Mənim bir müəllimim
vardı...
Həmişə müəllimlərdən və müəllimlikdən
söhbət düşəndə
hər kəsin öz müəllimləri
yada düşür. Müxtəlif aspektlərdən müxtəlif müəllimlər xatırlanır:
ilk müəllimin, ən
sevimli müəllimin,
ən zarafatcılı,
ən humanisti, ən ürəyiyumşağı,
ən savadlısı,
ən maraqlı dərs aparanı, ən çox auditoriyanı ələ alanı, tələbələrin
əksəriyyətinin sevdiyi,
dərsindən qaçmağa
qıymadığın, ən
hörmətlisi, ən
zəhmlisi, ən..., ən..., ən... Bu siyahı tələbələr
üçün bitib-
tükənməz ola
bilir bəzən. Hər tipə aid bir əhvalat, bir lətifə yaxud bir olmuş
hadisə rezervləri
var. Yaxşı bəs,
bütün bunların
hamısını özündə
cəmləməyi bacaranı
necə, hər tələbənin elə
bir müəllimi var? (olub demirəm,
çünki tələbəliyindən
onilliklər də keçsə sevimli müəllim tələbəsi
üçün "olub"
yox, həmişə
"var" olur).
Bütün bu sayılanlara
sahib olmaq çətin
məsələdi, müəllim
üçün daha da çətindi. Amma hələ bu müəllim Azərbaycanda bu peşənin icraçısıdırsa,
onda məsələ iki qat ağırlaşır
və ciddiləşir.
Hər kəsin, hər tələbənin
varmı bilmirəm,
"amma, ancaq, fəqət, lakin, zira..." BDU-nun Filologiya fakültəsi tələbələrinin
bu cəhətdən bəxtləri "möhkəm"
gətirmişdi. Çünki
20 ildən çoxdu buranın tələbələrinin
belə bir müəllimi var. Məzunların
toplaşanda danışdıqları,
tələbələrin dərsdə
fərqli fikir eşitdiyi, hər mühazirədən sonra dərsdə danışılanları
müzakirə etdiyi, imtahanlarda humanizmi ilə, dərslərdə
ciddiyyəti ilə tələbələrini mütəəssir
edən, qısacası
tələbə müzakirəsinə
səbəb olmağı
bacaran müəllimimiz
var. Müəllim olduqdan
sonra bir daha əmin oldum ki, tələbənin
müzakirəsinə səbəb
olmaq heç də asan məsələ
deyil. Bundan da çətini bu müzakirədən yüksək qiymətlə
çıxmaqdi. Müəllimləri
qiymət barədə
bəzən insafsızlıqda,
bəzən qiyməti
salmaqda ittiham edən tələbələr
( zamanında belə şikayəti olmayanlar tələbə olmayıblar
demək) özləri
qiymətverən olanda
çox amansız olurlar. Onların qiymətləndirilməsində müəllimin savadından
tutmuş danışıq
şəklinə, geyim
zövqünə qədər,
dəhlizdə tələbəyə
münasibətindən tələbəyə
qarşı anlayışına
qədər və nəhayət cavan ruhuna, gəncləri anlamalarına qədər
bütün cəhətlər,
xırda nüanslar böyük rol oynayır. Bütün bunlardan keçməyi bacaran "sevimli müəllim" statusunu
qazanır.
Bəli,
bizim belə müəllimimiz var. Və
mənim kimi əksəriyyətin sevimli
müəllimi olmağı
bacaran bu müəllimin kimliyini bütün tələbələri,
yaxınları anladı.
Çünki bütün
fakültənin dillər
əzbərinə dönmüş,
hamının sevə-sevə
təkrarladığı, bir
məqamın olması
yaxud olmaması üçün əngəl
olan yaxud olmayanı bir daha vurğulamaq üçün "amma,
ancaq, fəqət, lakin, zira..." sözlərini xüsusi pafosla deyən müəllimin Arif Əmrahoğlu olduğunu
hamı əzbər bilir.
Arif Əmrahoğlu. Bu ad hər
kəs üçün
bir mənanı ehtiva edə bilər. Kimə görə dəyərli alim, kimə görə gözəl müəllim, kiminə görə əsl dost, kiminə görə etibarlı iş yoldaşı, kiminə görə isə qayğıkeş elmi rəhbər. Mənim üçün isə Arif müəllim ən əvvəl müəllim, magistraturada
çox ciddi, bir cümlə belə güzəşt etməyən elmi rəhbər, məni elmə gətirən, heç vaxt köməyini, mənəvi
dəstəyini əsirgəməyən
bir alim, doktorantura dönəmində
daima yol göstərən, imzası
olan mətnə alimin nə qədər məsuliyyətli
yanaşmalı olduğunu
öyrədən şöbə
müdiri və ən nəhayət səmimi və əsl dostdur.
Bəli,
məhz dost. Arif müəllim qarşısındakı
insanın vəzifəsinə,
mövqeyinə, elmi dərəcəsinə, cəmiyyətdəki
roluna əhəmiyyət
vermədən, insanlara
düşüncələrinə, fikirlərinə, xarakterinə
görə qiymət verməyi bacaran nadir insanlardan olduğu üçün, onun çoxsaylı gənc, tələbə dostları
var.
Bəzən düşünürəm ki, görəsən mənim üçün Arif müəllimin hansı obrazı daha irəlidir? Müəllim kimi, alim kimi, yoxsa
ziyalı kimi? Müəllim- öyrətmən
olmaq, əvvəldə
dediyim kimi çox çətindir. Texnologiyanın sürətli
inkişafı dövründə,
sosial şəbəkələrin
aktiv olduğu zamanda, xəbərin, yeniliyin çox tez həzm edildiyi
bir vaxtda bir auditoriya dolusu gəncə nəyi öyrətmək
olar, nələri demək olar ki, yenilik olsun,
maraq kəsb eləsin? Arif müəllim mühazirəni
maraq kəsb edəcək şəkildə
çatdırmağı bacaran
və tələbələrə
ədəbi mətnə,
hamının dəfələrlə
müzakirə etdiyi əsərə tamamilə
başqa istiqamətdən
baxmağı, mətni
duymağı öyrədirdi.
Eşitmədikləri fikri
duymaq, obrazın yerində özünü
hiss edib qəhrəmanın
davranışını heç
bir diktə olmadan müzakirə etmək, əsərlərin
müzakirəsində müdaxiləsiz,
yönəltmə olmadan
(düzgün istiqamət
göstərməklə) iştirak,
diqqətlə dinlənilmək
idi tələbələrin
Arif müəllimin dərslərini sevməsinin,
maraqla dinləməsinin
səbəbi.
O, həyata klişelərdən
kənar baxmağı,
öz daxili aləmini kəşf etməyi öyrədən,
həyatın nə olduğunu anladan əsl müəllim idi.
Alim kimi Arif müəllim
həmişə ədəbiyyatşünasları
2 qrupa ayırırdı-
mətn duyumu olanlar, mətnə ancaq elmi aspektlərdən
yanaşanlar. Məncə
Arif müəllimin alim kimi dəyərli
cəhəti o idi ki, hər 2 məqamı özündə
cəmləməyi bacarmışdı.
Həm alim, həm də müəllim kimi Arif müəllim
işinin peşəkarı
idi. Lakin onu sevdirən, hədsiz hörmət sahibi edən onun insanlığı idi. Həm də böyük hərflərlə
İnsanlığı. Bu dünyada çox az insan var ki, ona
verilən adla, isminin daşıdığı məna ilə
bu qədər bütünləşə bilir, bir olur. Arif
Əmrahoğlu adı ilə bütünləşməyi,
"arif adam" olmağı bacardığı kimi. Hər
kəsə əlindən gələn (bəzən hətta gəlməyən
qədər) köməkliyi əsirgəməyən,
hamının probleminə onun qədər həssaslıqla
yanaşan, kimliyindən asılı olmayaraq hər kəsə
yardım əlini uzadan və nəhayət arif olub
hamını anlayan-anlayışla yanaşan.
Onun haqda
yazılan saysız-hesabsız yazıları, xatirələri
oxuduqdan hər kəsin qeyd etdiyi bir məqam diqqətimi
çəkdi. Hər kəs "Arif müəllim pislik etməyi
bacarmırdı", "pisliyi bacaran insan deyildi"
yazmışdı. Məncə, pislik etməyi bacarmamaq tamamilə
başqadı, pislik etməmək tamamilə başqadı.
Əgər birincidə bacarmadığı üçün
etməmək varsa, ikincidə qarşısındakı
insanın necəliyindən, hansı hərəkəti etməyindən
asılı olmayaraq pislik etməmək var. Və ikincilər
mənə görə həmişə birincilərdən bir
addım öndədirlər. Mütəfəkkirlərdən
birinin də dediyi kimi "əgər pislik etməyi
bacarmayanlar bunu saflıqdan edə bilmirlərsə, pislik etməyi
bacarıb da etməyənlər bunu insan olmağı
bacardıqları üçün etmirlər".
Bəli, Arif müəllimin bu cəhəti
də bilməyərək edilən deyil, bilərək, istəyərək
atılan addım idi. Və mənə görə obraz olaraq
müəllim Arif müəllimi də, alim Arif
Əmrahoğlunu da bütövləşdirən, sevdirən
gözəl insan olması idi.
Üç
ay öncə Arif müəllim dünyanın hələ də
qarşısında aciz qaldığı xəstəlikdən
bizləri tərk edib bu dünyadan köçdü. Bəli,
tələbələr ən sevimli müəllimlərini
itirdilər, ədəbiyyatşünaslıq ən dəyərli
alimlərindən birini itirdi, yaxınları ən etibarlı
dostu itirdilər. Amma, ancaq, fəqət, lakin, zira hər kəs
bir İnsan itirdi. Bu dünyadan bir evin böyüyü
köçdü, dəyərli müəllim
köçdü, alim köçdü. Amma ən əsası
sözün həqiqi və birbaşa mənasında bir
İnsan köçdü. Təmənnasız
yardımları ilə insanlığa və insanlara inam
yaradan bir İnsan köçdü. Yaxşılıq etdiklərinə
heç vaxt yaxşılıq etdiyini vurğulamayan, bildirməyən
bir insan köçdü. Müəllim deyəndə
bütün tələbələrin gözündə canlanan
əsl müəllim köçdü.
Bu
yazını 60 illik yubileyində müəllim kimi
tanıyıb sonrakı illərdə alim, ziyalı, elmi rəhbər,
dost kimi kəşf etdiyim Arif müəllimimə həsr etməyi
düşünürdüm. Qismət ondan sonra onun haqda xatirə
yazmaq imiş. Lakin bir filoloq romantikliyi ilə bütün
yazılanlardan, deyilənlərdən onun da xəbər
tutduğuna inandığım üçün demək istəyirəm
ki, doğum günün kutlu olsun, ustad! Nə yaxşı ki,
vardın. Nə yaxşı ki, həyatımızdan
keçdin. Arxada qoyub getdiyin əlindən tutub elmə gətirdiyin,
davamçıların, auditoriyada müəllim olmağı
öyrətdiyin yetirmələrin var. Bizlər sizi heç
xatırlamayacağıq. Çünki sizin də dediyiniz kimi
"xatırlamaq üçün öncə unutmaq
lazımdır". Unutmayacağımıza görə
xatırlamağa da gərək olmayacaq.
Bir də son olaraq onu qeyd edim ki, sonralar həmişə alim Arif Əmrahoğluna, müəllimim Arif müəllimdən sitat çəkəndə həmişə zarafatla "mənim bir müəllimim vardi...." deyə sözə başlardım. Bu gün yenə demək istəyirəm: "Mənim bir müəllimim vardı... Mənim bir müəllimim var!".
Lalə AYDIN
525-ci qəzet.-
2014.- 28 oktyabr.- S.7.