Teatr Xadimləri İttifaqı "Barat - bir şirin nağıl..."ı təqdim edib

 

 

Teatr Xadimləri İttifaqı (ATXİ) tərəfindən Xalq artisti Barat Şəkinskayanın 100 illiyinə həsr edilən "Barat - bir şirin nağıl..." adlı audiodiskin təqdimatı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Barat Şəkinskayanın sənət yolunu əks etdirən üç stenddən ibarət fotosərgi ilə tanış olublar.

Mərasimdə ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə görkəmli aktrisanın Azərbaycan teatr sənətinə töhfələrindən söz açıblar.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 2014-cü il 3 aprel tarixli "Barat Şəkinskayanın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən görkəmli sənətkarın yubileyi ölkəmizin hər yerində qeyd edilir: "Barat Şəkinskaya Tanrının Azərbaycan teatrına bəxş etdiyi şirin bir "nağıl" idi. O, gözəlliyi, füsunkarlığı, zəngin biliyi, əsl-nəcabəti, sehrli səhnə cazibəsi ecazkar səsi ilə neçə-neçə tamaşaçı nəslini öz ovsununa salmışdı. Səhnə sənətimizin yaraşığı olan Cülyetta, Dezdemona, Kordeliya, Viola, Şirin, Dilşad, Mirandolina, Jivka kimi obrazların şöhrəti nəsilsən-nəslə keçərək bu gün yaşamaqdadır.

Barat Şəkinskayanın zəngin yaradıcılığında bədii qiraət xüsusi yer tutur. Sevimli aktrisanın Azərbaycan radiosunda oxuduğu çoxsaylı nağıllar gələcək nəsillərə yadigardır. ATXİ həmin nağılların toplandığı diski böyük aktrisanın anadan olmasının 100 illik yubileyi münasibətilə Barat sənətinin pərəstişkarlarına təqdim edib.

Diskdə Barat Şəkinskayanın qiraət yaradıcılığından seçmələr - "Murad hekayəsi", "Tikanlı arı", "Cik-cik sərçə", "Cip-cip cücə", "Keçi, quzu dana nağılı", "Şəkil çəkil", "Gilənar, qurbağalar, hacıleylək nağılı", "Gülaçarın kuklası", "İşləməyən dişləməz", "Qaranquş", "Nədən qorxdular", "Təbilçi", "Vəfalı it ilə oğru pişik", "Gilənar nağılı" yer alıb".

ATXİ bu qiymətli lent yazılarını qoruyub saxlayan böyük lütfkarlıqla ona təqdim edən "Azərbaycan Televiziya Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. Mərasimdə böyük aktrisanı səhnədə görən, onunla tərəf-müqabili olan sənətkarlar xatirələrini bölüşüblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 29 oktyabr.- S.7.