Yazıçılar Birliyində Fazil Hüsnü Dağlarca anılıb
Dünən Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda böyük türk şairi Fazil Hüsnü Dağlarcanın 100 illik yubileyi qeyd edilib.
Tədbiri giriş sözüylə
açan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar, Dağlarcanın
keçdiyi yaradıcılıq
yolu, ədəbiyyata və həyata baxışı, onun poeziyasına olan sevgi haqda söhbət
açıb:
"Fazil Hüsnü
Dağlarca ilə son görüşüm 10 il
bundan əvvəl İstanbulda Atatürk Mərkəzində keçirilən
90 illik yubileyində olub. Onunla söhbət əsnasında
Azərbaycana sevgilərini
dilə gətirdi.
Yeniliklərlə maraqlandı. Yubiley çox təntənəli
keçdi. Fazil bəyin
şeirləri səhnədən
deyildikcə ardını
salonda oturanlar tamaşaçılar davam
etdirirdi. Tədbirdən sonra Çingiz Bektaşla şairin evində də olduq. Ədəbiyyat, Nazim Hikmət,
Azərbaycan və Azərbaycan ədəbiyyatı
barədə xeyli söhbətləşdik. Dağlarcanın xatirəsi bizimçün
həmişə əzizdir.
Elə bunun göstəricisidir ki, Azərbaycanda onun seçilmiş əsərlərini kitab şəklində çap
etdirdik, ön sözü də mən yazdım".
Anar tanınmış
türkoloq, Azərbaycan
Yazıçılar Birliyi
Moskva filialının
rəhbəri Tofiq Məliklinin "Fazil Hüsnü Dağlarca dühasının tənhalığı"
adlı araşdırma
qələmə aldığını
deyərək, bu əsəri "İki dövlət - bir millət" deyiminin ədəbiyyata da şamil olunması yolunda mühüm addım kimi qiymətləndirib.
Şair
haqqında elmi araşdırma müəllifi
olan professor Tofiq Məlikli deyib ki, Fazil Hüsnü
Dağlarcayla tanışlığı
40 il əvvəl
başlanıb:
"Bu müddət ərzində
onunla görüşlərimiz,
söhbətlərimizdən əlavə məktublaşmalarımız
olub. Bütün bunlar onu həm şair, həm ictimai xadim, həm də böyük dilçi alim kimi səciyyələndirməyimə
kömək edib.
Fazil Hüsnü Dağlarca həmişə öz sözünü deyən,
mövqeyini açıq
şəkildə ortaya
qoyan bir insan olub. Bu, şairin əsərlərində,
şeirlərində aydın
görünür. Metafizik düşüncəyə
söykənən "Uşaq
və Allah" kitabı
buna misaldır. Dağlarca Türkiyəni,
ümumilikdə türklüyü,
türk dilini çox sevirdi. Həmişə türklüyün təbliğinə çalışıb,
vətənpərvərlik ruhunu diri saxlamaq
üçün əlindən
gələni edib.
Müasir Türkiyənin yeni
ədəbi dilinin formalaşmasında Dağlarcanın
rolu danılmazdır".
Millət
vəkili Qənirə
Paşayeva yubilyarın
şairlikdən başqa
dəyərli ziyalı
və tarixçi olduğunu qeyd edib:
"Fazil bəy
böyük şair olmaqla yanaşı dəyərli ziyalı, tarixi dərindən bilən bir insan olub. Dünya tarixi
və ədəbiyyatına
incəliklərinə qədər
bələd idi.
Azərbaycanın böyük şairlərini,
mütəfəkkirlərini yaxından tanıyırdı.
Bu gün Türkiyə və Azərbaycan arasında mədəniyyət və ədəbiyyat sahəsində ən çox ehtiyac duyulan məsələ hər iki dövlətin böyük ziyalılarını yaxından tanıtmaqdır. Buna görə də Yazıçılar Birliyinə böyük təşəkkür düşür".
Daha sonra söz alan Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Abdulla Tüylü, Dağlarcanın gələcəyə yön verəcək qədər böyük şair olduğunu önə çəkib:
"Fazil bəy şeirləri ilə türk millətinin, türk dünyasının kompasıdır. Gedəcəyimiz yolu, yetməli olduğumuz məqsədi göstərib. Həyatı boyunca, "Vətən, millət, dil, tarix, keçmiş və gələcək" deyib. Bizə aşılamaq istəyib ki, millət vətəninə, dilinə, keçmişinə, tarixinə hörmət etməzsə, sahib çıxmazsa, gələcəyi də olmaz.
Dilini itirən millət hər şeyini itirmiş deməkdir. Fazil Hüsnü Dağlarca dərindən araşdırılması və gənclərə təbliğ edilməsi vacib olan bir şairdir".
Yazıçı və türkoloq Aqşin Babayev pedaqoji fəaliyyətində Dağlarcaya böyük önəm verdiyini, gənclərə, tələbələrə onun millət sevgisini aşılamağa çalışdığını bildirib.
Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan Yazıçılar Birliyinin ümumilikdə türk dünyası ədəbiyyatına göstərdiyi diqqətdən məmnunluqla danışıb:
"Sevindirici haldır ki, Yazıçılar Birliyi, şəxsən Anar müəllim, burda iştirak edən hörmətli yazıçılar, ziyalılarımız təkcə Azərbaycanla kifayətlənmir, bütövlükdə türk dünyası ədəbiyyatını diqqətdə saxlayır. Fazil Hüsnü Dağlarcanın 100 illik yubileyinin keçirilməsi, hörmətli türkoloq Tofiq Məliklinin Dağlarca barədə araşdırma kitabı buna bariz nümunədir. Anar müəllimin Türk Dünyası Yazıçılar Birliyinin başqanı seçilməsi də təsadüf sayılmamalıdır. Bir türk şairinin Azərbaycanda anılması sevincini yaşatdığınıza görə hamınıza təşəkkür edirəm.
Dağlarca vətəninə, millətinə, xüsusən dilinə vurğun bir ziyalı idi. Əksər şeirlərində Osmanlı imperiyasının son dövrləri, yeni Türkiyənin yaranması, o vaxta xas sıxıntılar əsas götürülərək vətənin, millətin və dilin necə qiymətli olması vurğulanır. Keçmişə sayqı duyan, gələcəyini keçmişə nəzərən quran bir dövlətin həmişə inkişafda olacağı qabardılır. Bu baxımdan Dağlarca təkcə Türkiyə üçün deyil, türk dünyası üçün də çox qiymətli ziyalı və şairdir.
Şair, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Fazil Hüsnü Dağlarcanın şəxsiyyətinin və poeziyasının önəmini vurğulayıb. O, Tofiq Məliklinin kitabının ədəbi əlaqələr baxımından böyük dəyər kəsb etdiyini bildirib.
Şair Abbas Abdulla da Dağlarca yaradıcılığından rəğbətlə söz açıb.
Cavid ŞÜKÜROV
525-ci qəzet.-2014.-
17 oktyabr.- S.7.