Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Gəncənin yeri
və rolu
Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Şəhərin
adı orta əsr ərəb mənbələrində Gənzə,
fars mənbələrində
Gəncə, bəzi mənbələrdə isə
Qandzak şəklində
işlənir. Şəhərin adı bəzi qaynaqlarda "gen yer" mənasında, bəzilərində
isə "xəzinə"
kimi də izah olunur. Bəzi alimlər şəhərin
yaranmasını e.ə.VII
əsr, əksəriyyəti
isə orta əsrlərin başlanğıcına
aid edirlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi
və mədəniyyət
mərkəzi olduğu
şübhəsizdir. 730-cu
ildə ərəb-xəzər
döyüşlərində xəzərlərin keçdiyi
şəhərlər içərisində
Gəncənin də adı çəkilir.
Həmdullah Qəzvini şəhərin
659-660-cı illərdə, M.Kalankaytuqlu isə
846-847-ci illərdə ərəblər
tərəfindən inşa
edildiyini qeyd edib. Əl-İstəxrinin verdiyi məlumata
görə, Gəncə
şəhəri ərəb
fəthlərinin ilk dövrlərində
Bərdədən Tiflisə
gedən yolda kiçik bir şəhər vəziyyətində
idi.
X əsrin ortalarında Gəncə şəhəri
Salarılərin hakimiyyəti
altında olub. Daha sonra isə Şəddadilərin paytaxtı
olub. Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə
başlanıb. Şəhəri əhatə edən yeni və daha
davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim Osman oğlu məşhur Gəncə darvazalarını düzəldib.
Gəncənin geniş bir
mərkəzə çevrildiyi
bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişlənib.
XI əsrin ortalarında
Azərbaycan Səlcuq
imperiyasının tərkibinə
qatıldı. Təbrizi tutduqdan sonra
I Toğrul (1038-1068) 1054- cü
ildə qoşunlarını
Gəncə istiqamətinə
yönəltdi. Yerli camaatın
güclü müqavimətinə
baxmayaraq Səlcuqlar şəhəri zəbt etdilər.
XII əsrin I yarısında
Gəncənin tərəqqi
və inkişafı burada baş verən dağıdıcı
zəlzələlər və
gürcülərin "daha
dağıdıcı" basqın və qarətləri ilə ləngidildi. Dövrün tarixçisi İbn
əl-Əzraqın "Məyyəfariqinin
tarixi" əsərində
xəbər verdiyi kimi, birinci zəlzələ
1122/23-cü illərdə baş
vermişdi. O zaman,
şəhərin bir hissəsi batmış, divarları isə uçmuşdu. Qarışıqlıqdan istifadə edən
gürcü hökmdarı
David şəhər basqın
edərək, salamat qalmış sakinlərini
əsir aparmış,
şəhəri qarət
etmişdi. Bu hadisədən sonra şəhərin mühüm
iqtisadi və strateji əhəmiyyəti
nəzərə alınaraq,
Gəncənin dağıdılmış
təsərrüfatı tezliklə
bərpa edilmiş və o yenidən Yaxın Şərqin gur şəhərlərindən
birinə çevrilmişdi.
Lakin 17 il
sonra - 1139-cu il sentyabrın 30-da baş verən yeni zəlzələ şəhərin
vəziyyətinə daha
ağır təsir etmişdi. İbn əl-Əsir yazır
ki, "Gəncədə,
eləcə də Azərbaycan və Arranın başqa nahiyələrində zəlzələ
oldu. Lakin Gəncədə baş verən zəlzələ ən güclüsü idi.
Onun bir çox evləri dağılmış,
saysız-hesabsız sakinləri
məhv olmuşdu".
Əl-Bundarinin məlumatına görə,
baş vermiş zəlzələ "şəhəri
elə məhv edib dağıtdı ki, sanki o heç
vaxt olmamışdı".
Hadisələri öz
gözləri ilə görmüş alban tarixçisi gəncəli
Mxitar Qoş bu müdhiş hadisəni belə təsvir edirdi: "Areq ayının 18-ci günündə, cümədən
şənbəyə keçən
gecə (şənbə
30. IX. 1139) Allahın qəzəbi dünyanı
tutdu. Yerin dəhşətli qeyzlə hərəkətə
gələn coşğunluğu
və böyük dağıntı Albaniyanın
torpağına da yetişdi. Nəticədə, onun paytaxtı
Gəncə də cəhənnəmin girdabına
atılaraq, öz sakinlərini uddu".
Zəlzələ nəticəsində Gəncə elə dağılmışdı ki, sanki burada əvvəllər heç vaxt şəhər olmamışdı. Mənbələr (İbn əl-Əsir və b.) Gəncə zəlzələsi zamanı 230 mın adamın həlak olduğu haqqında məlumat verirlər. Hətta əl-Bundari bu rəqəmin 300 min olduğunu qeyd edir. Zəlzələ zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsdi və Göygöl əmələ gəlib. Fürsət gözləyən gürcü çarı I Demetr dağılmış şəhərə basqın edib onun salamat qalmış sakinlərini soyub-taladıqdan və bir qismini qırıb-çatdıqdan sonra, minlərlə əsir götürüb indi də bir tayı Kutaisi yaxınlığındakı Gelati monastrında saxlanılan məşhur Gəncə qapılarını da özü ilə aparıb. Çox keçmədən sultanın canişini Qara Sunqurun tələsik gəlmiş qoşunları gürcüləri darmadağın edərək, şəhərdən çıxarıb.
Gəncə şəhəri XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilib. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirib. XII əsrdə Gəncədə təxminən 500 min nəfərə qədər adam yaşayırdı. Bu dövrdə dünya ölkələrində Gəncə kimi böyük şəhərlər az idi. Uzun müddət paytaxt şəhəri olmuş Gəncədə sultan sarayı, ayrı-ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus olan saraylar, imarətlər, həmçinin məscid, mədrəsə, hamamlar və başqa binalar inşa edilib. Bu isə şəhərdə memarlığın və bununla əlaqədar olan bir çox sənət sahələrinin inkişafına təkan verib. XII-XIII əsrlərdə Gəncə Ön Asiyanın ən inkişaf etmiş şəhərlərindən biri olub.
Eldənizlər dövlətinin hökmdarları Şəmsəddin Eldənizin (1137-1175 ) və Cahan Pəhləvanın (1175-1186) dövründə Gəncə şəhəri özünün siyasi və iqtisadi cəhətdən inkişaf dövrünü yaşayırdı. Bu dövrdə Gəncədə Əbül-üla Gəncəvi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi tanınmış şair və mütəfəkkirlər yaşayıb.
XIV əsrdə Cəlairilərin, XV əsrin əvvəllərində isə Azərbaycan Qaraqoyunlu dövlətinin tərkibində olan Gəncə şəhəri Əmir Qaraman və varisləri tərəfindən idarə edilib. Ağqoyunlular dövründə (1468- 1501) Gəncə bölgəsi Ziyadoğlu Qacar əmirlərinin idarəçiliyində olub. Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra da Gəncə Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olub və Qarabağ bəylərbəyliyinin mərkəzinə çevrilib. I Təhmasibin dövründə Gəncə bəylərbəyi Şahverdi Ziyadoğlu Qacar olub. 1804- cü ildə Gəncə çar Rusiyası tərəfindən işğal olunana qədər həmin ərazinin idarəçiliyi Ziyadoğulların əlində qalıb. XVI-XVII əsrlərdə baş verən Səfəvi-Osmanlı müharibələri zamanı Gəncə şəhəri dağıdıldığı üçün Şah Abbas tərəfindən Gəncə şəhəri əvvəlki yerindən bir fəzsəx (təxminən 6 km) aralıda yenidən salınıb.
1647-ci ildə Övliyə Çələbi Gəncəni 6000 evi, 20 min əhalisi, qala və imarətləri, hamamları, bağ və bağçaları olan şəhər kimi təsvir edir. Şəhərdə XIV- XV əsrlərə aid İmamzadə türbəsi, XVII əsrə aid Cümə məscidi indi də qalmaqdadır.
XVIII əsrin 20-ci illərində Gəncə şəhəri Osmanlı və çar Rusiyasının hücumlarına məruz qalıb. Bu şəhərin inkişafına mənfi təsir göstərib.1747 - ci ildə Nadir şah Əfşarın ölümündən sonra Gəncə şəhəri müstəqil Gəncə xanlığının mərkəzi olub. Gəncə eyni adlı xanlığın paytaxtı olandan sonra dəfələrlə Kartli-kaxeti çarlarının hücumlarına məruz qalıb. Gəncəli Cavad xan Ziyadoğlu xanlığın idarəsini ələ aldıqdan sonra bu hücumların qarşısı bacarıqla alınıb, xanlığın mövqeyi xeyli möhkəmləndirilib. Lakin XIX əsrin başlanğıcında Azərbaycan xanlıqlarının işğalına başlayan general Sisianov gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi. "Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir". Cavad xan general Sisianovun haqsız tələblərini qətiyyətlə rədd etdiyi üçün rus qoşunları Gəncəni mühasirəyə aldılar. 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə Gəncə rus qoşunları qalaya hücuma başladılar. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan və oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ələ keçirilərək ləğv olundu və hərbi dairəyə çevrildi, şəhər isə öz qədim adını itirdi, I Aleksandrın arvadının şərəfinə Yezavetpol adlandırıldı. "Gəncə" adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə edildilər.
(Ardı var)
Sevinc ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 17 oktyabr.- S.6.