"İstənilən
halda qadının aliment almaq hüququ var"
Statistik göstəricilər deyir ki, Azərbaycanda
boşanmaların sayı ilbəil artır.
Boşanmaların səbəbi müxtəlifdir. Amma ən
acınacaqlısı budur ki, boşanma zamanı
qadınların əksər hüquqları pozulur. Belə ki, qadın boşanmasından, yaxud ailə
münaqişəsi zəmnində evi tərk etməsindən
sonra mülkiyyət hüququndan məhrum olmaqla yanaşı,
həm də məhkəmənin qanuni hökmü olsa belə
aliment də ala bilmir. Xüsusilə təhsilsiz,
işsiz qadınlar üçün bu ikiqat problem yaradır.
Nigar Rzayeva da belə
qadınlardan biridir. O, 2012-ci ildə Sənan Rzayevlə rəsmi
nikaha daxil olub. Birgə nikahın ilk
vaxtlarıda onların münasibətləri yaxşı olub,
amma sonradan ailəyə edilən müdaxilələr nəticəsində
münasibətləri pisləşib. N.Rzayeva həyat
yoldaşının istəyi ilə hamiləlik müddətində
öz qohumlarının evində yataq şəraitində
müalicə alıb. Onların birgə
nikahdan qız övladları dünyaya gəlib. Amma S.Rzayev uşaqdan imtina edib, məhkəmədə
boşanmaya dair iddia qaldırıb.
Nigar bir neçə dəfə ər evinə
qayıtmaq istəsə də, evin mülkiyyətçisi
onun qaynatası olduğundan özünü və
övladını mənzilə buraxmayıblar. Hazırda uşaq xəstədir
və ciddi müalicəyə ehtiyacı var. Həyat
yoldaşı isə uşağa aliment verməsin deyə,
işlədiyini də ondan gizlədib.
Xatırladaq ki, qarşı tərəf məhkəməyə
boşanma ərizəsi verərkən uşaq bir yaşına
çatmadığından boşanma təxirə
salınıb.
Nigarın sözlərinə görə, bu
gün onun heç bir dolanışıq yeri yoxdur. Uşaq da, özü də Allahın ümidinə
qalıb. Hazırda ata evində yaşayan
Nigar, ailələrinin də maddi imkanı çox
aşağı səviyyədə olduğunu, xəstə
uşağına dərman almağa belə pul
tapmadığını deyir.
Alimentin məbləğini
qanunvericilik necə müəyyən edir?
Bakı
Hüquq Mərkəzinin (BHM) hüquqşünası
İsrafil Əlili
bildirib ki, Ailə Məcəlləsinə əsasən,
valideynlər uşaqlarını saxlamağa borcludurlar: "Təəssüf
ki, son zamanlar boşanmaların sayı sürətlə
artır. Tərəflər arasında bir
çox problemlər və mübahisələr yaranır.
Boşanmalar zamanı əsas mübahisə predmetlərindən
biri də aliment məsələsidir. Ailə Məcəlləsinə
əsasən, valideynlər uşaqlarını saxlamağa
borcludurlar. Bu vəzifədən irəli gələrək,
Ailə Məcəlləsinin 78-ci maddəsi uşaqların
saxlanması üçün alimentin sabit pul məbləğində
tutulması qaydasını müəyyənləşdirir.
Həmin maddəyə əsasən, valideynlər arasında
yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi
barədə saziş yoxdursa, eləcə də aliment verməyə
borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm,
dəyişən olarsa, yaxud qazancın (gəlirin)
hamısını və ya bir hissəsini həmin valideyn
natura və ya xarici valyuta ilə alırsa, onun qazancı və
ya digər gəliri yoxdursa, habelə alimentin valideynin
qazancından müəyyən hissə kimi tutulması
mümkün olmadığı, çətinlik törətdiyi
və tərəflərdən birinin marağının əhəmiyyətli
dərəcədə pozulduğu başqa hallarda,
uşaqların saxlanması üçün vəsait
tutulmasını tələb edən şəxsin xahişi ilə
alimentin miqdarı məhkəmə tərəfindən hər
ay ödənilməli olan sabit pul məbləğində və
ya eyni zamanda həm sabit pul məbləğində, həm də
Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun
olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi
müəyyən edilə bilər (78.1-ci maddə).
Sabit pul məbləğinin miqdarı məhkəmə
tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,
diqqətəlayiq olan digər hallar nəzərə
alınmaqla uşağın əvvəlki təminatının
səviyyəsinin mümkün qədər maksimal
saxlanması əsas tutularaq müəyyən edilir (78.2-ci maddə)".
Hüquqşünasın dediyinə görə, Ailə
qanunvericiliyi ilə uşaqlar üçün məhkəmə
qaydasında tutulan məbləğin miqdarı da qeyd olunub. Belə ki, aliment ödənilməsi
barədə razılıq olmadıqda uşaqlar
üçün onların valideynlərindən məhkəmə
tərəfindən hər ay aşağıdakı miqdarda
aliment tutulur: "Bir
uşağa görə-qazancın və (və ya)
valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
iki uşağa görə-qazancın
(başqa gəlirlərin) üçdə bir hissəsi;
üç və daha çox
uşağa görə-qazancın (başqa gəlirlərin)
yarısı".
İ.Əlili deyib ki, yuxarıda göstərilən
payların miqdarı məhkəmə tərəfindən tərəflərin
ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq
olan başqa hallar nəzərə alınmaqla azaldıla və
artırıla bilər. Belə ki, şəxs alimentin
miqdarının dəyişdirilməsini tələb edə
bilər. Məhkəmənin müəyyən
olunmuş aliment miqdarını dəyişdirmək hüququ Ailə
Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunub.
Məhkəmə bu hüququnu tərəflərdən
birinin tələbi ilə əgər onlardan birinin ailə və
ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata
keçirə bilər.
Məhkəmə işə baxarkən tərəflərin
maddi və ya ailə vəziyyətində dəyişikliklərin
(məsələn, borclunun, yəni aliment ödəyən
şəxsin pensiya yaşına çatması, onun işdən
çıxarılması, borclunun saxlamalı olduğu yeni
şəxslərin olub-olmaması, tərəflərin hər
ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və
s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli
olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə
bilər.
"Məsələn,
vətəndaş yeni nikaha daxil olubsa və bu nikahdan
övladı varsa, onda nikah haqqında şəhadətnaməni
və həmin nikahdan olan uşağınızın doğum
haqqında şəhadətnaməsinin əslini və ya təsdiqlənmiş
surətini əlavə etməlidir və ya əmək
haqqında azalma olubsa, iş yerindən əmək
haqqının azalması barədə arayışı təqdim
etmək lazımdır. Yaxud, işdən çıxıbsa
və heç bir yerdə işləmirsə, onda işdən
çıxarılma barədə əmrin, əmək
kitabçasının və işsizliyə görə
qeydiyyata alınma barədə arayışın əslini və
ya surətini məhkəməyə vermək
lazımdır", - deyə hüquqşünas
vurğulayıb.
"Aliment
ödənilməsinin boşanmaya heç bir aidiyyəti
yoxdur"
Ekspertlər hesab edirlər ki, aliment ödənilməsinin
boşanmaya heç bir aidiyyəti yoxdur. Onların sözlərinə
görə, ola bilsin lap beş ildən
sonra ər-arvad ayrılsın. Nə qədər
onlar ayrı yaşayırlarsa, uşağa aliment ödənməlidir.
Əgər ata işləmirsə, məhkəmə
onda sabit pul məbləği də müəyyən edə
bilər. Onlar indi ola bilsin atanın rəsmi
işi yoxdu, amma qeyri-rəsmi işlə məşğul
olur. Məsələn, sahibkarlıq işi,
yaxud tutaq daş daşıyır, nəsə
alıb-satır. Rəsmi sənəd
yoxdur. Amma bəllidir ki, bir işlə məşğuldur.
Ona görə, qadın buna dair sübutları
verməlidir. Uşağı dünyaya gətirən
atadır, işləməsə də zəhmət çəkib
övladına kömək etməlidir.
"İstənilən
halda qadının aliment almaq hüququ var"
Vəkil Tərlan Xanəliyev isə deyir ki, istənilən
halda qadının aliment almaq hüququ var. Bunun ödənməsi
üçün ən vacibi atalıq faktının müəyyən
olunmasıdır. Ata həmin uşağın ondan
olmasını təsdiqləyir və heç bir mübahisə
yaranmırsa, aliment könüllü şəkildə veriləcək.
Mübahisəli şəraitdə məhkəmə
mövcud qanunvericilik əsasında qərar
çıxarır. Yəni bu gün Azərbaycanda
"Minimum yaşayış həddi haqqında" qanunda bir
uşağın saxlanması üçün müəyyən
edilən məbləği ata ödəmək istəmirsə,
qadın sabit pul məbləğində bu alimenti tələb
edə bilər. Lakin qadın kişinin əlavə
gəlir yerlərinin olduğunu sübut edə bilərsə,
qanunda bir uşaq üçün aliment əmək haqqı və
digər gəlirlərin dörddə biri qədər müəyyənləşir.
Qadının sabit pul məbləğində nə qədər
aliment istəməsi onun hüququdur. Yəni bu
rəqəmi qadın özü müəyyənləşdirir.
Əgər bu əlavə gəlirlərin
olması sübuta yetirilməsə, məhkəmə bu həcmdə
aliment müəyyənləşdirir".
Vəkil
onu da bildirib ki, ata aliment ödəyərkən uşaq
yetkinlik yaşına çatmayıbsa, onun yetkinlik
yaşına çatana qədər ödədiyi alimentin hər
ay 50 faizinin uşağının adına
açılan hesaba qoyulmasını tələb etmək
hüququ var. Bu vəsaiti uşaq yetkinlik yaşına
çatdıqda götürüb öz ehtiyacları
üçün istifadə edə bilər.
Ədliyyə Nazirliyindən bildiriblər ki, alimentlə
bağlı məhkəmə qərarlarının icrası
zamanı ortaya çıxan problemlər alimenti verən şəxsin
işləməməsi, əlavə gəlir mənbəyinin
olmaması, işləməkdən boyun qaçırması
səbəbindən yaranır.
Nazirliyin Məhkəmə İcraçıları
Baş İdarəsi işsiz şəxslərin işlə təmin
olunması və qərarın icra olunması məqsədilə
məşğulluq mərkəzlərinə müraciət
edir. Bəzi
hallarda həmin vətəndaşların işlə təmin
edilməsinə nail olurlar.
Ekspertlər hesab edirlər ki, bu gün əsas problemlərdən
biri alimentlə bağlı işlərə baxarkən
cavabdehin faktiki işsiz olduğu halda əlavə gəlirlərinin
olması və bunu məhkəmədən gizlətməsidir. Onlar hesab edirlər
ki, qadınlar ərlərinin maddi gəlir səviyyəsini
müəyyən edə bilmirlər. Yəni,
cavabdeh işləmir, amma iddiaçı tərəf bildirir
ki, cavabdehin əlavə obyektləri var. Proses zamanı tərəf
bunu sübuta yetirə bilmir. Yoxlama zamanı da məlum
olur ki, obyektlərin heç biri cavabdehin adına
deyil.
Dilarə
Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi
Cəmiyyətinin bir müddət əvvəl 370 qadın
arasında apardığı sorğu əsasında müəyyən
olunub ki, boşanmış kişilərin 84,1 faizi
uşaqlarına aliment ödəmirlər, yaxud da bunu
vaxtında etmir. Sorğuda iştirak edən qadınların
270-i qanuni nikahdan olan uşaqlarını ərlərinin
köməyi olmadan böyütdüklərini, 43-ü alimenti
vaxtında alıdıqlarını, 14-ü ərlərinin
yaşayış ünvanlarını gizli
saxladıqlarını və aliment ödəmədiklərini,
33 nəfəri ərləri iş yerlərini gizli
saxladıqlarını, 67-si ərlərinin daim mühacirətdə
olduğunu bildirib.
Qadınların böyük əksəriyyəti məhkəməyə
inanmadıqlarından cavabdehə qarşı məhkəmədə
iddia qaldırmırlar.
Hüquq
müdafiəçisi Novella Cəfəroğlu deyir ki, təcrübədə
ərin öz iş yerini, gəlirlərini gizlətməsi,
alimenti ödəməyə maddi imkanının olduğu
halda ödəməkdən boyun qaçırması, yaxud da
onun Azərbaycandan kənarda olması səbəbindən bu
sahədəki məhkəmə qərarları icra olunmur. Onun fikrincə, alimentin ödənilməsini dövlət
öz üzərinə götürməlidir.
Qeyd edək ki, bu sahədə problemlərin çoxalması səbəbindən hələ bir neçə il əvvəl Aliment Fondunun yaradılması, alimentin sabit məbləğinin müəyyən edilməsi gündəmə gəlmişdi. Hazırda isə bu məsələ gündəmdə deyil. N.Cəfəroğlu da hesab edir ki, alimentin sabit məbləği müəyyənləşdirilməlidir: "Dövlət bir uşağın 18 yaşa qədər bütün xərclərini hesablamalı, onun istehlak səbətini müəyyənləşdirməlidir. Bunun əsasında alimentin minimum məbləğini müəyyənləşdirməlidir".
Pərvanə
525-ci qəzet.-
2014.- 17 oktyabr.- S.5.