...Kitabı da öpdüm, Sərxanı da
RAMİZ ORSƏRİN "BU VƏTƏNDƏ" ŞEİRLƏR KİTABI HAQQINDA
Tanınmış şair Ramiz Orsər tələbə yoldaşımdır. Əjdər Ol,
Kəramət, Sərvaz
Hüseynoğlu, Ramiz
Orsər və mən 1980-ci illərin əvvəllərində Gəncə Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı
fakültəsini bitirmişik.
Bizi şeir, universitetin nəzdindəki
- Kəramətin rəhbərlik
etdiyi "Pöhrə"
ədəbiyyat dərnəyi yaxın
dost elədi. Həm də sevimli müəllimlərimiz nizamişünas Xəlil Yusifov, füzulişünas
Sabir Əliyev, müasir ədəbi prosesdən dərs deyən Mürşüd Məmmədovun tələbə-
müəllim münasibəti
bizi daha doğmalaşdırırdı.
Kəramət, Əjdər Ol
bizdən qabaq universiteti bitirib getdilər. Çünki onlar bizdən
iki kurs yuxarı oxuyurdular. Qaldıq Ramiz, Sərvaz və mən. Sərvazla mən
kəndçiyik. Bir sinifdə
oxumuşuq. Ramiz Şəkidəndi.
Bizdən bir-iki yaş
böyükdü. Əsgərliyə gedib gəlmişdi. Sevgi məsələlərində baş
məsləhətçimizdi.
Bir sözlə, universitetin döyünən
ürəyi və görən gözü hesab olunurduq. O zaman Ramiz "Orsər" təxəllüsü ilə
yazmırdı , sadəcə "Yusifov"
idi. Sərvaz da "Əsgərov" və mən də təbii ki, "Nəcəfov" idim.
O vaxt Gəncə şairlərinin əsas həsrəti birinci Təbriz idisə, ikincisi də Bakı idi. Bakıda oxumaq, ədəbi mühitlə qaynayıb -qarışmaq istəyirdik. Hansı səbəbdənsə, arzularımız baş tutmamışdı. Şeirlərimizi çap üçün Bakıya gətirirdik.
Bakını Ramiz yaxşı
tanıyırdı. Metrosunu, avtobusunu
əzbər bilirdi.
Bizi də, yəni Sərvazla məni Bakıya Ramiz aparıb- gətirirdi.
Redaksiyalarla bizi tanış edirdi. Adamın başının üstündə
Allah var, indi bu gün Ramiz durub desə ki, Qəşəmlə
Sərvazı ədəbiyyata
mən getirmişəm,
demək, yüz faiz haqlıdır.
1978-ci ilin noyabrında , yəni
"Ulduz" jurnalının
11- ci sayında Vaqif Bayatlı Odər Ramizi, Sərvazı və məni çap elədi və o vaxt universitetdə, hətta Gəncə şəhərinin
özündə bizi barmaqla göstərdilər:
odur
"3-lük", "Antanta" gedir.
Ramiz o vaxt bizdən çox tanınırdı. Görkəmli alim rəhmətlik
Yaşar Qarayevlə çox yaxın idi. Universitetin ictimai işlərində
fəal iştirak edirdi. Rus dilini gözəl bildiyindən tərcümələri diqqətdən
yayınmırdı. Demək
olar ki, universitet heç bir ictimai tədbirini
Ramizsiz keçirmirdi.
Şübhəsiz, bizim tələbə
həyatımız Ramizlə
daha gözəl idi. Ramizlə mənim dami bir yeməkxanamız vardı.
Adını "Qara yer" qoymuşduq. Bu da
ondan irəli gəlirdi ki, qara dərdlərimizi orda bir-birimizə danışardıq.
Yeməyimiz həmişə eyni olardı, "cızbız"
və bir də bir araq.
Mənə 50 qram bəs
idi. İçən kimi saçlarım
pırtlaşır, gözlərim
hind artislərinin gözləri
kimi kədər yuvasına dönürdü.
Hətta o vaxt tələbə yoldaşım
bir qız "50 qram"dan sönra kədərlənən
gözlərimə, yalan
olmasın, bir dəftər şeir yazmışdı. Biz də
yataqxanada o qızın şeirlərini
lağ-lağıya qoyub
gülüşərdik. İndi
fikirləşirəm ki,
mən heç o vaxt yaxşı adam deyiləmmiş...
Amma Ramizə araq az təsir edirdi.
Bu mənada tələbə
yoldaşlarım məni
xoşbəxt sayırdılar.
Çünki "hallanmağım" o qədər xərc və əziyyət tələb etmirdi.
1981-ci ildə biz Universiteti
bitirib Gəncəyə
əlvida dedik. Onda tələbə yoldaşlarımızla
şərt kəsmişdi
ki, hər il may ayının 20-də
Gəncədə Qatır
Məmmədin heykəlinin
yanında (İndi o heykəli söküblər) görüşəcəyik.
Təəssüflər olsun ki, bir
dəfə də olsun görüşmədik. Həyat hərəmizi
bir tərəfə saldı. Mən Ramizi də "itirdim".
Əgər mən Ramizi bir neçə il bundan qabaq AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda görməsəydim, şübhəsiz
ki, Xoşqədəm
xanıma müraciət
edəcəkdim. Düzdür,
dövri mətbuatdan daim Ramizi oxuyurdum,
radio və televiziyalarda verilişlərini
müntəzəm izləyirdim.
Amma amansız həyat hər kəsi öz yerinə mıxlamışdı.
Nizami adına Ədəbiyyat
İnstitutunda Ramizlə
görüşdük. Artıq onun
təxəllüsü "Orsər" idi. Birinci hecadakı "Or" böyük
oğlu Orxanın,
"Sər"hecası kiçik oğlu Sərxanın adından götürülmüş
hissəciklər idi. Əlində
kitabı vardır.
Xeyli söhbət etdik.
"Qara yeri" xatırladıq.
Əlavə elədik ki,
"Qara yer"həm
də "Güclü
yurd" deməkdir.
Əlbəttə, bu, təskinlik idi. Sonra ailəlikcə
tanış olduq. Biz Şəkiyə getdik.
Onlar Bakıya bizə gəldi. Sonra Ramiz oğlanları üçün Bakıdan
ev aldı.
Daha da doğmalaşdıq.
Ramiz Orsər indi Şəkidə
yaşayır. Bu yaxınlarda oğlu Sərxanla mənə yenicə çapdan çıxmış "Bu vətəndə"
şeirlər kitabını
göndərib. Kitabı da
öpdüm, Sərxanı
da. Sərxan eynən Ramizin özüydü...
Kitabı
o üzə bu üzə çevirib
köhnə xatirələr
yadıma saldım, elə yuxarıdakı qeydlərim də bu kitabdan doğdu. Kitabı oxuyub qurtarandan
sonra belə bir qənaətə gəldim ki, Ramiz Orsər müasir dövrümüzün
ən maraqlı şairlərindən biridir.
İndiyə kimi şairin "Mən güney çiçəyiyəm",
"Bir görüş
nəğməsi", "Adına qurban", "Mamay- Məmməd",
"Vətən nəğməsi",
"Yaşıl səs-Çingiz
və kamerası", "Yaxşılıq
etməkdən doymayan
adam", "Yaxşılıq",
"İşıq məbədi", "İşıqlı
ömür yolu" kitablarının
müəllifidir. Adi bir fakta fikir
verin:
Kitabların adlarında belə
nə qədər
"Vətən", "işıq" və
"yaxşılıq" sözləri var. Bu onu göstərir ki, Ramizin şeirlərində
insan xoşbəxtliyinə
və azadlığına xidmət edən sözlər onun şair düşüncəsinin
əsas elementləridir.
Öz yurdundan qaçqın düşən,
Anam, bacım,
qardaşım, oy.
Talan olub yağmalanan,
Torpağım oy, daşım
oy...
Ramiz tələbəlik illərində
olduğu kimi, bu gün də şeirlərində aydın
dilə, düşüncəyə, ədəbi dilin qaydalarına daim əməl edən və onun üzərində daim tir-tir əsən bir şairdir. Onun əsas qəhrəmanı
Vətən və onun qəhrəman övladlarıdır. Tələbəlikdəki Ramiz heç vaxt özünü inkar etməyib, həmin şeirlərin üzərinə
bilik və həyat təcrübəsini
əlavə edərək
daha da püxtələşib.
Kim əzbərdən bilmir ki,
Vətən gülü bitəndi?
Vətənin pisi olmur,
Vətən elə vətəndi.
Şair
vətənə tərif
demir, sadəcə bizi tanış olan anlayışın üzərinə "elə" işarə əvəzliyini
əlavə edərək adi bir intonasiya ilə sözə yenə bir rəng,
çalar verir.
Sonra
şeirin sonunda şairin incə bir ağrısı yumşaq şəkildə
üzə çıxır.
Ancaq məni tapan yox,
Bu vətənin içində.
Bax, elə şair ağrısının
ümumi nəticəsi
və görüntüsü
bu misrada fərdiləşir.
Elə şairlər var ki, fərdlikdən
ümumiliyə can atır.
Amma Ramiz ümumilikdən fərdliyə
gəlir və bu fərdliyin özü yenidən bəşəri
düşüncəyə çevrilir.
Ramiz təkcə
tərənnüm şairi
deyildir. O, hadisələrə
seyrçi kimi baxmır.
Bəzən misraların
altında şairin gizlinləri var, onu aşkar eləmək, əlbəttə ki, təcrübəli oxucuların
işidir.
Zurna çalın, qaval döyün,
Göz yaşımı qurutmur ey!
Həyatla üz-üz qalan,
bəzən onunla barışan və ya barışmayan şair dünyanın get-gəlindən yaxşı halıdır.
O, sadəlöhv, aldanan
şair deyildir. Bütün şeirlərində sosial
həyatın yaratdığı suallar çox tutarlı cavablar verir. Məni isə 50 qram araq hələ də hallandırır.
Şair qardaşıma yeni-yeni uğurlar arzu edirəm.
Qəşəm NƏCƏFZADƏ
525-ci qəzet.-
2014.- 29 oktyabr.- S.8.