Azərbaycan tarixinin
şeirlərlə cızılmış xəritəsi
İdrak Rəhimoğlunun nəfis
şəkildə nəşr
etdirdiyi "Azərbaycan
yurdum mənim" adlı şeirlər toplusunu vərəqləyərkən
diqqətimizi çəkən
bu misralar kitab haqqında söz açmaq üçün xeyli
material verir. Bu, müəllifin
Azərbaycan oxucusuna növbəti töhfəsidir.
Doğrudan da, kitabı
oxuduqca o, Azərbaycan
dərdlərinin, Azərbaycan
tarixinin bədii xəritəsini xatırladır.
Müəllifin "Azərbaycan yurdum
mənim" adıyla
oxuculara təqdim etdiyi bu topluda
ədəbiyyatımızın 32 görkəmli şairinin Azərbaycan haqqında
- onun taleyüklü məsələlərini
özündə əks
etdirən, türk millətinin bir parçası kimi şanlı və keşməkeşli tarixinə
nəzər salan ən populyar şeirləri yer alıb. Xüsusilə tərtibçinin burada önəm verdiyi əsas məsələ ədəbiyyatımızda
Cənubi Azərbaycanla
bağlı yazılımış
şeirləri bir araya gətirməkdir.
Xəlil
Rza Ulutürklə başlayan kitab Abbas Səhhət, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar,
Səməd Vurğun,
Süleyman Rüstəm,
Sabir Rüstəmxanlı,
Zəlimxan Yaqub, Əli Kərim, Əlağa Kürçaylı,
Söhrab Tahir, Mədinə Gülgün
və başqa tanınmış şairlərin
şeirləri ilə
davam edir. Təbii ki, kitabı vərəqlədikcə görürük
ki, bu şeirlərin
bəzilərini, bəlkə
də əksəriyyətini
bilirik, ya da haradasa eşitmişik.
Amma İdrak müəllimin belə ardıcıllıqla,
sistematik şəkildə
təqdim etdiyi bu şeirlərə indiki halda bir
daha nəzər yetirəndə tamam fərqli düşüncə,
yeni fikirlər ortaya çıxır.
Belə ki, Cənubi Azərbaycan mövzusunda yazılmış şeirlər çoxdur. Hətta elə şairlərimiz var ki, bu mövzu onların yaradıcılığının əsas xəttini təşkil edir. Tərtibçinin diqqət vediyi məqam da budur; o, bu mövzunun əsl müəlliflərini tapmış və onların həqiqətləri tarixə köçürən şeirlərini seçmişdir. Cənubi Azərbaycan məsələsi tək ayrılıq, həsrət, nisgil deyil, bu həm də bütövlükdə türk millətinin tarixi siması və siyasi müstəvidəki taleyi məsələsidir. Bu mənada, kitabdakı şeirlər bütövlükdə Azərbaycan tarixinin bədii sözlə çəkilmiş, obrazlı düşüncələrlə ərsəyə gətirilmiş xəritəsidir. Necə ki, Şahmar Əkbərzadə yazır:
Sui-qəsd ediblər şan-şərəfinə,
Edam olunubdur beş
hərfin də.
"Və" keçib Arazın o tərəfinə,
"Tən" qalıb Arazın bu tərəfində (s. 37)
Kitabın X.R.Ulutürkün "Davam
edir 37..." şeirilə
başlaması heç
də təsadüfi deyil. Bu da tərtibçinin
kitab üçün
mükəmməl ideyasıdır;
Azərbaycanın elə
bir tarixi, onun elə zəngin
torpağı var ki, bu dünya
durduqca onun düşmənləri də
var olacaqdır. Kitab boyu verilmiş sonrakı şeirlər də məhz bu ideyanın davamı sayıla bilər.
Topludakı şeirlər iki
istiqamətdə diqqəti
cəlb edir: birincisi, sırf cənub mövzusu ilə bağlı yazılmış şeirlər;
ikincisi, türk millətinin tarixi keçmişini, milli xarakterimizin simasını
əks etdirən şeirlər. Məsələn,
burada Məmməd Arazın ("Araz üstə çinar gördüm", "Sərhəd
çəpərləri", "Məndən ötdü, Qardaşıma dəydi"...),
Süleyman Rüstəmin
("Təbrizim", "Təbrizlilər",
"Təbrizli analar",
"Bəli, Cənubluyam"...)
cənub mövzusunda yazdığı şeirlərə
daha çox yer verilibsə, X.R.Ulutürk, B.Vahabzadə,
A.İldırımdan təqdim
edilmiş nümunələrdə
Azərbaycanın türk
millətinin bir parçası kimi tarixi keçmişindən
və bu günündən bəhs
edən şeirlər
yer almışdır.
Tərtib
olunmuş topluda həmçinin müəllifin
- İdrak Rəhimoğlunun
yazdığı "Üç
bayraq meydanı gözləyir bizi",
"Bəzz qalası",
"Təbrizim", "Orda
bir yol var"
kimi şeirlərinə
də rast gəlirik. Həmin şeirlərdə Vətən və yurd sevgisinə, Azərbaycanın birliyinə,
Qarabağ həsrətinə,
itirilmiş torpaqlarımızın
azad edilməsinə lirik boyalarla bir çağırış
öz əksini tapır. Müəllifin "Ön söz"də
qeyd etdiyi kimi, topluda bir
araya gələn şairlərimizin şeirləri
oxucuda vətənpərvərlik,
vətənə sevgi
ruhu aşılamaqla yanaşı, gəncliyimizin
maariflənməsində faydalı
mənbə sayıla
bilər.
Kitabda həmçinin
Azərbaycan ərazisində
mövcud olmuş Azərbaycan-türk dövlətləri,
zaman-zaman Avropanın və Asiyanın bütün tarixini yazmış Türk imperiyaları haqqında qısa məlumatlar verilib. Eyni zamanda maarifləndirmək
məqsədilə türk
dünyasının tarixi
ilə bərabər verilən xəritələr
vasitəsilə qədim
dövrlərdən bu
günə qədər
Azərbaycan dünyasının
coğrafiyası haqqında
da geniş məlumat almaq mümkündür.
Topluda qədim
türk dövlətlərinin
baniləri, böyük
türk sərkərdələri
haqqında qısa da olsa məlumat
verilib. Kitabın sonundakı iki məqalə olduqca maraqlıdır: "Ermənilər
və Ermənistan haqqında qısa xülasə", "Gürcüstan
ərazisindəki azərbaycanlıların
qısa tarixini bilmək maraqlı olardı" adlı yazılar da oxuculara maraqlı tarixi faktları çatdırmaqda dəyərli
mənbə rolunu oynayır.
Müəllifin də qeyd etdiyi
kimi, bu kitabın işıq üzü görməsində
əsas məqsəd də türk övladını, ümumən,
türk xalqlarını
birliyə çağırmaqdır. Xalq şairi S.Rüstəmxanlı
demişkən:
Özüm tarix meydanında
enə-enə,
Özgələri ucaltmağa haqqım
yoxdur! (s.80).
İnanırıq ki, İdrak Rəhimoğlunun əvəzolunmaz
əməyi ilə ərsəyə gəlmiş
"Azərbaycan yurdum
mənim" kitabı
oxucuların ürəyincə
olmaqla yanaşı, ədəbiyyatımıza da
öz dəyərli töhfəsini verəcək.
Məhəmməd MƏMMƏDOV
Bakı Dövlət Universitetinin
dosenti
525-ci qəzet.-
2014.- 23 oktyabr.- S.7.