Dilarə xanıma məhəbbətlə,
yaxud “O qadın kimdir?”
Bir vaxtlar, çox sevdiyim Turan Caviddən yazı yazanda
onu möhtəşəm güzgüyə bənzətmişdim. Qədim,
memarlığı göz oxşayan binaların
divarlarından bizə baxan, nəfis çərçivəsi
ağacdan yonulmuş möhtəşəm güzgüyə.
Bu güzgünün qarşısında duranda
adama elə gəlir ki, sən yox, güzgü sənə
baxır. Özünə əl gəzdirmək
əvəzinə, özünü
“yığışdırmaq” istəyirsən, artıq-əskik
bir hərəkət etməkdən çəkinirsən.
Gözəl, qədim binalar azaldıqca qədim
güzgülər də seyrəlir.
Bu gün özüm-özümü təkrarlasam da,
xoşbəxtəm ki, Güzgü-İnsan bildiyim bir
İnsandan da yazacağam. Onu siz də
tanıyırsınız, ən azından
görmüsünüz...
“O
qadın kimdir?” Bu sualı dost-tanış illər öncə
mənə az verməyib. Bir vaxtlar mərhum
Prezident Heydər Əliyevi müşayiət edən jurnalistlər
arasında tez-tez xarici səfərlərə gedərdim və
hər səfərdən qayıdanda eşitdiyim suallardan biri
də bu olardı:“O qadın kimdir? Nə ilə məşğuldur?”Sıravi
insanların marağını anlamaq çətin deyildi.
O, həmişə kadrda idi:ciddi, bloknotu və
qələmi əlində... Onda mən çox qısa və
aydın cavab verərdim:“Dilarə xanım
Seyidzadə. Prezidentin köməkçisi”...
O qısa
cavabı verdiyim günlərin üstündən illər
keçib. Kimlər üçünsə bu illər
Dilarə xanımın çöhrəsində yeni izlər
qoyub. Mənim üçünsə hər il, hər ay,
hər gün onun
portretini tamamlayan cizgilər deməkdir. İndi istəsəm
də, o suala qısa cavab verə bilmərəm...
...Dilarə
xanım mənim üçün çox ciddi insandır.
Qazandığı titullar (o, tarix elmləri doktorudur,
professordur), tutduğu vəzifə (Azərbaycan Respublikası
Prezidentinin Katibliyinin rəisidir)bunu təsdiqləyir.
Yalnız həyata ciddi münasibət bəsləyən
insan bunları əldə edə bilər. Mənə elə gəlir ki, bu ciddiliyin
kökü, hər şeydən əvvəl, onun evin
böyük və ağıllı qızı olmasından irəli
gəlir. Bağır müəllimin ailəsində
hədsiz istedadlı Fuad, ağıllı Dilarə və
gözəl Xoşqədəm böyüyürdü.
İş elə gətirmişdi ki, o, məktəbə bir il tez getməli olmuşdu. Ondan
bir yaş böyük Fuadın məktəb yaşı
çatmışdı və Dilarəni də onunla birlikdə
Təbrizdəki məktəbə qoymalı oldular. Həmin
il balaca Dilarə üçün çox
çətin keçdi. O bilmirdi ki, nə etmək
lazımdır, daha doğrusu, “məktəb nədir” anlaya
bilmirdi. Bu sualın cavabını özü
tapmalı oldu. Düşünürəm ki, Dilarə
xanımın dərin səmimiyyətlə mənə
danışdığı bu həyat hekayəsində (əgər
təfərrüatlarda səhv edirəmsə,
bağışlayın, söhbət ötən payızda
olub) çox vacib bir məqam var. Bu məqam balaca, 6
yaşlı bir insanın ilk və olduqca önəmli bir təcrübəni
müstəqil qazanması idi. O nə qədər çətin
olsa da, “Məktəb nədir? O buraya niyə gəlib?”
suallarının cavabını ÖZÜ tapa bildi. Və
düz bir il sonra xəbər yayılanda
ki, baş konsul məktəbə baş çəkəcək,
Dilarə anasına yalvarırdı kı, atam məndən də
şeir soruşsun. Baş konsul Bağır Seyidzadə məktəbə
gələndə Dilarə Marşakın şeirlərini
sevimli atası üçün dayanmadan birnəfəsə
deyirdi...
Hər şeyi ağlın süzgəcindən
keçirə bilmək. Üstəlik, yorulmadan çalışmaq qabiliyyəti,
yaxşı mənada qarayaxa olmaq... Atası bu
keyfiyyətləri görməsəydi, ona dərya qədər
dərin bir isri tədqiq etməyi məsləhət bilməzdi.
Yaşadığı ömür Bağır
Seyidzadəyə şahidi olduğu bir çox hadisələri
heç kimlə bölüşməməyi öyrətmişdi.
Amma Dilarənin elmi araşdırmalarının
istiqamətini seçməklə o, dolayı yolla da olsa,
keçmişə, yaşadığı tarixə münasibətini
bildirmişdi. Demişdi ki, Azərbaycan tarixinin ən
şanlı dövrünü araşdırarkən mətbuata
xüsusi fikir ver, xüsusən də “Füyuzat”a. Bu elə
bir mövzu idi ki, onu tədqiq etməyə bir ömür də
az idi. Dilarə xanım tədqiqata baş vurduqca buna bir
daha əmin olurdu. Bağır müəllim
bu dünyadan tez və qəfil – 56 yaşında
köçdü. Qeys xanım həyatın
bütün keşməkeşlərinə baxmayaraq, Dilarəyə
elmi işini davam etdirməyi, doktorluq dissertasiyasını da
yazmağı məsləhət gördü. Qeys xanım həmin günü görməsə də,
yəqin, ruhu şad idi. Qızının doktorluq
dissertasiyanı müdafiə etdiyi gün onun qırxına
düşmüşdü...
Fədakarlıq...
Bu son zamanlar insanlarda çox az-az hallarda rast gəldiyim
bir keyfiyyətdir. Özünü fəda
edə bilmək, eqonu bir kənara qoyub, evin-ailən
üçün yaşamağı bacarmaq. Dilarə üçün bu, təkcə ailə
üçün yaşamaq deyildi, həm də ailəni
yaşatmaq idi – Atasız və Fuadsız yaşatmaq. Bu o ailə idi ki, atanın “öz sevgili
xanımına məhəbbəti böyük bir nemət idi”
və xanımını özünə “ən yaxşı
arxa” sayırdı. Bu o ailə idi ki, bacı-
qardaşı barədə belə fikirləşirdi: “Onu ətrafdakılarla
müqayisə etdikcə, ona tay görmədikcə, mən qərara
aldım ki, taleyimi heç zaman kiminləsə
bağlamayacağam, yəni heç kimi onunla bir stol
arxasında əyləşdirməyəcəyəm. Bu, bəlkə, bir qədər qəribə
görünür. Amma bu, belədir”.
1972-ci ildə
Fuadın faciəli ölümündən sonra Qeys
xanımı hər gün, sözün əsl mənasında,
yaşamağa səsləmək, xəstə və gözəl
Xoşqədəmə illərlə həm analıq, həm
bacılıq etmək, bir sözlə, evə dayaq olmaq
üçün insan özündə nə qədər mənəvi
güc tapmalıdır? Bəlkə, o, gücünü yer
üzünün ən balaca və hələ ki gücsüz
(fiziki gücü deyirəm) insanından – Fuadın
yadıgarı,dünyalarca sevdiyi Ülvidən
alırdı?Bəlkə, mənsub olduğu ocağın –
Seyidzadələrin gözəgörünməyən
ruhları idi onu təslim olmağa qoymayan? Bilirdi
ki, həyat davam edir. Fuadın Dilarəyə Moskvada
aspiranturada oxuduğu vaxtlarda yazdığı məktubdakı
kimi:
“Klarka, darıxma. Vaxt tez keçir. Allaha
şükür, biz hamımız sağıq, sağlamıq
və həmişə bir yerdə olacağıq. Kapitan, başını uca tut, gəmi düzgün
yoldadır. Öz işlərinlə məşğul
ol, qalanı boş şeydir. Çətinliklər
çoxaldıqca həyatın ritmi daha dəqiq olur. Demək,
həyat davam edir, demək, axın var, hərəkət var.
Əzizim, bu, dialektikadır”...
Bu məktub
Dilarə xanımın mənə bir neçə il bundan öncəbağışladığı
“Fuad Seyidzadə xatirələr karvanında”
kitabındandır. Dilarə xanım kitabı verəndə
dedi ki, içini yaza bilmərəm, o, Fuadın
kitabıdır, onu Fuad özü imzalayıb. Doğrudan da,
kitabın cildində, arxada Fuadın öz imzası var... Bu
çox kiçik və incə nüans bir çox mətləblərdən,
Dilarə xanımın xasiyyətinin hamının sezə
bilmədyi məziyyətlərindən xəbər verir...
O, incə
və nəcib insandır, tükü-tükdən seçə
bilir. Onun yerişi də, jestləri də,
geyimi, hətta zövqlə taxdığı zinət əşyaları
da, danışıq tərzi, seçdiyi sözlər,
sözlərə çox diqqətli olması da kökdən-nəcabətdən,
böyüdüyü mühitdən, bir sözlə,
AİLƏdən gəlir. Sadaladığım
keyfiyyətlər içərisində yalnız birinin –
sözə diqqətin – üzərində dayanmaq istəyirəm.
Bağır müəllim görkəmli
dövlət xadimi, diplomat olmaqla yanaşı, həm də
jurnalist və tərcüməçi idi. Əmək fəaliyyətinə qəzetdə
başlamışdı. Neft İnstitutunu
bitirsə də, təbii istedadı sözə, qələmə
olduğundan “Gənc içşi” qəzetinin baş redaktoru
vəzifəsinə qədər yüksəlmişdi. Ömrünün sonlarında isə Azərbaycan
Teleqraf Agentliyinin sədrinin müavini vəzifəsində
çalışmışdı. O, Azərbaycan, rus,
fransız və fars dillərini mükəmməl
bilirdi. Ailəsini dolandırmaq üçün
Bağır müəllim tərcüməçilik edirdi.
Bunu təsəvvür etmək nə qədər asan olmasa da,
bu, bir həqiqət idi: Azərbaycan SSR-in mədəniyyət
nazirinin müavini işləyən Bağır müəllim
gecələr yuxunu israfçılıq sayaraq tərcümə
ilə məşğul olurdu ki, ailəsi korluq çəkməsin.
“Çörək ağdırsa, ağdır,
qaradırsa, qaradır”. Bu, ailənin
kredosu idi. Bağır müəllim öz
halal zəhmətinin çörəyini yeyirdi, balalarına
da bunu öyrədirdi. Tərcüməçilik eyni zamanda, dünya ədəbiyyatının
incilərini Azərbaycan oxucusuna çatdırmaq, bir də
övladlarına ana dilini sevdirməyin, bu dildə təmiz və
savadlı danışmağı öyrətməyin
yollarından biri idi. Amma buna da qibtə edənlər
tapıldılar. Və nə qədər qəribə və
gülünc səslənsə də, onu mədəniyyət
nazirinin müavini vəzifəsindən azad edəndə belə
yazdılar:“Vəzifəsindən sui-istifadə
edərək çoxlu sayda kitab tərcümə və redaktə
edərək 125 min manat (köhnə pulla) pul
qazandığı üçün”...
Mən Dilarə xanımın jurnalistlərə rəğbətinin
köklərini atasının gördüyü işə məhəbbətində
tapıram. Həyat
elə gətirdi ki, Dilarə xanım tutduğu vəzifədə
bir neçə bir-birinə yaxın sahələri birləşdirməli
oldu:jurnalistikanı, tarixi və siyasəti.
Fikirləşirəm ki, Heydər Əliyev kimi bir titan
katibliyini ancaq onun kimi yüksək insani dəyərləri
peşəkar səriştəsi ilə harmoniyada olan bir insana
etibar edə bilərdi. Onun yorulmazlığı, alim kimi
qaydalı, nizamlı və sistemli olması tutduğu vəzifədə
əvəzolunmaz keyfiyyətlərdir. Bu əhvalatı
da mənə Dilarə xanım özü danışıb və
məncə, indi onu bölüşməyin vaxtıdır.
Bir dəfə gecə saat on birə işləmiş Prezident ona zəng vurur və 1998-ci il secki kampaniyası zamanı Biləsuvarda olmuş bir hadisəni xatırladıraq soruşur:“O uşağı tapmaq olarmı?”Məsələ belə olmuşdu. Prezidentin korteci kəndlərdən birindən keçəndə o, yolun kənarında dayanmış bir dəstə uşaq görür və maşını saxladır. Bu zaman 11-12 yaşında cılız bir oğlan uşağı ona yaxınlaşır və soruşur ki, Heydər baba, sənə heç nə olmayacaq ki? Sən qalacaqsanmı? Mən televizora baxıram, qorxuram ki, sənə nəsə olar... Uşaq təlaş içində idi. Prezident onu sakitləşdirir... İndi üstündən aylar keçəndən sonra Heydər Əliyev gecə vaxtı Dilarə xanımdan:“O uşağı tapmaq olarmı?”, – soruşurdu. Dilarə xanım: “Taparam”,- dedi. Xatırlayırdı ki, Prezident uşaqdan ayrıldıqdan sonra o,adəti üzrə, oğlana yaxılaşıb adını, soyadını soruşub, bloknota qeyd etmişdi. İndi qalırdı 1998-ci il bloknotundan adı tapmaq və Biləsuvarla əlaqə saxlamaq. Səhəri gün Biləsuvardan xəbər gəldi ki, oğlan Bakıda xəstəxanada yatır. Uşağın doğma anası rəhmətə getmişdi, ona analıq baxırdı. Prezidentin göstərişi ilə oğlanı tapdılar, müalicəsini uğurla başa vurdu...
Mən bu əhvalatı lap nağıl kimi danışıram. O, özü-özlüyündə o qədər söz deyir ki, şərhə ehtiyac qalmır. Fikirləşirəm ki, bu əhvalat ulu öndərin haqqında bizə yeni sözlər dediyi kimi, “O qadın kimdir? O, nə işlə məşguldur?” sualı ilə yanaşı, “Öz işini necə peşəkarlıqla görür?” sualına da cavab verir...
Bir dəfə Dilarə xanım sözarası ulu öndərlə işlədiyi günləri bir cümlə ilə çox dəqiq ifadə etdi və o cümlə yaddaşıma həkk olundu: “Onunla işləmək bayram idi”... Bu yerdə mən bizim ikimiz üçün bayram olan başqa bir günü xatırlayıram.
Prezident Bibiheybət məscidində tikinti işlərinin gedişinə baxmağa gəlmişdi. Hər şey həmişəki axarı ilə gedirdi. Birdən Presidenti müşayiət edən qadın deputatlar onunla məsciddə şəkil çəkdirmək istədiklərini bildirdilər. Prezident etiraz etmədi. Və hamı maqnitin cəzbinə düşmüş kimi onun başına toplaşdı. Biz Dilarə xanımla bir kənarda durub bu səhnəyə baxırdıq. Həmin məqamda mənim də ürəyimdən Prezidentlə bu çox sevdyim məsciddə şəkil çəkdirmək keçdi. Görünür, bu arzu ürəyimdən keçəndə Allahın dərgahının açıq vaxtı idi. Heç iki dəqiqə keçmədi. Prezident şəkilçəkdirmə mərasimi bitəndən sonra bizim yanımızdan ötüb qapıya yönəlmək istəyəndə qəfil ayaq saxladı. Mən kəlağayı örtmüşdüm, özümə bənzəmirdim.“Bu, sənsən? Mənə deyiblər ki, sən dindarsan”,-dedi.Sonra Dilarə xanımla mənə baxıb: “Mənim bu qızlarla şəklimi çəkin”,-dedi. Beləcə bizim üçün əvəzsiz bir foto yadigar qaldı. Bu həm də Dilarə xanımla məni birləşdirən ən şirin xatirələrdən biridir...
Bu gün bu yazını yazarkən bir çox faktları qədiqləşdirmək üçün yaddaşıma deyil, 1998-ci ildə nəşr olunmuş bir kitaba müraciət edirəm. Bu,“Prezident. Xronika: 1993-1997” kitabıdır. Kitabın tərtibçi-müəllifi mənəm və vaxtilə onun hazırlamaq və nəşr etmək icazəsini şəxsən ulu öndərin özündən almışam. Kitab Heydər Əliyevin 1993-cü ildə respublikaya rəhbərliyə qayıdışından 1997-ci ilin oktyabrına kimi fəaliyyətinin rəsmi xronikasıdır. Tale elə gətirdi, kitabın ikinci hissəsini mənə iki il bundan əvvəl AMEA-nın Bakıxanov adına Tarix İnstitutunda elmi işçi işlədiyim müddətdə toplamaq qismət oldu.Xronikanı Akademiyanın kitabxanasında AzərTAc-ın materialları əsasında bərpa edirdim. Amma bütün işlərdə olduğu kimi dəqiqləşdirilməli məqamlar da vardı. Və mən onda Dilarə xanıma müraciət etdim. O, mənə çox böyük yardım etdi: kitabın son variantı ən etibarlı mənbə ilə tutuşduruldu. Yalnız bundan sonra mən tədqiqatçı kimi ürəklə deyə bilərəm ki, Tarix İnstitutunun Elmi Şurasının təsdiq etdiyi bu əlyazma Prezident Heydər Əliyevin 1993-2003-cü il fəaliyyətinin ən səhih və müfəssəl rəsmi xronikasıdır. Bu xronikaya güvənmək olar. Dilarə xanımın özünə güvənə bildiyimiz kimi...
Dilarə xanım güvənli bir insandır, dəqiq desəm, güvənc yeri sayılan insanlardandır. Çox–çox illər öncə, işim düyünə düşmüşdü, iş yerimi tərk etmək təhlükəsi vardı. Həmin məqamda real olaraq mənə kömək edə biləcək bir insan vardısa, o da Dilarə xanım idi. Sentyabrın əvvəlləri idi, iki gündən sonra Prezident Nyu-Yorka BMT-nin Baş Məclisinə yola düşməli idi. O, işi başından aşsa da, vaxt tapıb, məni qəbul etdi. Dinlədi və sonra yanımdaca zəng vurdu.Qısa, lakin çox qəti bir söhbət və məsələnin sözsüz həlli. Sonralar mən Dilarə xanıma dedim ki, o, həmin anda doğma anam Dilarə (onlar anamla adaşdırlar) mənə nə edə bilərdisə, onu etdi...
Bu gün Dilarə xanımın ad günüdür. O, mənim üçün həm də çox əziz insandır. Mən bu günə öz doğma anamın ad gününə sevindiyim qədər sevinirəm, Dilarə xanım. Həmişə var olun, mənim Güzgü–İnsanım. Və qoy bu Güzgüyə təkcə Mirfuada, Mirmusaya deyil, onların övladlarına da baxmaq qismət olsun! Amin!
Aynur BƏŞİRLİ
525-ci qəzet.-
2014.- 25 oktyabr.- S.18.-19.