"Azərbaycanda dünyaya nümunə
sayılacaq muxtariyyət nümunəsi mövcuddur"
ANAR İBRAHİMOV: "AVROPADA İQTİSADİ, MALİYYƏ VƏ SOSİAL SFERADA BAŞ VERƏN MƏNFİ TENDENSİYALAR ÖLKƏMİZDƏ APARILAN DÜŞÜNÜLMÜŞ İSLAHATLAR VASİTƏSİLƏ HEÇƏ ENDİRİLİB"
Ötən
həftə Avropa Şurasının (AŞ) Yerli və
Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasının
plenar iclasında "Ukraynada və qonşu ölkələrdə
baş verən separatçı gərginliklər"
adlı bəyanat layihəsi ətrafında müzakirələr
aparılıb. Müzakirələrdə iştirak etmək
üçün Azərbaycanın ədliyyə naziri Fikrət
Məmmədov, Ukraynanın regional inkişaf, quruculuq, mənzil
və bələdiyyə xidmətləri naziri Vyaçeslav
Neqoda, Moldovanın xarici işlər və Avropa quruculuğu
naziri Valeriu Çiveri, Kiyev şəhər Bələdiyyələr
Şurasının sədri və şəhər merinin
müavini Oleksi Reznikov, habelə Gürcüstanın regional
inkişaf və infrastruktur naziri Tengiz Şergelaşvili dəvət
olunublar. Konqresdəki müzakirələr, belçikalı
Mark Kulsun hazırladığı sənədə əlavələrin
edilməsi, Ermənistan nümayəndə heyətinin buna
etirazı və digər məsələlərlə
bağlı "525"in suallarını AŞ-nin Yerli və
Regional Hakimiyyətlər Konqresində Azərbaycanı təmsil
edən nümayəndə heyətinin rəhbəri,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
deputatı Anar İbrahimov cavablandırır.
- Anar
müəllim, Siz rəhbərlik etdiyiniz nümayəndə
heyəti ilə birlikdə ölkəmizi bu Konqresdə təmsil
edirsiniz. Əvvəlcə Konqresin fəaliyyəti barədə
məlumat vermənizi istərdim...
- Avropa
Şurasının Konqresinin tarixi
bir tərəfdən Şuranın daxilində ötən
əsrin 50-ci illərindən başlayaraq institusional dəyişikliklərin,
digər tərəfdən isə yerli və regional səviyyədə
vətəndaşların iştirakının
artırılması, xüsusən də Yerli azadlıqlar
haqda Avropa Xartiyasının qəbulundan sonra aktuallaşaraq
gündəmə gəlib. Həmin dövr üçün,
xüsusilə də II Dünya müharibəsindən yenicə
çıxmış Avropa bu sahədə də müəyyən
prinsiplərin və maraqların təmsil edilməsinə
siyasi istək nümayiş etdirərək AŞ PA-dan əlavə
Yerli və Regional hakimiyyətlər Konqresinin də qurumun məşvərətçi
orqanı kimi yaradılmasına nail ola
biliblər. İndiki halında Konqres 1994-cü
ildə fəaliyyətə başlayıb və bu ilk növbədə
1988-ci ildə AŞ-nın mühüm bir sənədi olan
Avropa yerli özünüidarəetmə xartiyasının qəbul
edilməsi və onun sonradan implementasiyası ilə
bağlı olub.
Konqres bir qədər əvvəl
qeyd etdiyim kimi, AŞ-nın konsultativ qurumu kimi Nazirlər Komitəsinin
və Parlament Assambleyasının qarşısında səlahiyyətlərinə
aid məsələlərdə yerli və regional hakimiyyətləri
təmsil edir, yuxarıdakı qurumlara tövsiyələrini təqdim
edir. Konqresin əsas hədəfləri qitədə
yerli və regional hakimiyyətlərin təmsilçiliyi, beynəlxalq
əməkdaşlığı, kooperasiyası, mədəni
əlaqələr və dialoq, transsərhəd əməkdaşlığın
inkişafı və bir sıra digər məsələlərlə
bağlı olsa da, əsas yük təbii ki, regionların və
özünüidarəetmə strukturlarının mənafelərinin
qitədə təmsil edilməsidir.
Düzdür,
son zamanlar AŞ-da və Konqresin özündə gedən
islahatlar bu vəzifələrin sayını artıraraq onlara
yerli və regional seçkilərin monitorinqini, yerli səviyyədə
insan hüquqlarının qorunması, vətəndaş
iştirakının təmin edilməsini əlavə edib, bu
da qurumun siyasi çəkisini artırıb. Digər
tərəfdən Konqres yuxarıda sözügedən yerli
özünüidarəetmə xartiyası əsasında
üzv-ölkələrdə daim monitorinq mexanizmi vasitəsilə
bu proseslərdə iştirak edir.
- Azərbaycan
nə zamandan bu Konqresdə nümayəndə heyəti ilə
təmsil olunur?
- Konqreslə Azərbaycanın əlaqələri hələ
ölkəmizin AŞ-na üzv olmamışdan əvvələ
təsadüf edir. 1999-cu ildə Azərbaycanda ilk bələdiyyə
seçkiləri keçirildiyi an ümummilli lider Heydər
Əliyevin dəvəti ilə Konqres bu seçkilərə
özünün müşahidə missiyasını göndərib.
Təbii ki, 2001-ci ildən artıq quruma üzv olandan
sonra bu əlaqələr sistemli xarakter alıb, elə
nümayəndə heyəti də həmin dövrdən təşkil
olunub. İlk dövrdə müşahidəçi qismində
iştirak olsa da, sonradan tam hüquqlu iştirak təmin edilib.
Konqres daxili quruluşuna görə bir sıra
xüsusiyyətlərə malikdir və burda həm yerli həm
də regional hakimiyyətlər təmsil olunduğu
üçün iki palata şəklində fəaliyyət
göstərir. Yerli Hakimiyyətlər Palatasında -bələdiyyələr,
Regionlar Palatasında isə qitənin regionları, muxtariyyətləri,
federal subyektlərinin təmsilçiliyi təmin edilir. Ümumi maraq doğuran məsələlərdə
hər iki palatanın birgə sessiyası olur. Bu baxımdan Konqresdə ölkəmizin bələdiyyələrinin
nümayəndələri Yerli Hakimiyyətlər
Palatasında, Azərbaycanda yeganə regional idarəetmə
subyekti kimi isə Naxçıvan Muxtar Respublikasının
parlamentinin nümayəndələri isə Regionlar Palatada təmsil
olunurlar. Təbii ki, seçkilər
zamanı nümayəndə heyətinin tərkibi yenilənir.
Bu zaman Konqresin tələblərinə
əsasən siyasi partiya, gender və coğrafi şərtlər
nəzərə alınmaqla müəyyən edilmiş
prosedur vasitəsi ilə təsdiq olunur. Nümayəndə
heyətinin say tərkibi isə Parlament Assambleyası ilə
eynidir, 6 əsas və bir o qədər də əvəzedici
üzvümüz var.
- Bu
günə kimi Konqresdə Azərbaycan nümayəndə heyətinin
iştirakı ilə hansı məsələlərin
müzakirəsi aparılıb, hansı qərarlar qəbul
olunub?
- Qeyd
etdiyim kimi Azərbaycan qurumda 10 ildən artıqdır ki, təmsil
olunub. Bu müddət ərzində yerli səviyyədə
keçirilən seçkilərdə Konqresin iştirakı
təmin olunub və deyə bilərəm ki, Konqres bələdiyyə
seçkilərini izləyən əsas institut kimi
çıxış edib. Digər tərəfdən
Konqres Azərbaycanla bağlı 4 monitorinq missiyasını həyata
keçirib. Sonuncu bu kimi tədbir 2012-ci ildə həyata
keçirilibə
Qaydaya əsasən
indi Konqres ölkəmizdə post-monitorinq missiyasını həyat
keçirir ki, bu da əvvəlki müzakirələrdə qəbul
olunan tövsiyələrin implementasiyası ilə
bağlıdır. Və təbii ki, bu
müzakirələr qurumdakı Azərbaycan nümayəndə
heyətinin fəal iştirakı ilə gedir. Digər tərəfdən qurumun baxış
acısının geniş olması, digər məsələləri
də, xüsusən qitədə ümumi maraq doğuran məsələlərin
müzakirəsində də nümayəndə heyətinin
üzvləri iştirakını labüd edir. Burada iki məqam var, birincisi mövqeyimizin bildirilməsidirsə,
digər tərəfi qazandığımız təcrübə
baxımından vacibdir.
Bu gün Avropanı
narahat edən bir sıra məsələlər var ki, Konqresin
gündəliyində prioritet hesab olunur. Onlardan
subsidiarlıq, səlahiyyətlərin bölünməsi və
aşağı idarəetmə strukturlarına
ötürülməsi, xüsusi statuslu regionların vəziyyəti
və bu sahədə təcrübə, vətəndaşların
iştirakının təmin edilməsi, elektron hökumət
və bir çox digər məsələlər var ki, bunlar
bizim dövlətimiz üçün də aktualdır.
Son vaxtlar dünyada baş verən iqtisadi
böhran və onun yaratdığı fəsadlar xüsusi
müzakirə edilir. Və deyə bilərəm
ki, heç də bütün məsələlərdə biz
öyrənci rolunla qalmırıq. Əksinə elə
iqstisadi artım və dinamik inkişafın fonunda Azərbaycan
dövlətinin tərəfindən regionların
inkişafına yönələn strategiyası, yoxsulluğun
kəskin azaldılması, işsizliyin, xüsusən də gənclər
arasında bu halın azalması, regionlara yönəldilən
investisiyaların ilbəil artması, yerlərdə
infrastrukturun yenilənməsi şübhəsiz bizi fərqləndirən
müsbət amillərdəndir.
Faktiki olaraq, Avropada iqtisadi, maliyyə və bunun nəticəsi
olaraq sosial sferada baş verən mənfi tendensiyalar ölkəmizdə
aparılan düşünülmüş islahatlar vasitəsilə
heçə endirilib.
Tədricən yerliözünüidarəetmə
strukturlarının səlahiyyətlərinin
artırılması isə strateji hədəf kimi qəbul
olunub. Digər tərəfdən Azərbaycanda Avropaya
nümunə sayıla biləcək muxtariyyət nümunəsi
mövcuddur. Bunu təkcə biz yox, Avropa
Şurasının Konqresi də qəbul edir. Elə keçən ilin oktyabrında Avropanın
xüsusi statusa malik ərazilər adlı sənədi
hazırlanarkən Azərbaycanla bağlı Naxçıvan
Muxtar Respublikasının statusu və praktikası müsbət
təcrübə kimi qurumun sənədlərində göstərilib.
Bütün bunların hamısı təbii ki,
ölkəmizdə aparılan düzgün siyasətin nəticəsi
olmaqla bərabər, mükəmməl siyasi sistemin təşəkkül
tapmasının göstəricisidir.
- Konqresin
ötən həftə keçirilən 27-ci
sessiyasının plenar iclasında "Ukraynada və qonşu
ölkələrdə baş verən separatçı gərginliklər"
adlı bəyannamə layihəsi ətrafında müzakirələr
aparılıb. Azərbaycan nümayəndə
heyəti də həmin müzakirələrdə iştirak edib.
Bu barədə bir qədər ətraflı məlumat
verə bilərsinizmi?
- Ukraynada
yaranan böhran və onun nəticələri bundan əvvəlki
sessiyalarda, müxtəlif komitələrdə müzakirə
olunub. Bu təbiidir, xüsusən də məsələnin
yerli və regional aspektləri nəzərə alınarsa.
Bu dəfəki müzakirələrin və bəyannamənin
bir xüsusiyyəti var idi, o da Ukraynadakı baş verən
hadisələrin digər üzv-dövlətlərdəki vəziyyətlə
əlaqəli müzakirəsi idi.
Son dövrlər
xüsusən də AŞ-da aydın bir tendensiya izlənir.
Qurum məcburdur ki, problemlərə qiymət
verərkən ümumi dəyərlərdən və prinsiplərdən
çıxış etsin. Konqresdə də
bu müşahidə olunmaqdadır. Hətta
deyərdim ki, bu bizim gözləntilərimizə tam cavab
verir.
Budəfəki sessiyaya Ukraynadan başqa
separatçılıqla üzləşən, xüsusən
də aqressiv separatçılıqdan əziyyət çəkən,
əraziləri işğal olunan və nəzarətdən kənar
olan postsovet dövlətlərinin rəsmi nümayəndələr
iştirak edirdi. Ölkəmizin mövqeyini hökumət
adından ədliyyə naziri təmsil edirdi. Faktiki olaraq, Azərbaycan sənəddə adı gedən
ölkələrdən daha çox və nəticələri
daha ağır sayıla biləcək aqressiv
separatçılıqla və işğal faktoru ilə
qarşılaşıb. Bundan fərqli
olaraq, erməni tərəfi etnik təmizlənmə siyasəti
həyata keçirib ki, bu da hərbi cinayət olmaqla
işğal olunmuş ərazilərdə insan
hüquqlarının kütləvi şəkildə
pozulması ilə nəticələnib. Öz
növbəmizdə nümayəndə heyəti də
müzakirələrdə fəal iştirak edərək
ümumi prinsiplər əsasında münaqişələrə
qiymət verilməsini, işğal faktorunun regional və yerli
demokratiyaya əsas maneə, insan hüquqlarına isə zərbə
olduğunu və sair məqamları çatdırmağa
çalışırdıq. Onu da deyim
ki, bu təkcə sözügedən məsələnin
müzakirəsi zamanı yox, daim aparılır, kluarlarda və
görüşlərimizdə həmkarlarımıza bu haqda
məlumat verilir.
- Mətbuatdan o da məlumdur ki, əvvəlcədən Konqres bu sənədin müzakirələrinə separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldovanın təmsilçilərini dəvət etsə də, daha sonra bu müzakirələrə Konqresin sessiyasında çıxış etmiş Azərbaycanın ədliyyə nazirini də dəvət edib, Azərbaycanın da separatçılığa məruz qaldığını qeyd edib. Sizcə Konqres nəyə görə, lap əvvəlcədən deyil, məhz sonradan Azərbaycanın da təmsilçilərini müzakirələrə dəvət edib?
- Təəssüf ki, Azərbaycan bəzi hallarda ikili standartlar və hətta qərəzçiliklə rastlaşır. Bu bizim üçün yeni deyil və müxtəlif platformalarda bu kimi hallara rast gəlirik. Sözügedən sənədin ilk müzakirəsi hələ bu ilin iyun ayında Kişinyovda keçirilən Konqresin Monitorinq Komitəsinin iclasında qaldırılıb. O zaman da bəzi qüvvələr Azərbaycanın adının sənədə salınmasını, müzakirələrə qatılmasını istəməyib.
Bunu səbəbi isə məlumdur. İstənilən halda bu məsələdə Azərbaycan daha çox separatçılığa, xüsusən də onun ağır forması olan aqressiv, hərbi separatçılığa məruz qalıb. Və onlar bilirdilər ki, beynəlxalq hüquq, ədalət Azərbaycanın tərəfindədir. Ona görə məsələnin üzərindən sükutla keçməyi düşünüblər. Amma bu gün Azərbaycan dövlətinin səsini eşitməmək olmaz, artıq nə zaman o zamandır, nə də dövlətimizin çəkisi 90-cı illərin əvvəllərində olduğu kimidir. Bu prinsipiallığın nəticəsi olaraq, Azərbaycan tərəfi də müzakirələrdə son anda dəvət olunub.
- Konqresin belçikalı üzvü Mark Kulsun hazırladığı sənədin müzakirələrində Azərbaycanın Konqresdəki nümayəndə heyətinin üzvləri, digər xarici həmkarları ilə birgə sənədin 6-cı paraqrafına əlavə irəli sürüblər və bu, qəbul olunub. Zəhmət olmasa bu barədə bir qədər ətraflı məlumat verərdiniz. Sözügedən sənəd konkret nəyi nəzərdə tuturdu və Azərbaycan tərəfi hansı əlavələrin ora edilməsini vacib sayıb?
- Bu paraqrafa həmkarlarımızla birlikdə bir düzəliş etmək üçün yazılı sənəd tərtib edərək müzakirəyə çıxarmışdıq. Sənəddə deyilirdi ki, olan ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas prinsipləri separatçı hallarla məruz qalan üzv-dövlətlərindəki münaqişələr üçün dinc yolla həll edilməsinin əsas prinsipidir.
Sənədin bu formada qəbulu özü özlüyündə müsbətdir. Çünki bir çox hallarda separatçılığa meyl edənlər və onların xaricdəki havadarları beynəlxalq hüquqda ərazi bütövlüyü, suverenliklə bərabər xalqların öz müqəddəratının həlli kimi prinsipin olmasından da sui-istifadə etməyə çalışırlar. Fikir verirsinizsə, sənəddə öz müqəddəratını həll etmə prinsipinə toxunulmayıb, bu isə mühüm amildir. Çünki son zamanlar elə Avropanın özündə baş verən hadisələr bu məsələnin necə həssas olduğunu göstərməklə, bir növ reallıq hissini itirməkdə olan qüvvələrə də bir siqnal idi. Digər tərəfdən, sənəddə ümumi prinsiplərdən söhbət gedir ki, bu da ikili yanaşmanı qəbul etmir. Yəni, münaqişələr yalnız eyni prinsiplər, ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı şərti ilə dinc yolla həll edilə bilər.
- Əlavədəki "dövlətlərin" sözü əvəzinə konkret olaraq Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanın adının salınmasına Ermənistan nümayəndə heyəti üzvlərinin reaksiyası necə oldu?
- Bəli son anda şifahi düzəlişlə "üzv-dövlətlər" ifadəsini daha da konkret göstərməyi təklif etdik və Azərbaycanın da adı olan 4 ölkənin qeyd olunmasını təklif etdik. Əslində bu təbii idi, çünki müzakirələrin forması və mahiyyəti, iştirakçıları da məhz bu ölkələrdən idi. Əslində erməni nümayəndə heyəti bundan əvvəlki ifadəyə, yəni ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipinə də etiraz etdi. Onların bu reaksiyası gözlənilirdi. Təkcə nümayəndələri deyil, onların AŞ yanında daimi nümayəndəsi də hər vəchlə sənədin qəbul olunmamasına çalışırdı. Hətta bu barədə Konqresin Bürosuna məktub da göndərmişdi. Amma reallıq və Azərbaycan dövlətinin artan nüfuzu bütün bu cəhdləri heçə endirdi. Onlar özləri də bunu hiss etdilər. Məsələ səsə qoyuldu və böyük səs çoxluğu ilə qəbul olundu.
Alpər İSMAYIL
525-ci qəzet.- 2014.- 23 oktyabr.- S.4.