İslam dininin ümumbəşəri
mesajı: sülh, sevgi və xoşgörü
Parisin
Sorbon Universitetində Siyasi Araşdırmalar Mərkəzinin
direktoru Ğəssam Səlamə ABŞ-da nəşr olunan
"Foreing Policy" jurnalında dərc olunmuş "Islam
and West" məqaləsinin ilk paraqrafında yazır:
"Soyuq müharibə bitdi. Qərb strateqləri
Avropa üçün yeni bir düşmən müəyyənləşdirdi.
Bu düşmən İslamdır... Halbuki bu
insanların əksəriyyətinin İslam haqqında bilgiləri
çox qıtdır". Müəllif yazısına
suallarla davam edir: "İslam dünya üçün təhlükədirmi?
Elədirsə, onda bu təhlükə nə qədər
ciddidir? İslam dünyasına doğru Qərb
siyasətçiləri bu proseslərə yardım edir, yoxsa
mane olur?" və s.
Doğrudanmı İslam dünya
üçün potensial təhlükədir? Bu dinin fundamentalizm, terrorizm,
ekstremizm və s. kimi məfhumlarla əlaqəsi
vardırmı?
Əvvəlcə cavabı sitatlarda axtaraq. Qərb dünyasının
önəmli simalarından sayılan ABŞ-ın sabiq prezidenti Riçard
Nikson 1992-ci ildə nəşr etdirdiyi bir əsərində:
"...Amerikalıların əksəriyyəti müsəlmanları
mədəni olmayan, barbar, irrasional bir toplum kimi görmək
meylindədirlər" - dedikdən sonra belə davam edir:
"İslam dinində terrorizmə aid heç bir doktrina
yoxdur". Sonra o, qərblilərə: "Xristian
Avropasındakı din savaşlarının üstündən
hələ üç yüz il keçməyib" - deyə
bir xatırlatma edir.
Niksonun işarə etdiyi mətləbi anlamaq o qədər
də çətin deyil. Belə ki, XVI əsrdə
kilsə islahatları ilə başlayan və xristian məzhəbləri
arasındakı münasibətlərdə fanatizmə,
ifratçılığa, hətta ədavətə
çevrilən dözümsüzlük tarix boyunca davam edib.
Məsələn, kilsə ənənəsini,
Papanın hakimiyyətini inkar edən protestantlar katoliklər tərəfindən
kafirlikdə, Hz.İsanın səlahiyyətlərinin Papaya
verildiyini iddia edən katoliklər isə protestantlar tərəfindən
inancsızlıqda ittiham olunublar. Bu
dözümsüzlük təkcə dini və teoloji sahələrlə
məhdudlaşmayıb, katolik və protestantlar arasında
siyasi və mədəni parçalanmalara, hətta Qərb
ölkələri arasında uzunmüddətli dini müharibələrə
səbəb olub. Məsələn, autodafe (ictimaiyyət
qarşısında tonqalda yandırma) - katolik kilsəsinin
öz rəqiblərinə amansızcasına divan tutma metodu
idi. Təkcə İspaniyada 1481-1808-ci illər ərzində
34 658 (otuz dörd min altı yüz əlli səkkiz) insan
yandırılaraq məhv edilib.
Müharibələr rəsmən başa çatsa da,
ölümlərlə nəticələnən düşmənçilik
və ədavət, təəssüf ki, hələ də
davam edir. Halbuki insanlıq əleyhinə törədilən
bu cinayətlər nəinki bütün səmavi dinlərin,
sadəcə, insanlıq dininin mahiyyətinə ziddir.
Dinindən,
irqindən, cinsindən və s. asılı olmayaraq tarixdə
baş verən bu antibəşəri davranışları
insan olan məxluqun böyük təəssüf hissi ilə
qarşılaması şəksizdir.
İslam sözünün etimoloji mənası
"qurtuluşa çatmaq, boyun əymək, tabe olmaq,
sülh bağlamaq"dır. "İslam",
"müslim", yaxud "müsəlman" kəlmələri
arasında sıx bir əlaqə vardır. Buna görə də "iman-islam", yaxud
"mömin-müsəlman" sözləri arasında, nəticə
etibarilə, bir fərq yoxdur.
Bu gün ən kiçik anlaşılmazlıqların
qovğaya çevrildiyi, insanların sülh və əmin-amanlıq
axtardığı bir dünyada yaşayırıq. Kin və nifrət
toxumlarının cücərdiyi dünyada tolerantlığa,
qarşılıqlı sevgi və sayğıya
ehtiyacımız var. Bu ehtiyaca məhz sülh və sevgi
peyğəmbəri motivi ilə cavab verməliyik.
Təəssüf ki, XXI əsrin əvvəlində
dünyada formalaşdırılan müsəlman obrazı
sevgi və barış peyğəmbərinin obrazına
uyğun deyil.
Beynəlxalq kütləvi informasiya vasitələri
nədənsə həqiqəti təhrif edərək terrorla
iç-içə bir müsəlman obrazı yaratmağa
çalışır. Halbuki İslam
peyğəmbəri Hz.Məhəmməd bütün bəşəriyyətin
ehtiyac duyduğu dinc yanaşı yaşamaq prinsipini təsis
etmək üçün göndərilib. Danılmaz həqiqətdir
ki, islam əxlaqında insan kainatın ən
üstün varlığı kimi səciyyələndirilir.
İnsanların həyat haqlarına, yaxud can
toxunulmazlığına qarşı tətbiq olunan
amansızlıq qətiyyətlə qınanır. Qurani-Kərimdə mənəvi olaraq bir insanın həyatda
yaşamasına yardımçı olan kəs bütün
insanlığa həyat vermiş şəxs kimi xarakterizə
edilir. Əksinə, bir cana haqsız
yerə qıyan şəxs isə bütün insanları
öldürmüş kimi səciyyələndirilir (əl-Maidə,
5 /32).
İnsanlarla mərhəmətli davranmaq müsəlmanlığın
təməl prinsiplərindəndir. İslam peyğəmbəri daim mərhəmət
etməyi, insanlara şəfqət göstərməyi
tövsiyə edib: "Allah insanlara mərhəmət etməyənə
mərhəmət etməz"; "Yer üzündəkilərə
mərhəmət edin ki, Allah da sizə mərhəmət
etsin...".
Sevgi, mərhəmət, şəfqət
və yardımlaşma yaxşı müsəlman olmanın səciyyəvi
cəhətidir. Bütün insanlara və
digər yaradılmışlara qarşı
anlayışlı və mərhəmətli olmaq
İslamın insana çatdırmaq istədiyi kamilliyin əsasıdır.
Bu isə əvvəlcə möminlərin
öz aralarında başlayıb, sonra bəşəriyyəti
və bütün məxluqatı əhatə edir. Savaş zamanı
İslam ordularına amansızlıqdan uzaq durmaları əmr
edilir. İslamda işgəncə ilə
öldürmə yasaqdır. Hz.Peyğəmbərin
iştirakçısı olduğu bütün savaşlarda
öldürülən düşmənin sayına nəzər
saldıqda, onun nə dərəcədə qan tökməkdən
uzaq bir peyğəmbər olduğu aydın olur.
Müsəlman işgəncə, amansızlıq və
terrora "yox" deyən kəsdir. İnsanlıq tarixi
araşdırıldıqda müxtəlif inanc, mədəniyyət
və düşüncələrə sahib insanların bir
arada yaşadığını görürük.
Peyğəmbərimizin həyatı ilə tanış
olduqda görürük ki, o, Məkkə dönəmində
on üç il boyunca müşriklərlə bərabər yaşayıb,
ona qarşı edilən işgəncələrə baxmayaraq
onlarla amansız davranmağa izn verməyib, səbir və mətanət
göstərib. Rəsuli-Əkrəm ona hər
cür işgəncə edənləri Məkkənin fəthindən
sonra əfv edib.
Məhz
bu tolerantlıq sayəsində İslam insanların
könüllərini fəth edib, dünyaya yayılıb.
Bu gün İslamın yayılmasının
qarşısını almaq məqsədilə müsəlmanlara
ifratçı donu geyindirən Qərb mediası mənfi
obraz yaratmağa, müsəlmanları amansız, mərhəmətsiz
və terrorçu qruplar kimi göstərməyə
çalışır. Məsələn, Amerika Birləşmiş
Ştatlarında ərəblərlə eyniləşdirilən
İslam çox mənfi şəkildə səciyyələndirilir.
ABŞ-da əksəriyyət İslam
dünyasını İsraili yer üzündən silmək
üçün cidd-cəhd göstərən anti-insani
qüvvələr, Münih olimpiya oyunlarını qana boyayan
fələstinli "Black September" təşkilatının
rəhbərləri, sərnişin təyyarələrini
bombalayan suriyalı və liviyalılar kimi xatırlayır,
yaxud qələmə verirlər.
Hələ XX əsrin əvvəllərində çəkilən
amerikan filmlərində ərəblər çöldə
yaşayan, bir-birləri ilə savaşan, qul bazarlarında
qadın alveri ilə məşğul olan xarakterlər kimi
canlandırılırdı. Sonralar çəkilən
filmlər müsəlman ərəbləri
aşağılayan xarakterdə idi. "Fatima's
Dance" (Fatimənin rəqsi), "Road to Morocco" (Mərakeşə
gedən yol), "Malice in Palace" (Sarayda ədavət) kimi
filmləri buna misal göstərmək olar. 1943-cü ildə çəkilən "Adventure in
Irag" (İraqda macəra) adlı filmdə müsəlmanlar
hətta guya şeytana tapınan insanlar kimi təqdim olunurlar.
Doktor
Əbdülbaqi Kəskin yazır: "Son 60 il içərisində,
xüsusilə Orta Şərqdə neft ehtiyatlarının kəşfindən
və terror hadisələrinin vüsətindən sonra
çirkin ərəb obrazına iki yeni tip də əlavə
olundu. Ölüm saçan terrorist tipi, bir də
qarnıyoğun, çəngəl burunlu, sarsaq
görünüşlü, dəyanətsiz, zəngin, əxlaqsız
şeyx tipi...".
Əlbəttə, ərəblərin simasında yaradılan
bu obraz təkcə həqiqi müsəlman olan ərəblər
və İslam dünyası üçün deyil,
bütün insanlığa qarşı həyata keçirilən
haqsızlıq və yanlışlıqdır.
Qeyd edilməlidir ki, ərəblərin hamısı
müsəlman olmadığı kimi, müsəlman olan ərəblər
də İslam dünyasının yalnız bəlli bir kəsimini
təşkil edir.
2002-ci ildən
başlayaraq avtobus dayanacaqlarına, dövlət
qurumlarına, kilsələrə, hətta məscidlərə
basqınlar təşkil edən, Nigeriyada 270 məktəbli
qızı girov saxlayan, minlərlə insanın
ölümünə, yaxud itkin düşməsinə səbəb
olan, Afrikanın iqtisadiyyatını təhdid edən "Boko
Haram" adlı radikal "islamçı" qruplaşmaya,
müsəlman adı bir tərəfə qalsın, heç
insan deməyə adamın dili gəlmir.
Bu gün
İraq və Suriya ərazisində fəaliyyət göstərən
silahlı paramilitar qruplaşmanın (İŞİD) dinc əhaliyə
qarşı törətdiyi vəhşiliklər və
amansız qətlləri İslamın və müsəlmanların
adına yazmaq ən azından ədalətsizlik
və vicdansızlıqdır. Dünyanın bütün
kütləvi informasiya vasitələri İŞİD
adlı terrorçu "islam" qruplaşmasının asıb-kəsməsindən,
adam öldürməsindən danışır. Sanki ümumbəşəri dəyərlərin
carçısı olan və dünyaya yeni sivilizasiya bəxş
etmiş İslamı gözdən salmaq üçün
öhdəlik götürülüb. Məgər
terrorçunun, günahsız insanları qətlə yetirənlərin,
dinc əhaliyə divan tutanların dini-imanımı olur?!
Müsəlmanlar haqqında bu "stereotip" basmaqəlib
görüşlərin formalaşdırılması
bütün dünya üçün bəşəriyyət
üçün xöş perspektivlər vəd etmir.
Əlbəttə,
insanlıq adına yaraşmayan pis
nümunələrin sayını artırmaq olar. Amma bu antibəşəri örnəklərdən
çıxış edərək bütün din, yaxud mədəniyyət
mənsublarını mühakimə etmək səhv
düşüncənin məhsulu olub çox zərərlidir.
Kor-koranə Qərb, yaxud Şərq
düşmənçiliyi, yaxud anti-semitizm nə qədər
səhvdirsə, İslamı terrorizmlə eyniləşdirmək
də bir o qədər səhvdir.
Dünyaya yeni bir sivilizasiya bəxş edərək
insanı Yer üzünün əşrəfi sayan və bəşəriyyətin
həmişəyaşarlığı üçün
mühüm vasitə olan İslam və müsəlmanlar barəsində
neqativ obrazlar yaratmaq tendensiyasının bütün
insanlıq üçün zərərli olması, nəhayət,
başa düşülməlidir.
Çünki həqiqi müsəlman məhz müsəlman
olduğu üçün bütün millətlərə,
dinlərə və dini dəyərlərə hörmətlə
yanaşır.
Bunun əksini düşünənlər isə
bəşəriyyəti fəlakətlə üz-üzə
qoymağı arzu edənlərdir.
Tarixən bütün dinlərə yüksək
ehtiramla yanaşan xalqımız İslamı sülh və əmin-amanlıq
dini kimi dərk edib və yaşadıb. İslamda
insan sevgisi və əmin-aman bir cəmiyyət idealı birgə
mövcud olub. Peyğəmbərimiz
özündən əvvəl gələn bütün
peyğəmbərlərin və səmavi kitabların haqq
olduğunu qəbul edən, sülh və sevgi peyğəmbəridir.
Dinimizin ümumbəşəri mesajı
barış, sevgi və tolerantlıq -
xoşgörüdür.
Çətin günlər yaşayan dünyamız sevgi, təbəssüm, sülh və əmin-amanlığa möhtacdır. Cəmiyyət üçün olmamalıdır. Xüsusilə, dil, din və irq ayrıseçkiliyi tanımayan cəmiyyətimiz üçün dini zəmində məzhəb ayrıseçkiliyinə, bölücü təriqətlərin ayaq tutub yeriməsinə fürsət verə bilmərik. Çünki aramızda birlik, bərabərlik və həmrəylik olmadan İslamın həqiqi mahiyyətini və müsəlmanın doğru portretini dünyaya tanıtmağımız real görünmür. Uca Allah buyurur: "Ey iman edənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq-aşkar düşməninizdir!" (əl-Bəqərə 2/208).
İdris ABBASOV
525-ci qəzet.-
2014.- 28 oktyabr.- S.4.