"Azərbaycan dilinin
inkişafı üçün geniş imkanlar
açılıb"
Ötən gün AMEA-nın
Nəsimi adına Dilçilik İnstitutunda
gələn həftə
Bakıda keçiriləcək
"Sələflər və
Xələflər" Beynəlxalq
simpoziumu və İnstitutun Monitorinq şöbəsinin ilkin nəticələri ilə
bağlı mətbuat
konfransı keçirilib.
Konfransı İnstitutun direktoru, akademik Tofiq Hacıyev açaraq gələn həftə Bakıda təşkil olunacaq "Sələflər və Xələflər" beynəlxalq simpoziumu haqqında ətraflı məlumat verib: "22-24 oktyabr tarixində keçiriləcək simpoziumda müasir dilçiliyin problemləri müzakirə olunacaq. Nəsimi adına Dilçilik İnstitutu və Qafqaz Universitetinin birgə təşkil etdiyi simpozium Əlibəy Hüseynzadənin 150 və Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunub. Türkiyə, Qazaxıstan, Polşa, Albaniya, Şimali Kipr Türk Respublikası, Ukrayna, Əfqanıstan, Özbəkistan, İngiltərə, İran, Bolqarıstan, Çin kimi ölkələrdən dəvət olunmuş türkologiya elminin problemlərinin araşdırılması sahəsində dünya şöhrətli dilçilər, eləcə də Azərbaycanın tanınmış alimləri, gənc mütəxəssislər mövzu ilə bağlı mühazirələrlə çıxış edəcəklər".
T.Hacıyev mətbuat konfransında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq mövcud vəziyyəti öyrənmək üçün institut əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib. T. Hacıyev bu monitorinqlərin nəticələrini işıqlandırılması və mövcud problemlərin aradan qaldırılması məqsədilə mətbuatla institutun birgə əməkdaşlığının vacibliyini vurğulayıb. Dili hər bir xalqın milli-mənəvi sərvəti adlandıran akademik qloballaşma dövründə dilin qayda və qanunlarının qorunmasının xüsusilə vacib olduğunu diqqətə çatdırıb: "Füzulinin diliylə desək, "Yaxşı görünür, surəti məhvəşlərin, amma, yaxşı nəzər etdikdə sərəncamı yamandır"- Bunu qloballaşmaya da aid etmək olar. İlk baxışdan qloballaşma yaxşı təsir bağışlaya bilər. Ancaq qloballaşmanın "yaman sərəncamı var". Qloballaşma kiçik millətlərin mədəniyyətlərini "udmaq" məqsədi daşıyır, onları mənəvi müstəmləkəyə çevirmək istəyir. Belə bir zamanda dövlətimizin rəhbəri qloballaşma dövründə Azərbaycan dilinin işlənmə və inkişafı haqqında sərəncam verdi. Bu, ölkə başçısı tərəfindən milliliyin qorunması istiqamətində atlıan mühüm addımdır. Bu sərəncamın qəbulu ilə Dilçilik İnstitutunun Monitorinq şöbəsi yaranıb. Müxtəlif istiqamətlər üzrə monitorinqlərin nəticələri məlum olduqca vaxtaşırı ictimaiyyətə açıqlanacaq".
İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli ölkəyə idxal olunan dərman preparatlarının izahedici vərəqələrin dilinin monitorinqinin ilkin mərhələsinin yekunlaşdığını, hazırda isə Bakı şəhərində -Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, kargüzarlıq sənədləri, afişalar, reklam lövhələri və teleradio verilişlərini dili üzərində müşahidələrin aparılması barədə məlumat verib. Q.Məhərrəmli Dövlət Proqramında 20-yə yaxın sahə üzrə monitorinqin aparılmasının nəzərdə tutulduğunu bildirib: "Bu Dövlət Proqramı imkan yaradır ki, dövlətin özünün və strukturlarının köməyi ilə ən müxtəlif sahələrdə olan dil problemlərini həll edək. Ömər Faiq Nemanzadənin bir yaxşı sözü var, Tofiq müəllimin çıxışının ruhunda da onu duydum - "Bir sənəd qəbul olunur, insanlar onu əvvəlcə çox alqışlayırlar, dəryada dalğa kimi şahə qalxırlar, amma qısa zaman keçən kimi geri çəkilib sakit vəziyyətdə dayanırlar". Hesab edirəm ki, bu Dövlət Proqramının da o kökə düşməməsi üçün tək AMEA, Dilçilik İnstitutu, Monitorinq şöbəsi yox, butün Azərbaycan ictimaiyyəti bu istiqamətdə iş görməlidir. Yəni, vətəndaş olaraq. Firudin bəy Köçərlinin gözəl bir sözü var: "Necə ki, ana südü uşağı ətə-qana gətirir, dil də insanın ruhunu hərəkətə gətirir". Faktiki olaraq insanın iki vətəni var: onun yaşadığı ərazi, torpaq və danışdığı dil. Bax, bu əraziləri qorumaq hamımızın işidir. Amma bununla yanaşı buna konkret məsul olan bizlər varıq və bunun üçün konkret işlər müəyyənləşib. Böyük materiyadan danışmaq olmur, çünki atdığımız addımlar hələlik ilkin addımlardır. Biz ilk növbədə Dövlət Proqramında göstərilən istiqamətlər üzrə konkret komissiyalar yaradılır və işlər görülür. Biz həm də qaynar xətti yaradacağıq ki, insanlar dillə bağlı problemləri operativ şəkildə bizə xəbər verə bilsinlər. Dövlət Proqramının həyata keçirilməsi, monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması üçün mətbuatla sıx əlaqələrin qurulması vacibdir".
Mətbuat konfransında İnstitutun aparıcı elmi işçisi Şahlar Məmmədov və böyük elmi işçi Zamiq Təhməzov teleradio verilişlərinin və dərman preparatlarında izahedici vərəqlərin dili üzərində aparılan monitorinqlərin ilkin nəticələri və müşahidə olunan dil qüsurları haqqında danışıblar.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 17 oktyabr.- S.7.