Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və “nazimi-ustad” məsələsinə yeni baxış

 

Böyük ustadım akademik Məmməd Cəfər Cəfərovun əziz xatirəsinə

 

 

Azərbaycanda ədəbiyyat nəzəriyyəsi müstəqil və ardıcıl bir elm sahəsi kimi XX əsrdə meydana çıxmışdır. Qədim dövrlərdə və orta əsrlərdə ədəbiyyat nəzəriyyəsi istiqamətində yazılmış elmi əsərlər Azərbaycan dilində deyildir və əsasən şeirşünaslıq məsələlərindən bəhs etdiyi üçün birtərəflidir. Klassik Azərbaycan ədəbiyyatındakı şairlərin ədəbi-nəzəri görüşlərini ifadə edən fikirlər isə ədəbiyyat nəzəriyyəsi baxımından sənətkar təxəyyülünün məhsulu idi, ciddi  elmi xarakterə malik deyildi. Bu baxımdan ədəbiyyat nəzəriyyəsini yalnız Mirzə Fətəli Axundzadənin həmin istiqamətdəki ədəbiyyatşünaslıq görüşlərinə görə, XX əsrdən bir qədər əvvələ çəkmək olar. Araşdırmalar və müşahidələr göstərir ki, Mirzə Fətəli Axundzadə Azərbaycanda ədəbiyyat nəzəriyyəsi elminin də əsaslarını yaratmışdır. Azərbaycan ədəbiyyatşünaslıq elmi isə bir əsrə yaxındır ki, Mirzə Fətəli Axundzadəni daha çox milli ədəbi tənqidin banisi olaraq təqdim edir. Ədəbiyyata dair məqalələrində müasir ədəbi gedişatdan və ədəbiyyatın vəzifələrindən bəhs etdiyi üçün Mirzə Fətəli Axundzadə tənqidi fikrin daşıyıcısı kimi daha qabarıq görünür. Bundan başqa, “Kritika.Yüksək İranın “Millət” qəzetinin münşisinə”, «Tənqid risaləsi», «Mirzə Ağanın pyesləri haqqında kritika” kimi məqalələrinin adlarındakı “kritika” - tənqid sözü də onun haqqında ilk növbədə tənqidçi təəssüratı yaradır. Hətta məqalələrinin bir çoxunun «mübahisə» («Molla Ələkbərlə mübahisə»), «cavab», “fehrist” – məlumatlandırma (“Fehristi-kitab”,  «Həkimi – ingilis Yuma cavab»)  formasında düşünülməsi də Mirzə Fətəli Axundzadədən tənqidçi kimi bəhs etməyə əsas verir. Heç şübhəsiz, Mirzə Fətəli Axundzadənin məqalələri ədəbiyyatşünaslıq baxımından, hər şeydən əvvəl, ədəbi tənqidin tələblərinə uyğun gəlir. Və biz də o fikirdəyik ki, Mirzə Fətəli Axundzadə Azərbaycanda professional ədəbi tənqidin banisidir. O, nəinki Azərbaycan ədəbi tənqidinin əsasını qoymuş, “kritika” – tənqid sözünü də ədəbiyyatşünaslıq elminə gətirmişdir. Böyük mütəfəkkirin ədəbi tənqid haqqında XIX əsrdə ifadə etdiyi fikirlər həmişəlik  məqbul görünən elmi qənaətlər kimi qəbul edilə bilər. Təxminən bir əsr yarım bundan əvvəl söylənilmiş aşağıdakı mülahizələr indi də ədəbi tənqidin mahiyyətini və vəzifələrini obyektiv və ümumiləşmiş şəkildə əsaslandıran sistemli nəzəri təlim kimi səslənir. «Məlum edirəm ki, bu qayda (ədəbi tənqid – İ.H.) Avropada məlumdur və onun böyük faydaları vardır. Məsələn: bir şəxs bir kitab yazdığı zaman başqa bir şəxs onun əsərinin mətləbləri xüsusunda KRİTİKA yazır, bu şərtlə ki, onun yazısında müəllif haqqında ədəbsiz və könül incidən bir söz belə olmasın. Hər nə deyilsə, incəliklə deyilsin. Bu işi «kritika», fransız istilahı ilə «kritik» adlandırırlar.

Müəllif ona cavab verir. Ondan sonra üçüncü bir şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya da kritika yazanın fikrini üstün tutur. Bu işin nəticəsi budur ki, get-gedə nəzm və nəsr, inşa və təsnif (əsər yazmaq – İ.H.) bütün Avropa xalqlarının dilində səlavət (səlistlik) qazanır və mümkün qədər cəmi nöqsanlardan təmizlənir. Müəlliflər və şairlər öz vəzifələri və təklifləri haqqında tamam xəbərdarlıq alırlar».

Mirzə Fətəli Axundzadənin ədəbi tənqid haqqındakı bu fikirlərində bir kitablıq qədər mətləb vardır.

XIX əsrdə Mirzə Fətəli Axundzadənin yazdığı «Tənqid risaləsi», «Kritika.  Yüksək İranın «Millət» qəzeti münşisinə», «Mirzə Ağanın pyesləri haqqında kritika», «Nəzm və nəsr haqqında», «Mollayi-Ruminin və onun təsnifinin babında» əsərləri Azərbaycan ədəbi tənqidinin möhkəm təməlləri və nadir nümunələridir.

Mirzə Fətəli Axundzadə Azərbaycanda ədəbi tənqidin nəzəriyyəsini də yaratmışdır. O, ədəbi tənqidin də, tənqidin nəzəriyyəsinin də bnisidir. Ədəbi tənqidin nəzəriyyəsinə dair görüşləri Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəçiliyinin üzvi tərkib hissəsidir.

Azərbaycanda professional ədəbi tənqidin əsasını qoyması heç də Mirzə Fətəli Axundzadənin ədəbiyat nəzəriyyəçisi olmasının qarşısını kəsmir. Əksinə, dərin nəzəri təfəkkür tənqidçi Mirzə Fətəli Axundzadənin ədəbiyyata dair fikir və  mülahizələrinin daha da əsaslı olmasına kömək edir. Ədəbiyyat  nəzəriyyəsinə bələd olması Mirzə Fətəli Axundzadənin yazıçı və tənqidçi kimi yalnız üstünlüyü sayıla bilər. Ona görə də ədəbi tənqidin yaradıcısı Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsinə dair görüşlərindən də söz açılmasına ehtiyac vardır. Bu, ayrıca bir tədqiqatın mövzusu ola bilən xüsusi bir məsələdir. Nəzərə almaq lazımdır ki, Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi  əsərlərində ədəbiyyat nəzəriyyəsinə dair kifayət qədər qiymətli və əhəmiyyətli fikirlər vardır.

Böyük ədibin ədəbiyyat nəzəriyyəsi haqqındakı görüşləri geniş, əhatəli və sistemlidir. Bu mülahizələr onun əsərlərində keçici deyil, ardıcıl və davamlı xarakter daşıyır. Ədəbiyyat nəzəriyyəsinə aid baxışları sadəçə ədəbiyyat barəsində deyilmiş ümumi qiymətləndirmələrdən, «yazıçı sözü»ndən yox, sözün elmi mənasında ədəbi yaradıcılığın qanunauyğunluqlarını ifadə edən düşünülmüş nəzəri müddəalardan ibarətdir. Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsinə dair  təlimi bu sənətə bələd olan savadlı bir ədəbiyyatçının elmi dünyagörüşünün ifadəsidir. O, heç də yazıçılara quru ədəbiyyat nəzəriyyəsi dərsi keçmək niyyətində olmamışdır. Ədəbiyyat nəzəriyyəsinə aid bütün fikir və mülahizələrini Mirzə Fətəli Axundzadə ədəbi prosesin təhlili zamanı ehtiyac olduğu məqamlarda gündəmə gətirmişdir. Müşahidə olunan əsas cəhət bundan ibarətdir ki, Mirzə Fətəli Axundzadə daha çox ədəbi prosesi, yaxud ayrılıqda bir yazıçının əsərlərini və ya konkret olaraq bir əsərini təhlil edərkən fikirlərini daha dərindən əsaslandırmaq üçün ədəbiyyat nəzəriyyəsinə müraciət etmişdir. Məsələn: «Yüksək İranın «Millət» qəzetinin münşisinə Kritika» məqaləsində «Şəmsüş-şüəra» ləqəbi ilə yazan Siruş adlı «şairin» «Millət» qəzetində dərc olunmuş «bir qəsidəsi ilə bir qəzəlinin» təhlili zamanı tənqidi qənaətlərində haqlı olduğunu göstərmək, öz sözləri ilə desək, «iddianı sübut etmək» məqsədilə məzmunla formanın vəhdəti haqqındakı baxışlarını nəzərə çarpdırmışdır.  Yaxud «Nəzm və nəsr» məqaləsində kimin əsl şair, kimin isə «nazim» - nəzm yazan olduğunu bildirmək, müəyyə etmək üçün ədəbiyyat nəzəriyyəsinin müddəalarından çıxış etmişdir. Bundan başqa, Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsinə dair təlimi həm də yeni ədəbiyyat uğrunda mübarizədə maarifləndirici xarakter daşımışdır. Nəticə etibarilə böyük mütəfəkkirin ədəbiyyat nəzəriyyəsi görüşləri realist ədəbiyyatın prinsiplərinin formalaşdırılmasından və müdafiəsindən ibarətdir.

Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşlərini zaman özü meydana çıxarmışdır. Orta əsrlərin lirikasından və  didaktikasından, nəsihətçilikdən realizmə keçid ədəbi düşüncədə də yeniləşmə tələb edirdi. Eyni zamanda, Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ilə ictimai-siyasi mühitin dəyişməsi də ədəbiyyatın, ziyalıların qarşısına yeni vəzifələr gətirmişdi. İşğala qarşı müqavimətin əridilməsi, mülkiyyət sahibi olan xan-bəy sinfinin müflisləşdirilməsi, yaxud «çistkası», digər tərəfdən isə dünyəvi məktəblərin açılması, milli teatrın və mətbuatın meydana gəlməsi geniş mənada zamanı və ədəbiyyatı təzədən qavrayıb dəyərləndirmək və istiqamətləndirmək tələbini meydana çıxarmışdı. Mirzə Fətəli Axundzadənin ədəbi tənqidi fikirləri kimi, ədəbiyyat nəzəriyyəsinə dair görüşləri də bütün bu ictimai-siyasi və maarifçi ədəbi proseslərin yaratdığı zərurətdən doğmuşdur. Mirzə Fətəli Axundzadə ədəbiyyatı zamanın meydana çıxartdığı istiqamətlərdə qabağa aparmaq üçün təkcə yeni janrlarda - komediya və povest janrlarında nadir əsərlər yazmaqla işini bitmiş hesab etməmiş, həm də dövrün məqbul sayıla biləcək ədəbiyyat siyasətinin mahiyyətini aydınlaşdırmış, nümunələrini göstərmiş, inkişaf yolunu müəyyən etmişdir. Bütün bunlar ədəbiyyat nəzəriyyəsiz deklarativ xarakter daşıya bilər, havada qalan pafosa çevrilərdi. Mahiyyəti və inkişafı bir yerdə ümumiləşdirilmiş şəkildə dərk etdirməkdə və təşviq etməkdə ədəbiyyat nəzəriyyəsi böyük üstünlüklərə malikdir. Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri həmin manifestin ifadəsidir.

Məsələn, İranın «Millət» qəzeti münşisinə ünvanlanmış «Kritika» adlı məqalədə ədəbiyyat nəzəriyyəsinin əsas qanunlarından olan məzmunla formanın vəhdəti haqqında Mirzə Fətəli Axundzadənin mükəmməl bir tərifi öz əksini tapmışdır: «İki şey şeirin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi. Məzmun gözəlliyi olub,  ifadə gözəlliyinə malik olmayan nəzm (Mollayi Ruminin məsnəvisi kimi) məqbul nəzmdir, amma şeiriyyatında nöqsan vardır.

İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə tehranlı Qaaninin şeirləri kimi zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şeir növündəndir, yenə də hünərdir.

Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm (Firdovsinin «Şahnamə»si, Nizaminin «Xəmsə»si və Hafizin «Divan»ı kimi) nəşə artırıcı və həyəcanlandırıcı olub, hər kəs tərəfindən bəyənilir».

Bunun ardınca Mirzə Fətəli Axundzadə yazır ki, «belə nəzm sahiblərini peyğəmbərlərə bərabər tutmaq olar. Çünki onlar bəşər növünün fövqündə olub, filosofanə xəyal və ilham sahibləridir». Fikrimizcə, Mirzə Fətəli Axundzadə özü də «Kritika» məqaləsində məzmunla formanın vəhdəti haqqında «peyğəmbərcəsinə» bir  tərif, düstur kəşf etmişdir. Gətirilmiş misalların, nümunə kimi göstərilən əsərlərin də bu dərəcədə dəqiq müəyyən olunması Mirzə Fətəli Axundzadənin geniş mütaliə dairəsini nəzərə çarpdırmaqla bərabər, həm də nəzəriyyə ilə ədəbi təcrübəni əlaqəli şəkildə klassik ədəbiyyatla müqayisə əsasında, şərh, aydınlaşdırmaq üsulu ilə yeni ədəbiyyatın vəzifələrini vəhdətdə ifadə etmək istedadını da meydana qoyur. Nəticə etibarilə «həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan» əsərlərin yaradılmasına çağırış üçün Mirzə Fətəli Axundzadənin formulundan üstün bir yol  düşünmək çətindir. Bu prinsip həm də XIX əsrdə forma gözəlliyinə üstünlük verən, yaxud da həyati məzmun daşımayan nəzirəçilik ədəbiyyatına qarşı mübarizə üçün də dərkolunmuş bir gerçəkliyi meydana qoymaq və təkzibedilməz faktla irəli sürülmüş tezislərə inam qazandırmaq baxımından da əsaslı idi. Bu, sadəcə tərif olmayıb, həqiqətən də «bəşər növünün fövqündə olan» dərin mütəffəkir düşüncəsini ifadə edən nəzəriyyə idi. 

Azərbaycandan başqa, əlimizdə olan Şərq-Qərb ədəbiyyat nəzəriyyəsi kitablarında məzmunla formanın vəhdəti haqqında verilmiş təriflərin və şərhlərin heç biri Mirzə Fətəli Axundzadənin «düsturundan» fərqli bir cizgi göstərmir. XIX əsrdə, 1871-ci ildə hələ ədəbiyyat nəzəriyyəsinə dair hər hansı konkret bir kitabın ortada olmadığı bir dövrdə belə bir mükəmməl təlimi yaratması Mirzə Fətəli Axundzadənin təkcə dramaturgiyada, realist nəsrdə, ədəbi tənqiddə, əlifba islahatında, ictimai-fəlsəfi fikrin inkişafında deyil, ədəbiyyat nəzəriyyəsi sahəsində də böyük düha olduğunu göstərən sübutlardan biridir. Bundan başqa, həmin «Kritika» məqaləsində özünü «Şəmsüş-şüəra» («Şairlər günəşi») kimi qələmə verən Süruş təxəllüslü şairin qəsidəsinin əruz vəzni baxımından misra-misra təhlili də tam ədəbiyyat nəzəriyyəsi əhvalatıdır.

Mirzə Fətəli Axundzadənin «Mirzə Ağanın pyesləri haqqında kritika» məqaləsində ədəbiyyat nəzəriyyəsi məsələləri heç də «kritika»dan - ədəbi tənqiddən az deyildir. Məqalədəki «Sərgüzəşti Şahqulu Mirzə» başdan-ayağa pisdir. Onu yandırın. Təfəkkür sahibinə bu kimi şeylər yazmaq layiq deyildir» - hökmü sərrast ədəbi tənqidin hökmüdür. Amma Mirzə Ağa Təbrizinin pyeslərinin nöqsanlarını göstərən və əsl dramaturgiyanın mahiyyətini açan səkkiz bəndlik mülahizələrinin demək olar ki, hamısında ədəbiyyat nəzəriyyəsinin müddəaları vardır:

«Birincisi: Drama sənətinin şərtləri tələb edir ki, məclis üzvlərinin hər birinin işi onun danışıqlarından tamam diqqətlə seçilsin. Məsələn: məclis üzvünün hərəkətini göstərmək istədikdə onun adını sətrin üstündə ayrıca yazmaq lazım deyil. Gərək bu ad adamın işinə aid olan sətrə yapışıq yazılsın. Məclis üzvünün mükaliməsi yazılarkən onun adı sətrin yuxarısında ayrıca yazılmalıdır.

İkincisi: Pyesdə sözü, ya işi olan hər bir iştirakçının adı əsərin başlanğıcında yazılmalıdır. Məsələn: Saranın anası Şərəfnisənin və habelə Fəraməz bəyin adı başlanğıcda yazılmalıdır ki, Tuti xanımın kim olduğu məlum olsun…

Üçüncüsü: Drama sənətində qayda budur ki, əgər mümkünsə, bütün iştirakçılar… tamaşanın sonunda bir yerə yığışıb sözlərini sona çatdırmalı və pyesi bitirməlidirlər…

Dördüncüsü: Drama sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir…

Beşincisi: …Müasirlər haqqında bu kimi şeyləri yazmaq təhlükəlidir. Bəs necə olsun? …Əlacı asandır. Hadisənin əmələgəlmə tarixini dövlətində qayda-qanun olmayan Şah Sultan Hüseyn Səfəvinin əsrinə atınız…

Bir də hər yerdə və hər zaman teatr məclisinin vəziyyəti şərh olunmalıdır. Məsələn: Əşrəf xan  istəyir şəxsi-əvvəlin divanxanasına  yola düşsün. Bu halda divanxananın quruluşunu təsvir etməlisiniz ki, drama sənəti ustadları, yəni aktyorlar ki, teatrda hadisənin tamaşasını göstərirlər – sizin təsvirinizə uyğun olaraq teatr səhnəsinin quruluşunda dəyişiklik yaradıb qabaqca Əşrəf xanın mənzili olan quruluşu bir anda dəyişib şəxsi – əvvəlin divanxanası şəklinə salsınlar…

Altıncısı: Drama sənəti şərtlərinə görə, əxlaqsızlıq əhvalatı yolverilməz olduğu üçün onun şəbihini teatra gətirmək olmaz. Amma belə şeyləri oxumağın o qədər də eybi yoxdur… «Sərgüzəşti Kövkəb» drama fənni şəklində yazılmış olsa da, onun əvvəlində teatr tamaşasına qoyulmaq üçün deyil, oxumaq üçün yazıldığına işarət edin…

Yeddincisi: …Başlıca səhv və drama fənni əsaslarına bilmərrə uyğun olmayan cəhət budur ki, Hacı Pirqulu Ağahaşıma deyir: - Qızım Saranı mən özüm alacağam və heç kəsə verməyəcəyəm.

Eyvah!.. Belə sözləri teatr səhnəsində ata öz qızı haqqında deyə bilərmi? Mütləq dəyişdirin…

Səkkizinci:  «Gülüstan» və «Zinətül-məcalis» dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər – drama və romandır…»

Göründüyü kimi, Mirzə Ağa xan Təbrizinin pyesləri haqqında kritika» əsəri İranda yaşayıb, yazdığı dram əsərlərini məsləhət almaq üçün Tiflisə göndərmiş bir dramaturqa Mirzə Fətəli Axundzadənin verdiyi tövsiyələrdə ədəbi tənqidlə ədəbiyyat nəzəriyyəsi bir-birini tamamlayan qoşa elmi yanaşmalardır. Təqdim olunan səkkiz bəndlik tövsiyələrdə dram sənətinin poetikası və estetikası, geniş mənada teatr mədəniyyətinin nəzəri mahiyyəti öz əksini tapmışdır. Mirzə Fətəli Axundzadənin tövsiyələrində dram sənətinə aid remarka, iştirakçılar haqqında məlumat, final, dialoq, tərbiyə məktəbi, müasir hadisələri göstərmək üçün tarixi hadisələrlə yerdəyişmə, səhnə şəraitinin nəzərə alınması, situasiyaların dəyişməsi, (kolliziya) oxunmaq üçün yazılmış dram əsəri-lezedrama və sair kimi ədəbiyyat nəzəriyyəsi məsələlərinə dair dəqiq elmi prinsiplərlə səsləşən fikirlər vardır. Buradan görünür ki, Mirzə Fətəli Axundzadənin özü Avropa dram sənətinin nəzəri əsaslarına, «drama şərtlərinə» dərindən bələd olmuşdur. Məlum olduğu kimi, Mirzə Fətəli Axundzadə rus və fransız dillərini bilmiş, bu dillərdə elmi və bədii əsərlər oxumuş, məktublaşmışdır. Böyük ehtimal ki, onun dram sənətinə dair baxışlarının formalaşmasında rusdilli ədəbiyyatla yanaşı, fransız dilində olan mənbələrin də mühüm rolu olmuşdur. Haradan baxsaq, Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsinə, o cümlədən dram sənətinə dair baxışları yeni və əhəmiyyətli təsir bağışlayır.  Bu mənada Mirzə Fətəli Axundzadənin «Mirzə Ağa  Təbrizinin pyesləri haqqında kritika» əsərindəki «kritika» sözünü «poetika» ifadəsi ilə dəyişsək, müəllifin məramına və məqalənin mahiyyətinə  xələl gəlməz. Mirzə Fətəli Axundzadənin  143 il bundan qabaq, 1871-ci ildə yazdığı məqalədəki dram sənəti haqqında uzaqgörən nəzəri fikirlər indi də Azərbaycanda və dünyada mövcud olan dram nəzəriyyəsinin mühüm əsaslarını təşkil edə bilər.

Heç tərəddüd etmədən Mirzə Fətəli Axundzadənin «Nəzm və nəsr haqqında» məqaləsini də Azərbaycanda ədəbiyyat nəzəriyyəsinə dair qiymətli mənbələrdən biri hesab etmək olar. Burada məqalənin adından da göründüyü kimi, nəzm ilə nəsrin fərqi qısa şəkildə aydınlaşdırılmışdır. Mirzə Fətəli Axundzadənin fikrincə, «hər dilin təkəllümü söyləmək üsulu və kitabəti (yazı yazma sənəti) qərari-mütəarif (hamıya bəlli olan qaydalar) üzrə nəsr ilədir». Buradan çıxış edərək, zahirən belə düşünmək olar ki, Mirzə Fətəli Axundzadə nəsri natiqlik və ya katiblik sənəti hesab etmişdir. Əslində isə dərindən diqqət edilsə, bu mülahizələrin özündə bədii nəsrin xüsusiyyətləri göstərilmişdir. Buradakı təkəllüm (söyləmək – İ.H.) ifadəsi bədii nəsr üçün zəruri şərtlərdən biri olan təsvir etmək mənasını bildirir. «Kitabi-Dədə Qorqud» dastanlarındakı «söy söyləmək» ifadələri də təsvir etmək mənasını daşıyır. Bundan başqa, yuxarıdakı cümlədəki «kitabət» sözü də yazıya alma, yaxud üzünü köçürmə mənasında deyil, yazı yazmaq, kitab bağlamaq sənəti kimi başa düşülməlidir. Kitab yazmaq və ya yazı yazma sənəti dedikdə isə Mirzə Fətəli Axundzadə tərənnüm üsulu ilə deyil, təsvir yolu ilə həyatı əks etdirən ədəbiyyatı, yəni bədii nəsri nəzərdə tutmuşdur. Mirzə Fətəli Axundzadəyə görə təkəllüm, söyləmək-danışıq tərzi, təsvir üsulu ilə yəni təhkiyə ilə yaranan kitab, bədii  ədəbiyyat, nəsr deməkdir. M.F.Axundzadənin şeirdən danışanda da «kitabət» sözünü işlətməsi onun bu ifadə ilə geniş mənada ədəbiyyat anlayışını düşündüyünü təsəvvür etməyə əsas verir. Belə aydın olur ki, “kitabət”- ədəbiyyat şeirlə və nəsrlə yazıla bilər. Onun fikrincə, «Hüsni-əlfaz (gözəl sözlər), ) və təşbiyyat və tövzih (aydınlaşdırmaq) və təşrih (şərh etmək) ilə yazılan kitabət şeirdir. Bundan fərqli olaraq Mirzə Fətəli Axundzadə təkəllüm – yəni təsvir, söyləmək, təhkiyə üsulu ilə yaradılan kitabəti (ədəbiyyatı) bədii nəsr hesab etmişdir. Böyük ədib bədii nəsrdə məzmuna üstünlük vermişdir. Mirzə Fətəli Axundzadə tarix kitablarının və nəsr əsərlərinin qafiyə ilə yazılmaq ənənəsini məqbul hesba etməmişdir. Səbəbi: «Çünki nəsrdə qafiyə kəlamı çiy edir, zəiflədir… Mütləq səhvdir… Çünki qafiyə xatirinə mütəradif ləfzlər (rədif sözlər) və çoxlu təkrarlar əmələ gəlir, gərəksiz mənalar meydana çıxır, kəlamın aydınlığı itir, məcazlar onlardan nifrət edir. Bədii nəsrdə məzmunun arxa plana keçirilməsi, «kəlamın aydınlığının itməsi», formaya aludəçilik haqqındakı mülahizələri ilə Mirzə Fətəli Axundzadə «məzmunla formanın vəhdəti»ndən başqa, həm də yeni ədəbiyyatın, realist bədii nəsrin böyük ədəbiyyat meydanına gəlməsinə çalışmışdır. Onun anlayışında «kəlamın çiy olması» məzmunun zay, dayaz olması mənasını daşıyır. O, «məzmunsuz və duzsuz deyilən»  nə varsa, hamısını böyük ədəbiyyatt yolunda maneə hesab edirdi. Mirzə Fətəli Axundzadə 1867-ci ildə yazdığı «Tənqid risaləsi» məqaləsində tarixi əsərlərdə şeiriyyatdan istifadəni «tarix üslubuna müxalif» qayda kimi kəskin tənqidə tutmuşdur. Çünki  qafiyələnmiş cümlələrin arxasınca getməyin «məzmunun səhih» olmasına, hadisələrin bütün reallıqları ilə göstərilməsinə maneəçilik törədəcəyi aydın idi. Eynilə də nəsr əsərlərinin də səs üslubu – «daxili qafiyələnmə» əsasında yazılmasını da Mirzə Fətəli Axundzadə ciddi bir çatışmamazlıqdan çox kök salmış köhnə bir qayda kimi kəskin tənqid etmişdir. O, «gözəl məzmunun» qarşısını kəsən bu üsulun qəti şəkildə aradan qaldırılması uğrunda mübarizə aparmışdır. Yeni realist ədəbiyyatın böyük çarçısı var səsi ilə bildirirdi ki, «bu qayda (qafiyəli nəsr – İ.H.) bizə ərəblərdən qalmışdır, səkkiz yüz ilə yaxındır ki, …. İşlənilməkdədir, lakin mütləq səhvdir. İndii bu qaydanı tərk etməyimizin  uşaqcasına işdən əl çəkməyimizin vaxtıdır».

Ümumiyyətlə Mirzə Fətəli Axundzadə yeni epoxanın böyük ədəbiyyatından, o cümlədən də realist bədii nəsrdən «rəğbətli məzmuna» nail olmağı tələb edirdi. Bədii nəsrdə «Rəğbətli məzmun» isə Mirzə Fətəli Axundzadəyə görə məzmunla formanın vəhdəti ilə yanaşı həm də həyatiliyi, «Xalqların əhval və adətini bildirən» hekayələrdən söz açmaq demək idi. Realist ədəbiyyatın estetikası və poetikası baxımından bu tələb, həm  ənənə ilə novatorluğun düzgün nisbətinin müəyyən edilməsinə, həm də ədəbiyyatda yeniləşməyə, islahatlara yol açılmasına imkan yaradırdı: sözün həqiqi mənasında ədəbiyyatda islahatlar aparan, bədii düşüncənin yönünü “mehrabı eşq” olan uca göylərdən real həyata, təbii olaraq insana xidmətə doğru istiqamətləndirmək üçün atılmış bu addımlar yeni bir ədəbiyyat mərhələsinin formalaşdırılması ilə nəticələnmişdir. Həm də Mirzə Fətəli Axundzadə digər sahələrdə olduğu kimi, bədii nəsr sahəsində də yalnız ideyanı, nəzəriyyəni, sənət prinsiplərini irəli sürməklə, əsaslandırmaqla kifayətlənməmişdir, eyni zamanda, düşündüyü, inandığı, kəşf etdiyi sənət ölçülərində ən yaxşı əsərlərin nümunəsini yaratmaq vəzifəsini də böyük hünərlə həyata keçirmişdir. Ədəbiyyatı, nəsri «rəğbətli məzmun arxasınca» aparmağı yazıçı iradəsi kimi meydana qoyan Mirzə Fətəli Axundzadə «elə bir məzmun» uğrunda mübarizə aparmışdır ki, «oxucu ondan həzz alsın və qulaq asan ləzzət   aparsın və müəllif bunun sayəsində ad qazansın». Hamı qəbul edər ki, Mirzə Fətəli Axundzadə dramaturgiya ilə bərabər, bədii nəsr sahəsində də 1863-cü ildə yazdığı «Aldanmış kəvakib» povesti ilə realist nəsrin ilk və mükəmməl bir abidəsini yaradaraq sözün əsl mənasında böyük şöhrət qazanmışdır.

Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin bədii nəsrin xüsusiyyətləri haqqındakı fikirləri onun şeirin prinsiplərinə aid qənaətləri ilə müqayisədə irəli sürdüyü müddəalarda bir daha  izah olunub aydınlaşdırılır. 

Mirzə Fətəli Axundzadənin «Nəzm və nəsr haqqında» məqaləsində daha çox şeirşünaslıq məsələlərindən bəhs olunmuşdur. O, ədəbiyyat nəzəriyyəsi tarixində ilk dəfə nəzm ilə şeirin fərqli mahiyyətini elmi-nəzəri cəhətdən aydınlaşdırmışdır. Məqalədə də deyilir ki, «tarixi hicridən bu zamana qədər milləti-islam arasında bir kimsənə şeir ilə nəzmə fərq verməyib, hər nazimin adına bərxilafi-həqq şair deyiblər». Mirzə Fətəli Axundzadə  nəzmlə şeirin fərqini göstərmək üçün ilk növbədə şeirin nə demək olduğunu izah etmişdir. Ərəb-fars sözləri ilə ifadə olunsa da, ədib başa düşülən şəkildə şeirin mahiyyətini və özünəməxsusluğunu düzgün müəyyən etmişdir. Şeir haqqındakı yığcam nəzəri fikirlərində lirika üçün zəruri olan əsas xüsusiyyətlərin demək olar ki, əksəriyyəti öz əksini tapmışdır: «Şeir gərək laməhalə (istər-istəməz) ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə təsirə bais ola… Və şeir təbaye və adata və istilaha qərib əlfaz və məzamin ilə deyiləndə ləziz və müəssir düşəcək və ləvazimatdandır hüsni-əlfaz və təşbihat və təmsilat və tövzih və təsrih və sair mühəssənat. Əgər bunun xilafınca deyilsə, məzaci-müstəmedə onun eşitməyindən heç bir günə təğyir hasil olmaz».

İzahı: Şeir gərək istər-istəməz ziyadə ləzzətə və hüzndə və fərəhdə təsirə bais ola.

…Və şeir xüsusiyyətlərinə görə adətən istilahları ilə cəlbedici sözlər və məzmunlar ilə deyiləndə ləzzətli və təsirli olacaq və  gözəl sözlər, bənzətmələr,  məsəl kimi işlənən fikirlər və açıq söyləmə, aşkara çıxarma və digər gözəl xüsusiyyətlər lazım olan şeylərdir. Əgər bunların xilafınca deyilsə, qulaq asanların xasiyyətində onu eşitmələrindən heç bir dəyişiklik əmələ gəlməz.

Göründüyü kimi, Mirzə Fətəli Axundzadənin fikrincə şeirin gərək dadı, tamı ola, fərəhdə və hüzndə, yəni adi, real həyata təsir edə bilə. Bu prinsiplər ümumiyyətlə, şeirə aid olsa da, Mirzə Fətəlinin yozumundan hiss olunur ki, «hüzndə və fərəhdə təsirə bais ola» ifadələri ilə o, daha çox realist şeirə işarə edir. Şeirdə bədii təsir vasitələrindən danışarkən də Mirzə Fətəli Axundzadə təşbehlədən – bənzətmələrdən, istifadədə təbii, sadə, oxşar sözlərin işlədilməsini vacib saymaqla bərabər, məzmunu, məsəl kimi işlənən həyati fikirlərin ifadə olunmasını, aydınlaşdırıcı, müqayisəli ifadələrin yer almasını, lazımlı mətnlərin dilə gətirilməsini önə çəkməklə yenə də realizmə meyilli şeiriyyatda maraqlı olduğunu nəzərə çarpdırır. Hətta o da görünür ki, Mirzə Fətəli Axundzadə bütün bunların xilafına, əksinə olan şeiri oxumağı və boş yerə dinləməyi günah saymışdır. Deməli, Mirzə Fətəli Axundzadə ümumiyyətlə şeirin, lirikanın mahiyyətini düzgün izah etmiş, lakin bu ədəbi növün müasir inkişafında realist xüsusiyyətlərin yer tutmasına üstünlük vermişdir. Buna görə də Mirzə Fətəli Axundzadə şeir haqqındakı fikirlərində lirikanın mahiyyətinin açılması ilə bərabər, yaşadığı dövrün və şəxsən özünün ədəbi mövqeyindən doğan nəzəriyyə formalaşdırmışdır.

Bundan başqa, Mirzə Fətəli Axundzadə şeirə ilahi vergisi kimi baxmış, elm və biliyi şairlikdə vacib saysa da, üstünlüyü istedadda, ilhamda görmüşdür. Onun fikrincə, şeir «əlahiddə bir bəxşi- ilahidir və maddeyi-qabiliyyəti-şair xudadədir». M.F.Axundzadə belə hesab edirdi ki, elm və bilik, öz sözləri ilə desək, «təhsil və tərbiyət o maddənin (şeirin) inbisatına (genişlənməsinə) və əşarın artıq zinətinə bais olar». Yəni bir qədər açıq desək, ilahi vergisi olan şeirdə duyğular, düşüncələr, şairanə baxış istedadın hesabına yüksək səviyyədə ifadə olunur. Vəzn, qafiyə, təşbihlər, «zinət» üçün isə elm və bilik də lazımdır. Bir az sonra Məhəmməd Füzuliyə fərqli mövqedən yanaşsa da, bu məqamda Mirzə Fətəli Axundzadə onunla yaxın fikirdədir. Böyük Füzuli də ondan üç yüz il əvvəl yazmışdı ki, «elmsiz şeir əsası yox divar olur». Mirzə Fətəlinin «Təhsil və tərbiyətin» şeirin genişlənməsinə və «artıq zinətinə bais olar» fikirlərində isə realizmə, maarifçiliyə diqqət yetirdiyi görünür.

«Nəzm və nəsr haqqında» məqaləsində nəzmin də mahiyyəti aydınlaşdırılmışdır: «Bəs məlum oldu ki, şeir gərçi nəzm ilə olur, amma hər nəzm şeir deyil. Məsələn: bir para mətalibi sühuləti hifz (asanlıqla yadda saxlamaq) və hüsni-təbyin (gözəl ifadə etmək) üçün nəzmlə zikr edirlər. Əlbəttə, belə nəzmlərə şeir və naziminə şair demək xətadır». Mirzə Fətəli Axundzadə yalnız «forma gözəlliyinə» malik olan şeiri nəzm hesab etmişdir.

Bütün bunlardan sonra Mirzə Fətəli Axundzadə əsl şairlər olaraq kimləri qəbul etdiyini diqqətə çatdırmışdır: «Firdovsi və Nizami və Cami və Sədi və Mollayi Rumi və Hafiz şairdirlər». Ədəbiyyata yüksək və müasir tələblərlə yanaşan Mirzə Fətəli Axundzadə adlarını çəkməsə də, türk-müsəlman dünyasının digər şairləri haqqında çox sərt qərar qəbul etmişdir. «Bunlardan məsava (özgə, qeyri) şairlərin hərgiz şeir maddəsi yoxdur». Səbəbi: böyük mütəfəkkirin sənətə, ədəbiyyata baxışlarında insanda «bir şövq və vəcd əmələ gətirməyən», «nəzmlərində təsir olmayan» şeir yazanlar şair kimi qəbul olunmurlar. «nəzmlərində təsir olmayan» tezisini ədibin bundan əvvəlki baxışlarına əsasən şeirə aid tələblərə uyğun gəlməyən, daha doğrusu, müasirlik  ruhu olmayan mənasında başa düşmək lazımdır. Bədii təsir, «İnsanda bir şövq və vəcd əmələ gətirmək», «xəyalat», məzmun Mirzə Fətəlinin şeir kredosunun əsasında dayanır. Eyni zamanda, “Nəzm və nəsr” məqaləsində Molla Pənah və Qasım bəy Zakirin şeirlərini təqdim edərkən də Mirzə Fətəli Axundzadə özünün müasir şeirə dair tələblərini nəzərə çarpdırır: Xəyalat, «heyrətə bais olmaq», “ləzzət və təsir”, şeirin şəkilləndirilməsi, canlı danışıq dili, vəcdə gətirmək, həyati təsvirlər və sair. Buradan görünür ki, Mirzə Fətəli Axundzadə xəyalatla, heyrətlə zəngin, sadə, canlı danışıq dilində yazılan və həyati təsvirləri olan, insanda bir zövq, həyəcan yaradan nəzmi həqiqi realist şeir hesab etmişdir. Böyük ədibin əsl şeir anlayışı geniş məna daşıyan, realist ədəbiyyat düşüncəsini ifadə edir. Burada aydın surətdə görünür ki, realizm ön sıraya çəkilmişdir. Mirzə Fətəlinin şeir haqqındakı görüşləri şeirdə romantik cizgilərlə yanaşı, daha çox realizmin, həyati təsvirlərin, canlı danışıq dilinin olmasına əsaslanır. Daha aşkar görünür ki, Mirzə Fətəli Axundzadə  real həyati təsvirləri və sadə, təbii danışıq dili ilə insanı vəcdə və heyrətə gətirə biləcək şəkildə təsirləndirən nəzm nümunələrini əsl şeir, yəni realist ədəbiyyat kimi qəbul etmişdir. Şair deyil, “nazimi-ustad” adlandırdığı Məhəmməd Füzulinin şeirlərində isə incə lirizm, yüksək şeiriyyət olsa da, canlı danışıq dili ilə ifadə olunmuş insanı vəcdə gətirən təsirli real həyati təsvirlər yoxdur. Daha doğrusu, Füzulinin şeirləri dərin romantik düşüncənin obrazlı bədii ifadəsindən yoğrulmuşdur. Romantik şeirin qayəsi də, təsvir üsulları da bambaşqadır. 

Mirzə Fətəli Axundzadənin şeir haqqındakı prinsiplərinə (yəni, bütövlükdə realist ədəbiyyat – İ.H) uyğun gəlməyən şairləri nəzm yazanlar hesab etmişdir. Tənqidçinin – ədəbiyyat nəzəriyyəçisinin ifadə etdiyi “məsava şairlər” sırasına qədim dövr və orta əsrlər ədəbiyyatından, onuncu yüzillikdən ta XIX əsrin ortalarına qədər təxminən yeddi-səkkiz əsr müddətində yaşayıb-yaratmış çoxlu sayda şairlər daxildir. Mirzə Fətəli Axundzadə əsl şair hesab etdiyi sənətkarların adlarını konkret olaraq yazmışdır: Nizami, Firdovsi, Cami, Sədi, Mollayi Rumi, Hafiz, Molla Pənah Vaqif, Qasım bəy Zakir. Vəssalam! Nizami Gəncəvidən Qasım bəy Zakirə qədər həm də təkcə Azərbaycanda yox, Yaxın Şərqdə yaşayıb-yaradan, Mirzə Fətəli Axundzadə kimi mütaliəli və məlumatlı bir şəxsə adı və əsərləri bəlli olan şeir yazanların hamısı “bunlardan məsava şairlərin” sırasına daxil edilmişdir. Mirzə Fətəli Axundzadənin fikrincə, həmin şairlər ona görə nazimdirlər ki, “əlfaz hifz edib sürutu - nəzmə müvafiq haman əlfazı rişteyi - nəzmə düzürlər və hərgiz nəzmlərində bir təsir yoxdur; bəlkə əksərinin nəzmlərində heç məzmuni – səhih dəxi tapılmaz və bu sənət belə asan zaddır ki, hər bir məktəbdən çıxan kimsənələrin əksəri  fürs arasında bir az məşq etməklə əlfazı nəzmə düzməyə qadir olur və belə kimsələrə şair demək qələtdir”.

1. Mirzə Fətəli Axundzadə Məhəmməd Füzulini ədəbiyyatın böyük səkkizliyinə daxil etməmişdir. Səbəbi: “Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır”. Doğrudur, diqqətlə nəzər salınsa, Mirzə Fətəli Axundzadə Məhəmməd Füzulini “məsava şairlərin” (sair şairlərin – İ.H.) sırasına da aid etməmişdir. O, Füzulini sadəcə nazim yox, “nazimi-ustad” adlandırmışdır. Elmi ədəbiyyatda “nazimi-ustad” məsələsindən bəhs edilərkən bu izafət tərkibli birləşməyə bir yerdə qiymət verilmiş, ayrı-ayrılıqda baxılmamışdır. Əslində isə hər iki sözə bir yerdə baxmaqla yanaşı, həm də ayrı-ayrılıqda yanaşmaq da lazımdır. Bu baxımdan söz birləşməsinin ikinci tərəfindəki “ustad” ifadəsi xüsusi maraq doğurur. Çünki nəzm yazanlara heç vaxt ustad demək mümkün olmazdı. Mirzə Fətəli Axundzadə kimi mütəfəkkir şəxsiyyət “ustad” sözünü elə-belə işlədə bilməzdi.   Bu baxımdan yanaşdıqda mətndəki “ustad” sözü heç də təsadüfi olmayıb, Mirzə Fətəli Axundzadənin Füzulinin fərqini, hətta böyüklüyünü qəbul etməsi deməkdir. Mirzə Fətəli Axundzadə iddia olunduğu kimi heç də Məhəmməd Füzulini inkar etməmişdir, böyük şairin adını çəkmiş və ondan ustad səviyyəsində söz açmışdır. Lakin Məhəmməd Füzulinin şeirləri ona “xəyalatında əsla təsir” olmayan nəzm təsiri bağışlamışdır. Buradakı “təsir” sözünü Mirzə Fətəlinin yozumuna görə təsvir, reallıq, həyatilik, canlı danışıq dili və sair kimi başa düşmək lazım gəlir. Bunlar isə həqiqətən də Məhəmməd Füzulinin lirikasında Molla Pənah Vaqif ilə Qasım bəy Zakirin şeirlərində olduğu kimi yoxdur, həm də ola bilməzdi. Mirzə Fətəli Axundzadə isə belə həyati təsvirlərin oxucunu vəcdə gətirməsini, zövq verməsini əsl ədəbiyyat, yəni realist ədəbiyyat hesab edir. Buna görə də onun fikrincə, «qəzəliyyat məzaci-insanidə hərgiz bir şövq və vəcd əmələ gətirmir». Realist ədəbiyyat haqqındakı təsəvvürlərinə, necə deyərlər,  “zövqünə və məzacına” uyğun gəlmədiyi üçün Məhəmməd Füzulini “nazimi - ustad” adlandırmışdır. “Nəzm və nəsr” adlı məqaləsindən aydın surətdə görünür ki, Mirzə Fətəli Axundzadə ilk növbədə yeni dövrdə böyük ədəbiyyat üçün əsl şeirin prinsiplərini aydınlaşdırmış, ondan sonra həmin şərtlərə uyğun gələnləri və gəlməyənlər, müəyyən etmişdir. Məqalədə böyük ədib ədəbiyyata, şairlərə qiymət verərkən, iki yerdə “zikr etdiyim şərt”, “dediyim şərt”  sözlərini işlətmişdir ki, bunlar da Mirzə Fətəli Axundzadənin şairlərə qiymət verərkən təsəvvür etdiyi, ana xətlərini müəyyənləşdirdiyi yeni dövrün ədəbiyyat prinsiplərindən çıxış etdiyini göstərir.

Beləliklə, Mirzə Fətəli Axundzadənin Füzulini “nazimi - ustad” adlandırması heç də onu bir sənətkar kimi qəbul etməməsi, inkar etməsi demək deyildir. Əksinə, göründüyü kimi, Mirzə Fətəli Axundzadə ondan “ustad” səviyyəsində bəhs etmişdir. Əks halda o, sadəcə “nazim”  sözünü yazmaqla da kifayətlənə bilərdi. “Nəzm və nəsr haqqında” məqaləsində bir neçə yerdə Mirzə Fətəli Axundzadənin  “nazim” sözünü şair yox, nəzm yazan mənasında işlətmişdir. Məqalənin Füzuliyə qədər olan hissəsində artıq nəzmlə seirin, nazimlə şairin fərqi aydınlaşdırılmışdır. Ona görə də Mirzə Fətəli Axundzadə əgər Məhəmməd Füzulini sıradan biri olan nəzm yazan hesab etsəydi, yalnız “nazim” ifadəsini işlətməklə kifayətlənməli idi. Ancaq o, ustad olduğunu etiraf etməklə, əslində Füzulinin böyük şairlərin cərgəsində olduğunu gizlədə bilməmişdir.

2. “Nəzm və nəsr haqqında” adlı məqaləsindən göründüyü kimi, Mirzə Fətəli Axundzadə Məhəmməd Füzulini müəyyən etdiyi şərtlərin əsasında yaranan şeirdə böyük ədəbiyyatda, realist şeirdə olmadığını, yer almadığını bildirmişdir. Bu da inkar faktı deyildir, uyğun gəlmir mənasını da daşıya bilir.

3. Mirzə Fətəli Axundzadənin “zikr etdiyi şərt”  Azərbaycanın yeni dövr realist ədəbiyyatının prinsiplərindən ibarət idi. Molla Pənah Vaqifin də, Qasım bəy Zakirin də yaradıcılığı Mirzə Fətəli Axundzadənin “dediyi şərtlə” – realist ədəbiyyatın prinsipləri, xüsusiyyətləri ilə səsləşdiyi üçün onu heyrətə gətirmişdi: “Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarucaluyi – Cavanşirdə düçar oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı.”

Mirzə Fətəli Axundzadə Molla Pənah Vaqifdə və Qasım bəy Zakirdə gördüyü  realist sənət prinsiplərini Məhəmməd Füzulidə tapa bilməmişdi. Və bu mümkün də deyildi. Məhəmməd Füzuli romantik ədəbiyyatın zirvəsində dayanırdı.

4. Mirzə Fətəli Axundzadə realist ədəbiyyat baxımından “nazim” adlandırdığı Məhəmməd Füzulinin öz dairəsində, romantik ədəbiyyatda ustad olduğunu görmüş və etiraf etmişdir. Mirzə Fətəli Axundzadənin  nəzərlərində Məhəmməd Füzuli realist ədəbiyyat baxımından “nazim”, həyati təsvirləri olmayan ədəbiyyatda, yəni romantik şeirdə isə “ustad”dır.  Realizm gözü ilə baxanda onun “xəyalatında əsla təsir yoxdur.” Romantik ədəbiyyat istiqamətində isə Füzuli “xəyalatında” – ilhamında, istedadında, bədii düşüncəsində ustaddır. Və mətndəki “ustad” sözü Füzulinin romantik ədəbiyyat sahəsindəki xidmətlərinə, böyüklüyünə Mirzə Fətəli Axundzadə tərəfindən verilmiş qiymətin ifadəsidir. Hər oxuyan Molla Pənah olmadığı kimi, hər yazı yazana Mirzə Cəlil deyilmədiyi kimi, hər şair də ustad adlandırılmır. Ustad - ədəbiyyatda da, siyasətdə də, həyatda da tituldur. Və Mirzə Fətəli Axundzadənin nəzərində də Məhəmməd Füzuli ustaddır, ancaq realist deyildir, “xəyalatında təsir yoxdur”.

5. Diqqətlə yanaşsaq, Mirzə Fətəlinin Məhəmməd Füzuliyə aid “nazimi - ustad” sözündə böyük, dərin bir təəssüf hissinin ifadə olunduğunu görərik: Ustaddır, adi şair deyildir, böyük sənətkardır, hayıf ki, “xəyalatında” “Kür qırağı, yaşılbaş sona”, “barmağında xatəm, belində kəmər” gözəllər, Qarabağ, Xındırıstan, durnalar, “axta zoğal” yoxdur. Yəni Mirzə Fətəli Axundzadə Məhəmməd Füzuli boyda ustad sənətkarın yaradıcılığında real həyati proseslərin, sadə, açıq dildə “danışan” surətlərin, reallıqları ifadə edən misraların olmamasına dərindən təəssüf etmişdir. Bu mənada “nazimi - ustad” ifadəsindəki “ustad” təyinatının yanında işlədilən “nazim” sözü dərin qatlardakı çox böyük təəssüfü də büruzə verir.

6. “Xəyalatında əsla təsir yoxdur» mülahizəsindəki «əsla» ifadəsi Mirzə Fətəli Axundzadənin Məhəmməd Füzulinin şeirlərindən «təsirin» - təsvirin olmamasına nəinki təəssüfləndiyini, hətta hiddətləndiyini göstərir. «Əsla» sözündən təəccüb hissləri duyulur. Necə olub ki, ustad bir şairin əsərlərində təsir olmayıb? «Əsla yoxdur» hökmündən qəzəb də oxunur. Sanki Mirzə Fətəli yanıb-yaxılır. Yəni Mirzə Fətəli Axundzadə çox arzu edərmiş ki, Məhəmməd Füzuli boyda böyük «ustad» sənətkarın xəyalatında «təsir» olsun. İndi ki belə həyati təsirlər, təsvirlər yoxdur, onda kim olursa olsun, hətta «ustad» Füzuli də olsa, yenə şair deyildir. Məntiq bundan ibarətdir.

7. Mirzə Fətəli Axundzadə klassik romantik ədəbiyyatla, qəzəl janrı ilə, yaxud da didaktik janrlarla XIX əsrin reallıqlarını və vəzifələrini ifadə etməyin çətinliyini, bəlkə də mümkün olmadığını düşünürdü. «Mirzə Ağa xan Təbrizinin pyesləri haqqında kritika»  adlı məqaləsində çox açıq şəkildə yazmışdır ki, artıq «Gülüstan» və «Zinətül-məcalis» dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır». Böyük ədib «Nəzm və nəsr» haqqında məqaləsində «qəzəliyyat məcazi-insanidə hərgiz bir şövq və vəcd əmələ gətirmir» qənaətində olduğunu da birmənalı olaraq bəyan etmişdi. O hətta yeni dövrün meydana çıxardığı janrlar haqqında da konkret fikrə gəlmişdi: «Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər drama və romandır». Mirzə Fətəli Axundzadə həm də Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq komediyalarını və «Aldanmış kəvakib» povestini yazmaqla özü də səxsən bu prinsiplərə cavab verən əsərlər yaratmışdı. Ona görə də ədəbi-tarixi prosesdə baş verən yeniləşmələrin doğurduğu janrların heç biri Füzulidə yoxdur. Orta əsrlərdə nəinki Azərbaycanda, bütövlükdə türk-müsəlman dünyasında komediyanın niyə yazılmadığını düşünmək özü də bir komediyadır. Mirzə Fətəli Axundzadə də Füzulini sənətini qəzəl janrına həsr etməkdə qınamır. Əksinə, bizim fikrimizcə, o, Məhəmməd Füzulini klassik romantik lirikanın ustadı kimi qiymətləndirir. Axundzadəni narahat edən odur ki, romantik ədəbiyyat yeni tarixi epoxada «millətin işinə yaramır», qəzəl-qəsidə janrında yazmaq maarifçilik hərəkatı ilə səciyyələnən XIX əsr üçün «nazimlik»dir. Bu mənada Mirzə Fətəlinin Füzulini şair hesab etməməsi həm də XIX əsr üçün «xəyalatında əsla  təsir» olmayan klassik romantik lirika janrlarının daha kara gəlməməsindən doğmuşdur. Azərbaycan ədəbiyyatşünaslıq elmi-ədəbi fikrinin  Mirzə Fətəli Axundzadənin Füzuliyə sərt münasibətinin ədəbiyyatı bu böyük  dühanın parlaq sənətinin nəziriyəçiliyə meydan açan, yeni janrlarda yazıb-yaratmağı buxovlayan cazibəsindən xilas etməklə əlaqədar olmasına dair qənaətləri də reallığa uyğundur. Məsələnin bu cəhətinə böyük dramaturq Cəfər Cabbarlı çox dolğun və obyektiv şəkildə işıq salmışdır: ”Bəlli olduğu üzrə Azərbaycan ədəbiyyatı Füzulidən sonra öz orijinallığını itirmiş bir halda idi.

...Füzuli öz dühası ilə Azərbaycana parlaq, klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun dühası üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı… Mühit isə bu yüksəkliyə çıxacaq bir hazırlığa malik deyildi. Azərbaycan ədəbiyyatının Füzuli yüksəkliyində dayanması və mütərəqqi addımlarla yüksəkliyə doğru irəliləməsi üçün həyatı bir dayağı yox idi. Odur ki, Füzuli öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gedişlə irəliləmək deyil, bəlkə yüksəldiyi yerdə belə dayanmadı və sürətli hərəkətlə enişə doğru yuvarlanmağa başladı… Beləliklə, Azərbaycan ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdır. Artıq ədəbiyyat… Füzulinin dahiyanə şeirlərini daha bayağı, daha zəif və boyasız bir şəkildə təkrar edirdi… «füzuliyanə» şeirlər yazmaq şairlərin idealı olmuşdur. Bənzəmələr, təxmislər baş alıb gedirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə olsun bayıra çıxmayıb, uzun illər yeni bir şəklə keçmirdi».  

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə də yazmışdı ki, Füzulinin «məktəbi-əbədisi bizim şairlərin başına girib, bütün əsərlərində bir Füzuli ruhu görünməkdədir».

Bu mənada, Mirzə Fətəli Axundzadə Füzulini «Nazim» adlandırmaqla ədəbi mühitin gözündən salmaq, ədəbiyyatı onun tilsimindən xilas edib, realist məcraya yönəltmək istəmişdir.

8. Sual oluna bilər: Mirzə Fətəli Axundzadə nə üçün Məhəmməd Füzuli yox, amma orta əsrlər Şərq ədəbiyyatından «Firdovsi və Nizami və Cami və Sədi və Mollayi Rumi və Hafiz şairdirlər» qənaətində olmuşdur. Sualın cavabı «Nəzm və nəsr» məqaləsində aşağıdakı kimidir: «Şeir əlahiddə bir bəxşi- ilahidir və maddeyi-qabiliyyəti şair xudadədədir və təhsil və tərbiyət o maddənin ancaq inbisaatına (genişlənməsinə) və əşarın artıq zinətinə bais olur. Belə maddə sahibləri çox nadir vücuda gələrlər». Yəni əsərlərində “Təhsil və tərbiyət” düşüncəsinin geniş olmasının adları çəkilən böyük sənətkarların əsərlərində əsas yer tutması, mühüm faktorlardan biri olmuşdur. Bundan başqa, həyatilik, yaxud da həyatsevərlik mənasında «nəşə artırıcı və həyəcanlandırıcı» olmaları Nizamiyə, Sədiyə və ya Camiyə münasibətdə diqqət mərkəzində dayanmışdır. Həmçinin Nizaminin, yaxud da Caminin əsərlərinin «hər kəs tərəfindən», yəni cəmiyyətin ən müxtəlif qütblərinin fikrincə bəyənilməsi də Mirzə Fətəli Axundzadənin onlar haqqında «nadir» şairlər kimi söz açmasına əsas vermişdir. Adı çəkilən şairlər bu cəhətdən əsl sənətkarlar kimi dəyərləndirilir. O, «Kritika». Yüksək İranın «Millət» qəzeti münşisinə» adlı məqaləsində fikrini bir qədər də konkretləşdirir: «Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm (Firdovsinin «Şahnamə»si, Nizaminin «Xəmsə»si, Hafizin «Divan»ı kimi) nəşə artırıcı və həyəcanlandırıcı olub, hər kəs tərəfindən bəyənilir… Onlar bəşər növünün fövqündə olub, filosofanə xəyal və ilham sahibləridir».

Mirzə Fətəli Axundzadə nə məzmunla formanın vəhdətini pozanların, nə də buna əməl edənlərin sıralarında Füzulidən söz açmamışdır. Ancaq o, Nizami Gəncəvi, Firdovsi, Cami və başqalarının yaradıcılığındakı həyatilik, “nəşə artırıcı və həyəcanlandırıcı” olmaq mənasında xüsusi dəyər verdiyi keyfiyyətləri Füzulinin əsərlərində görməmişdir. Yəqin ki, Füzulinin yaradıcılığındakı aşiqanəlik Mirzə Fətəli Axundzadənin meyarları ilə üst-üstə düşməmişdir.  

Mirzə Fətəli Axundzadə hətta Mollayi Ruminin – Mövlana Cəmaləddin Ruminin yaradıcılığını «məzmun gözəlliyi olub, ifadə gözəlliyinə malik olmayan nəzm» hesab etmiş, amma “yenə də şeir növündəndir” – deməli olmuşdur. Bundan başqa, ədib böyük sənətkarlar cərgəsində adlarını və xidmətlərini uca hesab etdiyi  həmin şairlərin də yaradıcılığına  tənqidi yanaşmışdır: «Bunların da qüsuru budur ki, bir para məqamda izhari-fəzl üçün (ləyaqətin ifadə edilməsi üçün) xilafi-təbiəti adət (təbiətin xilafının əksinə) göftgu ediblər. (Söz deyiblər) Belə məqamlarda onların xəyalatına da şeir demək caiz deyil. Ancaq mənzumati-məqbulə və pəsəndidə (qəbul edilən, xoşa gələn) demək olar».

Doğrudur, Mirzə Fətəli Axundzadənin «izhari-fəzl üçün xilafi-təbiəti adət goftgu ediblər» dedikdə nəyi nəzərdə tutduğunu dəqiq müəyyən etmək çətindir. Çünki orta əsr şairlərinin yaradıcılığında insanın ucalığı və ləyaqəti əsas mövzudur. Çox ehtimal ki, Mirzə Fətəli klassik romantik ədəbiyyatda insanın reallıqdan çıxaraq qeyri-adi dərəcədə ideallaşdırılmasını «xilafi-təbiəti adət goftgu etmək» hesab etmişdir. Çünki klassik romantik poeziyadakı bədii obrazlarda ideallaşdırma həyatilikdən çoxdur. Janr məsələsində olduğu kimi, obrazlara münasibət baxımından da zaman dəyişmişdir: Realizm insanı həyatı proseslərin axarında təbiiliyi və sadəliyi ilə təsvir etməyi tələb edirdi. Mirzə Fətəli Axundzadə Qasım bəy Zakirin «qafiyyatında öz məhbubəsi ilə bir növ müxatibə (xitab edən) və mükalimə edən» (danışan) həyati obrazların canlandırılmasına valeh olduğunu bildirirdi. O, Zakirin «vaqeye və güzərişati və əhvali-müasirini və ətvari-piru cavanı bir növ ilə (həyati şəkildə – İ.H.) bəyan etməsinə» insanı «vəcdə və zövqə» gətirən ədəbi hadisə kimi dəyər vermişdir. Buradan belə nəticəyə gəlmək mümkündür ki, realizm prinsiplərini bəyan olunmasında və müdafiə edilməsində Mirzə Fətəli Axundzadə böyük söz ustadlarına da güzəşt etməmişdir. Nizaminin və Firdovsinin epik dastanlarındakı «təhsil və tərbiyət» - ibrətamiz mətləblər, ictimai motivlər Mirzə Fətəli Axundzadəyə onlardan «filosofanə xəyal və ilham sahibləri» kimi bəhs etməyə əsas vermişdir.

9. Eyni zamanda, “Nəzm və nəsr” məqaləsində Molla Pənah Vaqif və Qasım bəy Zakirin şeirlərini təqdim edərkən də Mirzə Fətəli Axundzadə özünün şeirə dair tələblərini nəzərə çarpdırır: Xəyalat, heyrətə bais olmaq, “ləzzət və təsir”, şeirin şəkilləndirilməsi, canlı danışıq dili, vəcdə gətirmək, realist təsvirlər və şair. Buradan görünür ki, Mirzə Fətəli Axundzadə xəyalatla, heyrətlə zəngin olan, sadə, canlı danışıq dilində yazılan, həyati təsvirləri olan, insanda bir zövq, həyəcan yaradan nəzmi şeir hesab etmişdir. Göründüyü kimi, burada realizm ön sıraya çəkilmişdir. Mirzə Fətəlinin şeir haqqındakı görüşləri şeirdə romantika ilə yanaşı, realizmin, həyati təsvirlərin, canlı danışıq dilinin olmasına əsaslanır.

Daha aşkar görünür ki, Mirzə Fətəli Axundzadə real həyati təsvirləri və sadə, təbii danışıq dili ilə insanı vəcdə və heyrətə gətirə biləcək şəkildə təsirləndirən nəzm nümunələrini əsl şeir hesab etmişdir. Şair deyil, “nazimi-ustad” adlandırdığı Məhəmməd Füzulinin şeirlərində isə dərin lirizm, yüksək şeiriyyət olsa da insanı vəcdə gətirən canlı danışıq dili ilə ifadə olunmuş təsirli real həyatı təsvirlər yoxdur. Daha doğrusu, Füzulinin şeirləri dərin romantik düşüncənin obrazlı bədii ifadəsindən yoğrulmuşdu. Mirzə Fətəli Axundzadə şeir (bütövlükdə realist ədəbiyyat – İ.H) haqqındakı prinsiplərinə uyğun gəlməyən şairləri də nəzm yazanlar hesab etmişdir. Tənqidçinin – ədəbiyyat nəzəriyyəçisinin ifadə etdiyi “məsava şairlər” sırasına qədim dövr və orta əsrlər ədəbiyyatından, Nizami-Firdovsi zamanından ta XIX əsrin ortalarına qədər yaşayıb-yaratmış çoxlu sayda şairlər daxildir.

10. Nəticə: Mirzə Fətəli Axundzadənin fikrincə, Məhəmməd Füzuli klassik romantik şeirin ustadı, yeni realist ədəbiyyatın nazimidir. Bu isə təkcə səhv, yanlışlıq, realizmin müdafiə olunması, nəzirəçiliyin qarşısının alınması demək olmayıb, həm də obyektiv reallıqdır.

Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsində mühüm faktor olan klassik ədəbiyyata münasibət, konkret olaraq «nazimi-ustad» Füzuli haqqındakı baxışı yüz ilə yaxındır ki, humanitar elmin nümayəndələrini mat vəziyyətində qoymuşdur. Heç şübhəsiz, bu istiqamətdə araşdırmalar davam etdiriləcək, yeni versiyalar da meydana çıxacaqdır. Bütövlükdə isə böyük mütəfəkkirin ədəbiyyatda realizm, müasirlik, satira, roman və sair məsələlərə dair baxışları aradan uzun bir dövr keçməsinə baxmayaraq, bu gün üçün də məqbul sayılmağa layiqdir. Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi barəsindəki fikirlərindən bundan sonra da ədəbiyyatın və ədəbiyyatşünaslıq elminin inkişafında istifadə olunması yalnız işin xeyrinə olar. Və Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi haqqındakı baxışları ayrıca bir tədqiqatın mövzusu ola bilər.

 

 

İsa Həbibbəyli

525-ci qəzet.- 2014.- 18 oktyabr.- S.14-15.