DAR KÜÇƏLƏR

 

Bir İspan şəhəri... dar küçələri,

Bu dar küçələrin kəlləri dəli.

Hardasan, hardasan Salvador Dali

Gəl mənim şəklimi çək bu şəhərdə.

    

Burda da çinar var, xan çinar deyil

Kölgəsi qonağa salmayır meyl.

Bir dəli şeytan da arxadan deyir,

Yadigar xan çinar ək bu şəhərdə.

    

Memar Qaudisi əlyetməz hünər,

Dahilər yeridib bu dar küçələr.

Düşür xatirimə İçərişəhər

Sükuta batıram tək bu şəhərdə.

 

Gələni-gedəni elçisi sabit,

Evlərin, yolların ölçüsü sabit,

Şəhərin gülləri, gülçüsü sabit –

Elə bil bellənib lək bu şəhərdə.

    

Dənizi qıfıldı, sahili açar,

Açarlar axtarıb sirr tapıb açar.

Hürkütmə dənizi, baş alıb qaçar –

Amandı, qışqırma bərk bu şəhərdə.

 

Qəriblik özü də bir cür həyatdı,

Sevinc gedən yerdən kədər qayıtdı.

Bu gecə bir qərib qürbətdə yatdı,

Səhər də açıldı ləng bu şəhərdə.

    

Sinəsi genişdi yolları dardı,

Gül ətirli nəfəs sinə qabardır.

Buranın qışı da bizə bahardı,

Dünyanın kefini çək bu şəhərdə.

    

Qışda gələni də burda yaz anır,

Biz onu anırıq, o kimi anır.

Dəniz nə qazanır, yer nə qazanır.

Hətta qonağın da ömrü uzanır

Təkcə bu şəhərdə, tək bu şəhərdə.

                         

P.S.

 

Daşüzlü küçələr göz tikib göyə

Sanki şəhər yola etibar salıb

İnsanlar mehriban dolansın deyə

Yolsalan küçəni belə dar salıb.

 

Barselona-Moskva

04-13.01.2014

 

AYDINLIQ

    

Sakit Dondan dəli Kürə bir addım

Qaradəniz göy Xəzərə nə deyir.

Dinc okean sakit durub, nə andım –

Aralıqda ara dəniz nə geyir.

    

Sona yetmir sahillərin gileyi

Günahlara üsyan edir suları.

Göylərdədi dənizlərin mələyi

Küləklərlə imzalayır qərarı.

    

Tufanın da, daşqının da payı var

Göylər durub axan sudan yuxarı.

Bu qədər ki, dənizi var, çayı var

Aydınlıqdı bu dünyanın axarı.

 

DƏNİZ, DALĞIC, ALPİNİST

      

Dənizlərdi səviyyəsi dünyanın

Səviyyəsi hədiyyədi dünyanın

Alpinistlər dalğınclara nə desin

Sahillərdi tərbiyəsi dünyanın.

      

Dalğıcları dəniz basar bağrına

Köpək balıq həyan durur yorğuna

Neyləyirsən səviyyədən aşağı

Soruşuram cavab vermir sorğuma.

       

Alpinistə daş tullayır zirvələr

Zirvələrdə qartal-quzğun gizlənər

Həsrət ilə dəniz baxır zirvəyə

Zirvələrdən nələr desən gözlənər.

      

Dalğıcları dalğa boğsa amandı

Alpinisti zirvə qovsa yamandı

Dənizlər də onda ölür deyirlər

Fəqət bir də doğulması gümandı.

      

Dalğıc oldum suda qaldı ismətim

Alpinisttək quşqonmazdan küsmədim

Ha can atdım dəniz ola bilmədim

Sahil imiş demə mənim qismətim.

 

BƏRBƏR İLƏ ÇƏKMƏÇİ

       

Bərbər soruşdu: Çəkməçi –

Sən nəçisən, mən nəçi.

Hər gün əlim başdadı

Çəkməni kim daşladı.

Çəkməçi danışmadı –

Başın sirri ayaqda,

Çəkməninki daşdadı.

 

ÖLƏNLƏR

      

Gözüaçıq ölən də

Gözləri açıq ölür.

Görsün ki, qalanları

Kim bölür, necə bölür.

      

Gözütoxlar öləndə

Gözü yumulu ölür.

Əvvəl üzdə ağlayır

Sonra ürəkdə gülür.

      

Korlar hər gün öləndə

Heç nəyi bölə bilmir.

Ona görə can alır

Can verir ölə bilmir.

      

BƏXTƏVƏR

      

Çıxar qara eynəyini

Görək kimsən a bəxtəvər.

Göynət könül göynəyimi

Demə kim, sən a bəxtəvər.

      

Üz yuyanda üz bəxtiyar

Su içəndə su bəxtiyar

Dəniz də bəxtəvər olar

Girib çimsən, a bəxtəvər.

      

Həsrəti var mələyin də

Ətir saçan küləyin də

Bir şairin ürəyində

Sarı simsən, a bəxtəvər.

      

Gözəlliyi kimdi güdən

Qoruyanlar bədnəzərdən

Görürəm ki, səxavətdən

Bir az kəmsən, a bəxtəvər.

      

QAR YERDƏ QALMIR

      

Göydə yer tapammır göylərin varı

Üz tutur torpağa qar yerdə qalmır.

Təkcə zirvələrdi saxlayan qarı

Hamıya zirvədə yurd-yer də qalmır.

      

Qar  hara qayıtsın qayıda bilmir

Ağın üzü qara qayıtsın necə.

Hər yanı ağardır süpürür –silir

Gündüz qayıdammır gecə qayıtsın.

      

Yer tapa bilməsən yuxulara sər

Adını heç kəsdən xəbər almasın.

Yayda dərman üçün axtarsan əgər

Nə izi, nə özü yerdə qalmasın.

                               

İLDIRIM – İLAN

      

Buludlar üstə yatar

Şimşəkdən ocaq çatar.

Ürəyi su istəyir

Küləklə yağış apar.

 

Göydən düşən ilandı

Ağzında zəhər –andı.

Birdən şimşəyə döndü

Kim od vurdu ki, yandı.

       

Zəhər saxlayan dişin

Tale dilini yarır.

Yerlə göy arasında

Bir ömür yolu salır.

      

İndi dillərdə gəzir

İlan – zəhər şəfası.

İlandan dost olarmı

Varmı onun vəfası.

      

Nə ildırım nə ilan

Dünyanı yarı bölmür.

Zülmətdə yaşayanlar

Ulduz görməsə ölmür.

      

FOBİYA

      

Toyuq qorxur qaranlıqdan

Yarasalar işıqdan ....

Qazanlar çömçədən

Boşqablar qaşıqdan.

Qacar gözətçidən qorxurdu

Napoleon pişikdən.

Mən də qorxuram pişikkimilərdən.

 

TƏKLƏNİRƏM

      

Düz deyirəm təklənirəm,

Öz-özümdən şəklənirəm.

Yazıram ki, yüngülləyim,

Tənələrlə yüklənirəm.

      

Üzsüz məni üzdən salır

Üzdən salır, gözdən salır

Söz batmağa qoymur fəqət

Gəlişini bizdən salır.

      

Addımbaşı yanılıram

Yanılıram, danılıram.

Dodaqlarda danılsam da,

Ürəklərdə anılıram.

      

TƏKAN

      

Təkan sənin, sükan sənin –

Məkan yatmasın, neyləsin.

Vaxtsız qönçə dərir əlin

Tikan batmasın, neyləsin.

      

Ürək əməl əkməyəndə,

Dibinə nur tökməyəndə,

Tərəzi düz çəkməyəndə

Dükan satmasın, neyləsin.

      

Yol ayağın, taqət dizin,

Mənası var düşən izin.

Köməyinə ümidsizin

Zaman çatmasın, neyləsin.

      

Yalanlara güzgü tutan,

Daha bəsdi bir az utan.

Naşı olsa sükantutan,

Gəmi batmasın neyləsin.

      

Sirri dərintək qalanın,

Tək qalada tək qalanın,

Təkliyini tək qalanın

Tək an atmasın neyləsin.

      

BORC

      

Nə istədi, aldı məndən bu dünyada

Nə istədim, vermədi ki, yoxumdu,

Bir də könül çətin ondan pay uma,

Mənə qalan çin olmayan yuxumdu.

      

Heç bilmirəm kimin kimə borcu var

Daha mənim nəyim qalıb verməli?!

Dil nə qədər istək dilər, borc umar,

Geri döndər görək köhnə təkəri.

      

Borc alan da, borc verən də gileyli,

Nə yaxşı ki, istəyimdən borcum az.

Borc alan da, borc verən də gileyli,

Tükənməyir, sona yetmir ehtiyac.

 

Dünya demir aldığımı verəcəm

Söz versəydi, gözləməyə nə var ki.

Etibara ümid etmə gələcəm

Dünya boşdu qaytarmağa nə var ki.

      

Borclu istər sağlığını borclunun

Təki dünya borclarını qaytara.

Müqəddəsdi borc ünvanı, borc unu

İnanmıram müqəddəslik qurtara.

      

SIRĞALAR ŞÖHRƏTDƏN ASILI YAŞAR

 

Qoruya bilmədim əsərlərimi,

Mirvari tərimi, sərvət tərimi,

Mirzə Şəfimizin nəğmələrini

Bir alman yolçusu oğradı getdi.

      

Güldürə bilmədim arzularımı,

Öldürə bilmədim ağrılarımı,

Məhəbbət ünvanlı könül varımı

Bir hicran həsrətlə doğradı getdi.

      

Ev üçün xurcunda daşım daşındı,

Hər daş sinə daşım, ya baş daşımdı.

Tikməyə gələndə daşlar aşındı –

Döndü qara quma uğradı, getdi.

      

Bəxtim əba geyib düşdü qabağa,

Məni hər yetənə verdi sadağa.

Qıymadı əl atım barlı budağa –

Dedilər bu da bir darğadı, getdi.

      

Naltökən atımın nalını tökdü,

Külək qəzəblənib yəhəri sökdü.

Bu nə sıldırımdı, bu dik nə dikdi,

Qayıtdı, gördüm at yorğadı, getdi.

      

Daş daşdı, oğulsan seçməyi bacar,

Daş var ki, lal yatır, daş da var coşar.

Sırğalar şöhrətdən asılı yaşar,

Neçə ürəkləri dağladı getdi.

      

Taleyim nə dedi, nə danışdı o,

Yanına getdikcə məndən qaçdı o.

Mən elə bilirdim qızıl quşdu o,

Uçdu, gördüm qara qarğadı getdi.

      

ÜNVAN

      

Dərd dənində yedi doydu sərçələr

Dərd yeyəndə sərçələr də dirçələr.

Qarışqalar gecə-gündüz car çəkir

Bu fəryadı eşidənlər külçələr.

      

Sözü tökdüm dəyirmana

Söz üyündü yana-yana

un oldu, nə də kəpək

Nemət oldu söz duyana.

      

Dəryaların suyu yetmir günahları yumağa,

Ona görə xəcalətdən yer yığılıb yumağa.

Ha qar yağır, yağış yuyur pak edəmmir varlığı

Harda qalıb Adəm ata gəlib düşsün qabağa.

      

Bu müqəddəs yer kürəsi

Göyə verir yerkirəsi

Kim nə alır, kim nə verir

Yaxşı bilir ev yiyəsi.

      

Kimliyi yoxlara, kimlik verilir

Gözüac toxlara dimdik verilir.

Səadət nadana iki ovucla

Arifə bir çimdik, çimdik verilir.

      

Qulaqları deşib tutar sırğalar

Gecə- gündüz kəllələri yırğalar

Kim möhtacdı, kim asılı bilən yox

Unudulur deşiləndə ağrılar.

      

Tale yazısıdı səngər döyüşün

Qoruyur əsgəri deyir döyüşün

Əsgərin sinəsi səngər olanda

Qisməti talelə bölün bölüşün.

      

Ha qızıl balıq ye, diş qızıl olmaz,

Çək şişə, qoy közə, şiş qızıl olmaz.

Gərək zər suyuyla yazıla tale,

Bəxt qızıl olmasa, iş qızıl olmaz.

 

RÜBAİL

525-ci qəzet.- 2014.- 18 oktyabr.- S.29.