Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu

 

 

(Əvvəli ötən sayımızda)

 

Gəncə təkcə tarixi-mədəni abidələrinə görə yox, həm də Azərbaycan elminə, incəsənətinə, ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə məşhurdur. 

Dəyərli ziyalı, ədəbiyyatşünas Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) 23 iyul 1883-cü ildə Gəncədə doğulub, ilk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində alıb, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənib. Çox gənc yaşda - 1889-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlayıb. İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunub. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam edib.

O, Qafqazın müxtəlif mətbuat orqanlarına A.Sur, Məhəmmədzadə, Qafqasiyalı, A.Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazıb. "Şərqi-Rus" bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirir, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır.

Çağdaşları bu yorulmaz və istedadlı gənci, həm də gülərüz, xoşxasiyyət, milliyyətçi və bütün tələbələrinin sevimli müəllimi olaraq xatırlayacaqlardı. 1906-cı ildə Abdulla Sur İstanbula gedir. İki il yarım burada yaşayaraq, İstanbul Darülfununda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Türk qəzetlərində məqalələri çap olunur. İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparıb, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirib. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə tərcümə edib. Azərbaycana qayıtdıqdan sonra Abdulla Surun vətəninin mədəniyyət həyatına daha böyük qatqısı olmuşdur. O, 1910-cu ildə Gəncədə "Ədəbiyyat və Sənət" cəmiyyəti qurub. Bu cəmiyyətin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onların qarşıdakı təhsillərinə kömək etmək idi. Abdulla Sur 1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişib və Gəncə Səbiskar qəbiristanlığında dəfn olunub.

Azərbaycan xalqının tanınmış soylarından olan Rəfibəylilər Gəncənin məşhur nəsillərindəndir. Gəncə xanlığının məşhur simalarından olan Rəfi bəyin övladları rus üsul-idarəsi dönəmində Rəfibəyov soyadını qəbul ediblər. Soyun məşhur nümayəndələrindən Xudadat bəy Rəfibəyli Gəncədə Mərkəzi Xəstəxananın baş həkimi, ikinci hökumət kabinetində səhiyyə naziri, 1919-cu ilin may ayından Gəncənin general-qubernatoru olub. 1920-ci ildə daşnak-bolşeviklər tərəfindən güllələnib.

Rəfibəylilər nəslinin daha bir nümayəndəsi, ictimai-siyasi xadim Əyyub bəy Rəfibəyov Şəki qəzasının rəisi olub. Rəfibəylilər soyundan Abuzər bəy Rzayev-Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub. Nəslin digər nümayəndələrindən Səməd bəy Rəfibəyli-Səməd Sayqun, ADR zabiti, Atatürkün silahdaşı, paşa, görkəmli ictimai və siyasi xadim Ələkbər bəy Rəfibəyli Azərbaycan xalqının milli istiqlal hərəkatının fəal mübarizlərindən biri, Cavad bəy Rəfibəyli maarif xadimi, Cəmil bəy Rəfibəyli hərbi xadim, Musa bəy Rəfiyev ictimai-siyasi və dövlət xadimi olub. Nəslin görkəmli qadın təmsilçilərindən biri də şairə, tərcüməçi, Azərbaycanın Xalq şairi Nigar Rəfibəylidir. 1913-cü il iyulun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib.  1932-1936-cı illərdə  Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, Azərnəşrdə bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor (1937-1939) vəzifələrində çalışıb. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunub. "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir. Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E.L.Voyniçin "Ovod", O.Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. 1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.

Ədəbiyyatşünas, akademik, professor, əməkdar elm xadimi Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açıb. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olub. O, qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Hər iki valideynini itirən H.Araslı 1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsilini davam etdirir. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitirib 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunub. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyib. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur. 1935-ci ildən elmi yaradıcılığa başlayır. Bir il sonra (1936) Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. 1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edib onu işdən azad ediblər. 1938-1939-cu illərdə Azərnəşrin Bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə qəbul olunub. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayır. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edir. 1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra  professor adı alıb. H.Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri idi. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik Azərbaycan şeirinin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirib, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökünə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməyib. Alimin yaradıcılığının mühüm bir dövrü repressiyanın baş alıb getdiyi ağır illərə təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə də "Kitabi-Dədə Qorqud"un nəşri ilə bağlı təzyiq və hücumlara məruz qalır. H.Araslının klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami və Füzuli yaradıcılığının tədqiqi ilə bağlı olub. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini söyləyir.

H.Araslı tərəfindən nəşr olunan beş cildlik füzulişünaslığın inkişafında mühüm əhəmiyyət daşıyır, dünya füzulişünas alimlərinin bu gün də müraciət etdikləri mötəbər mənbədir.

H.Araslı Nəsiminin də ilk araşdırıcılarından sayılır, "Fədakar şair" oçerki, elmi məqalələr və Nəsimi əsərlərinin nəşrlərinə müqəddimələr yazıb. H.Araslı elmi-tədqiqat işləri ilə təşkilatçılıq fəaliyyətini özündə birləşdirən elm adamlarından idi. Azərbaycanın mədəni-ictimai həyatında yaxından iştirak edirdi. Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında onun böyük zəhməti olub. 1940-cı ildən öz elmi-təşkilati fəaliyyətini bu muzeylə bağlayıb, əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illərdə isə direktor vəzifəsində çalışıb. Alim həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanması üçün də fədakarlıqla çalışıb, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik edib,  onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirib.

(Ardı var)

Sevinc ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 24 oktyabr.- S.6.