Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yerirolu

 

 

(Əvvəli ötən sayımızda)

Gəncənin ən qədim abidələrindən olan Alban məbədi M.A.Abbaszadə küçəsində yerləşir. Məbəd düzbucaqlı formasındadır dörd otaqdan ibarətdir. Hasarı möhrədən, dam örtüyü kərpicdəndir. Üzərindəki qüllənin üstü şişuclu daş formasındadır. Fasadın üstündə azca irəli çıxan dörd dekorativ sütun onu dörd yerə bölür. Məbəddə bir baş qapı iki pəncərə vardır. Tağlı baş qapının üstündə qədim əlifba yazıları ilə yazılar yazılıb. Vaxtı ilə ibadət salonuna girən qapının üstündə yazılar olub, lakin yazılar təmir zamanı silinib. İbadət salonunun mehrabı da təmir zamanı səhnənin altında qalıb. Vaxtilə məbəddə üstü yazılı sal daşlar da olub. Məbəddə köməkçi otaqlar da var. Hal-hazırda məbəddə Gəncə Dövlət Kamera Orkestri fəaliyyət göstərir.

Gəncədəki Rus-Provoslav kilsəsi 1887-ci ildə qırmızı kərpicdən inşa edilib. Bu kilsə inşa edilən ildən hal-hazıradək xristian ruhanilərinə qulluq edir. Abidə yerli əhəmiyyətlidir.

Məşhur Gəncə Darvazaları da şəhərin simvollarından hesab olunub.

Gəncənin bir şəhər kimi daha çox məşhurlaşdığı dövr Şəddadilərin hakimiyyəti illərinə təsadüf edir. Şəddadilər sülaləsindən olan Əbüləsvər Şavur (1049-1069) Gəncənin müdafiəsinin möhkəmləndirilməsi məqsədilə onun ətrafına hasar xəndəklər, möhkəm qala divarları çəkdirir iki qapılı dəmir darvaza qoydurur. 1063-cü ildə Gəncənin məşhur dəmir qapılarının müəllifi dəmirçi İbrahim İbn Osmandır. 1139-cu ildə dəhşətli zəlzələ nəticəsində Gəncə şəhəri dağılır, şəhər tam müdafiəsiz qalır. Bundan istifadə edən gürcü çarı I Demetri hücum edərək, əslində heç bir müqavimətə rast gəlmədən şəhəri qarət edir. Geri qayıdarkən Gəncə darvazasını da özüylə Kutaisi yaxınlığındakı Gelati monastrına aparır. Qapıların bir tayı hal-hazırda monastrın həyətində IV Davidin qəbri qarşısında divara bərkidilmişdir. Darvazanın digər tayının aqibəti haqqında isə müxtəlif mənbələrdə müxtəlif fikirlər söylənilir. Qədim darvazanın bərpası haqqında uzun əsrlər söhbət gedib. 2007-ci ilin 19 sentyabrında şəhərin Gəncə-Bakı magistral yolunun üstündə XI əsrdə mövcud olan Gəncə darvazası bərpa olundu. Gəncə darvazasının hündürlüyü 20 metrdir. Darvaza üzərində Gəncə şəhərinin emblemi vardır. Rəmzi Gəncə darvazasının müəllifi memar Məmməd İbrahimovdur. Rəmzi Gəncə darvazası müəllifin memar təxəyyülünün nəticəsidir.

Gəncənin qədim dini ibadətgahlarından biri də VIII əsrdə tikilən Mövlana İbrahim türbəsidir. (Hicri təqvimi ilə 120-ci il) Həmin tarix türbədəki bir kitabənin üzərində yazılıb: "Odur əbədi. Bu şərəfli cənnət bağçası 120 il babasının - ona salam olsun - hicrətindən sonra vəfat etmiş, İmam Məhəmməd Bağır oğlu - ona salam olsun - Mövlana İbrahimin türbəsidir". Hazırda dini mərasimlər keçirilməsi üçün istifadə olunur. İmamzadə türbəsi həmçinin müsəlmanların mötəbər və müqəddəs bir ziyarətgah yeri kimi məşhurdur. 2010-cu ildən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə burada yenidənqurma, təmir-bərpa, ətrafın abadlaşdırılması işləri aparılıb.

Hazırda Azərbaycan Aqrar Universitetinin baş binası Gəncənin məşhur abidələrindən birində 1897-ci ildə tikilib. Bina tikilərkən burada Duma adlandırılan "Zemstvo" idarəsi yerləşib. 1908-ci il-də Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Demokratik Cümhuriyyəti bu binada fəaliyyət göstərib. Vaxtilə  bu binada parlament iclasları keçirilib. Binanın yaxınlığında qədim tarix-memarlıq üslubunda tikilmiş digər bir binada isə Azərbaycan Xalq Demokratik Cümhuriyyətinin muzeyi fəaliyyət göstərir.

Gəncə qalası şəhərin adı ilə paralel çəkmlən tarixi abidələrdən sayılır. XVI əsrin II yarısında Osmanlı və Səfəvi imperiyaları arasında baş vermiş amansız müharibələr Gəncə vilayətini döyüş meydanına çevirmişdi. Belə olan təqdirdə Səfəvi qoşunlarına qarşı uğurlu hərbi əməliyyat aparmaq və gedən döyüşlərdə təşəbbüsü ələ almaq üçün Osmanlı qoşunlarının güclü istehkamları olan möhkəm qalanın tikintisinə ehtiyac var idi. Elə bu məqsədlə də 1588-ci ildə Qafqazdakı türk qoşununun komandanı Fərhad Paşa Sultan III Muradın xüsusi sərəncamına əsasən Gəncənin qədim mərkəzindən 7-8 km aralıda yeni qalanın inşası ilə bağlı əmr verir.

Qalanın tikintisi zamanı əsasən gil-palçıq və yerli çay daşlarından istifadə olunub. Gəncə Qalasının ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m olub. Onun cənub-qərb, şimal-qərb və şimal-şərq divarları, xüsusilə möhkəm tikilib. XVI əsrin sonu, XVII əsrin əvvəllərində Gəncə şəhəri dörd hissədən Bayır şəhər, Şəhristan, İçqala və Narınqaladan ibarət idi. 1868-ci ildə Gəncə Qafqazın quberniya mərkəzinə çevrildikdən sonra şəhərin yeni baş planı tərtib olunur. 1873-cü ildə təsdiq olunmuş baş plana əsasən qala divarları sökülür, yerində Avropa sayağı məhəllələr salınır. Hazırda Gəncə Qalasının çox kiçik hissəsi Şirəlibəy bürcü bugünki nəsillərə yadigar qalmışdır. 2007-ci ilin bu qala divarında bərpa işləri aparılıb.

Gəncənin simvollarından hesab olunan Nizami Məqbərəsi hazırda da respublika əhalisinin və xarici qonaqların ziyarətgah yeridir. Dünya ədəbiyyatı korifeyi, azərbaycanlı İlyas Yusif oglu Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub, 1209-cu ildə Gəncədə vəfat etmiş, özünün məşhur "Xəmsə"sini yaradıb. O, azadlıq, sərbəstlik, müstəqillik və demokratiya ideyalarının yaradıcısı və carçısı kimi məşhurlaşıb. Onun qəbri üzərində türbə qədimdən tikilib. İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. 1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılıb. Hal-hazırkı məqbərə isə 1990-91-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilib. Mərkəzi xiyabanın uzunluğu 125 m, eni 40 m, məqbərənin hündürlüyü isə 20,9 m-dir. Məqbərə ətrafında şairin "Xəmsə"sinin rəmzi kimi 5 iri fəvvarə tikilib. Burada şairin "Xəmsə"sinə daxil olan əsərlərdən bəhs edən heykəltəraşlıq kompleksi var. Kompleksin müəllifi heykəltəraş Qorxmaz Sücəddinovdur.

Gəncədəki Çökək Hamam da maraqlı tarixi abidələrdəndir. 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Binanın tikintisində də yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilib. Bina gümbəzlidir. Ölkə əhəmiyyətli tarixi abidədir. Burda mömin müsəlmanlar pak olduqdan sonra məscidə daxil olub ibadətlə məşğul olublar. Çökək Hamamda hal-hazırda Dekorativ Tətbiqi Sənət Mərkəzi fəaliyyət göstərir.

Gəncə karvansarayları ilə də məşhurdur. Uğurlu Xan Karvansarayı feodal dövrünün ənənələrinə uyğun inşa edilmiş iki böyük həyəti olan kompleksdən ibarət idi. Cavad Xanın oğlu Uğurlu Xanın adı ilə bağlı olması fikri isə həqiqətə uyğun deyil. Çünki karvansara XVIII-XIX əsrin deyil, XVII əsrin abidəsidir. Eyni zamanda Cavad Xanın oğlu bəy yox, bütün xanzadələr kimi Ağa çağrılırdı. Ehtimal ki, bu karvansara 1663-64-cü illərdə Gəncə bəylərbəyi olmuş Murtuzaquluxan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu Xanın vəsaiti ilə tikilmiş və xan nəslinə mənsub olub. Bəylərbəyi kimi Uğurlu bəy xan adını hakim olduqdan sonra qəbul edib. Rus qoşunları Gəncəni tutduqdan sonra bütün xan mülkiyyəti kimi Karvansara müsadirə edilmiş və xəzinənin hesabına keçirilib. Karvansaranın I korpusunu Şərbaftlar (kəlağayi hazırlayanlar) icarəyə götürdükdən sonra xalq arasında Şərbatçı Karvansarası adı ilə çağrılmağa başlayıb.

Gəncədəki Şah Abbas Karvansarası XVII əsrdə yaşayıb, riyaziyyatçı, alim, memar Şeyx Bahəddin Məhəmməd Amilinin layihəsi əsasında Şərq memarlığı üslubunda tikilib. Tikintidə yumurta ağı ilə gil-əhəng qatışığından və bişmiş qırmızı kərpicdən istifadə olunub. Binada o dövrə xas olan qonaq otaqları ilə yanaşı qonaqların qoşqu heyvanlarının saxlanması üçün də yerlər ayrılıb. Qonaqları əyləndirmək üçün xüsusi musiqiçilər, aşbazlar dəstəsi və xidmətçilər buraya gələnlərə mədəni xidmət göstəriblər. Bina Şah Abbasın sifarişi ilə tikildiyindən Şah Abbas Karvansarası adlanıb. Karvansara XVII əsr Gəncəsində Şeyx Bahəddin tərəfindən tikilmiş tarix-memarlıq kompleksinə daxildir. Kompleksə daxil olan 2-ci bina Cümə Məscidi, 3-cü bina isə Çökək Hamamdır.

Cümə Məscidinin həyətində ucaldılmış Cavad xan məqbərəsi də Gəncəyə gələn qonaqların diqqətini cəlb edir. Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən məqbərənin 2005-ci il yanvar ayının 17-də məqbərənin açılış mərasimi olub. Azərbaycan xalqının igid oğlu, Milli Qəhrəman gəncəli Cavad Xan 1804-cü ildə yanvar ayının 3-dən 4-nə keçən gecə Çar Rusiyasının işğalçı ordusunun generalı Sisianova qarşı Gəncənin xilası yolunda qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıb. Cavad Xanla bərabər oğlu Hüseynqulu Ağa da qəhrəmancasına həlak olub. Cavad Xanın bayrağının üstündə olan emblem onun ruhuna hörmət, xalqımızın qəhrəmanlığının, əyilməzliyinin rəmzi kimi Gəncə şəhərinin emblemi kimi qəbul edilib.

Sevinc ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 22 oktyabr.- S.6.