Aleksandr
Hekayə
Mənim bir dostum var - Aleksandr. Xanımı başqa bir kişini sevir. Və Aleksandra gizlin-gizlin məktublar yazır. Nə vaxt, necə yazır, bilmirəm. Ancaq Aleksandr gün gələcək bu məktubları oxuyacaq. O vaxt Aleksandr saqqal da saxlayacaq, sarımtıl tüklərinin üstünə ağ tüklər də yayılacaq. Və oxuyacaq: " Mən aşiq bir qadınam, Aleksandr". Aleksandrı dəli- divanə sevən, ara- sıra ondan inciyib- küsən və Aleksandrdan çox- çox cavan olan bu gözəl, sarışın qadın nədənsə başqa bir kişini də sevir. Və heç bunun nə demək olduğunu mən də anlamıram". Sənin gözlərində nisgilli küləklər əsir, mənim Aleksandrım". Bunları da oxuyacaq. Ancaq Aleksandr, elə bil, həmişə - lap uşaqlıqdan hüzünlü, parça- parça bir ürək gəzdirib köksündə. Amma köməyə ehtiyacı olan, sahibsiz bir adamla qarşılaşdımı, elə o saat həmin nigaran gözlər parıldayır. Ürəyinin bir küncünə yığılıb gizlənmiş xoşbəxtlik, elə bil,çiçək açır. Allahdan da qarşısına bu cür adamlar tez- tez çıxır.
Mən Aleksandrla tanış olanda yeni evlənmişdi. Hələ qızları yoxuydu. Kafenin ən sakit yerini seçmişdi. Ətrafı səssiz, seyrək idi. Yox. Bu yeni abzasdakılar mənim istədiklərimdir. Olsun ki, o sakit təbiətli adamdır, ancaq biz onunla heç vaxt görüşməmişik. Belə bir şey yoxdur. Heç rejissorun da belə bir fikri olmayıb, çox güman. Nəysə. Əslində mən Aleksandrla bağlı bütün cümlələrə öz görmək istədiklərimi, yaxud gördüklərimi də qatmışam. Mənim xəyallarım reallığı heç vaxt incitməz, ya da başqasının xəyallarını. Axı Aleksandr mənim dostumdur.
Mən hüznlü adamları sevirəm. Bunu kiminsə gözlərindən oxumaq lazımdır. Yox, mən pıspısaları sevmirəm. Gərək ki, üzündə yorğun, təmiz, xalis və kövrək təbəssüm olsun. Və həmişə tək ağlasın. Tək. Mənim, həqiqətən, acıyla və hüznlə ağlayan qürurlu insanlardan xoşum gəlir. Daha doğrusu, həmin vəziyyətdən, situasiyadan. Pıspısalar isə mısmırıqlarını sallamaqdan savayı heç nə bacarmırlar. Yəni, bu işdə.. və bu, onlarda ancaq bacarıqdır. Gözlərindən, sifətlərindən, dodaqlarından yalançı əzab- əziyyət, təklik- tənhalıq yağan bu qaraçıları( bəli, mən onları qaraçı adlandırıram) bir azcıq incitmək, üzlərinə, ürəklərinə qəşəng bir söz ilişdirmək, ya da heç buna ehtiyac yoxdur, yanlışlıqla, tamam haqlı ola biləcəyiniz bir vəziyyətdə mədəniyyətsizlik etmək olar, onlara qarşı xudmani bir kobudluq. Əvəzində bilirsiz nə olacaq? Səsləri durduğunuz yeri başdan- başa bürüyəcək. Həyasızlıqları o qədər şiddətli olacaq ki, həmin o qəmli, qüssəli burundan, ağızdan kiçik bir nişanə də qalmayacaq. Hələ bir az çəkingən və utanacaqsınızsa, tez uzaqlaşıb qaçacaqsınız oradan... Nəysə. Mənim hüznlü adamlardan xoşum gəlir. Onların bütün teatr həngamələrindən uzaq, təbii baxışları, davranışları və gözləri. Bunlar kifayətdir. Mən açığı kövrələn adam deyiləm, bir az da qalınam. Səbəbi də odur ki, heç kəsə inanmıram. Amma hüznlü adam gördümmü, dayana bilmirəm. Gözlərimin kənarları nəmlənir. Yaşdır, yəqin, bu. Ancaq ağlamaram heç vaxt.
- Almaz, səni çox sevirəm.
Uşaqlıqdan bəri ilk dəfə bu vaxt
ağlamışdım. Sarı hörüklərinə necə
məftun olmuşdum, Allah bilir. " Sev məni", - dedim. Bu
hüznlü qadın məni sevdi. Həmişə nələrsə
fikirləşirdi. Bax Aleksandr kimi, elə bil, gözlərinin
arxasında, baxışlarının üzdüyü dəryada
nəsə sirli, anlaşılmaz bir dünya varıydı. Mən
buna görə sevmişdim onu. Ancaq tanış olduğumuz
gün lap qəribəydi. Onda hüznlü görünməmişdi
mənə. Daha doğrusu, mən qoxularla sevirdim. Bu haqda
eşitmisiz bəlkə? İnsan qoxularla sevir. Yəni,
başlayanda belə olur. Bilmirəm bu nə qədər əhəmiyyətlidir,
ancaq başlanğıcdakı parçalar sonradan
bütünün, tamın varlığında qalır. Nəysə,
bu qalsın belə. Onun sinəsinin qoxusu hələ burnumdan
getməyib və həmişə alma yeyəndə nədənsə
bunu xatırlayıram. Heç alma da qoxmurdu... Nəysə,
danışacam bunu, hələ ki dayanın. Deməli, mən
bu sözləri deyəndə onun otuz üç yaşı
varıydı. Amma elə cavan qalmışdı ki. Üzü
dolu, ətliydi, ancaq kök- filan deyildi. Sadəcə, qəşəng
idi. Əri çoxdan ölmüşdü. Dediyinə görə
müharibədə. Uşaqlarını isə uşaq evinə
qoymuşdu. İki qızı varıydı. Böyüyü
elə özü kimi sarışın, susqun, bal kimi şirin
idi. Gözləri də axıb gedirdi, lap uzaqlara. Anası
kimi. Bu balaca yaşında nə xəyallar qururdu ki axı o? Neçə yaşı
olardı, heç bunu da xatırlamıram. On, ya da on bir. Mən
sarsaq adam deyiləm. Ancaq Almaz qanımda, damarlarımda gəzirdi.
Neyləməliydim?.. Uşaqlarını isə
oynaşları ucbatından uşaq evinə
aparmışdı.
Əxlaqsız qadın idi. Mən neçənci
sevgilisiydim, bilmirəm. Həmin illərdə işə yeni
girmişdim. Müəllimlikdən nə pul qazanacam? Ancaq
şagirdlərimi çox sevirdim. Məktəbin lap
qızğın vaxtında, uşaqlara, dərsə,
şagirdlərimə və işimə yeni həvəslənmişkən
Almazla tanış oldum. Və bu tanışlıq normal
eşq macərası deyildi. Bir az, ya da tamamilə fərqliydi.
Axı əxlaqsız qadınla nə eşq macərası?
Ancaq o əsl seviləcək qadın idi. Hamıdan, hamıdan
fərqliydi.. və. Və heç nə. Həyat
danışmaq üçün bundan artıq imkan vermir.
Görünməyən və şikayət olunan bir məfhum
üçün faydasız ittihamlar...
Metroda
binanın yeddinci mərtəbəsindən özümü
atırdım... Vaqonun içindəyəm və hansısa
stansiyaya gedirəm. Səs- küy yavaş- yavaş artır və
həmin qulaqboğucu səsin lap gur məqamında xəyallar
çulğayır məni. Lap rahatlayıram. Gözlərim
yumulu ayaq üstə dayanmışam, kürəklərimi də,
belimi də vaqonun qapılarına söykənmişəm. Və
binanın yeddinci mərtəbəsində eyvanda
dayandığımı görürəm. Bu çox təbiidir,
çünki bayaq metroya girərkən, yəni vaqonun
içinə addımımı atanda durduğum yerlə - həmin
mərmər platforma ilə vaqon arasındakı boşluq o qədər
böyük göründü ki, əvvəlcə
ayağımı atmaqdan da çəkindim. Elə bil,
qaranlıq çuxuruydu aşağı, relslər də nəhəng,
parıltılı bədheybətə oxşayırdı.
Yanımdakı kök, ağır kişinin ora düşəcəyindən
əmin idim. Ancaq necə oldusa, hər şey
dağılıb getdi. Ya da əvvəlki vəziyyətinə
qayıtdı. Məndə belə hallar tez- tez olur. Xəstəlikdir,
deyəsən. Bilmirəm. Vaqonun içindəyəm və
indi binadan tullanıram. Gecə vaxtıdır. Yeddinci mərtəbə
olduğunu düşünürəm, ancaq deyəsən lap
aşağı mərtəbələrdəyəm,
çünki aşağıda yoldan keçən adamları
rahat görürəm. Küçə elektrik fənərlərinin
işığında qırmızı- narıncı
dayazlığa bürünüb. Yoldan başının ucu,
keçəli işıldayan yekəpər kişi və onun
qoluna girib az qalsın sinəsinə yapışmış,
saçı sapsarı rənglənmiş, həmçinin
yoldaşına heç yaraşmayan qadın keçir. Bu iki
nəfər diqqətimi çəkmir. Və elə bil,
küçə lap boşdu. Bütün həyat mənə
rəngsiz və soyuq görünür. Gözlərimi yumuram.
Bir azdan atlanacam. Lap daş qaldırmanın üzərinə
də çıxıram.Və əvvəlcə xəyallarımı
qururam. İlk öncə anam gələcəkdi meyitimin
üstünə. Saçları bir- birinə necə
qarışmışdı anamın! Lap tufana
düşüb kökündən qopmuş ağaca bənzəyirdi.
Dırnaqları ilə üzünü
cırmaqlamışdı. Gözünün yaşı
üzünün qanına qarışmışdı.
İniltisi küçənin ortasından binanın ucuna,
sonuncu mərtəbəsinə qədər eşidilirdi. Sonra
anamın yanında, meyitimin bir tərəfində atamı
gördüm. Yerində donub qalmışdı. Bədəni
donmuşdu, sadəcə. Mənə baxırdı. Elə qəribə
ağlayırdı ki. Yaş yanaqlarına
yayılmışdı, amma elə də çox deyildi.
Ağlaya bilmirdi atam, çox çətin
ağlayırdı. Hıçqırtısı, elə bil,
sinəsinə ilişib qalmışdı... Sonra
qardaşlarımı düşündüm. Və yaxın
qohumlarımı, nəhayət dostlarımı. Bütün
bunları düşünə- düşünə qərar
verdim, çox ani və cəld oldu. Beynimdə, elə bil,
qığılcım parladı. Elə bil, binanın
qabağına, küçənin ortasına ildırım
düşdü. Eynən belə oldu. Ancaq qorxulu olmadı,
daha doğrusu, mən qorxmadım. Üstəlik bir güc,
qüvvə gəldi mənə və cəsarətləndim.
Birdən, qəfildən, lap anicə irəli yeridim və
külək azacıq alnımı oxşadı. Bütün
hay- küyün, iniltinin, gülüş və
bağırtı səslərinin içində gözlərim
yaşlı tullandım...
Bir
qadının üstünə tullanmışdım. Vaqonunca
içində üstünə yıxılıb
qalmışdım. Başım sinəsinə
yapışmışdı. Boğazıyla döşlərinin
arasından çox qəribə, fərqli və gözəl
bir ətir qoxusu gəlirdi. Döşləri balacaydı, on
üç yaşlı oğlan uşağının
yumruqları qədər olardı. Ancaq dik,
baxımlıydı. Sinəsindən gələn qoxu isə
öz ətriydi, bədəninin ətri. Bu qoxu əvvəlcə
burnuma, beynimə yayıldı, sonra dodaqlarımı,
üzümü, gözlərimi və xəyallarımı
bürüdü. Gözlərimi açmasaydım, yəqin
özümü çəmənliyin içində, meyvə
ağaclarının, güllərin, nə bilim cənnətin
ortasında hiss edərdim. Ancaq bu çiçəkləri
heç vaxt qoxlamamışam. Bu cür ətir iyi heç
vaxt burnuma dəyməyib. Qoxunu yaşıl alma rəngində
təsəvvür edirdim, ancaq özü necə bir şeydir,
nəyə bənzəyir, tapa bilmirəm. Bu qoxunu
köksümün ortasınacan, ciyərlərimə dolana qədər
çəkdim. Qanıma, ruhuma axdı, elə bil. Bununla da
qadın mənim oldu, ya da mən onun əlinə keçdim,
bilmirəm. Gözlərimi açdım. Qadının səsi
gəlirdi. Allahdan pis sözlər demirdi, yəni
söyüş- filan. Ancaq əsəbləşmişdi. Birtəhər,
vaqon gedə- gedə, nazik, dəmir borulara yapışa-
yapışa qalxdıq. O, məndən tez qalxdı, elə cəld
idi ki". Dəlisən- nəsən, eşşəkbaş!
Görməmiş heyvərə!" Beləcə
danışdı, mənsə üzr istədim. Camaat bizə
baxırdı, ancaq ciddi bir şey olmadı. Deyib- gülən
də oldu, qaş çatan, şikayət edən,
mızıldanan da. Axırda arxamızca baxa- baxa qaldılar
vaqonun içində (bircə bizimlə çıxanlar
xaric). Həmin qadın sakitləşdi. Metro stansiyaya gəlib
çatdı. Qadın vaqondan çıxdı. Mən də
həmin əfsunlu, sehirli qoxunun arxasınca. Onda da
saçları hörüklü idi. Onda da cavan qıza
oxşayırdı. Hətta mən ona iyirmi beş yaş
vermişdim. Almaz onda da hələ çox cavanıydı.
O, metrodan
çıxar- çıxmaz yaxınlıqdakı bir binaya
çatdı. Sonra liftə girdi. Mən onun arxasınca
gedirdim və onunla liftə girməli oldum. Tək idik. O,
içəri girəndə çönüb mənə
baxdı və gülümsədi. Bura qədər onu izlədiyimdən
xəbəri varıydı. İndi özünün nəyə
qadir olduğunu göstərmək üçün
dodaqlarını oynadırdı. Əynində qara
şalvarı, bir də zərli koftası varıydı. Hava
yaxşı da olsa,
qışıydı, hər halda, nazik geyinmişdi.
Çantasını qolundan çıxarıb dizlərinin
önündə tutdu. Bu nə demək idi axı? O, çox
şıltaq görünürdü. Məni hərəkətə
gətirmək üçün əlindən gələni
edirdi. Mən danışana qədər ona iki dəfə
baxmışdım. Sonra o saatına baxdı və
başı mənə tərəf çöndü,
gülümsədi və dedi:
- Metroda
neyləmək istəyirdin? B
irdən-
birə adamın üstünə elə atılmazlar...
Mən də
güldüm, ancaq ona yalan demək istəmirdim. Çünki
bu qadına vurulduğumu hiss edirdim. İndi nəyi necə
izah etməliyəm, bilmirdim. Hər halda, başqa bir şey
danışmalıydım, ancaq izahat verdim.
- Metro
çox sıxıcıdır. Bu gün də yaman gərginəm...
Mən metrodan elə çox istifadə eləmirəm. Siz
çox gözəlsiz, bilirsiz? Mənim gözlərim
yumuluydu, amma yəqin siz çəkdiz məni
üstünüzə.
O,
heç nə demədi. Gülüşü də çəkildi
üzündən. Başını çevirdi. Lift
dayandı. Bir kəlmə də danışmadıq. Sonra o,
çıxdı və mən də arxasınca... Çoxlu
qapılar varıydı. Birindən içəri girəcəkdi,
yəqin. Ancaq bir az gedib dayandı. Və arxaya çevrilib
üzündə heç nə duyulmayan, soyuq, ancaq yenə nəsə
gözləyən bir ifadəylə dilləndi:
- Neyləmək
istəyirsən?
Mənim
ağzım yaxşıca açıldı. Heç nə də
demədim. Gözlərimi
üzünə zilləyib durdum. Ancaq elə mənim istədiyim
də bu idi. Ortadakı qapı onunkuydu. Bir az irəlilədi,
qapını açıb içəri keçdi və
qapı elə açıq da qaldı...
Biz bir həftə həmin binada qaldıq. Deyəsən, heç çölə də çıxmırdıq. Mən dərslərimi, işimi unutmuşdum. Almaza ara- sıra danışmasaydım, heç şagirdlərim də yadıma düşmürdü. Biz bir həftə həmin üç otaqlı evdə yalnız ikimizin olduğu bir dünyada yaşadıq. Bir qadın və bir kişinin arzuyla yaşaya biləcəyi hər şeyi bu yeddi günün içində bütün vücudumuz və qəlbimizlə dərk elədik. Ancaq deyəsən bu, onun üçün ilk deyildi və dərk eləyən yalnız mən oldum. Mən Aleksandrın bütün intim səhnələrini, hərəkətlərini xatırlayırdım. Bu çox ani olurdu, heç bunu xatırladığımı da bilmirdim. Aleksandr film qəhrəmanıdır. Bu, yunan filmidir. Ancaq biz indi Bakıdaydıq və bu, Yunanıstandan da yaxşıydı. Mən onun kimi dodaqlarımla qadının qulağını yalayır, döşlərinə, saçlarına xüsusi həssasiyyətlə toxunurdum... Aleksandrın bu cür səhnələri yadıma gəlmir, açığı. Ancaq o, mənim dostumdur və çox sadə insandır. Həm də həssas. Başqa cür davranmazdı, yəqin. O, xanımını öldürməliydi. Mən bu haqda danışmaq istəmirəm. Mən onun aktyor olduğuna da inanmıram. O, həyatdan da, gördüklərimdən də inandırıcıdır. Qoy öldürsün, lap əzabla, zülümlə öldürsün. Amma axı bunlar yoxdur. Filmdə belə şeylər yoxdur. O, sadəcə, qadınını sevir. Xanımı ona xəyanət edir və o, yenə də qadınını sevir. Eynilə mən də belə edirdim. Almazın kimlə görüşdüyündən xəbərim yoxuydu. Ancaq bilirdim ki, o, başqa biriylə görüşür, danışır və mənlə elədiklərini onunla da hansısa lüks yataqda təkrarlayır. Müdirindən şübhələnirdim. Almaz redaksiyada işləyirdi, dizayn işləriylə məşğul idi. Mən Almaza başa salmaq istəyirdim ki, səni mənə bağlayan bədənin, fiziki quruluşun deyil. Və bu, həqiqətən, beləydi. Mən artıq hiss edirdim ki, onun bütün şıltaq hərəkətləri məni onun gözlə görünməz, daha əhəmiyyətli tərəflərinə bağlayıb( Məsəlçün, yemək bişirəndə mənə meyvə doğrayıb gətirir, yanımda uzanıb saçlarımı qarışdırır, - mənim saçlarım uzunuydu - onu gözləməyimə imkan vermirdi. Ələlxüsus, mənimlə oynamaq istəyirdi, lap uşaq kimi. O, çox cəld, oynaq və istiqanlı idi. Birdən görürdün ki, lap çəkilib getdi, uzaqlaşdı həyatdan, onda bu istiqanlı pişiyin nə qədər gizlin, anlaşılmaz olduğunu hiss edə bilirdim). Ancaq o, məni başa düşmürdü. Ya da istəmirdi. Daha ciddi nələrisə düşünürdü. Və istədiyi də heç bu yaxınlarda yoxuydu. Xəyallarını gözlərindən oxumağa çalışırdım. O, elə bil, heç kəsi sevə bilməyəcəkdi. Baxışı elə kövrək idi ki, toxunsan parçalanıb çilik- çilik olacaqdı. Bu təbəssümü qoruyub isitməyə çalışırdım ürəyimdə. Ancaq onun əməlləri və heç vaxt gerçəkləşməyən sədaqəti( bu, mənə belə görünürdü, bəlkə də) gözünün, könlünün, bədənin, ehtirasının doymayacağından xəbər verirdi. Ona görə, çətin ki, kimisə sevərdi. Ona oynaş lazım idi. Mənsə bacarmırdım, onu dəyişmək istəyirdim. Ancaq bunu heç vaxt eləmədim. Və bəlkə edə də bilməzdim. Çünki mənə çəkici görünən onun özüm üçün yad, anlaşılmaz hesab etdiyim tərəfləriydi. Bu maneəni dəf eləsəm, əlbəttə, onu elə o andaca tərk edəcəkdim.
Mənə xoş bir xatirə olaraq qalması üçün onu ilk məhəbbət olaraq lazımsız bir həyat dəftərçəsinə yazdım və ondan uzaqlaşdım. Bir yeniyetmənin təzəcə kəşf elədiyi bir qadına - füsunkar, ofsunlu bir kinoulduza aşiq olmasından fərqli bir şey yaşamamışdım. Çünki Almaza da rəsmən fahişə demək, olduqca çətin idi. İyirmi iki yaşımda ilk dəfə aşiq olmuşdum və platonik bir anlaşmazlıq olmadığından bu məsələni rahatca həll etdim. Əlbəttə, onunla yaxın münasibətim də bu işdə xeyli rol oynadı. Və ondan sonra bütün sarı hörüklər( əslində, bu saçlar heç də sarı deyildi, açıq- qara deyə biləcəyimiz sadəlövh, tez- tez görə biləcəyimiz saç rəngidir, ancaq yığlmış, bir- birinə sıx və kip şəkildə sarınmış bu saçlar açıq- sarımtıl bir xoşbəxtliklə xəyali mənliyimə meydan oxuyurdu) mənə anlamsız gəldi. Diksindiyimi deyə bilmərəm, ancaq bununla bağlı, sanki, bir müdafiə işi təhvil vermişdim və bu iş bütünlükdə mənimçün həll olmuşdu. Qaranlıq bir şey qalmamışdı. Solğun, tozlu- torpaqlı saçlarla sarı hörüklər arasında heç bir fərq ola bilməzdi. Halbuki, əvvəllər belə deyildi.
İndi neçə yaşım olduğunu dəqiq bilmirəm. Yəni, iyirmi yeddi, otuz, hətta qırx beş də deyə bilərəm. Ancaq bir az qocalmışam. Həmin hadisə, həmin qadın və məhəbbət nə qədər cavan görünür, o qədər yaşlandığımı hiss edirəm... Aleksandr hələ də mənim dostumdur. Ancaq o heç yaşlanmır, həmişəyaşıl ağaclar kimi gözlərini əbədiyyətə zilləyib( ya da belə olduğunu zənn edir). Və çox tərs adamdır. Film haqqında isə ağlıma real ola biləcək heç nə gəlmir. Ancaq bu yalan deyil. Yenə də, onu deməliyəm ki, məncə, belə bir film yoxdur. Və bu ad, yəni Aleksandr yunan adına bənzəyir. Bunu ilk dəfədir düşünürəm, açığı.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2014.- 21 oktyabr.- S.8.