayələri sonradan qüvvədən saldıq. Görürsən, nə qədər gülünc görünür? Necə olur ki, bu dünyanı Yaradan və insanların taleyini yazan bir qanun göndərir və sonra bu qanunu bəyənməyib yenisini göndərir. Axı Quranda hər cümlədən bir "Allah hamıdan böyükdür və hər şeyi biləndir", "Allahdan qorxun" fikri səsləndirilir. Bəs onda Tanrı niyə belə səhvlər edirmiş. Yaxşı, lap onu da başa düşək ki, o dövr üçün bu lazım idi. Bəs onda o dövrdən 1300 il keçib, yeni ayələrə, qaydalara ehtiyac yoxdur bəyəm? Hardadır bizə təqdim edilən dinlərin Allahı? Niyə gəlib insanlara yeni qaydalar, qanunlar göndərmir? Axı Onun dini kitablarda qoyduğu qaydalar, qanunlar bu gün tamam fərqli formada həyata keçirilir. Hə, deyəcəksən ki, bəs bu imamlar, üləmalar yeni şəriət, qayda-qanunlar yazanlar kimlərdir? Onlar fırıldaqçılardır, oğul".

Eyni zamanda Dədə Əfəndi qədim dini sistemlərə aid edilən Tanrıçılıq haqqında geniş mülahizələrə yer verir. Tanrıçılığın mahiyyəti Dədə Əfəndi tərəfindən açıqlanır: "Tenqri, Göydə oturan görünməz ruha deyirdilər. Babalarımıza görə O, Uludur. Göydən və bütün dünyadan uca idi".

Ümumiyyətlə, dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da postmodern üslubda qələmə alınmış əsərlərə reaksiyalar birmənalı olmamışdır. Belə ki, bu proses postmodern üslubda qələmə alınmış roman nümunələrinə xas janr və struktur yeniliklərini qəbul etməyənlər arasında ədəbi metod, mövqe mübarizəsinə çevrildi. Ədəbiyyatımızda roman janrının "yenilənməsi" baxımından özündə əsas yük daşıyan postmodern roman tərəfdarlarının az olmasına baxmayaraq, bu üslubda qələmə alınmış əsərlər ədəbi müstəvidən nəzərdən keçirilərək öz real qiymətlərini ala bilmələri təqdirəlayiqdir. Şəmil Sadiqin "OdƏrlər" romanı da ədəbiyyatda öz real qiymətini almağa qadir olan roman nümunəsidir. Buna görə də müəllifə qələmə aldığı romana görə xüsusi minnətdarlıq bildirmək istəyərdim.

 

 

 

Salidə ŞƏRİFOVA

filologiya üzrə elmlər doktoru, dosent

525-ci qəzet.- 2014.- 17 oktyabr.- S.8.