Ogyüst Roden – müasir heykəltəraşlığın titanı

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Ardıcıl nailiyyətlər seriyası    

 

1880-ci illər ərzində Roden öz ölkəsində daha geniş tanınmağa başladı. O, bu vaxt nüfuzlu dairələrdə sərbəst dolaşırdı. Madam Edmon Adam vasitəsilə o, dövlət xadimi Leon Qambetta ilə tanış oldu və axırıncı da öz növbəsində Rodeni bir sıra mühüm və yüksək rütbəli mülki qulluqçulara təqdim etdi. 1884-cü ildə yaratdığı “Madam Morla Vikunya” portretini 1888-ci il Salonunda dövlət satın aldı, həm də o, öz nəslinin baş monumental heykəltəraşı adını qazandı. Hətta əgər “Cəhənnəm qapıları” heç vaxt tamamlanmasa da, onun əsas fiqurlarının detalları barədə məlumatlar artıq ictimai rəydə dolaşmağa başlamışdı. Həqiqətən də, 1880-1890-cı onilliyində Roden iri miqyaslı heykəltəraş kimi çox işlər gördü.

 

1884-cü ildə, məsələn, ona Kale burgerlərinin abidəsini yaratmaq üçün sifariş etibar edildi. İngiltərə ilə Fransa arasındakı Yüzillik müharibə vaxtı, XIV əsrdə kral III Eduard və ingilis ordusu tərəfindən Kale şəhəri mühasirəyə alınmışdı. Altı nəfər nüfuzlu şəhər sakininin könüllü olaraq ölümü qəbul etməsi şərtilə kral şəhəri viranə qoymaqdan və vətəndaşlarına aman verməklə qırğından xilas edəcəyini bildirdi. Mühasirə nəticəsində aclıq şəhər sakinlərini artıq taqətdən salmışdı. Kralın şərtinə müvafiq olaraq burgerlər tək nazik köynəkdə və boğazlarına dolanan kəndirlə, şəhərin və qalanın açarları əllərində kralın yanına gəldilər.

 

Gözlənildiyi kimi kompozisiyanın sxemi etirazla qarşılandı. Kale şəhərinin vətəndaşları qrup şəklində deyil, təkcə bir insan fiqurunu görmək istəyirdilər. Komitə faktiki olaraq ümumilikdə layihəyə və fiqurlara münasibətdə yüksək dərəcədə tənqidi mövqe tutdu, narazılıq heç bir vəchlə qurtarmaq bilmirdi. Şəhər də abidəni qoymaq üçün maddi fondlar barədə çox böyük çətinliklərlə üzləşdi. Ona görə də heykəl qrupunun üzərindəki pərdənin yalnız 1895-ci ildə götürülməsinə müyəssər olundu. Hətta bu vaxt abidə üstəlik Rodenin xoşuna gələn yerdə də qoyulmadı.

 

Bu sənət əsərinin həllində mürəkkəb mövzunun orijinal düşünülməsi xüsusilə nəzərə çarpırdı. İdeya həm arxitektura, həm də heykəltəraşlıq nöqteyi-nəzərindən bütövlükdə orijinal görünürdü. Hər bir halda mövzu qəhrəmanlıq tarixçəsi olduğundan qəhrəmanlıq konsepsiyasını da tələb edirdi və altı fiqurdan ibarət olan heykəl qrupu ünsiyyətə girən qaydadakı bir ifadədə və emosiyada təqdim edilirdi. Pyedestal döyüş arabası şəklində deyil, insana xas olan patriotizmi, inkarı və ləyaqəti dəstəkləmək üçün zəfər nişanəsini daşıyırdı, kobud görünən model müəllif tərəfindən böyük entuziazm və ciddiliklə icra edildi. Ancaq bir məsələ var idi ki, abidənin formalaşmasına cəhd edildikdə, bunu o, ağlında yaratmışdı. Gil eskizdə altı şəxsdən biri olan Jan de Fyen yarımçılpaq şəkildə təsvir edilmişdi, paltarının cırıq qalıqları bədəninin aşağı tərəfinə tökülmüşdü. Tamamlanmış əsərdə o, həmçinin Renessansın qəhrəman tipinə çevrilmişdi, əhəmiyyətli bir cəhət də onda idi ki, onun heykəli paltarda idi. Fiqurların paltarda olmasını Roden onunla izah edirdi ki, heykəlləri sadə kətan paltarda göstərmək istəyirdi, çünki kətan paltar gözəl olmaqla kompozisiyanı da sadələşdirərdi, ansamblı birləşdirməyə kömək edərdi. Lakin Roden buna cəsarət etmədi. Gipsdə fiqurlar paltarda idi, tunc abidədə isə parçalar daha çox bədəndən üzülüb düşən kimi görünürdü. Heykəl Kaledə 1895-ci ildə quruldu.

 

Tuncdan tökülmüş Kale qrupu həmçinin Londonun Parlament bağlarında da qoyuldu ki, ingilis kraliçasının öz əri kral Eduardı qəhrəmanlara mərhəmət göstərməyə məcbur etməsini nümayiş etdirsin.

 

Londonda qoyulan abidənin versiyası Rodenin Kaledə qoyduğunun orijinal ideyasına yaxın olmaqla, bütöv effekt yaratmaq üçün heykəlin ətrafına dolaşmağı tələb edirdi. Bu hər bir təsvir olunan şəxsi görmək imkanı və onların əzablarının bütövlüyünün təəssüratını yadda saxlamaq üçün vacib idi. Buradakı təntənə ruhun şadlanmasıdırsa, bədənin əzab çəkməsidir, bunlar da həyatın özü ilə bağlıdır. Əgər onun yaddaşında özünü qurban verməyə can atan yüz fədakar şəxs baş qaldırsaydı, o, onların bütöv yüzünü də qəbul edərdi. Lakin rəssam onları altı nəfər kimi göstərdi. Bu fikirləri Rilke söyləmişdi. Roden bir neçə il sonra öz kolleqasına demişdi ki, “Belə nəcib mövzunu yaşatdığıma görə mən özümü təbrik edə bilərəm”.

 

1887-ci ildə o, özünün uzun müddətli ambitsiyasını həyata keçirdi. Çilinin paytaxtı Santyaqo şəhəri üçün nəzərdə tutulan “General Linç”in atlı heykəltəraşlıq portretinin dizaynını hazırlamaq təklifini qəbul etdi. Bu əsər tamamlanmasa da, heykəlin maketi onun əvvəllər də müstəqil olduğunu nümayiş etdirir. O, atlı portretinin ənənəvi tipindən istifadə etdi, bu ənənə Renessans dövründən mövcud idi, həm də onun xüsusi formasına uyğun gəlirdi, ehtiraslı coşğunluğu nəzərdə tuturdu.

 

1888-ci ildə Roden Viktor Hüqonun abidəsini yaratmaq barədə dövlət sifarişi aldı. Təhsil naziri öz məruzəsində bildirmişdi ki, heykəl Panteonu bəzəyəcəkdir. Heykəltəraş Viktor Hüqonu sürgündə olan dövrdəki kimi göstərmək üçün dizayn hazırlayırdı. Şairi belə təqdim etmək onun özü tərəfindən seçilmişdi. Öz konsepsiyasına görə şair sürgündə olduğu İngiltərənin Gernsi adasındakı qaya üzərində oturmuş şəklində göstərilməli idi. Onun arxasında dalğanın ləpəsi görünəcəkdi, bu dalğada gənclik, yaşa dolmaq və qocalığın muzaları olacaqdı.

 

Viktor Hüqo Rodenə təbii görünürdü, axı o, pafos ustasının qardaşı idi. Üstəlik, heykəltəraş onunla yaxın olmasa da, yazıçını tanıyırdı və onun gözəl büstünü yaratmışdı. Heykəlin ilk maketi qaya üstündə oturan şairi bir barmağı dodaqları üzərinə qoyulmuş, başı bir tərəfdə olmaqla, üç çılpaq erotik qızla əhatə olunmuş şəkildə təsvir edirdi.

 

Xeyli diskussiyalardan sonra hakimiyyət heykəlin Lüksemburq bağında qoyulması ilə razılaşdı və rəssamdan xahiş ediləcəkdi ki, Panteon üçün digər, həm də fərqli bir heykəl düzəltsin. Nəticədə, Roden Hüqonun abidəsi üçün iki sifariş aldı. O, birinci sifariş üzərində işini davam etdirəndə, digər maketi də hazırlayırdı, muzaların sayını üçdən ikiyə ixtisar etmişdi. Son layihədə fiqurların sayı yenidən azaldıldı – şair və onun “daxili səsi” qaldı. Bununla o, sənətkarla öz ilhamı arasında dialoqu təsvir edirdi. Ancaq nəticədə abidə Pale Royal bağında qoyulanda, heykəl yalnız şairin özünü təsvir edirdi.

 

Bir tənqidçi dördüncü layihə haqqında da yazırdı ki, “Hüqo, çılpaq şəkildə Allaha bənzəyirdi, dalğaların döyəclədiyi qayaların arasında oturmuşdu və bu, gələcəyin, onun necə gördüyü idi... Onun bütün işi dəhşətli okeanda çimirdi və o, arzulara dalan, sirenaların səsini dinləyən kimi göstərilirdi”.

 

Rodenin məqsədi Panteonun fasadında nəqş edilmiş “Vətənin mötəbər böyük adamlarına” sözlərinə müvafiq olaraq, Hüqonun apofeozunu göstərmək idi. Təəssüf ki, abidə Panteon üçün heç vaxt istifadə edilmədi.

 

Viktor Hüqo abidəsi üzərində aparılan işdə qarşılanan çətinliklər Balzakın məşhur heykəlinin yaradılması ilə əlaqədar olan problemlərlə müqayisədə heç nə idi. Bu iş heykəltəraşın karyerasında dəfələrlə baş verən kəskin ziddiyyətlərlə və çox sayda intriqalarla müşayiət olunurdu. Qırx illik cəhdlər əsasında Balzakın abidəsini qoymaq axır ki, mümkün oldu. Paris şəhəri heykəli Pale Royalda yerləşdirmək istəyirdi. 1891-ci ildə Emil Zolya Fransız Ədəbiyyatçıları Cəmiyyətinin prezidenti seçiləndə, həmin heykəlin qoyulması üçün təklif edilən yerə etiraz etdi, o, bədənin təklif olunan səmti ilə də razılaşmırdı. Lakin Rodenin nüfuzlu dostları israr edirdilər ki, onun adı uğurun qarantiyasıdır və o, sifarişi qəbul etməklə razılaşdı. Roden maketi on səkkiz aya başa çatdırmağı vəd etdi və nəticədə o, sifarişlə mükafatlandı.

 

Lakin sifariş üstündə bir neçə kolleqasının qısqanclığına görə belə şayiələr gəzirdi ki, Roden həmin heykəli başa çatdırmağa qadir deyildir. Bu şayiələr cəmiyyətin bəzi üzvlərinin qulağına gəlib çatırdı, digər əsərlərində baş verən problemləri yada salaraq, onlar razılığı ləğv etmək istədilər.

 

O, məcbur edildi ki, qırx səkkiz saat ərzində əsəri bitirsin. Cəmiyyətin şərəfi yalnız Jan Ekartın 1894-cü ildə prezident kimi Emil Zolyanı əvəz etməsi ilə xilas olundu. Zolya yeddi kolleqası ilə birlikdə istefa vermişdi. Rodenin özünə gəldikdə isə o, xəstə idi, depressiya və həyəcan keçirirdi (o, bu vaxt həm də Kamilla Klodellə əlaqədar olan işin ortasında idi), lakin öz niyyətləri ilə kompromissə getməkdən imtina etdi.

 

O, inadkarlıq göstərməkdə davam edirdi. 1898-ci ildə iş xeyli irəlilədiyindən, o, gil variantını – Milli İncəsənət Cəmiyyətinə göndərə bildi, burada həmin vaxt həm də “Öpüş” kompozisiyası göstərilirdi.

 

“Öpüş” kompozisiyası da Dantenin “İlahi komediyasında” təqdim edilən məhəbbət macərasının təsviri kimi verilir. Dante Françeska da Rimini ilə Paolonun faciə ilə bitən sevgisini nəql edir. XIII əsrdə yaşamış gənc italyan qadını Françeska Avropa mədəniyyətində əbədi obrazlardan birinə çevrilmişdi. Ravenna hökmdarının bu qızı müstəsna gözəlliyi ilə fərqlənirdi. 20 yaşında o, Rimininin hökmdarı Canqotto Malatestaya ərə getmiş, zahirən eybəcər olan ərinə iki uşaq doğmuşdu. Qız ərinin qardaşı Paolo ilə sevişməyə başladı. Məşuqları cinayət yerində tutan əri onların hər ikisini xəncərlə qətlə yetirdi. Bu vaxt Françeskanın 30, Paolonun isə 39 yaşı var idi.

 

Dante onların hisslərini alovlandıran kitabı oxumalarını belə sətirlərlə təsvir edir:

 

“Məhəbbət yandırır zərif ürəkləri”, “İkilikdə sevgi apardı məhvə bizi”.     Roden də özünün ən məşhur əsərlərindən birini bu faciəli tarixə həsr etmiş, məhəbbətin tezliklə yoxa çıxan nişanəsinin xüsusən mərmərdə, həm də digər variantlarda həkk etmişdir. Eşq daşqınına məruz qalan iki gənc yalnız bu anın hökmünə tabe olduqlarından, həyatlarına olan ölümcül təhlükəni hiss etmirlər. Məhəbbət öz qılıncından imtina edib, yalnız ehtiyatlılıq qalxanına bel bağlasaydı, çox hallarda yalnız puç olan arzulardan birinə çevrilərdi. Roden də məhz iki bir-birini dəlicəsinə sevən gəncə belə nikbin şərqisini oxuyur.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 18 oktyabr.- S.25.