İlk maarifçilərimiz
“525-ci qəzet” Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatından parçaların dərcini davam etdirir. Xatırladaq ki, ötən şənbə saylarımızdan birində əsərin “Avqust putçu və sistemin iflası” bölümünü dərc etmişdik. Bu sayımızda isə əsərdən “İlk maarifçilərimiz” adlanan esseni oxuculara təqdim edirik.
Tarixi
baxımdan bütün ziddiyyətli, dolaşıq olaylara
baxmayaraq, XIX
yüzilliyin ortalarında Avropa təhsili
almış, mütərəqqi düşüncəli milli
ziyalılarımızın meydana çıxması ən
mühüm mənəvi qazancımız oldu.
Rusiya
şərqşünaslığının banilərindən
biri Mirzə Cəfər Topçubaşov A.S.Puşkinlə tanış olmuş, A.S.Qriboyedovla, Polşa
şairi Adam Mitskeviçlə dostluq etmişdir. M.C.Topçubaşov birinci azərbaycanlıdır
ki, elmi və pedaqoji fəaliyyəti Peterburq universitetinin təsis
edildiyi ilk günlərdən bu təhsil ocağıyla
bağlı olmuşdur.
XIX əsrin
digər ədiblərinin xidmətlərini azaltmadan dörd
böyük şəxsiyyəti – Mirzə Kazımbəyi,
Abbasqulu ağa Bakıxanovu, Mirzə Fətəli Axundzadəni,
Həsənbəy Zərdabini yeni dövrün Azərbaycan mədəniyyətinin
təməl daşını qoyanlar, beşiyi başında
duranlar hesab etmək olar.
Bu fədakar
ziyalılar, çoxcəhətli istedad sahibləri bədii
sözün, elmin, mədəniyyətin, mətbuatın
müxtəlif sahələrində xidmət göstəriblər,
lakin onların fəaliyyətinin başlıca
yönümünü qısaca səciyyələndirmək
istərdim:
Məhəmməd Əli Mirzə Kazımbəy
(1802-1870) çağdaş Azərbaycan dilçiliyinin əsasını
qoymuşdur (eyni zamanda Rusiya şərqşünaslığına,
rus türkologiyası, iranşünaslığı və
islamşünaslığı qatılmaqla təməl
töhfələri vermişdir). O, Azərbaycan dilinin ilk
qrammatikasının – “Azerbaydjanskoe nareçie turetsko-tatarskoqo
yazıka” adlı dərsliyin müəllifidir. (Azərbaycan
dilinin əhəmiyyətini böyük rus şairi
M.Y.Lermontov qeyd etmişdir: “Mən tatarcanı (azərbaycancanı-
A.) öyrənməyə
başlamışam, bu dil buralarda, ümumən Asiyada,
fransız dili Avropada vacib olduğu kimi zəruridir”. Belə fərziyyələr
var ki, Mixail Yuriyeviçi öyrədən “müsəlman
alimi Əli” (yəni “Fetx-Ali”) – Mirzə Fətəli Axundov həm
də şairi “Aşıq Qərib” dastanı ilə tanış etmiş və onun əsasında
Lermontov eyni adlı ədəbi əsər
yaratmışdır).
Abbasqulu ağa Bakıxanov (Qüdsi) (1794-1847) – Avropa təfəkkürlü
ilk tarixçi-alimimiz, Azərbaycan tarixindən bəhs edən
“Gülüstani-İrəm” kitabının müəllifidir. Akademik Ziya Bünyadovun
fikrincə: “Əslində A.Bakıxanovun əsəri öz dövrünə
görə o zamanın tarix elminin bütün nailiyyətlərini
əks etdirən araşdırmadır. Bakıxanovun
yaradıcılığı iki, hətta üç mədəniyyətin
– ənənəvi Şərq, Avropa və Rusiya mədəniyyətinin
qovşağında təşəkkül
tapmışdır. Demək olar ki, A.Bakıxanov Azərbaycan
tarixşünaslığında sonuncu orta əsr xronisti və
yeni dövrün ilk tarixşünası, tarixçisidir ki,
yaradıcılığında Şərq klassizminin və o
zamanın rus və Avropa elminin ənənələri
üzvi şəkildə qovuşmuşdur”.
Bakıxanov
“Gülüstani-İrəm”in rusca yazdığı ön
sözündə qeyd edir: “Bizim təbiətən tarixə
meylimiz var, çünki həqiqi hadisələrdən
savayı təmsilləri də xoşlayırıq. Tarix bizi
xalqın maarif və mədəniyyət dərəcəsi ilə,
müştərək yaşamın və siyasətin
faydaları ilə tanış edir və buna görə də
onu ali mənəvi elmlərdən biri saymalıyıq. O
(tarix) elə ibrətamizdir ki, onun məktəbindən bəşər
nəslinin bütün təmsilçiləri faydalanırlar.
Yeni həyat verən olaraq o, qarşımızda min il əvvəl ölmüşləri
canlandırır. Saysız-hesabsız əsrlərin müxtəlif
qəbilələri onun məşhərinin hüzurunda durur,
hər biri məxsusi geyimində öz adətləri, ədavətləri
və ülfətlərilə... öz əməlləri və
hərəkətlərinin hesabatı ilə...(İslam
əqidəsinə görə hər bir insanın çiyinlərində
iki mələk yer tutur, biri onun xeyir işlərini, o biri
şər əməllərini yazır və bu siyahılarla
bəndələr məşhər ayağına gələcəklər.
–A.) Gələcək nəsillərin
məhkəməsində onun (tarixin) tərəfindən
savaba və günaha görə hər kəs əcrini alacaq.
Onun təsvir etdiyi keçmişin olayları gələcəyə
ibrətdir. Keçmişi bilmədən
bugünlə yaşamaq səhraya yolsuz varmaq və orada məqsədsiz
dolanmaq deməkdir. Tarixi öyrənmək,
keçmiş həyatı tarixdə təsvir edilən xalq
üçün xüsusən vacibdir”. Qoy
bu müdrik sözlər keçmişi Gələcək
naminə anlamaq və mənalandırmaq üçün bizlərin
də məramı olsun.
Mirzə
Fətəli Axundzadə (Səbuhi) (1812-1878) bütün islam Şərqində ilk səhnə əsərlərini
yaratmışdır.
Həsən bəy Zərdabi Məlikov (1837-1907) Rusiyada
ilk türk qəzetinin nəşrini başlamış və
həmçinin milli teatrımızın banisi olmuşdur.
Bu Şəxsiyyətlərin
təməlqoyucu töhfələri olmadan mədəniyyətimizin,
ədəbiyyatımızın, ictimai-siyasi fikrimizin, son nəticədə
milli özünüdərkimizin X1X əsrin sonu XX əsrin əvvəlindəki
inkişafını təsəvvür etmək mümkün
deyil. Bu təkamül 1918-ci ilin may ayında Şərqdə
birinci olaraq Azərbaycan Xalq Cümhuriyyətinin – dünyavi
dövlətin yaradılmasına gətirib
çıxardı.
Bu
respublikanın ideoloq və salnaməçilərindən biri
M.Ə.Rəsulzadənin silahdaşı və mühacirətdə
davamçısı olan Mirzə Bala Məmmədzadə
yazırdı: “Mənim zənnimcə, Mirzə Fətəli
və Həsənbəy Zərdabi əlli il sonra dünyaya gəlsəydilər
onda müstəqillik fikri də, Azərbaycanın xartiyası
da əlli il sonra yaranardı. Bunların
arasında sıx əlaqə var – öz
türklüyünü və azərbaycanlılığını
dərk etməmiş xalq müstəqillik bəyannaməsini
elan edə bilməzdi”.
Bu
sırada görkəmli maarifçi-pedaqoq Qazaxda müstəqil
milli seminariya yaradan, ilk ədəbi tənqidçilərimizdən
biri, ikicildlik Azərbaycan ədəbiyyat tarixinin müəllifi,
bədii sözümüzün fədakar təəssübkeşi,
1920-ci ildə bolşevik istilasının ilk qurbanlarından
biri olmuş parlaq şəxsiyyətin – Firidun bəy
Köçərlinin xidmətlərini də unutmaq olmaz.
Dini ehkamlara ən sarsıdıcı zərbəni Mirzə
Fətəli fəlsəfi “Kəmal-üd-Dövlə məktubları”
traktatında endirmişdi. Bəzən bu əsəri sırf islamofobiya və
aqressiv ateizm təzahürü kimi təqdim edirlər. Bu heç də tam ədalətli hökm deyil.
Mirzə Fətəli açıqca bəyan
edir ki, o, nə islamın, nə də hər hansı
başqa dinin əleyhinədir. İslam məzhəbinin
naqis cəhətlərini vurğulaması onun bu dinin hökm
sürdüyü aləmə mənsub olmasından və onun
nöqsanlarına acımasından irəli gəlir. Xristian
missionerləri “Kəmal-üd-Dövlə məktubları”ndan
öz antiislam təbliğatı məqsədləri
üçün faydalanmağa cəhd göstərəndə
Mirzə Fətəli buna qarşı qəti etirazını
bildirmişdi: “Məktublar” elə əsər deyil ki, onu
fanatiklər xristian dininin təbliği və yayılması
üçün istifadə edə bilsinlər” – deyə bəyan
etmişdi. Həmçinin, o, özünə ünvanlanan
ateizm təbliği ilə bağlı ittihamları da rədd
edirdi: “Müəllif xalqın ateist, dinsiz, əqidəsiz
olmağını istəmir”. Mirzə Fətəlinin
İslam dininin həqiqi, humanist, mütərəqqi dəyərlərinə
müsbət münasibətini göstərən daha bir fakt
ondan ibarətdir ki, onun yaxın dost və məsləkdaşlarından
biri Qafqazın şeyxülislamı idi. Şeyx
Axundzadəni hətta əlifba islahatı kimi qəliz məsələdə
dəstəkləyirdi.
Əlbəttə, obyektivlik naminə “Məktublar”da
açıq-aydın ifrat məqamların olduğunu etiraf etməliyik. Dünyanın üç ən
nüfuzlu təkallahlı məzhəblərindən birinin
banisi, görkəmli tarixi şəxsiyyət olmuş Məhəmməd peyğəmbərə
qarşı kobud atmacalar heç vəchlə qəbul edilməzdir.
Bu dinə hazırda yer üzünün beş
qitəsində yüz milyonlarla insan tapınmışdır.
Bir var ki dini ehkamçılığa,fanatizmə,mövhumata
və xurafata qarşı (hər
hansı din olursa-olsun) mübarizə aparasan, onun prinsiplərinin
fanatiklər tərəfindən təhrif olunmasına,
zamanın ruhuna, cəmiyyətin tarixi tərəqqisiylə
uyuşmayan tərəflərinə qarşı
çıxasan,bir də var ki,
Allaha qarşı üsyan edəsən, ilahi iradəyə
şübhə ilə yanaşasan.Təəssüf ki, “Məktublar”ın mətnində bu
məqamlar da var.
Mirzə Fətəli ana dildə yazdığı
altı komediyası ilə həm milli dramaturgiyamızın,
həm də nəsrimizin əsasını qoydu. Dəqiqləşdirmək
istəyirəm, – çağdaş Azərbaycan nəsrinin
dili yalnız Mirzə Fətəlinin sırf nəsr əsəri,
ərəb-fars leksikasıyla qəlizləşdirilmiş
“Aldanmış kəvakib”dən deyil, daha çox duzlu-şirəli xalq dilindən qidalanan
komediyalarından qaynaqlanır.
Mirzə Fətəli fransız ensiklopediyalarından
sonra ilk dəfə “millət” anlayışına müraciət
edir. O, həmçinin
bu anlayışın məna çalarlarını bir-birindən
ayırır, – müəyyən etnosun adının dini
ümmət kimi qavranılmasından fərqləndirir, beləliklə
azərbaycançılığın XX əsr ideologiyası
üçün əsasını qoymuş olur.
Çar məmuru olan və polkovnik rütbəsi
daşıyan Mirzə Fətəli ilə müqayisədə
Həsənbəy Zərdabi xalqa xidmət yolunda daha çox əngəllər
və çətinliklərlə üzləşmişdir. Həsən bəyi
həm rəsmi hakimiyyət, həm mürtəce ruhanilər,
həm də onu “papağlı urus” adlandıran
mövhumatçılar təqib edirdi. Əlibəy
Əlixanov adlı bir polkovnik redaktorun göndərdiyi
“Əkinçi” qəzetinin nüsxəsini “təəccüb
edirəm, necə olur redaktor bilmir ki, sədaqətlə
öz çarına xidmət edən qulluqçu hökumətin
buraxmadığı qəzeti oxuyan deyil” sözlərilə
geri qaytarmışdı. Hakimiyyət hər vasitəyə əl
atırdı ki, “Əkinçi”ni susdursun. Yuxarıların
ismarışı və səyilə qəzetin eyni adlı
xüsusi rəsmi versiyası qondarılmışdı.
Zərdabi qətiyyətlə bu
özbaşınalığa son qoymağı tələb
edirdi. (Cəlil Məmmədquluzadənin 1906-cı ildə
yaratdığı “Molla Nəsrəddin” jurnalının
iyirminci illərdə bolşevik ideologiyası və
senzurasının təzyiqi altında yönünü tamamilə
dəyişməsi, Mirzə Cəlilin də jurnalın
redaktoru kimi
göstərilməməsini tələb etməsi
yada düşür.)
Zərdabiyə hücumlar hər tərəfdən
yönəldirilirdi. Onun müsəlmanlara üz tutub mənəvi birliyə
çağırışları, türk xalqlarını dil
baxımından yaxınlaşdırmaq səyi erməni millətçilərini
də necə deyərlər, cin atına mindirirdi...
Ermənilərin “Mşak” qəzetində Zərdabiylə
düşmənçilik, adətən erməni publisistlərində
olduğu kimi türklərə, müsəlmanlara
qarşı həqarətə, nifrətə çevrilirdi. “Mşak”
çığır-bağır salırdı: “Qaytarın
bizə keçmişdə zorla qopardığınız
torpaqlarımızı, özünüz də
çıxın gedin islam
yarandığı ərəb səhralarına və orada
öz müsəlman ittifaqınızı qurun, öz
monqollarınızı (?!-A.) birləşdirin!”
Ötən
il qəzetdə Qriqori Ayvazyan adlı
birisindən sitatı oxumuşdum, – ruhu, niyyəti
“Mşak”ın həyasız hay-küyü ilə səsləşirdi.
Öz sayıqlamalarında Azərbaycan ərazisini
qayçılayan, böyük parçasını Ermənistana
calayan Ayvazyan azərbaycanlılara “alicənablıqla” “Altaya
qayıtmağı yaxud qardaş Türkiyəyə
sığınmağı” buyurur. “Məsləhətçimiz”
əmindir ki, “Belə bir millət – “azərbaycanlı”
adlı millət- yoxdur”. (“Exo” qəzeti, 18
yanvar 2012).
Yüz
ildən çox keçsə də, erməni faşistlərinin
şüuru az dəyişib. Bir başqa
xalqı yer üzündən silib süpürmək, ya ən
azı uzaqlara
köçürüb, özünə Hitlerin
terminologiyasıyla desək, öz “yaşayış ərazisini
genişləndirmək” xəyalıyla
yaşayanlara faşist deməyib nə deyəsən? İbtidai, primitiv millətçiliyin belə
azğın təzahürlərini müşahidə etdikcə
Azərbaycan maarifçilərinin insanpərvər, pak və
yüksək amallarını yada salıb qürur duyursan.
Onların sırasında Həsən bəy Zərdabinin
işıqlı siması görünür, səsi
eşidilir: “Var qüvvəmizi səfərbər etməliyik
ki, müxtəlif milliyyətli insanlar arasında sülh və
məhəbbət bərqərar olsun”.
Zərdabinin həyat yoldaşı Hənifə xanım
Məlikova xatırlayırdı ki, Həsənbəy
bütün imkanlarını, natiqlik qabiliyyətini işə
salırdı ki, azərbaycanlılar və ermənilər
üçün qarşılıqlı düşmənçiliyin
fəlakət olduğunu anlatsın. “O, açıq söyləyir, izah
edir, sübut edirdi, bu, hakimiyyətin fitnəsidir – deyirdi”.
Əfsus
ki, əsrdən-əsrə hadisələr eyni ssenari üzrə
cərəyan edir və Zərdabinin yəhudilər
haqqında yazdığı sözlər sanki bu gün
deyilmişdir: “Yəhudi xalqı yer üzündə
özünə yurd-yuva axtara-axtara yer kürəsinin
bütün ölkələrinə səpələnmişdir.
Keçmişdə Avropa yetərincə sivil, mədəni
olmadığından yəhudilərə qarşı
özbaşınalıq, zorakılıq, sıxma-boğma
işlədilirdi, bəzən də bu, kütləvi hal
alırdı. Amma məsələ
ondadır ki, yəhudi xalqı çox dözümlü
çıxdı. O öz dilini, məzhəbini, öz
milli xüsusiyyətlərini qoruyub saxladı”.
Əlavə edək ki, iyirminci əsrdə Xolokost
artıq “sivil, mədəni” Avropada törədilmişdi; hərçənd
yəhudi xalqının dözümlülüyünü
vurğulayanda Zərdabi haqlı idi.
Təmənnasız və fədakar Zərdabi öz məsləkdaşlarından
da ümumi amal naminə eyni fədakarlığı tələb
edirdi və mübarizədən azca olsa da geriyə çəkilməyi
bağışlamırdı, – yaşın yükünə
görəmi, yorğunluqdanmı, hətta yüksək
hörmət bəslədiyi Mirzə Fətəliyə də. Ona
yazdığı hərarətli məktubda Zərdabinin həyat
kredosu ifadə olunur; “Möhtərəm Mirzə Fətəli
bəy! Sizin məktublarınızı və
göndərişlərinizi aldım. Yazırsınız
ki, yaşınız yeni əsər yazmağa imkan vermir.
Çox heyif. Etiraf etməliyəm
ki, təəccüblənirəm nədən başqa adamlar
yaşa dolduqca daha təcrübəli və əsərləri
daha ciddi olur. Siz isə əksinə
boynunuza alırsınız ki, hətta qələm çala
bilmirsiniz. Hərçəndi ixtiyar sizindir, dincəlmək
istədinizsə, Allah sizə rahatlıq versin. Amma
düşünməyin ki, xalqın maariflənməsi bir məqalə ya pyeslə
alına bilər. Xeyr, burada qat-qat artıq əzab-əziyyət
var. Bir ya hətta on rəhbərin də ömrü və zəhməti
buna azdır. Bəlkə Sizi dayandıran
odur ki, axı niyə başqası deyil, siz
çalışmalısız, özü də havayı və
bir sağ ol eşitməyə ümid olmadan. Belə halda izah etməyi vacib bilirəm ki, söhbət
xalqa məhəbbətdən, bəndəyə məhəbbətdən,
nadanları maarifləndirməkdən gedirsə, bu suala yer
yoxdur. Kim bizlər kimi xalqın, həm də
hələ avam xalqın maariflənməsinə
ömrünü həsr edirsə, onu belə
düşüncə dayandırmamalıdır. O
özü öz mükafatını tapır, vicdanını
paklaşdırır”.
Mirzə Fətəli Həsən bəydən 25 yaş
böyük idi. İllər ötəcək, yeni XX əsr gələcək
və Müəllimlər Qurultayında çıxış
edən cavan Nəriman Nərimanov yetmiş yaşlı Həsən
bəyə həddən artıq ehtiyatlı olmasını
irad tutacaq, Zərdabi öz səriştəsinə, ixtiyar
yaşına istinad edəndə Nərimanov ağsaqqalın
sözünü kəsib: “Ağıl yaşda olmaz, başda
olar” deyəcək... Daha iyirmi il sonra Azərbaycanın
Xalq Komissarları Sovetinin sədri Nərimanova qarşı
cavan kommunistlər, o cümlədən, Respublika Kommunist
Partiyası MK katibi Ruhulla Axundov çıxış edəcəkdir.
On-on beş il də keçəcək,
1937-ci ildə Ruhulla Axundov repressiyaya məruz qalacaq. “Dopros”da Mir Cəfər Bağırov onu “Axı sən
Nərimanovu milli fəaliyyətinə görə ifşa
edirdin, necə oldu ki, özün millətçilik
bataqlığına batdın?”-deyə qısnayanda işgəncələrdə
qana qəltan olan Ruhulla cavab verəcək: “Doktor (Nərimanov)
sağ olsaydı, mən onun qarşısında diz
çöküb üzr istəyərdim! O, necə də
uzaqgörən imiş!”
On doqquz il sonra M.C.Bağırov özü məhkəməsində
etiraf edəcək: “Mən harada olduğumu və məni nə
gözlədiyini bilirəm. Mən dizəcən
qan içindəyəm. Məni
şaqqallamaq da azdır”.
Tarixi həqiqəti görmək baha başa gəlir və
yəqin ki, cavanlıq maksimalizminin qocalıq müdrikliyilə
qarşıdurması qaçılmazdır.
ANAR
525-ci qəzet.-
2014.- 18 oktyabr.- S.10-11.