“Tanıdığım və sevdiyim bir ölkədə
çalışmaqdan ancaq məmnun ola bilərəm”
YILDIRAY
ARSLAN: “MƏNİ AZƏRBAYCANA SIX TELLƏR BAĞLAYIR”
Müsahibimiz TRT-nin Bakı təmsilçiliyinin
yeni rəhbəri Yıldıray Arslanın jurnalist karyerasının
ilk addımları Azərbaycanla
bağlıdır. Qarabağ müharibəsindən
reportaj hazırlayan
ilk türkiyəli media mənsublarından
biri olub, hərbi telejurnalist kimi tanınıb. Sonralar Azərbaycana daha sıx bağlanıb.
Onunla söhbətə də karyerasının ilk illərindən
körpü saldıq.
– Yıldıray bəy, jurnalistikaya gəlişiniz,
sonra Azərbaycana təyinatınız, bütün
bunlar necə baş verdi?
– 1987-ci ildə ədəbiyyat-tarix
bölümü üzrə
universitet təhsilimi başa vurandan sonra TRT-də keçirilən imtahana qatıldım və keçə bildim. Beləcə, 1988-ci ildə
iş həyatıma
TRT-də başladım.
TRT-də çalışmaq
üçün üç
il staj
keçmək lazımdır.
İkinci ilimdə mən
Bakıya ezam olundum. Açığı,
işin məsuliyyəti
məni bir az çəkindirdi,
amma müdirim dedi ki, sənin
bu işin öhdəsindən gələcəyinə
inanıram. Azərbaycana gəldim və
buradan ilk görüntülü
reportajı Türkiyəyə
mən ötürdüm.
O vaxt hazırladığımız
materialları Moskva vasitəsilə göndərirdik,
hələ sovet dövrü idi. 1990-cı ilin Bakıdakı
Şəhidlər Xiyabanında
insan izdihamından reportaj hazırladım.
Bu xəbər yayıldıqdan
sonra Türkiyədə
Azərbaycana dəstəklə
bağlı küçə
nümayişləri baş
verdi. Mənim hərbi
jurnalist adlandırılmağım
da elə bu reportajdan sonra başladı. Əslində hərbi jurnalist
kimi təqdim olunmağımdan zövq aldım. Hər kəsin bəlli
həyat cizgisi var. Bu da mənim həyat
cizgimdir. Qarabağ müharibəsinin
hələ ən şiddətli vaxtlarında
TRT-nin digər bir neçə əməkdaşları ilə
cəbhə bölgəsində
olduq. Bəzən həyati riskli
hallarla da üzləşdik. Bununla belə,
işimizi görməyə
çalışdıq. Kəlbəcərli məcburi köçkünlərin
məskunlaşdığı yerlərdə olduq, insanlıq faciəsi ilə üz-üzə qaldıq. Qazaxda, Tovuzda, Murovda gedən döyüşlərə
şahidlik etdik. Yəni hərbi jurnalistliyim Azərbaycanla başladı.
Uzun illər müharibə bölgələrinə ezam
olundum, Çeçenistan,
Bosniya kimi müharibə gedən bölgələrdən reportajlar
hazırladım. Çeçen-rus müharibəsində paytaxt
Qroznıya girən
ilk türk jurnalist oldum. Sonralar TRT-də xəbər
departamentində müxbir,
xəbər müdiri,
digər vəzifələri
icra etmişəm.
– Uzun illər sonra Bakıya yenidən qayıtdınız.
TRT təmsilçisi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirirsiniz. TRT müxbiri və
təmsilçisi arasında
hansı fərqlər
var?
– O zaman heyətimiz bir müxbir, bir operatordan ibarət olduğuna görə daha rahat, müstəqil idim və istədiyim
hər yerə gedə bilərdim. Amma indi həm bir
qurumu təmsil edirsiniz və həm də burda işçiləriniz
var. Artıq bu zaman daha məsuliyyətli
olursan. Xarici ölkə təmsilçiliyinə
gəlincə, təbii
ki, bəlli bir təcrübə yolu keçmiş və TRT-nin daxili qaydalarına əsasən seçilmiş
biri rəhbər təyin olunur. Azərbaycanda çalışdınsa, Azərbaycan türkcəsini
bilmək şərtdir
və bunun üçün namizədlər
yazılı imtahandan
keçməlidir. Həmin adamın
bu ölkənin mədəniyyətinə nə
dərəcədə yaxınlığı
nəzərə alınır.
Burada iki il müddətinə
vəzifə icra edəcək şəxs ölkə barədə məlumatlı olmalıdır.
Məni Azərbaycana sıx tellər bağlayır.
Birincisi,
jurnalistika karyeramda ilk
xarici səfərim Azərbaycana olub. Mən həm də azərbaycanlı sayılıram,
çünki xanımım
azərbaycanlıdır. Tanıdığım, sevdiyim,
bildiyim bir ölkədə çalışmaqdan
ancaq məmnun ola bilərəm.
– Bakıdan çoxdan ayrılmısınız, amma
yenidən buradasınız:
paytaxtımız, bütövlükdə
ölkəmiz barədə
təəssüratınız necədir?
– Bu mövzu ilə bağlı danışmaqdan
zövq alıram. TRT-də xəbər
departamentinin müdiri
kimi fəaliyyət göstərmişəm. O üzdən 10 il
Bakıya gəlmək
imkanım olmadı. Çünki belə bir zamanda insanın vaxtı olmur. Özünü xəbərin
içində yaşamaq
məcburiyyətində hiss edirsən. Buna peşəkar
bir alışqanlıq
da demək olar. Gələn-gedən dostlarım mənə,
Bakı çox dəyişdi, böyüdü,
rəngarəng oldu, deyirdilər. İllər öncə
mən Azərbaycandan
ayrılanda Bakının
hüznlü görünüşü
vardı. Qarabağda yaşananların
yaratdığı üzüntü,
ölkənin ümumi
durumunun ürəkaçan
olmaması hər addımda hiss olunurdu.
Elektrik enerjisi gah olurdu,
gah olmurdu – belə qoyub getmişdim Bakını.
Amma dönüşümdə çox
işıqlı, sistemli
qurulmuş, gələcəyə
inamla addımlayan bir Bakı gördüm.
– Sizi Azərbaycanla bağlayan amillərdən
biri də xanımınızın azərbaycanlı
olmasıdır...
– Təbii.
İşimdən başqa mən ailə
bağlarımla da təkcə Azərbaycana deyil, bütün
dünya azərbaycanlılarına bağlıyam. Məsələn,
oğlum hazırda Kanadanın ali məktəblərindən
birində təhsil alır. Buna səbəb orda
yaşayan azərbaycanlı dostlarımın olmasıdır.
Ona görə ki, bir neçə il
öncə orada yaşayan azərbaycanlı dostlarımıza
baş çəkməyə getdik. Oğlum da Kanadanı
çox bəyəndi və bu ölkədə oxumağa qərar
verdi. Bir sözlə, Azərbaycanı
özüm üçün dünyaya açılan bir pəncərə
kimi görürəm.
– Sosial
şəbəkələrdə tez-tez şeirlər
paylaşırsız. Müəllifi sizsiniz?
– Bəli,
onlar mənim şeirlərimdir. Hətta bir il öncə
Türkiyədə bir şeir kitabım da nəşr olundu.
Çünki ətrafımda olanlar mənə yaxşı mənada
təzyiq də göstərib deyirdilər ki, bunları bir
kitab formasında nəşr etdirim. Hərçənd bu
şeirləri öncə tam mənə aid olduğunu
düşünüb hətta internetdə də
paylaşmadım. Sonra onları paylaşınca,
dost-tanışlar bəyəndilər. Boş zamanda isə
onları kitab halına gətirdim. Kitaba maraq da az olmadı. Hətta
indi o kitabdan özümdə də yoxdur.
– TRT Azərbaycanın
haqq səsini hər zaman dünyaya çatdıran telekanal
olub. TRT-nin Bakı təmsilçiliyi də önəmli layihələrə
imza atıb. Maraqlıdır, tamaşaçıları
hansı yeni proqramlar gözləyir?
–
Qardaş ölkələr olaraq bizim ortaq tariximiz var və bu
tarixi, mədəni əlaqələrimizin təbliği
baxımından TRT böyük rol oynayır. Bundan sonra da əlamətdar
günlərdə TRT Azərbaycanın yanında olacaq.
Çünki bu, TRT-nin bir vəzifəsidir. Telekanal bir növ
Azərbaycanın bu günü ilə Türkiyənin bu
günü arasında körpü rolunu oynayır. Bu
baxımdan yeni layihələr düşünürük. Bakı
təmsilçiliyinin koordinasiyasında həyata keçirilən
“Azərbaycan ulduzları”, “Qürbətdəki elçilərimiz”
və “Can Azərbaycan” adlı proqramlarımız var. “TRT
Avaz”da yayımlanan proqram da var. Bunlar yaxın zamanda
razılaşma əldə olunmuş, müqaviləsi
bağlanmış verilişlərdir və onları davam
etdirməyi düşünürük. Bundan başqa,
xüsusilə iki ölkə toplumunun bugünkü vəziyyətini
əks etdirən və tarixi birliyimizə istinad edən, oradan
güc alan proqramlara daha geniş yer vermək istəyirik.
– Mədəniyyət
sahəsində hansı layihələriniz var?
– Bir
konsert proqramı həyata keçirməyi
düşünürük. Bildiyiniz kimi, “TRT Avaz”da canlı
olaraq həftədə bir dəfə “Ən bəyaz gecələr”
adlı bir proqram yayımlanır. Bu çox bəyənilən
layihələrdən biridir. Biz dekabr ayında layihəni
Bakıda düzənləməyi düşünürük.
Bunu ya Heydər Əliyev Mərkəzində, ya da “Kristal
Holl”da keçirməyi düşünürük. Türkiyədən
də populyar bir solist gətirmək istəyirik. Bunun
üçün sponsor axtarışındayıq. Bu konsert
“TRT Avaz” və Azərbaycanın İctimai Televiziyası vasitəsilə
canlı yayımlanacaq. Azərbaycanda fəaliyyət göstərən
iş adamlarının da bizə dəstəyi olacaq. Qeyd edim
ki, yerli iş adamlarının da layihəyə dəstək
vermələrini istərdim. İkinci layihə “7 dəqiqə”
adlanır. Bu bir mədəniyyət layihəsidir. Mən
Ankarada işləyəndə yeni insanlarla tanış
olduğum zaman məndən “xəbər nədir” soruşarkən,
cavabımda “xəbər həyatdır” deyirdim. O üzdən
mən ciddi anlamda Azərbaycanı tanımaq və tanıtmaq
istəyirəm. Biz eyni kökdən gələn insanlarıq.
Bu işi görərkən haradan fərqli yanaşa bilərik,
işimizi necə daha mükəmməl şəkildə
görə bilərik, deyə düşünməliyik. Bunun
üçün işimizə peşəkar
yanaşmalıyıq. Burada məqsəd
özümüzü bir-birimizə anlatmaq deyil, dünyaya
anlatmaqdır. Sadəcə gerçəkləşdirdiyimiz
layihələrlə qalıcı, daim yaşanan işlər
görmək istəyirik. Elə həyatın mənası da
budur.
PƏRVANƏ
525-ci qəzet.-
2014.- 18 oktyabr.- S.7.