"Azərbaycan" jurnalının 10-cu sayı işıq üzü görüb

 

 

 

Bu günlərdə "Azərbaycan" jurnalının yeni sayı çapdan çıxıb. Bu dəfə dərgi Əli Əmirlinin yeni "Premyera" ikihissəli epataj komediyası ilə açılır. Adətən yay aylarında fəal işləyən, tamaşaçıları, oxucuları üçün təzə əsərlər yazan dramaturq bu dəfə teatrın özünü hədəfə çevirib. Onun qəhrəmanları teatr işçiləridir - rejissorlar, qoca aktyor, kastinq iştirakçıları s. Uzun illər teatrla sıx təmasda olan dramaturq nələri gülüş hədəfinə çevirib, bax bu çox maraqlıdı...

Poeziya bölümündə Xalq şairi Zəlimxan Yaqubun "Ün" poeması çap olunub. Sağlığında yuxularla yaşayan, mistik qüvvələrlə söhbət edən İsa Muğanna ölümündən sonra Zəlimxan Yaqubun yuxusuna gəlibmiş. Özü bir neçə dəfə. Dəyərli məsləhətlər verib, yol da göstərirmiş. Bundan ilhamlanan şair İsa Muğannaya "Ün" poemasını həsr edib.

Poeziya bölümündə Xasay Mehdizadə, Ruslan Dost Əli, İnqilab İsaq, Kəmaləddin Qədim, İbrahim Yusifoğlunun da şeirləri yer alıb.

Oxucularını ara-sıra yeni tərcümələrlə sevindirən "Azərbaycan " dərgisi bu dəfə Frans Kafkanın "Ocaqçı"sını Vilayət Hacıyevin alman dilindən tərcüməsində təqdim edir. Alyə əl Asuaninin "İnzibati göstəri: Boksyor küçükləri - bütün rənglərdə" hekayələrini isə dilimizə Xumar Ələkbərli çevirib.

Nəsr bölümündə qadın nasirlər Narıngülün Mənzərə Sadıqovanın hekayələri, bir Qardaşxan Fərzinin "Palaz" hekayəsi yayımlanıb.

Jurnal bu sayından başlayaraq Azərbaycanın görkəmli yazıçısı, XX əsrin 30-cu illərindən ta sonuna kimi ölkəmizin ictimai-siyasi həyatının fəal üzvlərindən biri olmuş Mirzə İbrahimovun tanınmış alim, yazıçı, Moskva Dövlət Universitetinin professoru Əziz Şəriflə məktublaşmasını oxucularına təqdim edir. Məktublarda o dövrün ümumi ab-havasını duyacaqsınız.

Tənqidçi Rüstəm Kamalın Azərbaycan Yazıçılar Birliyinin mərhum katibi, dəyərli alim Arif Əmrahoğlunun 60 illiyinə həsr olunmuş yazısı da dərginin səhifələrində yer alıb.

Məhsuldar tənqidçi, Azərbaycan ədəbiyyatının sistemli, ardıcıl araşdıran Vaqif Yusifli Müasir Azərbaycan romanı haqqında tənqidi-publisistik düşüncələrini oxucularla bölüşür.

Ədəbi portretlər bölümündə Böyükxan Bağırlının "Şehli pıçıltılar" məqaləsi yer alıb.

Ədəbiyyatşünas Rəhilə xanım Qeybullayevanın "M.F.Axundovun "Aldanmış kəvakib" povestində "Ulduz" personaj Şah Abbas, Qurban motivi Ulduz metamorfozaları" məqaləsi jurnalın bu sayında yer alıb.

Jurnalın sonunda ənənəvi Kitab rəfi rubrikasında yeni kitablar haqda məlumat dərc olunub.

NƏZRİN 

525-ci qəzet.- 2014.- 29 oktyabr.- S.7.