Yazıçılar Birliyində türkoloq-alim Əkbər Babayev
yad edilib
Oktyabrın 17-i Azərbaycan Yazıçılar
Birliyinin (AYB) “Natəvan”
klubunda türkoloq-alim
Əkbər Babayevin
90 illiyi qeyd edilib.
Tədbiri giriş sözü
ilə açan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
Əkbər Babayevin həyat və yaradıcılığından, onun Azərbaycan və ümumilikdə türk ədəbiyyatı
üçün gördüyü
işlərdən danışıb:
“Əkbər
Babayev Moskvada yaşasa da, bütün qəlbilə
Azərbaycana, Azərbaycan
ədəbiyyatına bağlı
olub. Əkbər Babayevin adı
türk ədəbiyyatından
ayrılmazdır. Xüsusilə Nazim Hikmət yaradıcılığı, dühası
ilə əlaqədar
qiymətli əsərlərin
müəllifidir. Bundan başqa
o, Nazim Hikmətlə
çox yaxın dostluq əlaqələri saxlayıb. Hətta Bakıya da
bir yerdə gəlirdilər. Nazim
Hikmət vəfat edəndən sonra Əkbər Babayevin işlətdiyi bir ifadə heç vaxt yadımdan çıxmır: “Nazimdən
sonra biz yetim qaldıq, biz Nazim Hikmətin yetimləriyik”.
Azərbaycan Yazıçılar Birliyinin Moskva filialının rəhbəri,
türkoloq Tofiq Məlikli də çıxışında Əkbər
Babayevlə bağlı
xatirələrini bölüşüb,
onu Nazim Hikmət yaradıcılığının
əvəzsiz tədqiqatçısı
adlandırıb:
“Əkbər
müəllimin fəaliyyəti
ədəbi baxımdan
çox qiymətlidir.
Nazim Hikmətin səkkiz cildlik əsərlərini
toplamaqla ədəbiyyata
əvəzsiz töhfə
verib. Onun bütün dünyada
tanınmasında, Türkiyədə
Nazim Hikmət yaradıcılığının öyrənilməsində bu
toplunun rolu danılmazdır”.
Əkbər Babayevin yüksək insani keyfiyyətləri barədə də danışan T.Məlikli onun heç vaxt unudulmayacağını,
Nazim Hikmət şeiriyyatı durduqca xatırlanacağını qeyd
edib.
Əkbər Babayevin qardaşı qızı Günəş
Babayeva onun bir filoloq və
alim, Nazim Hikmət yaradıcılığının
tədqiqçisi kimi
xatırlandığını bildirib. G.Babayeva əmisinin
insani keyfiyyətlərindən
də danışıb:
“Əmim rəhmətə
gedəndə yaşımız
çox deyildi. Buna baxmayaraq, onun bizim layiqli vətəndaş
kimi yetişməyimizdə
əməyi böyük
olub. Həmişə çalışıb ki, biz elmli, geniş dünyagörüşünə
malik bir insan olaq. O, rəhmətə gedəndən
sonra biz çalışdıq
ki, Əkbər Babayev unudulmasın. Gəncədə evi yerləşən
küçəyə onun
adı verildi, yaşadığı mənzilin
qarşısında barelyefi
asıldı. İndi də
mütəmadi olaraq yerli kanallarda haqqında verilişlər
hazırlanır. Bu ilin əvvəlində Türkiyədə olanda İstanbul Universitetinin nəzdində fəaliyyət
göstərən “Nazim
Hikmət” klubunun prezidenti ilə görüşdük. Söhbət
əsnasında məlum
oldu ki, Türkiyədə Nazim Hikmətin Moskvada yaşadığı dövr
haqqında az
şey bilirlər. Bildiklərinin çox hissəsi
də yanlışdır.
Hər il
Türkiyədə keçirilən
Nazim Hikmət günlərinə biz də
dəvət edildik. Gələn il
keçiriləcək tədbir
Əkbər Babayevə
həsr ediləcək.
Orada mümkün qədər Nazim Hikmətin Moskvadakı həyatı və Əkbər Babayev haqqında məlumat verməyə çalışacağıq”.
Şair
Ramiz Rövşən
Əkbər Babayevlə
şəxsən tanış olmadığını
təəssüf hissilə
qeyd edib.
Bildirib ki, Əkbər Babayev türk ədəbiyyatını
dünyaya tanıtmaq kimi şərəfli bir işin öhdəsindən
layiqincə gəlib. Nazim Hikmətin
Türkiyənin özündə
tanınmağında yaxından
iştirak edib.
Türkoloq Aqşin Babayev alimin həyatındakı
Nazim Hikmətlə bağlı bəzi nüanslara toxunub:
“Əkrəm Babayevlə Nazim Hikməti təkcə ədəbi deyil, həm də dost münasibətləri
birləşdirirdi. Nazim Hikmət
ona öz oğlu kimi bağlanmışdı. Hətta bir
kitabı üçün
“Məni mənə xatırladana” avtoqrafıyla
Əkrəm Babayevə
hədiyyə etmişdi”.
Tədbirin sonunda Xalq yazıçısı
Anar qeyd edib ki, Əkbər
Babayevlə bağlı
xatirələr kitabının
çapını Yazıçılar
Birliyi öz üzərinə götürür.
Cavid ŞÜKÜROV
525-ci qəzet.-
2014.- 18 oktyabr.- S.11.