"34 il səninlə sənsiz yaşadım, Tofiq..."

 

ƏMƏKDAR ARTİST TOFİQ QARAYEVİN VƏFATININ İLDÖNÜMÜ TAMAM OLDU

 

Ötən gün Ağdamın Quzanlı kəndində Əməkdar artist Tofiq Qarayevin vəfatının ildönümü münasibətilə anım günü keçirilib. Mərasimdə iştirak edən Ağdam rayon icra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, ziyalılar, Quzanlı əhalisi, sənətsevərlər öncə sənətkarın məzarını ziyarət ediblər, çıxışlarında aktyorun yaradıcılığı haqqında ürək sözlərini bölüşüblər. 

Mərhum aktyorun keçmiş həyat yoldaşı, Xalq artisti Fatma Mahmudova ilə söhbətimizdə müsahibimiz T. Qarayevin xatirəsinə yüksək dəyər verən hər kəsə minnətdarlığını ifadə edib: "Tofiqin vəfatının ildönümü münasibətilə məzarının üstünün götürüldüyünə belə yüksək səviyyədə anım günü təşkil etdiklərinə görə şəxsən Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədova, onun müavini Zülfü Qasımova sonsuz təşəkkür edirəm. Kaş hər bir insan, hər bir ziyalı, hər bir icra başçısı sənətə, sənətkara bax, bu cür qiymət verəydi. Bu gün Tofiq Qarayevin anım mərasimi rayon miqyasında qeyd olundu. Bütün Ağdam, Quzanlı camaatına da Tofiqin xatirəsini belə əziz tutduqlarına görə, eləcə yaxın rəfiqəm, Əməkdar artist Zöhrə Abdullayevaya məni ağır günümdə tək qoymadığına görə çox minnətdaram. Ağdam Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasovaya onun həyat yoldaşı Elbrus Abbasova Tofiqə son nəfəsinədək dayaq durduqlarına görə necə təşəkkür edəcəyimi bilmirəm, onların qarşısında baş əyirəm. Tofiqin son nəfəsinə qədər Abbasovlar ailəsi onun yanında olub".

Müsahibəmiz zamanı F.Mahmudova mərhumla bağlı hisslərini, hüzn kədərini dilə gətirib:  "Adətən, deyirlər torpağın üzü soyuqdur, zaman ağrıları soyudur. Amma mənimlə belə olmadı. İndi övladlarım da yanımdadı, birgə gedib qəbrini ziyarət elədik. Tofiq Ağdam dərdi ilə dünyasını dəyişdi. Ümid edirəm ki, Quzanlıda torpağa tapşırılan xatirəsi həmişə hamı tərəfindən əziz tutulan Tofiqin ruhu yəqin ki, az da olsa rahatlıq tapıb. Ancaq mən onsuz rahatlıq tapa bilmirəm. Tofiqlə uzun müddət bir yerdə yaşamasaq da, mən həmişə onun yanında olmağa çalışdım. İndi məzarına üzümü tutub deyirəm ki, mən 34 il səninlə sənsiz yaşadım Tofiq... Bizi onun cismani yoxluğundan bir il ayırır. Amma gözlərim hələ hər yerdə onu axtarır. Mən həmişə Tofiqi axtarmışam, həmişə... 34 il ərzində onu axtaranda heç olmasa, haradasa tapmışam. Amma indi tapa bilmirəm. Mənə desələr ki, Tofiq dünyanın o başındadır, ayaqyalın onun yanına qaçaram...

Aylarım, illərim ötdü səninlə,

Elə bil ömür, gün getdi səninlə,

Getdi, nəğmələrim getdi səninlə...

Çevrilib yağışa, selə qayıt gəl...

Mən qiymətli bir sənətkar üçün ağlayıram. Çünki onun dünyası, sənəti açılmamış dünyadan getdi... Artıq neçə gündür bu boyda yolu Quzanlıya gəlib-gedirəm, amma yorulmuram. Bilmirəm, hansısa qüvvə məni vadar edir ki, dəfələrlə bura gəlim, onu yad edim. Onun ruhu ilə baş-başa qalmaq istəyirəm. Yeri-göyü lərzəyə salan Tofiq indi sakitcə yatıb qara torpaqda. Deyirəm yat, rahat yat, bu gözəl dünyada rahatlıq tapa bilmədin, hər şeydən küsdün-səhnədən də, dostlarından da, ailəndən də - hamıdan küsdün. Amma biz səndən küsmürük. Bu gün onun sənətinin, xatirəsinin belə yüksək qiymətləndirilməsi məni çox sevindirir. Bir ağrılı məqamı da qeyd edim. Bu gün mərasimdə onun qohumlarından, əzizlərindən, yaxınlarından, qohum-əqrəbalarından demək olar ki, heç kimi görmədim. Heç o rəhmətə gedəndə də, onu qəbrə sallayanda da görməmişdim... Mən Ağdam əhalisinə, Tofiqin sadiq tamaşaçılarına  minnətdaram. Tofiqin qohumları onun tamaşaçılarıdır, bütün ağdamlılardır. Onlar həmişə Tofiqə dayaq olublar, sağlığında ona öz köməkliklərini  əsirgəməyiblər. "525-ci qəzet"in rəhbərliyinə, şəxsən Rəşad Məcidə də Tofiq Qarayevin xatirəsinə göstərdiyi diqqətə görə təşəkkür edirəm".

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 28 oktyabr.- S.7.