Moskvadakı "Dəvriş teatrı"nın 5 yaşı
tamam olub
Rusiya paytaxtında 2009-cu ildə
açılmış Azərbaycan
teatrı artıq beş ildir
ki, özünün yüksək səviyyəli
tamaşaları ilə
Azərbaycan mədəniyyətini,
xalqımızın adət
və ənənələrini
fəal təbliğ edir. "Dəvriş
teatrı" Moskvadakı
"Jar-ptitsa" kukla
teatrı nəzdində
fəaliyyət göstərir.
Azərbaycanın Rusiyadakı səfirliyinin
diaspor və beynəlxalq hüquq məsələləri üzrə
müşaviri yubiley tədbirinə toplaşanları
səfir Polad Bülbüloğlunun adından
təbrik edərək
deyib ki, "Dəvriş teatrı"
öz fəaliyyəti
ilə Rusiya tamaşaçısını Azərbaycan
mədəniyyəti ilə
tanış edən fəal təbliğatçı
missiyasını doğruldur.
Teatrda öz işlərinə ürək yanğısı
ilə yanaşan aktyorlar yüksək ifaçılıq məharəti
nümayiş etdirirlər.
Ümumrusiya Azərbaycanlılar Konqresinin
icraçı direktoru
İlqar Hacıyev, Moskvadakı "Jar-ptitsa"
kukla teatrının direktoru Lyudmila Neruş, Moskva Satira teatrı
direktorunun müavini
Mark Qurviç və başqaları "Dəvriş
teatrı"nın bədii
rəhbəri, Azərbaycanın
Əməkdar Artisti Mərdan Feyzullayevi və teatrın yaradıcı kollektivini təbrik ediblər.
"Dəvriş teatrı"nın bədii rəhbəri qeyd edib ki, beş
il ərzində bu teatrın səhnəsində Azərbaycan
dramaturgiyasının inciləri
sayılan 6 əsər
tamaşaya qoyulub. Mərdan Feyzullayev teatrın fəaliyyətini daim dəstəkləyən Rusiyanın
Əməkdar İnşaatçısı
Əlizaman Rəhimova
və ÜAK-ın Moskva vilayəti üzrə nümayəndəliyinin
icraçı direktoru
Araz Mürsəliyevə
təşəkkürünü bildirib.
Mərdan Feyzullayev "Dəvriş teatrı"nı yaratmağın əsas məqsədini xatırladaraq qeyd edib ki, Rusiyada yaşayan həmvətənlərimiz xalqımızın mədəniyyətini, adət və ənənələrini, zəngin ədəbi irsini unutmamalı, bu dəyərləri Rusiya ictimaiyyətinin geniş təbəqələri arasında təbliğ etməlidirlər. "Dəvriş teatrı"nın bədii rəhbəri vurğulayıb ki, bu ilin dekabr ayında Azərbaycan dram teatrı sənəti tarixində ilk dəfə dünya şöhrətli "Leyli və Məcnun" əsərinin motivləri əsasında tamaşa hazırlamaq planlaşdırılır. O daha sonra bildirib ki, "Dəvriş teatrı" indiyə qədər həm Bakıda, həm də Rusiyanın Murmansk, Sankt-Peterburq, Ulyanovsk, Tver və başqa şəhərlərində qastrol səfərlərində olub.
Mərdan Feyzullayev sonda deyib: "Gələn il Sankt-Peterburqa qastrola gedəcəyik. Bundan əlavə, biz 2015-ci ildə Bolqarıstanda və Türkiyədə keçiriləcək iki beynəlxalq teatr festivalında da iştirak etməyi planlaşdırırıq".
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 23 oktyabr.- S.7.