"Mərasimlərlə bağlı bizdə
artıq Naxçıvan nümunəsi var"
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayevanın "525"ə müsahibəsi
- Leyla xanım, sizin iştirakınızla
hazırlanan "Milli
kulinariya mədəniyyəti
haqqında" qanun layihəsi nə yerdədir, o, hansı zərurətdən irəli
gəldi və orada daha çox
hansı məsələlər
nəzərdə tutulur?
- Hər şeydən əvvəl vurğulamaq istərdim ki, möhtərəm cənab
Prezident İlham Əliyev də çıxışlarında bu
məsələyə toxunmuş,
sağlam qida, ərzaq, mətbəx mədəniyyətinin mühümlüyünü
vurğulamışdı. Bu
da təsadüfi deyil. İnsan amili,onun səhhəti,
qidalanması, ərzaq
təhlükəsizliyi bu
gün bütün inkişaf etmiş ölkələrdə dövlət
və cəmiyyətin
ən mühüm,diqqət
mərkəzində olan
bir problemidir. İdeya və layihə müəllifi olduğum
"Milli mətbəx
mədəniyyəti ("Kulinariya
haqqında") haqqında"
qanun layihəsi artıq hazırdır və həmin sənəd üzvü olduğum Mədəniyyət
komitəsinə hələ
ötən sessiyada təqdim olunub. Bildiyiniz kimi, bu yaxınlarda
komitəmizin payız
sessiyasında ilk iclası
da keçirildi.
İclasda iş planı müzakirə edildi və komitə sədri Nizami müəllimin təklifi ilə bu layihə iş planına salındı.
Başqa sözlə, payız sessiyasının ərzində
layihə Mədəniyyət
komitəsində müzakirə
ediləcək.
Bundan sonra isə plenar iclasda baxılması üçün
yəqin ki,tövsiyə
olunacaq. Qeyd edim ki, layihə həmkarlarım
tərəfindən müsbət
qiymətləndirilib. Eyni zamanda Milli Məclis
Aparatının ekspertləri,
Sosial qanunvericilik şöbəsi də layihə haqda yaxşı fikirlərdədirlər.
Hesab edirəm ki, uğurlu bir təşəbbüs olacaq.
Məsələ bundadır ki, hələ "Mədəniyyət
haqqında" qanun qəbul edərkən belə bir təşəbbüslə
çıxış etdim
ki, bizim milli mətbəx mədəniyyətimiz də
bizim mədəni irsimizin tərkib hissəsi kimi qəbul olunsun. Necə ki,
mədəniyyətin ayrı-ayrı
sahələri olan xalçaçılıq, muğam,
folklor nümunələri
haqqında fərdi-sahəvi
qanunlar mövcuddur.
Bu təklif qəbul
edildi və belə bir maddə
artıq bu qanunda öz əksini tapıb. Bu gün mətbəx
nümunələri Azərbaycan
mədəniyyətinin bir
ayrılmaz hissəsi kimi qanunvericiliyə görə qorunmaqda və təbliğ olunmaqdadır.
Təbii ki, belə olan
halda bu sahəni daha detallı tənzim edən qanuna ehtiyac yarandı ki, bu fikri
səsləndirdik və
komitə rəhbərliyi
bu təklifimizi müsbət qarşıladı. Bu layihəni hazırlamaq da mənə tapşırıldı. Mətbəxt mədəniyyəti eyni zamanda, hər bir xalq haqda
çox önəmli
məlumat mənbəyidir.
Məsələn, onun
köçəri və
ya oturaq həyat sürməsi,əkinçilik və
ya maldarlıqla daha çox məşğul olması,həyat
tərzi,yaşadığı coğrafiya,dünyagörüşü və sair haqda
məlumatları öyrənmək
olar. Axı, qida insanın
təbii və ilkin ehtiyacıdır.
Bu baxımdan, hər
bir xalq bu ehtiyacını necə, nə formada, hansı coğrafi arealda ödəyib-bunlar mühüm
tarixi məsələlərdir. Məsələn,
Oqtay Əfəndiyevin
"Azərbaycan Səfəvilər
dövləti" monoqrafiyasında
belə bir qeyd var ki,
ingilis səyyah Cekinson bizim bölgədə olanda bəylərbəyi tərəfindən
ona qonaqlıq verilir və 100-dən çox ərzaq, yemək olur süfrədə. Və o yeməklərin
bəzilərinin adları
da sayılır.
Bunlar hamısı bizim mətbəxdir. Amma bu gün bədnam
erməni qonşularımız
onları öz adına çıxır
və bildirir ki,bu, bizimdir.Yəni,
bu bölgədə olan mətbəx bizə aiddir, deməli, bura da bizimdir.Amma bu mətbəx tarixinə aid bir qeyd göstərir ki, onlar tamamilə
yanılırlar. Unutmayaq
ki, bu gün
elm mətbəx mədəniyyəti
vasitəsilə xalqları,onların həyat tərzini, tarixini öyrənir. Buna görə də biz hesab edirik ki,
milli mətbəx mədəniyyəti etnoqrafiya
hadisəsi olub, Azərbaycanın tarixi ərazisində tarixən
və hazırda formalaşmış milli mətbəx nümunələri,
onların hazırlanması,
istifadəsi, xüsusiyyətləri,
mühafizəsi ilə
bağlı münasibətlər
məcmusudur. Bu qanunun qəbul edilməsində məqsəd
Azərbaycan mədəniyyətinin
tərkib hissəsi olan milli mətbəx
mədəniyyətinin qorunub
saxlanılması, öyrənilməsi,
təbliği və inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri
tənzimləməkdir.
Bundan başqa,
qanun Azərbaycanın
tarixi ərazisində
tarixən və hazırda formalaşmış
milli mətbəx mədəniyyətinə şamil
edilir. Eyni zamanda qanuna görə, milli mətbəx nümunələrinin
Mədəni İrs Nümunələrinə aid edilməsi
pasportlaşma qaydası
ilə və dövlət reyestrində
qeydiyyat vasitəsi ilə həyata keçirilir.
Sənəddə milli mətbəxin təbliğini təmin edən tədbirlərin görülməsi, müvafiq
sahədə peşəkar
kadrların hazırlanması
və sair də nəzərdə tutulur. Burada həm də
müəyyən, hətta,
çox böyük maliyyə məsələləri
də var. Yəni, hansı yeməyin hansı millətə, ölkəyə məxsusluğu
həm də bazar iqtisadiyyatı prizmasından, müəllif
hüquqları nəzərindən
də mühümdür.
Məsələn, krovasan bulkaları
ilə bağlı onilliklər sürən beynəlxalq məhkəmə
prosesləri olub.
Milyonlarla dollar bu zaman
məhkəmə xərcləri
çəkilib. Bir çox
Avropa ölkəsi bu şirniyyata iddia etsə də, məhkəmə qərarı onu Fransaya aid edib. Bu gün bu adla məhsulu xüsusi lisenziya almadan buraxmaq mümkün deyil. Eyni hal konyak alkoqollu
içkisinə də
aiddir. Yəni, bu artıq
brendə, markaya çevrilib. Məşhur ingilis, italyan, fransız pendir növləri ilə bağlı da oxşar proseslər gedib.Xüsusən də elmi yanaşmanı qeyd etmək istərdim. Yəni, bu qanun qəbul edilərsə, milli mətbəximiz elmi araşdırmaların
predmeti olacaq. Ərzaq təhlükəsizliyi,
kadrların hazırlanması
kimi məsələlər
də ola
bilər. Bir sözlə, bu
hələlik ilkin layihədir, yəqin ki, xeyli əlavələr
olacaq, həmçinin,
komitə iclaslarında
yeni təklif və iradlar olacaq, o cümlədən,
mütəxəssislər də
bu müzakirələrdə
iştirak edərək
fikirlərini söyləyəcəklər.
-Son zamanlar yenidən toy və yas mərasimləri
ilə bağlı qanunun qəbulu məsələsi gündəmə
gəlib. Bunun tərəfdarları və
əleyhdarları da az deyil.
Sizcə,
bu yöndə qanunun qəbuluna ehtiyac varmı?
-Bu, kifayət qədər incə məsələdir. Ancaq məncə, Milli Məclis tərəfindən belə bir qanunun qəbuluna ehtiyac yoxdur. Düzdür, bəzi ölkələrdə bu var. Bildiyimə görə, "Mərasimlər (rituallar) haqqında" qanun Tacikistanda olmalıdır. Orada hətta, mərasimlərdə verilən qidalara qədər göstərilir. Amma hesab edirəm ki, bizdə buna ehtiyac ən azından hələ ki, yoxdur. Maksimum, məsələn, bir variant kimi Nazirlər Kabinetinin "Yas mərasimlərinin keçirilməsi ilə bağlı" müvafiq qərarı ola bilər. Amma qanunun qəbulu xüsusi prosedur tələb edir, qanunvericilik sistemində xeyli dəyişikliklərə səbəb olur. Qanun ali hüquqi qüvvəyə malik bir normativ aktdır. Onun qəbul edilməsi halında hüquqi məsuliyyət məsələsi gündəmə gələcək. Yəni, qanunun tələblərini pozan şəxsə hansı hüquqi sanksiyalar tətbiq edilməlidir? Buna ehtiyac varmı? Cəmiyyət buna hazırdırmı? Biz bu halda yəqin ki, belə bir qaydanın pozulmasını İnzibati Xətalar Məcəlləsinə salmalı olacağıq. Bu isə hər halda çox ciddi sanksiyadır. Məncə,buna ehtiyac yoxdur. Ən azından indi. Başqa variantlar lazımdır. Əsas da maarifçilik. İndi daha çox şəxsi nümunə,maarifçilik önə çıxmalıdır. Çünki bu çox həssas məsələdir.
- Ümumiyyətlə, bir millət vəkili, bir ziyalı, bir vətəndaş kimi toy və yas mərasimlərinin mövcud vəziyyəti Sizi qane edirmi, etmirsə niyə?
- Bizim bayrağımız bizim simvolumuzdur. Bayrağımızda hər rəngin də bir mənası, simvolikası var. Bu baxımdan, bu məsələyə baxmaq olar. Biz dünyəvi, sekulyar ölkə olsaq da, mənsubiyyət baxımından İslam, müsəlman ölkəsi sayılırıq. Amma baxaq görək bu qədər isrfçılıq İslamda varmı? Əksinə, peyğəmbərimizdən səhih hədislər var ki, israf günahdır. Peyğəmbərimizin özünün övladları rəhmətə gedəndə 3 gün ancaq yas saxlanarmış. Biz həm də Türk dünyasında yaşayırıq. Türk dünyasında da belə israf, dəbdəbə yoxdur. Türkiyədə, Orta Asiyada, Şimali Kiprdə bu mərasimlər çox sadə keçirilir. Sivil dünyada da eynilə. Məsələn, Qərbdə insanlar toplaşır, vəfat edəni yad edir, sanki kiçik bir iclas keçirirlər. Onun haqda xatirələrini danışırlar. Yəni, göründüyü kimi heç bir ölkədə belə israfçılıq yoxdur. Odur ki,biz gərək bu məsələdə mütləq sadə mərasim keçirək. Buna keçmək çətin olsa da, yəqin ki, zamanla bu reallaşacaq. Bizdə artıq Naxçıvan nümunəsi var.
- Siz Mədəniyyət komitəsinin üzvü kimi daha hansı qanunların qəbulunu vacib hesab edirsiniz?
- Əslində qanunvericilik prosesinin mahiyyətinə baxmaq lazımdır. Qanunlar necə və niyə qəbul edilir? Qanunun əsas vəzifəsi mövcud ictimai münasibətləri tənzim etməkdir. Yəni, münasibətlər cəmiyyətdə olmalıdır ki, onlar da hüquqla tənzim edilsin. Bu baxımdan hesab edirəm ki, mədəniyyət sahəsində əsas qanunlar qəbul edilib. Azərbaycan parlamenti, onun Mədəniyyət komitəsi də bu sahədəki ictimai münasibətlərin hüquqi cəhətdən tənzimlənməsinə öz töhfələrini verir. Biz istər keçən sessiyada, istərsə də 4-cü çağırış olmaqla hesab edirəm ki, kifayət qədər səmərəli işləmişik. Biz bu sferanın "ana yasası, ana qanun"u , Konstitusiyası olan "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının qanununu yenidən işləyərək parlamentə təqdim edib və o maraqlı və intensiv müzakirələrdən sonra qəbul olunub. Bu qanunda əsas prinsiplər, məsələlər öz əksini tapıb. Düşünürəm ki, biz bu qanunla fəxr edə bilərik. Digər qanunlara gəlincə isə, bu, zaman məsələsidir. Mövcud ictimai münasibətlərə, onların xarakterinə baxmaq lazımdır.
Tələbat olduqca, bu məsələlər
gündəmə gələ bilər.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2014.- 21 oktyabr.- S.4.