“Bil ki, mənəm min
illərin dirisi...”
XALQ
ŞAİRİ ZƏLİMXAN YAQUBLA NOSTALJİ RUHLU
SÖHBƏT
Xalq şairi Zəlimxan Yaqubla görüşüb
söhbətləşməyi çoxdan arzulayırdım. Amma
doğrusu, ürək eləmirdim. Səbəbi
də bu idi ki, özünün təbirincə desək, təpədən-
dırnağa şövq, yanğı, eşq ilə dolu
şairin illərlə pəncələşdiyi mərəzdən
üzgün halını görmək istəmirdim. Ancaq doğru deyiblər, hərdən
qorxu-hürkülərin də birbaşa üstünə getmək
lazımdır – onlardan qurtulmaq üçün. Zəlimxan Yaqub beynimdə həmişə canlı
saz kimi assosiasiya olunur, onun adı çəkiləndə də
istər-istəməz gözümün önünə saz gəlir.
Vədələşdiyimiz günün “həkim günü”
olmasına və
yorğunluğuna baxmayaraq xeyli irəli gəlib məni
şəxsən qarşılamağa gəlmiş xalqın
şairinin kefini saz görüb çox sevindim. Nostalji
söhbətimiz zamanı isə sevincim bir az
da böyüdü, anladım ki, sözün bütün mənalarında
bu SAZ ADAMı bunca ağır xəstəlik də də
kökdən salmağa qadir deyil. Söhbətimizin atmosferinə
dərd, həsrət, fanilik havası qarışmasına və
kədərli, nisgilli notların duyulmasına rəğmən,
ümumən bədbinlik yoxdu, bu söhbət daha çox Zəlimxanyana
idi – kövrək, yanğılı, eşqli və
ümidli...
Ey
Allahın göydən gələn pərisi,
Soyulsa da
şairlərin dərisi
Bil ki, mənəm
min illərin dirisi,
Bircə
məni, bircə məni xatırla...
Sadəcə
üzbəsurət kiməsə deyil, həm də gələcəyə
ünvanlanan elə bu misralar Zəlimxan Yaqubu, onun doyulmaz
söhbətini xatırlamaq üçün yetərlidir yəqin...
İnanırıq ki, bu söhbət
oxucularımızın da ürəyincə olacaq. Elə
isə:
Geniş
aç qapını, ay ev yiyəsi,
Şair Zəlimxanı
qonaq göndərim...
Mənim
üçün nostalgiyanın mahiyyəti uçmaqdır
Nostalji, məndən ötrü, həm gecələr
yuxularda uçmaqdı, həm də elə cənnət mənasındakı
uçmaq. Mənim üçün nostalgiya daha çox məkanla,
yerlə bağlıdır. Çünki
yerin müqəddəsliyi daha çoxdu. İnsanda
bicliklər var, yerdə yoxdu. Torpaq müqəddəsdi,
bakirədi, təmizdi, ilkindi. İnsanda
şeytan xisləti var, hər yola gedər, amma torpaq getmir.
Torpaq qayım-qədimdi, əzəli-əbədidi.
Həm beşikdi, həm məzardı. Borçalının hər yeri nostalji əhval-ruhiyyə
ilə doludur. Bulaqları da, dağları
da, çəmənləri də, yaylaqları
da...hamısı gözəldi, orda bir genişlik, duruluq var.
Orda insan hər mənada böyüyür. İldə 3-4 dəfə Borçalıya gedirəm.
Ata ocağından sonra ən çox baş
çəkdiyim məkan ilk şeirimi yazdığım yerdi.
Hər dəfə gedəndə oranı, o
ağaclığı ziyarət edirəm. İlk şeirimi meşəbəyiyə
yazmışdım. Qış idi, meşəyə
odun gətirməyə getmişdim. Meşəbəyi
qarşımı kəsdi, qoymadı, dedi ki, olmaz, meşəyə
yoxlama gələcək. Kor-peşman geri
qayıtdım. 15 yaşım olardı
onda. İndi arzulayıram ki, kaş yaşımın o
vaxtı olaydı... Həmin anları
yaşayaydım. Hiss edirəm ki, indi xarakterimdə, təbiətimdə,
dünyagörüşümdə dəyişikliklər var,
onların hamısı doğulduğum vətənlə
bağlıdır. Dəyişiklik bundan ibarətdir ki, insan
yaşa dolduqca, doğulduğu yeri daha çox istəyir,
böyüdüyü torpağa daha çox can atır. Mən də indi daha çox Borçalıda
olmağı arzulayıram, yenə oraya qayıtmaq, uşaq
olmaq istəyirəm. Məkan
anlayışı mənim üçün hər zaman
müqəddəs olub. Həmişə Məkkəni,
İstanbulu, Konyanı, Təbrizi, Bağdadı, Hələbi,
Şamı, dünyanın ən müqəddəs yerlərini
yuxularımda görürdüm, maraqlı burasıdır ki,
sonra o şəhərlərin hamısını həyatda
gördüm, oralarda oldum. O şəhərlərin
hamısı gözəldi. Amma
mənim
ruhumun, yuxularımın, sazımın, sözümün
şəhəri Təbrizdi...
Təbrizdə
mənimlə bağlı film çəkiləndə
küçədə kim görsə,
deyirdi, bu ki Zəlimxan Yaqubdu... Yaxınlaşıb
öpüşüb-görüşürdülər.
Bir ay Təbrizdə qaldım, bəlkə də 3 min adam ziyarətimə gəldi. Məni
orda “sazın Atatürkü” adlandırdılar, ürəyim
dağa döndü. Bu cür sevgiylə lap yüz il yaşamaq olar... Təbriz hər şeyi –
zarafatları, gülməcələri,
dodaqqaçdıları, sazı, sözü ilə o qədər
doğmadır ki... Orda olanda elə bildim,
Borçalıda, Kəpənəkçidəyəm.
Gözəl şəhərlər,ölkələr
çoxdur, lap çoxdur, amma dünyanın ən gözəl
yeri belə, Təbrizə çata bilməz. Çünki o
gözəl görünənlər doğma deyil, yaddı,
soyuqdu... Amma Təbrizdə kimlə istəsən, yolun
ortasındaca danış, dərdləş... O da
ağlayacaq, sən də ağlayacaqsan... Təbrizdə
ağlamamaq mümkün deyil... Orda mənim
ağlamadığım gün olmurdu. Məni
ayrılığımız ağladırdı. Təbrizin,
Arazın, Bakının nə günahı var? Niyə
biz ayrı düşməliydik? Mən bu
fikirdəyəm ki, indinin şairi göz yaşıyla
yoğrulub. Onun mayasında, xəmrəsində göz
yaşı var. Nə qədər ki, Təbrizdən
ayrıyıq, o yaşlar qurumayacaq, o ağrı kəsməyəcək...O
ağrılar, o dərdlər məni xəstə elədi...
Valideynlərim
mənim üçün peyğəmbərdi
Uşaqlıq yaddaşımda qalan ən parlaq xatirə
atamın müəllimliyidir. Riyaziyyat müəllimiydi.
Amma ədəbiyyatı çox oxuyurdu. Atam hər dəfə məktəbə gedəndə
elə bilərdin ki, əsgər döyüşə gedir.
Bir dəqiqə də gecikməzdi. Müəllimliyi gözəl idi. Bir dəfə məktəbdə bir hadisə
olmuşdu, xoşuna gəlməmişdi, həmin gün ərizəsini
yazıb işdən çıxdı. Dedi ki, mən məktəbi
Məkkə bilirəm, bu hadisədən sonra orda işləyə
bilmərəm. Anam Güllü özü bir xəzinədi.
Kəndə gedəndə anamla çox dərdləşirəm,
çox müdrik qadındı. Şifahi
xalq ədəbiyyatını, xüsusən də
bütün bayatılarımızı əzbər bilir.
Mən ondan çox şey öyrənmişəm.
O, söhbət edəndə inanmazsınız ki,
danışan savadsız bir qadındı. O qədər
gözəl danışır. Daha çox öz atasından
söz açır... Atasını “menşevik”
adıyla 1937-ci ildə sürgün eləyiblər. Bir yerdə olanda öz uşaqlığından,
bizim uşaqlığımızdan, gəncliyimizdən, bizi
necə böyütməyindən danışır. Anam
Bakıya tez-tez gəlir, elə bil onda Borçalını da
özü ilə gətirir...
Ədəbiyyat
təmiz, duru, bakirə, hamının sevdiyi müqəddəs
bir varlıqdır
Səmavi kitablardan başlamış bəşəriyyətin böyük dahilərinin yazdığı kitabların hamısı bir-birindən əzizdir, qiymətlidir. Amma elə ki, şou zəmanəsi gəldi, məhv elədi hər şeyi. Şou bizim mədəniyyətimizin evini yıxdı. Burada birinci zərbə ədəbiyyata dəydi. Elə bil birdən-birə gəlib bir boşluğa düşdük, məəttəl qaldıq ki, bu nə dövrdür, nə zamandır? Təəssüflər olsun ki, bir ara kitaba maraq azaldı. Gənclər mütaliədən uzaqlaşdılar. Bu da adama çox ağır gəlir. Mən orta məktəbdə oxuyanda bəlkə də 200 ədəbiyyat oxumuşdum. Bizim ideallarımız vardı, “Koroğlu”nu oxuyanda, Koroğluya, “Dəli Kür”ü oxuyanda Cahandar ağaya, Hüqonu oxuyanda Jan Valjana bənzəmək istəyirdik və ilaxır. Böyük şəxsiyyətlər bizim üçün örnək idi, onlardan öyrənirdik. Məsələn, mən deyirdim ki, böyüyəndə Aşıq Ələsgər, Səməd Vurğun olacam. Yəni o ilhamla, o məhəbbətlə, o həvəslə yaşayırdıq. Gündüz oxuyurdum, gecə yuxumda görürdüm onları... Mən yuxulara çox minnətdaram. Dəfələrlə Aşıq Ələsgəri, Səməd Vurğunu yuxumda görmüşəm. Onların hər biri insana böyüklük, qüdrət, qüvvət aşılayan sənətkarlardı. Bəlkə də dünyanın nadir hadisəsidir ki, Aşıq Ələsgəri, Səməd Vurğunu, Hüseyn Arifi, Hüseyn Kürdoğlunu az qala əzbər bilirəm. Ümumiyyətlə, ədəbiyyatımızın dili, ruhu gözəl olan dəyərli şair və yazıçılarını əzbər bilirəm. Onlar bizi “böyüdüb”, püxtələşdirib, onlar çox qiymətli insanlardı. Ümumiyyətlə, dünyada insandan dəyərli nə var? Nəsimi demişkən, mən insanda Allahı görürəm. İnsanın simasında bütün yaradılışı görmək mümkündü. Mən həddindən çox həyata, insana vurğun adamam, amma bununla belə, indi yuxularımda daha çox ölümü görürəm.
Yuxularımda gördüyüm ölümün şəkli var...
Bir də görürsən, başdan-ayağa ağ geyimdə gəlir dayanır qapının ağzında... Deyir, mən ölüməm, gəlmişəm. O ölüm Əli Kərimə də, Məmməd Araza da, Xəlil Rzaya da, Cabir Novruza da, Tofiq Bayrama da, Xudu Məmmədova da, İsa Muğannaya da gəlib, bizim başqa şair dostlarımıza da... Yəni, bunun özünə də təbii baxmaq lazımdır. Bu adını çəkdiyim və çəkmədiyim o qədər qiymətli söz adamlarımız olub ki... İndi də var... Onlar gecə-gündüz şeirlə, poeziya ilə yanırdılar. Biz də onlardan od, yanğı götürürdük. Məndə o yanğı hələ də qalır. Bu gün də var, öləndə də olacaq. Çünki məni yaşadan o yanğıdır. O yanğı olmasa, mən bir gün yaşaya bilmərəm. Bütün kitablarım, ürəyim yanğıdır. Saçımdan-dırnağıma varlığım yanğıdır. Mən o yanğıyla, doğma dilimizin gözəlliyi ilə Zəlimxan Yaqub olmuşam. Amma indi bəzi gənc yazarlar dilimizi elə korlayırlar ki, baxıb dəhşətə gəlirsən ki, bu, Azərbaycan dilidirmi? Azərbaycan dili beləmi olur? Dilimizi o kökə salanlar heç olmasa, bircə dəfə İsa Muğannanı oxuyalar... İsa Hüseynov sirri açılmayan bir dünya idi, sirri açılmamış da getdi bu dünyadan. Son dövrlərdə yazdığım şah əsərimi Muğannaya həsr eləmişəm.
Keçmişə qayıdanda əvəzsiz dostları xatırlamamaq mümkündürmü? Xudu Məmmədovla möhkəm dost idik. Elə də gur səsi, xüsusi natiqliyi yox idi, astadan, qırıq-qırıq danışardı. Amma hər cümləsinin bir ton ağırlığı vardı. Vətən təəssübkeşliyinin, vətəndaş qeyrətinin simvolu idi Xudu Məmmədov... Ürəyində Qarabağ dərdi köçdü bu dünyadan... Xatırlayıram, bir dəfə Universitetdə Şah İsmayıl Xətainin növbəti yubileyi keçirilirdi. Hamımız ordaydıq, Xudu Məmmədov da ordaydı. Birdən əlini qaldırıb söz istədi (təvazökar idi, çox danışmazdı, amma orada məcbur oldu sözünü desin). Qalxıb dedi ki, ay yoldaşlar, (həmişə belə müraciət edərdi, “ay yoldaşlar” xitabını çox işlədərdi) deyirlər, dünyanın 7 möcüzəsi var. Mən isə deyirəm ki, dünyanın səkkiz möcüzəsi var. 8-ci möcüzə – Azərbaycan tarixçilərinin, alimlərinin Azərbaycan tarixinə biganəliyidir. Elə bil zala bomba düşdü. Aləm qarışdı bir-birinə. Bizim bax belə, çox qiymətli ziyalılarımız var idi. Təəssüf ki, indi onlardan lap az qalıb.
Allaha minnətdaram, mənə istədiyim həyatı yaşatdı
Çox şey bəxş etdi. Bakı mənə qiymətli dostlar qazandırdı. Yazıçılar, şairlər, alimlər, ziyalılar hamısı mənim əzizim oldu. Almaniyada müalicə olunuram. Prezidentimizə çox minnətdaram, mənə böyük qayğı göstərir. Yəni, o cür qiymətli adamlar məni də qiymətli elədilər. Və gözümü açanda gördüm ki, mən də bir Zəlimxan Yaqub olmuşam...Məni Zəlimxan eləyən həm də saz oldu. Sazın bütün havaları gözəldi, müqəddəsdi. Saz xalqımın varlığıdı, sazla yaşayıram, sazla nəfəs alıram. Saz ruhumdu, nəfəsimdi, canımdı, mən sazla danışıram, pıçıldaşıram, dərdləşirəm... Mənim üçün saz qədər əziz nə ola bilər? Nə qədər saz var, mən varam. İstərdim ki, saz deyəndə Zəlimxan Yaqub, Zəlimxan Yaqub deyəndə saz yada düşsün...
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2014.- 25 oktyabr.- S.22.