Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Gəncənin yeri və rolu
(Əvvəli
ötən sayımızda)
Çar
Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi
inzibati islahat nəticəsində 1868-ci ildə Yelizavetpol
quberniyası yaradıldı və Gəncə bu
quberniyanın mərkəzi oldu. Gəncə şəhərinin
əlverişli mövqedə, Bakı-Tiflis karvan
yollarının kəsişdiyi bir yerdə yerləşməsi
ona Şərqin böyük ticarət mərkəzləri ilə
ticari əlaqələri yaratmasına imkan yaratdı. Rusiya
idarəçiliyi dövründə, xüsusən də 1883-cü
ildə Bakı – Tiflis dəmir yolu çəkildikdən sonra
Gəncə şəhəri yenidən öz əvvəlki əhəmiyyətini
bərpa edərək iqtisadi və mədəni mərkəzə
çevrildi. Ümumrusiya əhəmiyyətli iri mərkəzə
çevrilən Gəncə şəhərində əhali
sürətlə artmağa başladı. 1897-ci ildə Gəncə
şəhərində 33.6 min əhali yaşayırdı. Bu
dövrdə Gəncə ticarət mərkəzi olmaqla
yanaşı, həm də mühüm dəmiryol
daşımaları, şərab, konyak və spirt istehsalı
məntəqəsi idi. Şəhərdə sənaye müəssisələrinin
sayı durmadan artmaqda idi. 1900-cı ildə Gəncədə
1425 sənaye müəssisələri fəaliyyət göstərirdi.
XX əsrin
əvvəllərində Gəncə şəhəri Azərbaycanın
ikinci ticarət-sənaye mərkəzi idi.
1918-ci il
iyunun 16-dan sentyabrın 17-dək Gəncə şəhəri
Azərbaycan Xalq Cümhuriyyətinin mərkəzi oldu. 1920-ci
ilin 28 aprelində AXC Sovet Rusiyası tərəfindən
işğal edilən zaman Gəncə şəhəri Azərbaycanda
bolşevik rejiminə qarşı milli-müqavimət hərəkatının
mühüm mərkəzinə çevrilmişdi. May
ayının 25-26-da Gəncədə general Cavad bəy
Şıxlınski, general Məmməd Mirzə Qacar və
polkovnik Cahangir bəy Kazımzadənin
başçılığı altında yeni hökumətə
itaətsizlik göstərən Azərbaycan Milli ordusunun
üsyanı başladı. Üsyançılar şəhərdəki
XI Qırmızı ordu hissələrini tərksilah edərək
dəmir yol stansiyasına nəzarəti ələ aldılar.
Mayın 27-də XI Qırmızı ordunun və erməni dəstələrinin
həmlələri dəf edildi. Düşmən böyük
itki verib geri çəkildi. Bunu görən bolşeviklər
Gəncə üzərinə yeni hərbi qüvvələr
göndərdilər. Mayın 28-də M.Q.Yefremovun
komandanlığı altında 18-ci süvari və 20-ci
atıcı diviziyaları şəhərə hücuma
keçdilər. Şəhər aramsız top atəşinə
tutuldu. Üsyançılar şəhəri böyük mərdliklə
müdafiə edir, düşmən hücumlarını rəşadətlə
dəf edirdilər. Mayın 29-da XI Qırmızı ordu hissələri
Şimal və Şimal-qərb istiqamətindən şəhərin
ucqar məhəllələrinə girə bildilər. Döyüşə
yeni qüvvələr gətirən XI Qırmızı ordu
hissələri mayın 31-də şəhərə daxil
oldu. Küçə, tin və ev uğrunda ölüm-dirim
döyüşləri başlandı. Fürsətdən
istifadə edən ermənilər də azərbaycanlıları
qırırdı. Onlar xeyli adamı Ozan məscidinə
yığaraq yandırmışdılar. Ermənilər
üç gün şəhəri qarət etdilər.
Güclü müqavimətə baxmayaraq mayın 31-də
axşam çağı şəhər XI Qırmızı
ordu hissələrinin nəzarətinə keçdi.
Üsyanın yatırılması zamanı milli ordunun 6
generalı, o cümlədən general-mayor
C.Şıxlıncki, general-mayor Məmməd Mirzə Qacar qətlə
yetirildi, 76 nəfər zabit və əsgər Natgin adasına
aparılaraq güllələndi. Bəzi məlumatlara görə,
XI Qırmızı ordu tərəfindən 8800,
üsyançılar tərəfindən isə 13 min nəfər
öldürülmüşdü. Bolşeviklərin 31 may qətliamı
nəticəsində Gəncə şəhərində əhalinin
sayı yarıba-yarı azaldı. 1923-cü ilin məlumatlarına
görə, şəhərdə 38 min əhali
yaşayıb. Gəncə üsyanının Azərbaycan
xalqının istiqlal və azadlıq mübarizəsi tarixində
çox mühüm yeri vardır. O, Azərbaycan xalqında
istiqlal ideyalarının hələ sönmədiyini, onun
azadlıq uğrunda ölümə getmək əzmində
olduğunu nümayiş etdirən hadisələr kimi tariximizə
daxil olmuşdur. Bu müqavimət hərəkatı
xalqımızın istiqlal arzusu ilə yaşayan sonrakı nəsilləri
üçün örnək rolu oynadı.
1935-ci ildə
şəhərin adı yenidən dəyişdirilərək
Kirovabad qoyuldu. Yalnız 1989-cu ildə şəhərin
doğma adı özünə qaytarıla bildi. 1941-1945-ci illər
müharibəsində 25643 nəfər gəncəli cəbhəyə
yollanıb. Gəncəli kiçik leytenant İsrafil Məmmədov
Novqorod şəhəri yaxınlığında Pustınka kəndi
uğrunda döyüşlərdə göstərdiyi
şücaətə görə Sovet İttifaqı Qəhrəmanı
adı ilə təltif edilib. Sovet İttifaqı qəhrəmanları
arasında İ.Məmmədov ilk azərbaycanlıdır.
1946 –1950-ci illərdə bütün ölkədə
olduğu kimi Gəncəni də repressiya, həbslər,
deportasiya dalğası bürümüşdü.
Müstəqillik
illərində Gəncə şəhəri Respublikanın
Bakı və Sumqayıt şəhərlərindən sonra
ağır, yüngül və yeyinti sənayesinin inkişaf
etdiyi böyük sənaye mərkəzinə çevrilib. Gəncə
Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən
biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə
ikinci şəhəridir.
Gəncədə
islam dininin mövqeyi həmişə güclü olub. Əbəs
yerə deyil ki, Gəncə əhali arasında “İmam
Hüseyn şəhəri” adlandırılıb. Gəncədə
tarixin müxtəlif dövrlərində tikilən möhtəşəm
məscidlər var. belə məscidlərdən biri də
Şah Abbas Məscididir. Bəzən Cümə Məscidi
adlandırılan bu dini abidə 1606-cı ildə Şeyx Bahəddinin
layihəsi ilə inşa edilib. Binanın tikintisində yumurta
ağı ilə gil-əhəng (gəc)
qatışığından və qırmızı kərpicdən
istifadə edilib. 1776-cı ildə binaya əlavə olaraq
qoşa minarə tikilib. Minarələrin üstündə
hicri 1271-ci il (yəni 1851-ci il) tarixi yazılıb. 1920-ci ildə
bolşevik Rusiyası tərəfindən şəhərə
atılan mərmilərin dağıdıcı təsirindən
minarələrin birində əyilmə baş verib. Məscidin
3 yerdən daxilolma yeri, içərisində 6 metr
uzunluğunda, 5 metr hündürlüyündə minbəri
var. Minbər sandal ağacından düzəldilmiş, şəbəkədən
və pilləkənlərdən ibarətdir. Minbərin şəbəkəsi
üstündə oxunuşu çətin olan yazı və
tarix nəzərə çarpır. Həmin şəbəkənin
bir hissəsi qırılıb. Sonralar isə dağdağan
ağacından düzəldilib. Şəbəkə XVII əsrin
əvvəllərindən Gəncədə inkişaf
etmiş sənətkarlığın gözəl nümunəsidir.
12
hücrəsi olan məscidin bir tərəfində
hündürlüyü 4-5 metr olan güzgü mehrabı
vardır. Bundan başqa məscidin ağ gildən
hazırlanmış 5 şəbəkə pəncərəsinin
arxa tərəfləri rəngli şüşələrdən
sənətkarlıqla düzəldilib. Məscidin 3 yerində
şəbistan, yəni gecə vaxtı yeri var. Bunlar dindar və
qonaq qadınların oturması üçün
yaradılıb.
Məsciddən
müxtəlif məqsədlər üçün istifadə
olunub. Məscid hazırda dini ibadətgahdır.
Gəncənin
Şahsevənlər Məscidi də məşhurdur. 1882-ci
ildə tikilən binanın tikintisində bişmiş
qırmızı kərpic, gil-əhəngdən və
çay daşından istifadə olunub. Yerli əhəmiyyətli
tarix-memarlıq abidəsidir. Vaxtı ilə burada “Xəzinə”
kitabxanası fəaliyyət göstərib. Hazırda məhəllə
məscidi kimi fəaliyyətdədir.
Şərəfxanlı Məscidi isə XIX əsrdə inşa edilib. Bu gözəl memarlıq nümunəsini yaradan ustanın adını müəyyənləşdirmək mümkün olmayıb. Lakin məlumdur ki, Mirzə Şəfi Vazehin atası Kərbəlayi Sadiq bu abidəni əsaslı surətdə təmir edib. Bu faktın doğruluğuna inanmaq olar, çünki ədəbi tarixi mənbələr XVIII əsrdə Gəncə xanının baş memarı Kərbəlayi Sadiqin bu tərəflərdə görkəmli usta olduğu, sarayətrafı kəndlərdə, xırda xanlıqlarda bir sıra binalar tikib, şöhrət qazandığını xəbər verir. “Şərəfxanlı”nın tikildiyi sahəyə o zaman “Təzə kənd” deyərlərmiş, həm də qeyd etmək lazımdır ki, “Şərəfxanlı” arxitekturasına və daxili quruluşuna görə Gəncənin digər abidələrindən tamamilə fərqlənir. Nəbati ornametlərinin olmaması onu ərəb memarlığından fərqləndirir. Bu abidənin içərisi məscidlərin içərisinə oxşamır, hücrəsi yoxdur, darovsar və novdansızdır. Bunlar əsas verir deyək ki, vaxtilə “Şərəfxanlı”dan məscid kimi istifadə olunubsa da, bu məqsəd üçün tikilməyib. Deyilənə görə, bir nəfər imkanlı şəxs özünün yeganə qızı Şərəfxanımın şərəfinə bu mədrəsəni tikdirib, buna görə də bu məscid “Şərəfxanlı” Mədrəsəsi adlanıb. Bu məsciddən çox, evə, mədrəsəyə oxşayır. “Şərəfxanlı”nın tavanı qamışdandır. Eyvan iki sütun üstündə dayanır, pəncərələrin oturacaq tərəfindəki kərpiclər tikinə və yastısına diş-diş formasında qoyulub ki, bu da divara gözəllik verir. İstifadə olunmuş kərpiclər forma və həcminə görə əsas binanın hörgüsündə istifadə olunan materiallardan fərqlənir. Ümummiyyətlə “Şərəfxanlı”dan məscid və mədrəsə kimi istifadə olunub. Hal-hazırda burada Mərkəzləşmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı fəaliyyət göstərir.
1786-cı ildə xalq sənətkarları tərəfindən ozanlıların məhəllə məscidi kimi tikilən gözəl dini ibadətgahlardan biri də Hacı Abbas Məscididir. Bina bişmiş qırmızı kərpic və gil-əhəngdən inşa olunub. 1920-ci ildə Çar Rusiyası tərəfindən Gəncə şəhəri işğal edildikdə 500 nəfərə qədər qoca, qadın və uşaqlar məsciddə olduqları zaman bina yandırılıb və əhali tələf olub. Hal-hazırda məsciddə Mərkəzləşmiş Kitabxana Sisteminin 15 və 23 saylı kitabxana filialları fəaliyyət göstərir.
(Ardı var)
Sevinc ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 18 oktyabr.-
S.28.